Məhkəmə qərarları › İş №2-1(107)-218/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-218/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-218/2025 26.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dörd uşaqlı ana kimi xx.xx.2010-cu il tarixdən pensiyaya hüququnun yaranmasını nəzərə alıb, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci tarixədək ödənilməli olan pensiyanın ödənilməsi, qanunda nəzərdə tutulduğu halda ödənilməyən xx.xx.2017-ci tarixdən xx.xx.2024-cü il tarixədək fərqin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli 2-1(116)-2784/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “dörd uşaqlı ana kimi xx.xx.2010-cu il tarixdən pensiyaya hüququnun yaranmasını nəzərə alıb, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci tarixədək ödənilməli olan pensiyanın ödənilməsi, qanunda nəzərdə tutulduğu halda ödənilməyən xx.xx.2017-ci tarixdən xx.xx.2024-cü il tarixədək fərqin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı dörd uşaqlı ana kimi xx.xx.2010-cu il tarixdən pensiyanın təyin edilməsi və ötən müddət üzrə fərq məbləğinin hesablanaraq ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir.

3. Cavabdeh orqan iddia tələbinə etirazında bildirmişdir ki, iddiaçının sosial sığorta stajı və pensiya kapitalının qanunvericiliklə tələb olunan həddən az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.

4. Belə ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinin xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən 4 uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınlara 50 yaşına çatdıqda əmək pensiyası təyin edilirdi. Lakin İddiaçı 50 yaşı xx.xx.2010-cu il tarixdə (xx.xx.2010-cu il tarixdən sonra) tamam olduğu üçün Qanunun sözügedən müddəalarının ona münasibətdə tətbiq olunması sosial ədalət prinsipinin tələblərinə əks olduğu və qanunvericiliyin tələbləri baxımından uyğun olmadığından ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi mümkün hesab edilməmişdir.

5. “Əmək pensiyaları haqqında" 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib.

6. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.

7. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır.

8. Eyni zamanda xx.xx.2006-cı il tarixədək iddiaçıya məxsus fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 1 ay 2 gün sığorta stajına uyğun olaraq 19234,87 manat, xx.xx.2012-cil tarixdən xx.xx.2013-cü il tarixədək 351,55 manat olmaqla, ümumilikdə 19586,42 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) təşkil edir ki, bu məbləğ onun pensiya yaşının tamam olduğu tarixə qanunvericiliklə tələb olunan məbləğdən (40320 manat) azdır və əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir.

9. “Əmək pensiyaları haqqında" Qanunun 22-1.5-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixədək "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.

10. Qeyd olunanlara əsasən, iddiaçıya “Sosial müavinətlər haqqında" Qanununun 7.0.2-ci maddəsinə əsasən xx.xx.2017-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi yaşa görə sosial müavinət təyin olunduğundan, ona "Əmək pensiyaları haqqında" Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

11. Qeyd olunanları nəzərə alaraq, iddiaçının qanunvericiliklə tələb olunan 25 il sığorta stajı olmadığından və tələb olunan pensiya kapitalı olmadığından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

13. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 26 noyabr 2024-cü il tarixli 2-1(116)-2784/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

15. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

16. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli 2-1(116)-2784/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli 2-1(116)-2784/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavebdehin nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2024cü il tarixli 2-1(116)-2784/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir.

20. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

21. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubu, AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, BT 028346 №-li Diplom; ИТ-İ ******* №-li Əmək kitabçası.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: xx.xx.2010-cu il tarixədək qüvvədə olmuş redaksiyada Maddə 8. Çoxuşaqlı qadınların, əlil uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası 8.1.Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır: 3 uşağı olanlar - 51 yaşına çatdıqda; 4 uşağı olanlar - 50 yaşına çatdıqda; 5 uşağı olanlar - 49 yaşına çatdıqda; 6 uşağı olanlar - 48 yaşına çatdıqda; 7 uşağı olanlar - 47 yaşına çatdıqda; 8 uşağı olanlar - 46 yaşına çatdıqda; 9 uşağı olanlar - 45 yaşına çatdıqda; 10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. ...

24. xx.xx.2010-cu il tarixdən qüvvədə olmuş redaksiyada (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 27 oktyabr 2009-cu il tarixli, 904-İİİQD nömrəli Qanuna əsasən) Maddə 8. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli 2-1(116)-2784/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

31. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2010-cu ildən çoxuşaqlı (4 uşaqlı) ana kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanmaqla xx.xx.2017-ci tarixədək pensiyanın ödənilməsi, həmçinin 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadın kimi yaşa görə sosial müavinət təyin olunduğu xx.xx.2017-ci il tarixdən sonrakı dövr üçün fərq məbləğinin cavabdeh tərəfindən ödənilməsinə nail olmaqdır.

32. İşin faktiki hallarından görünür ki, iddiaçının 50 yaşı yuxarıda qeyd edilən maddi hüquq normasına dəyişiklik edildikdən (xx.xx.2010-cu il tarixdən) sonra xx.xx.2010-cu ildə tamam olmuşdur. xx.xx.2010-cu il tarixdən qüvvəyə minən dəyişikliklərə əsasən çoxuşaqlı qadınların yaşa görə əmək pensiyası hüququnu müəyyən edən “Əmək pensiyaları haqqında” Qanunun 8.1-ci maddəsi yeni redaksiyada verilmiş və yeni tələblər aşağıdakılardan ibarət olmuşdur: 1) beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmə; 2) azı 10 il sığorta stajı; 3) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddinin hər uşağa görə 1 il azaldılması.

33. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının dörd uşağı olduğundan onun 50 yaşı 4 uşağa görə əmək pensiyası hüququnun yaranmasını təsbit edən maddi hüquq normasının qüvvədə olduğu tarixdə tamam olmamış, bundan sonra qanunvericilik çoxuşaqlı qadın anlayışını tamamilə dəyişərək xx.xx.2010-cu il tarixdən minimum 5 uşaq tələbini tətbiq etmişdir.

34. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 4 uşağa görə əmək pensiyası hüququ xx.xx.2010-cu il tarixə qədər yaranmadığından, həmin tarixdən etibarən isə qanunvericilikdə minimum 5 uşaq tələbi irəli sürüldüyündən iddiaçının çoxuşaqlı qadın kimi yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.

35. Bununla da məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq inzibati icraat çərçivəsində iddiaçının tələbindən imtinası qanunsuz hərəkət sayıla bilməz.

36. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanı nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçının dörd uşaqlı ana kimi xx.xx.2010-cu il tarixdən pensiya hüququnun yaranmasını nəzərə alıb, xx.xx.2010-cu il tarixdən xx.xx.2017-ci tarixədək ödənilməli olan pensiyanın ödənilməsi, qanunda nəzərdə tutulduğu halda ödənilməyən xx.xx.2017-ci tarixdən xx.xx.2024-cü il tarixədək fərqin hesablanaraq ona ödənilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli 2-1(116)-2784/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar