Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-219/2021 21.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu nümayəndəsi X9 və üçüncü şəxs Şəki şəhər Təhsil Şöbəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı "01.09.1973-cü ildən 30.06.1977-ci ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması və 17.03.2019-cu ildən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması", cavabdeh Şəki Şəhər Təhsil Şöbəsinə qarşı "2008-ci ilin fevral-dekabr ayları üçün əmək haqqından Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən tutulan və DSMF-nin Şəki şəhər şöbəsinə köçürülən 3%, 22%-lik ödəmələrin yerinə yetirilməsinin sübut edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2- 1(116)-794/2020 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1958-ci ildə anadan olmuş və hazırda Şəki rayonu Kiş kəndində yaşayır. O, 01.09.1973-cü ildən 30.06.1977-ci ilədək X5 təhsil almış və dövlət ixtisas komissiyasının 30.06.1977-ci il tarixli qərarı ilə ona ibtidai sinif müəllimi ixtisası verilmişdir. İddiaçı pensiya yaşına çatdığına görə 17.03.2019-cu ildə ona yaşa görə əmək pensiyası təyin edilmiş və hazırda pensiyasının məbləği 247,43 manat təşkil edir. Ona pensiya təyin edilərkən X5 təhsil aldığı müddət, eləcə də Şəki rayonu Kiş kəndi H.Əliyev adına 1 nömrəli tam orta məktəbdə işlədiyi müddətin 2008-ci ilin fevral-dekabr ayları hissəsi onun sosial sığorta stajına daxil edilməmişdir. O, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına ərizə ilə müraciət edərək göstərilən müddətlərin sosial sığorta stajına daxil olunmasını xahiş etmiş, lakin cavabdeh 08.04.2019-cu il tarixli **********1 nömrəli məktubla bundan imtina etmiş və bildirmişdir ki, 2008-ci ilin fevral-dekabr aylarında iddiaçının fərdi hesabında məlumatlar əks olunmamışdır. Bundan başqa, qanunvericiliyə uyğun olaraq təhsil illərinin iddiaçının sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq cavabdehlər DSMF-nin Şəki şəhər şöbəsinə və Şəki Şəhər Təhsil Şöbəsinə qarşı "01.09.1973-cü ildən 30.06.1977-ci ilədək təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi, 2008-ci il fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması və 17.03.2019-cu ildən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi cavabdehlər DSMF-nin Şəki şəhər şöbəsinə və Şəki Şəhər Təhsil Şöbəsinə qarşı "01.09.1973-cü ildən 30.06.1977-ci ilədək təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi, 2008-ci il fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması və 17.03.2019-cu ildən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin üzərinə qoyulması" barədə yeni iddia ərizəsi vermişdir. İddiaçı birinci instansiya məhkəməsinə cavabdehlər DSMF-nin Şəki şəhər şöbəsinə və Şəki Şəhər Təhsil Şöbəsinə qarşı "01.09.1973-cü ildən 30.06.1977-ci ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması və 17.03.2019-cu ildən pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF-nin Şəki şəhər şöbəsinin üzərinə qoyulması, 2008-ci ilin fevral-dekabr ayları üçün əmək haqqından Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən tutulan və DSMF-nin Şəki şəhər şöbəsinə köçürülən 3%, 22%-lik ödəmələrin yerinə yetirilməsinin sübut edilməsi öhdəliyinin cavabdeh Şəki Şəhər Təhsil Şöbəsinin üzərində qoyulması" barədə başqa bir iddia ərizəsi vermişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, qüvvədə olan qanunvericilik aktlarının tələbinə uyğun olaraq orta ixtisas məktəblərini bitirmiş şəxslərin təhsil müddəti onların iş stajına daxil edilməlidir. Bundan başqa, iddiaçı pensiyaya çıxdığı vaxt ona aid məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatı elektron formada əldə etmiş, lakin həmin məlumatda 2008-ci ildə fasiləsiz işləməsinə baxmayaraq yanvar ayından başqa digər aylar üçün fərdi hesabına müvafiq ödəmələrin olunmadığını bildirmişdir. Cavabdeh Şəki Şəhər Təhsil Şöbəsi 06.04.2020-ci il tarixli məktubunda bildirmişdir ki, İddiaçı 2008-ci ildə Kiş kənd 1 nömrəli tam orta məktəbində işləmişdir. İddiaçının 2008ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı 08.05.2020-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçıya 17.03.2019-cu ildə yaşa görə 247,43 manat əmək pensiyası təyin edilmiş və hazırda ödənilməkdədir. İddiaçının əyani təhsil aldığı illər onun sosial sığorta stajına daxil ediləcəyi halda pensiyanın məbləği 18,80 manat artaraq 266,23 manat olacaqdır. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: İşdə olan, Ю seriyalı 018106 nömrəli diplomdan görünür ki, İddiaçı 01.09.1973-cü ildən 30.06.1977-ci ilədək X7 daxil olaraq, həmin texnikumda təhsil almış və dövlət ixtisas komissiyasının 30.06.1977-ci il tarixli qərarı ilə ona ibtidai sinif müəllimi ixtisası verilmişdir. İşdə olan, ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 13.03.1978-ci ildən Kiş kənd orta məktəbində müvəqqəti olaraq uzadılmış qrup tərbiyəçisi, 16.10.1978-ci ildən həmin məktəbdə sinif müəllimi kimi işləmişdir. O, 15.09.2005-ci ildən H.Əliyev adına Kiş kənd 1 nömrəli orta məktəbdə ibtidai sinif müəllimi vəzifəsinə təyin edilmişdir. İşdə olan, Şəki Şəhər Təhsil Şöbəsinin 06.04.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 2008-ci ildə Kiş kənd 1 nömrəli tam orta məktəbində işləmişdir. İddiaçının 2008ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İşdə olan, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı 08.05.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçıya 17.03.2019-cu ildə yaşa görə 247,43 manat əmək pensiyası təyin edilmiş və hazırda ödənilməkdədir. İddiaçının əyani təhsil aldığı illər onun sosial sığorta stajına daxil ediləcəyi halda pensiyanın məbləği 18,80 manat artaraq 266,23 manat olacaqdır. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 03 noyabr 2020-ci il tarixli, 2- 1(116)-794/2020 nömrəli qərarı ilə İddiaçı iddiası cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına aid hissəsində təmin edilməsi, İddiaçı 01.09.1973-cü ildən 30.06.1977-ci ilədək X5 təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması və 17.03.2019-cu ildən pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2- 1(116)-794/2020 nömrəli qərarının ləğv edilməsi və tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı X1 İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınaraq pensiyanın yenidən hesablanması” öhdəliyinin cavabdeh DSMF Şəki şəhər filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 17.03.2019-cu il tarixdən pensiya təyin olunsa da, əmək pensiyası düzgün hesablanmamış, onun 01.09.1973-cü ildən 30.06.1977-ci ilədək təhsil aldığı illər sosial sığorta stajına daxil edilməmiş, 2008-ci ilin fevral- dekabr ayları üçün 2008-ci ilin fevral-dekabr aylarında fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalı nəzərə alınmamışdır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 794/2020 saylı 03 noyabr 2020-ci il tarixli qərarı ilə iddiaçı X2 iddiası təmin edilmişdir. İddiaçının iddia tələbinin təhsil illəri ilə bağlı birinci hissəsi ilə bağlı məhkəmənin mövqeyi mübahisələndirilmir. Lakin, aşağıda göstərilənlərə əsasən hesab edirik ki, Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-794/2020 saylı iş üzrə 03.11.2020-ci il tarixli həmin qərarında iddia tələbinin 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınaraq pensiyanın yenidən hesablanması” barədə ikinci hissəsinin təmin edilməsi qanuna zidd və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1 -ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Şəki inzibati Məhkəməsinin 2-1(116)-794/2020 saylı məktubuna AR ƏƏSMN yanında Cavabdeh **********8 nömrəli cavab məktubundan məlum olur ki, Şəki Şəhər Təhsil Şöbəsinin DSMF Şəki şəhər şöbəsinə təqdim etdiyi 2008-ci ilə dair illik B3 hesabatına əsasən sığortaolunan X2 yanvar ayı üçün məcburi dövlət sosial sığortasına (mdss) cəlb olunan gəlirinin cəmi 157,29 manat, ödənilmiş məcburi dövlət sosial sığorta haqqının (mdssh) cəmi isə 39,32 manat təşkil edir. Fevral-dekabr aylarında isə mdss-na cəlb olunan gəlirlərdə və mdssh-da heç bir məbləğ görünmür. Həmçinin, Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən Dövlət Sosial Müdafiə X12 Nəzarət və sosial sığorta şöbəsinə göndərilən **********4 saylı məktuba cavab məktubundan məlum olur ki, 2008-ci il fevral-dekabr ayları üzrə Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən DSMF-yə ödənilən məcburi dövlət sosial sığorta haqlarının (işçilərin adları qeyd edilməklə) siyahısının təqdim edilməsi Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının səlahiyyətləri xaricində olduğu üçün, müraciəti cavablandırmaq mümkün olmamışdır. Beləliklə, yuxarıda adı çəkilən normativ hüquqi aktların tələbindən də aydın olur ki, iddiaçının DSMF Şəki şəhər şöbəsinə qarşı öhdəliyin icrası haqqında iddia ilə inzibati məhkəməyə iddia tələbi ilə müraciət etməsi əsassızdır. Belə ki, vətəndaşa Şəki Şəhər Təhsil Şöbəsi tərəfindən verilən 116 saylı arayış 2008-ci il fevraldekabr aylarında sığorta haqlarının həqiqətən də köçürülməsi üçün təkbaşına yetərli bir sübut deyildir. Çünki, iş materiallarından da məlum olur ki, vətəndaşın fərdi uçot hesabının sığorta hissəsində həmin aylar üzrə heç bir ödəniş yoxdur. Deməli, mübahisə sırf öcfemələrin həyata keçirilib- keçirilməməsi ilə bağlıdır. Şəki Şəhər Təhsil Şöbəsi ödəmə ilə bağlı heç bir ödəniş qəbzi, həmçinin əlavə sübutlar təqdim etmədən, məhkəmənin bu qənaətə gəlməsi əsassızdır. Oxşar mübahisələrdə iddia tələbi ilkin olaraq, işəgötürənə qarşı olmalıdır. Odur ki, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-794/2020 saylı, 03.11.2020ci it tarixli qərarının “2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması” hissəsində ləğv edilməsi edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirik. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(116)-794/2020 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(116)-794/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Şəki şəhər Təhsil Şöbəsinin nümayəndəsi X6 qanuni qərar qəbul edilməsini xahiş etdi. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Birinci instansiya məhkəməsinin ayrıca qərardadı ilə iddianın cavabdeh Şəki Şəhər Təhsil Şöbəsinə qarşı olan hissəsi mümkün sayılmamışdır. Ona görə də hazırkı qərarda iddianın yalnız cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı olan hissəsinə qiymət verilir. Həmin cavabdehə qarşı olan tələb öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına qarşı tələbi aşağıdakı üç hissədən ibarətdir: 1) 01.09.1973-cü ildən 30.06.1977-ci ilədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, 2) 2008-ci ilin fevral-dekabr ayları üçün fərdi uçot hesabının sığorta hissəsində qeydə alınmamış pensiya kapitalının nəzərə alınması, 3) 17.03.2019-cu ildən pensiyasının yenidən hesablanması. Birinci instansiya məhkəməsi iddianın birinci hissəsi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 01.10.1956-cı ildə qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək, o cümlədən iddiaçının təhsil aldığı müddətdə qüvvədə olmuş "Dövlət pensiya təminatı" haqqında SSRİ Qanununun 109-cu maddəsində qeyd olunur ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçı həmin Qanunun qüvvəyə mindiyi vaxtdan ali təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək hüququna malikdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında, o cümlədən 01.01.2006-cı ildən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Qanunda iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki əyani təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən is stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Belə olan halda, iddiaçının 01.09.1973cü ildən 30.06.1977-ci ilədək X5 təhsil aldığı müddət onun sosial sığorta stajına daxil edilməlidir. İddianın ikinci hissəsi ilə bağlı birinci instansiya məhkəməsi aşağıdakıları qeyd etmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsinə görə, fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə, pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 10.2-ci maddəsinə görə, yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.3-cü maddəsinə əsasən, yaşa görə əmək pensiyasının yığım hissəsinin məbləği bütün hallarda bu Qanunun 7-ci maddəsində göstərilmiş yaş həddinə uyğun olaraq aşağıdakı düsturla müəyyən edilir: YH=PYK/T, burada: YH - yaşa görə əmək pensiyasının yığım hissəsidir; PYK- sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalıdır; T gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Həmin Qanunun 10.4-cü maddəsinə görə, yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P+SH+YH, burada: P- yaşa görə əmək pensiyasıdır; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; YH yaşa görə əmək pensiyasının yığım hissəsidir. Sadalanan normalardan göründüyü kimi, sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı yaşa görə əmək pensiyası məbləğinin hesablanması zamanı nəzərə alınan meyarlardan biridır. İşdən göründüyü kimi, İddiaçı 2008-ci ildə Şəki rayonu Kiş kənd H.Əliyev adına 1 nömrəli tam orta məktəbində işlədiyi zaman Şəki Rayon Təhsil Şöbəsi tərəfindən onun əmək haqqından (3%) fevral-may aylarının hər birində 3,99 manat, iyun ayında 6,10 manat, iyul ayında 4,35 manat, avqust ayında 5,40 manat, sentyabr ayında 10,15 manat, oktyabr-dekabr aylarının hər birində 5,22 manat məcburi dövlət sosial sığorta haqqı tutulmuşdur. Şəki Rayon Təhsil Şöbəsi tərəfindən işçilərin əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqqları cəm şəkildə köçürüldüyünə görə həmin Şöbə iddiaçıdan tutulmuş məbləğin köçürülməsi barədə ayrıca sənəd təqdim edə bilmir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialı isə həmin məbləğin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmadığını bildirir. Məhkəmə kollegiyasının iclasına təqdim olunan sığortaolunanlara məlumat verilməsi haqqında 27.12.2020-ci il tarixli məlumatda görünür ki, iddiaçının əmək haqqından 2008-ci ilin fevral-dekabr aylarına sığorta haqqının tutulması qeyd edilmişdir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin 4-cü abzasına (2008-ci ildə qüvvədə olmuş redaksiya) görə, məcburi dövlət sosial sığortası qaydalarına sığortaedənlər tərəfindən əməl edilməsinə nəzarət etmək sığortaçının hüquqlarından biridir. Eyni zamanda, həmin Qanunda sığortaolunandan tutulan məcburi dövlət sosial sığorta haqqının köçürülməsi, yaxud bu köçürülməyə nəzarət edilməsi sığortaolunanların səlahiyyətinə aid edilməmişdir. Belə olan halda, iddiaçıdan tutulmuş məbləğin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Şəki şəhər filialına ödənilməməsinə, eləcə də göstərilən məbləğin onun fərdi hesabının sığorta hissəsində qeydə alınmadığına görə iddiaçının hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Ona görə də həmin filial iddiaçıdan 2008-ci ilin fevral-dekabr ayları üçün tutulmuş məbləği nəzərə almamaqda haqlı olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu filialın tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli, 2-1(116)-794/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-219/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-219/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver