Məhkəmə qərarları › İş №2-1(107)-219/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-219/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-219/2022 05.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “1977-ci ildən 1999-cu ilədək Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda kolxozçu kimi işlədiyi illərin ümumi iş stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli 2-1(116)-362/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 15 saylı regional ərazi filialına qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilədək Şəki şəhəri Texniki Peşə məktəbində təhsil aldığı illərin, 1971, 1972, 1973 və 1974-cü illərdə Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda kalxozçu işlədiyi illərin, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olduğu illərin və 1977-ci ildən 1999-cu ilədək Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda işlədiyi illərin ümumi iş satjına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı xx xxxx 1956-cı ildə Şəki rayonu Baltalı kəndində anadan olmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət texniki peşə təhsili komitəsinin 1147 nömrəli attestatına əsasən iddiaçı 01 sentyabr 1970-ci ildə Şəki şəhər 43 nömrəli texniki peşə məktəbinə qəbul olmuş və 24 iyul 1971-ci ildə həmin peşə məktəbini rəngsazlıq ixtisası üzrə bitirmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət X2 23 avqust 2021-ci il tarixli 636 saylı arxiv arayışına əsasən iddiaçı Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda 1971, 1972, 1973 və 1974-cü illərdə kolxozçu kimi işləmişdir. H3 № ******* saylı hərbi biletin təsdiq edilmiş surətinə əsasən İddiaçı 31 oktyabr 1974-cü il tarixdən 21 noyabr 1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət X2 25 fevral 2021-ci il tarixli 150 saylı arxiv arayışına əsasən İddiaçı Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda 1977-ci il tarixdən 1999-cu il tarixədək müxtəlif işlərdə işləmişdir. 3.İddiaçı cavabdehə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir.

4. İddiaçı xx.xx.2021-ci il tarixdə birinci instansiya məhkəməsinə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək cavabdeh qismində Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının qeyd edilməsini və “xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilədək Şəki şəhəri Texniki Peşə məktəbində təhsil aldığı illərin, 1971, 1972, 1973 və 1974-cü illərdə Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda kalxozçu işlədiyi illərin, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olduğu illərin və 1977-ci ildən 1999-cu ilədək Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda işlədiyi illərin ümumi iş satjına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)1534/2021 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

5. Fondun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı xx.xx.2022-ci il tarixli **********6 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı ona yaşa görə pensiyanın təyin olunması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 15 saylı regional ərazi filialına müraciət etmişdir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən ona hərbi xidmət dövrünün və əyani təhsil müddətinin nəzərə alınmaqla sığorta stajının 2 il 11 ay 3 gün təşkil etməklə tələb olunan müddətdən (25 ildən) az olduğu, eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınan 2225,24 manat pensiya kapitalının tələb olunan pensiya kapitalından (28800 manat) az olduğu bildirilərək yaşa görə pensiyanın təyin olunmasından imtina edilmiş, lakin ona xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə proaktiv qaydada sosial müavinət təyin edilmişdir.

6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı “xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilədək Şəki şəhəri Texniki Peşə məktəbində təhsil aldığı illərin, 1971, 1972, 1973 və 1974-cü illərdə Şəki rayonu Baltalı kənd Partiyanın XXİİİ qurultayı adına kolxozda kolxozçu işlədiyi illərin, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmətdə olduğu illərin və 1977-ci ildən 1999-cu ilədək Şəki rayonu Baltalı kənd Partiyanın XXİİİ qurultayı adına kolxozda işlədiyi illərin ümumi iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Cavabdeh etirazında bildirmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Bununla əlaqədar olaraq, qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı.

8. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş 7ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

9. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir.

10. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur.

11. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın.

12. İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət X2 xx.xx.2021-ci il tarixli 150 nömrəli və xx.xx.2021-ci il tarixli 636 nömrəli arxiv arayışlarında qeyd olunan əmək fəaliyyəti dövrü əmək kitabçasında qeyd edilməmişdir. Həmçinin, həmin arxiv arayışlarında “Şəki rayonu Baltalı kənd Partiyanın XXİİİ qurultayı adına kolxozda 1971-1974, 1977-1999-cu illər üçün minumum əmək günü normasının neçə gün olması qeyd edilməmişdir. Bu müddəa iddiaçının faktik əmək fəaliyyəti dövrünün hesablanmasını mümkünsüz edir. Beləliklə, həmin dövr əmək kitabçasında qeyd edilməməklə yanaşı natamam tərtib olunmuş arxiv arayışları ilə təsdiq edilmir.

13. Həmçinin qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir.

14. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

15. Fondun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı xx.xx.2022-ci il tarixli **********8 nömrəli etiraz məktubuna əlavədə qeyd etmişdir ki, Milli Arxiv İdarəsi Dövlət Arxivinin arayışlarında İddiaçı ad və soyadının 1971-1974-cü illərdə “Mürsəlov Rasim”, 1977-1999-cu illərdə isə “İddiaçı” kimi qeyd edildiyi bildirilmişdir. Həmçinin, 1972-ci ildə ad və soyadda qaralama olduğu göstərilmişdir.

16. Bu fakt arxiv arayışının iddiaçıya məxsus olması faktını şübhə altına atır. Mülki Prosessual Məcəllənin 307.2.5-ci maddəsinə əsasən, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı barədə işlərə xüsusi icraat qaydasında məhkəmə baxır.

17. Cavabdeh etiraza əlavə məktubunda da həmçinin məktubunda iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

18. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialını qeyd edərək “1977-ci ildən 1999-cu ilədək Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda kolxozçu kimi işlədiyi illərin ümumi iş stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

19. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

20. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 26 may 2022-ci il tarixli 2- 1(116)-362/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

21. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

22. Cavabdeh apellyasiya şikayətini etiraz məktubunun dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli 2-1(116)-362/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X1 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli 2-1(116)-362/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

24. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir.

25. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

26. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - İddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Şəki rayonu Baltalı kəndində anadan olmuşdur. - 1147 nömrəli attestatın təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1970-ci ildən xx.xx.1971-ci ilədək Şəki şəhər 43 nömrəli texniki peşə məktəbində təhsil almışdır. - ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək hərbi xidmət keçmişdir. - İddiaçının təhsil və hərbi xidmət müddəti cavabdeh tərəfindən mübahisələndirilməmişdir. - Cavabdeh öz etirazında və etiraza əlavəsində Milli Arxiv İdarəsi Dövlət Arxivinin arayışlarında İddiaçı ad və soyadının 1971-1974-cü illərdə “Mürsəlov Rasim”, 1977-1999cu illərdə isə “İddiaçı” kimi qeyd edildiyi bildirilmiş, həmçinin, 1972-ci ildə ad və soyadda qaralama olduğu göstərməklə 1971-1974cü illər üzrə iddiaçının stajını qeyd olunan nöqsanlara əsasən, xüsusi olaraq mübahisələndirmişdir ki, iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşmə təqdim edilərək həmin müddətin sosial sığorta stajına daxil edilməsi hissəsində tələbdən imtina edilməklə dəqiqləşmə aparılmış, cavabdeh tərəfindən mübahisələndirilən kolxoz stajından 19771999-cu illərin onun sosial sığorta stajına daxil edilməklə hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul olunmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika Dövlət X2 xx.xx.2022-ci il tarixli 74 nömrəli məktubunda görünür ki, iddiaçı Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda 1971-1974, 1977-1999-c illərdə müvafiq olaraq: 1971-1974-cü illər üzrə - 31, 116, 91, 134 adam günü (bu müddətin sosial sığorta stajına daxil edilməsi iddiaçı tərəfindən tələb edilməmişdir); 1977-ci il üzrə - 278 adam günü (tam il); 1978-ci il üzrə - 305 adam günü (tam il); 1979-cu il üzrə - 218 adam günü; 1980-ci il üzrə - 282 adam günü (tam il); 1981-ci il üzrə - 311 adam günü (tam il); 1982-ci il üzrə - 286 adam günü (tam il); 1983-cü il üzrə - 282 adam günü (tam il); 1984-cü il üzrə - 321 adam günü (tam il); 1985-ci il üzrə - 307 adam günü (tam il); 1986-ci il üzrə - 314 adam günü (tam il); 1987-ci il üzrə - 327 adam günü (tam il); 1988-ci il üzrə - 311 adam günü (tam il); 1989-cu il üzrə - 308 adam günü (tam il); 1990-cı il üzrə - 340 adam günü (tam il); 1991-ci il üzrə - 295 adam günü (tam il); 1992-ci il üzrə - 325 adam günü (tam il); 1993-cü il üzrə - 375 adam günü (tam il); 1994-cü il üzrə - 333 adam günü (tam il); 1995-ci il üzrə - 294 adam günü (tam il); 1996-cı il üzrə - 316 adam günü (tam il); 1997-ci il üzrə - 300 adam günü (tam il); 1998-ci il üzrə - 336 adam günü (tam il); 1999-cu il üzrə - 197 adam günü işləmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

27. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

28. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Maddə 149. Vİİ hissə. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

29. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

30. Mülki Prosessual Məcəllə: Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddənin qeydindən çıxış edərək göstərilməlidir ki, 1 iyul 2020-ci il tarixdən etibarən kişilərə münasibətdə yaşa görə əmək pensiyası hüququ verən yaş həddi 65 yaş olmuşdur. Qanunun 23.2-ci maddəsi ilə isə müəyyən edilmişdir ki, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

32. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

33. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli 2-1(116)-362/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

34. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

35. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

36. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən edildi ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı onun iddia tələbində qeyd etdiyi müddətlərin sosial sığorta stajına daxil edilərək, sığorta stajının tamamlanması və hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

38. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçının Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda işlədiyi 1971-1974, 1977-1999-cu illər üzrə kolxozçuların əmək uçotu və kolxoz üzvlərilə hesablaşma kitablarına, əməyin ödənişi üzrə kitablarına və kolxozçuların əmək stajı və qazancının uçotu kitabına əsasən Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda minimum adam günü norması 240 gün olmuşdur. Beləliklə, iddiaçı kolxozçu kimi adıgedən kolxozda 21 tam il işlədiyi iş materiallarına əlavə olunmuş arxiv arayışları və X5 Filialı tərəfindən xx.xx.2022-ci il tarixli 118 nömrəli məktubla məhkəməyə təqdim etmiş olduğu kolxozçuların əməyinin ödənişi üzrə hesablaşma kitablarından çıxarışların təsdiq edilmiş surətləri ilə öz təsdiqini tapmışdır. İddiaçı 1977-1999-cu illər aralığında yalnız 1979-cu ildə 218, 1999-cu ildə isə 197 adam günü olmaqla minimum normada işləməyərək illik stajı tamamlamamışdır. Həmin müddətlərdə işləmiş olduğu adam günü normasının təqvim ilinə konvertasiyası zamanı iddiaçının həmin illər üzrə 1 il 8 ay 23 gün iş stajına malik olduğu müəyyən edilmişdir (hesablama qaydası: 218+197=415 adam gününün ümumi müddəti; 415-240 (1 illik minimum norma)=175 (1 illik staj müəyyən edildikdən sonra qalan adam günü sayı); 240 (illik norma)/12 (ay)=20 (aylıq adam günü norması); 175-160 (8 ay üçün adam günü norması)=15 (qalıq adam günü); 20 gün aylıq adam günü normasıdırsa qalıq olan 15 gün 22,5 təqvim günü normasına bərabər tutulacaqdır). Beləliklə, 1977-1999-cu illər üzrə iddiaçının ümumi 22 il 8 ay 23 gün iş stajına malik olduğu müəyyən edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməyən təhsil və hərbi xidmət müddətinə görə 2 il 11 ay 3 gün olmaqla əmək stajı ilə toplam hesablanmaqla, iddiaçının cəmi 25 il 7 ay 26 gün əmək stajına malik olduğu iş materialları ilə öz təsdiqini tapmışdır. Bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir.

39. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normaların təhlili onu deməyə əsas verir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunverici iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması.

40. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, xx.xx.1956-cı il təvəllüdlü iddiaçıya münasibətdə pensiya yaşının müəyyən edilməsi üçün qeyd olunmalıdır ki, xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuş iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ilkin şərt ödənilməkdədir. Cavabdeh tərəfindən mübahisələndirilən illərdən 1977-1999-cu illər üzrə kolxozda işlədiyi müddətin iddiaçının iş stajına daxil ediləcəyi təqdirdə isə ikinci şərt, yəni qanunla müəyyən edilmiş 25 illik sığorta stajı tamamlanacaqdır.

41. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının, məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, birinci instansiya məhkəməsi həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlməkdə haqlı olmuşdur.

42. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir.

43. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə kollegiyası həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlir.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı iddiaçının 1977-ci ildən 1999-cu ilədək Şəki rayonu Baltalı kənd “Partiyanın XXİİİ qurultayı” adına kolxozda kolxozçu kimi işlədiyi illərin ümumi iş stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

45. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli 2-1(116)-362/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar