Məhkəmə qərarları › İş №2-1(107)-22/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-22/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-22/2021 01.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “ünvan 2 ünvanında yerləşən 0,48 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-276/2020 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 1974-cü il tarixdə orta məktəbi bitirmiş, Xalq Təsərrüfatı institutunun qiyabi şöbəsinə qəbul olunmuş, 1975-ci il tarixində ünvan 1 ünvanında yerləşən köhnə Kolxoz Bazarı ərazisində yerləşən sənaye, ərzaq mağazalarında müdir vəzifəsində işləmişdir. 1975-ci ildən Kooperasiyanın üzvü olmuşdur. Üstünlük hüququ nəzərə alınaraq həmin ərzaq, sənaye və yarmarka binaları təsis etdiyi “xxxx" X12 rayonunda balans dəyərini ödədikdən sonra ona satılmışdır. O, həmin tikililəri alan zaman 0.48 ha torpaq sahəsində 3 tikilisi olmuşdur. 1996-ci ildə həmin 3 tikilisinə texniki pasport verilmişdir. Ərazidə tikintisi yarımçıq qalmış "Çardaq bina" olmuşdur ki, qərarla ona satılmalı olduğu halda kooperasiya ilə heç bir əlaqəsi olmayan Rza Quliyevə satılmışdır. Azərittifaqın balansında olan dövlət torpağı 2001-ci ildə qanunsuz olaraq ona məlum olmayan səbəbdən keçmiş icra başçısı Azər Səfərovun qərarı ilə ona məxsus tikililər və torpaq sahəsi Ağsu Bələdiyyəsi tərəfindən 0.48 ha torpaq sahəsi Rza Quliyevə satılmış və onun adına rəsmilləşdirilmişdir və iddiaçının 3 tikilisi onun adına sənədləşdirilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin qüvvədə olan xx.xx.2011-ci il tarixli, 2(106)- 529/2011-saylı qətnaməsi ilə Rza Quliyevin adına verilmiş 0.48 ha torpaq sahəsinə mülkiyyət hüququna dair JN 0001 saylı Dövlət Aktı həmin hissədəki tikililərə dair texniki pasportlar və digər sənədlər ləğv edilmiş, onun tərəfindən zəbt edilmiş 33 saylı 1996-ci ildə qeydə alınmış texniki pasporta əsasən Əlisabir Qənbərovun direktor olduğu "xxxx" Firma Mağazasına məxsus olmuş 69.5 kv m. tikinti sahəsi olan karamel və tikiş sexləri binasının boşaldılması, Rza Quliyev tərəfindən özbaşına sökülərək ləğv edilmiş, "xxxx" Firmasina məxsus 20x2.7 m ölçülərdə olmuş 56 kv.m sahəsi olan idarə binası və anbar həmçinin 16.2 kv.m sahəsi olan 4.52x3.6 m ölçülərdə olan mağaza binasının da onun hesabına bərpa edilərək əvvəlki vəziyyətinə gətirilməsi qət edilmişdir. Ağsu rayon bələdiyyəsi tərəfindən Rza Quliyevə qanunsuz satılmış torpaq sahəsi dövlətə məxsusdur. Bu səbəbdən də Akt tərtib edilərək ƏMDK-nin balansına verilmişdir. Qətnamə xx.xx.2013- cü ildə Ali Məhkəmənin 2(102)-28/12-saylı qərarı ilə və xx.xx.2013-cu ildə Konstitusiya Məhkəməsinin qərarı ilə qüvvədə saxlanılmışdır. xx xxxx 2012-ci il tarixdə icra olunmaq üçün Ağsu rayon İcra Şöbəsinə göndərilmişdir. Ağsu rayon İcra Qrupu tərəfindən 69.5 kv.m tikinti boşaldılıb ona təhvil verilmiş, xx.xx.2013-cü il tarixdə Daşınmaz Əmlakın Şamaxı rayon Ərazi İdarəsinə həmin tikintiyə onun adına ******* saylı çıxarış verilmiş, xx.xx.2014-cü il tarixində Daşınmaz Əmlak 0.48 ha torpaq sahəsində Rza Quliyevə məxsus olmuş sənədləri məhkəmə qaydasında ləğv olunmuş, lakin sökülməmiş, 5 (beş) qanunusuz tikilisinin altında olan torpaq sahəsindən başqa 3240,3 kv.m boş torpaq sahəsinin onun istifadəsində olması barədə iddiaçının adına texniki pasport verilmişdir. xx.xx.2014-cu il tarixdə DƏMK-nin sədri cənab Kərəm Həsənovun 216 saylı sərəncamına əsasən, çıxarışını, texniki pasportunu və məhkəmə qətnaməsini təqdim etdikdən sonra DƏMK-nin sədr müavini Rafiq Cəlilov onunla 3240.3 kv.m boş torpaq sahsinə 3191 saylı özəlləşdirmə şərti ilə icarə müqaviləsi bağlamışdır. Rza Quliyevin qanunsuz tikililərin altında olan torpaq sahəsinin isə tikililər söküldükdən sonra iddiaçıya satacaqlarına söz vermişlər. Dəfələrlə icarədar olduğu müddətdə 0.48 ha torpaq sahəsinin ona qüvvədə olan qətnaməsinin 18-ci səhifəsində qeyd edildiyi kimi qanuna müvafiq olaraq ona satılmalı olduğu barədə Dövlət Əmlak Komitəsinə, Daşınmaz Əmlaka rəsmi müraciət etməyinə baxmayaraq bu günə kimi yəni xx xxxx 2012-ci il tarixdən Dövlət adından verilmiş qətnamə onların günahı ucbatından icra olunmamışdır. 8 ildir ki, 0.48 ha torpaq sahəsi Rza Quliyev və digər şəxslər tərəfindən zəbt olunaraq qanunsuz tikililərdə fəaliyyət göstərirlər. Dövlət Torpağı zəbt olunmuşdur. xx.xx.2016-ci il tarixdə iddiaçının oğlu və gəlini Ukrayna Respublikası, Lvov şəhərində öz şəxsi avtomobillərində 3 (üç) azyaşlı ilə birlikdə avtomobil qəzasına düşmüş, oğlu və gəlini həlak olmuş, 3(üç) azyaşlı uşaqları xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdir. Kiçik nəvəsi bu gün əlildir. Oğlunu və gəlinini Ağsu rayonunda dəfn etdikdən sonra sentyabr ayında Kiyevə getmişdir. Nəvələri Ukrayna vətəndaşları olduqları üçün, o, orada onları qəyyumluğa götürmüş və nəvələrinin müalicələri ilə məşğul olmuşdur. O, Əmlak Komitəsi ilə İcarə Müqaviləsini bağlayan zaman müddəti xx.xx.2014-cu ildən xx.xx.2015-ci ilə qədər qoymuşlar. Ona Əmlak Komitəsində demişlər ki, icarə müqaviləsini 1 illik bağlayırıq, icarə haqqı vaxtında ödəndikdə müddət uzadılır. Lakin o, Kiyevdə olan vaxt xx xxxxxx 2016-cı il tarixdə Dövlət Əmlak Komitəsi, icarə borcu və heç bir səbəb olmadan, ona məlum olmayan səbəbdən 3191 saylı icarə müqaviləsinə güya vaxtı bitdiyinə görə xitam vermişlər. O, Kiyevdən Əmlak Komitəsinə teleqramla məktub ünvanlayıb müqavilənin bərpasını xahiş etmiş və vəziyyətini izah etmiş lakin heç bir cavab almamışdır. O, Ağsuda olarkən Ağsu rayon Məhkəməsinə Rza Quliyevin, Vaqif Hasilovun, Zamik Hasilovun və İbrahim Nağıyevin 0.48 ha torpaq sahəsində olan qanunsuz tikililərdən öz vəsaitləri hesabina sökülməsinə və 0.48 ha torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılmaları barədə iddia qaldırmışdır. İddiası Ağsu rayon Məhkəməsində xx xxxx 2016-ci il tarixdə təmin edilmiş, qətnamə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə qalmış, lakin Əmlak Komitəsi qanunsuz olaraq 3191 saylı icarə müqaviləsini xx.xx.2016-ci il tarixdə xitam verdiyi üçün Ali Məhkəmə Şirvan Apellyasiya Məhkəməsinin qərarını ləğv edərək, Şirvan Apellyasiya Məhkəməsinə göndərmişdir. Nəticədə icarə müqaviləsinin ləğvinə görə iddiası təmin edilməmişdir. Bu gün də Dövlət Əmlak Komitəsi və Daşınmaz Əmlak özü iddia qaldırıb Rza Quliyevin qanunsuz 5 və digər tikililərin sökülməsi ilə bağlı və 0.48 ha torpaq sahəsindən əmlakları ilə birgə çıxarılmaları barədə iddia qaldırmalıdır və yaxud həmin torpaq sahəsini ona satmalı və ya onunla aralarında bağlanmış icarə müqaviləsini yeniləməlidirlər. Müraciətlərinə baxmayaraq cavabdeh, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi heç bir tədbir görmür. Dəfələrlə müraciətinə isə ərazidə olan qanunsuz tikililərin söküldükdən sonra baxılacağını bildirmişlər. Bu səbədən 8 ildir ki qüvvədə olan qətnamə icra edilmir. Məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, “ünvan 2 ünvanında yerləşən 0,48 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin həmin iclasında ərizə icraata qəbul olunmuşdur. Cavabdehin etirazının dəlilləri: Məlumat üçün bildiririk ki, İddiaçı iddia etdiyi Ağsu şəhəri ərazisində yerləşən 0.48 ha torpaq sahəsi dövlət mülkiyyətinə aiddir. Həmin torpaq sahəsi ünvan 3 saylı ünvanda yerləşir və köhnə kolxoz bazarının ümumi istifadəsindədir. ƏMDK-nin yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən Ağsu şəhərinin M.Ə.Rəsulzadə küçəsində 1A nömrəli ünvanında yerləşən köhnə kolxoz bazarı ərazisində təsisçisi İddiaçı olan, hal-hazırda ləğv olunmuş, “xxxx” firmasına məxsus üç tikili mövcud olmuşdur. Tikililərin texniki pasportların arxivdə saxlanılan qovluğunda köhnə kolxoz bazarının yerləşdiyi (0.48 ha) ərazisinin “xxxx” firmasının adına ayrılması barədə ilkin torpaqayırma sənədi yoxdur. Sözügedən torpaq sahəsi Ağsu Bələdiyyəsinin xx xxxxxx 2001-ci il tarixli 24 saylı qərarı ilə tikinti məqsədilə X1. Ləğv edilmiş DTXK-nin Ağsu rayon şöbəsi tərəfindən həmin torpağa JN-0001, kod 40901004 nömrəli dövlət aktı tərtib olunmuşdur. İddiaçı iddiası ilə bağlı Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2011-ci il 2(106)- 529/2011 qətnaməsi ilə «iş üzrə cavabdeh olan X4 adına verilmiş 0.48 ha torpaq sahəsinə mülkiyyət hüququna dair JN-0001 saylı Dövlət aktı, həmin hissədəki tikililərə dair texniki pasport və digər sənədlər etibarsız hesab edilsin, onun tərəfindən zəbt edilmiş 33 saylı inventar nömrəli 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən İddiaçı direktoru olduğu “xxxx” firmasına məxsus olmuş 69.5 kvadrat metr tikinti sahəsi olan karamel və tikiş sexləri binası boşaldılsın, Rza Quliyev tərəfindən özbaşına sökülərək ləğv edilmiş “xxxx” firmasına məxsus inventar nömrəsi 31 olan, 1996-cı ildə qeydə alınmış texniki pasporta əsasən 20x2.7 metr ölçülərdə olmuş 56 kv.metr sahəsi olan idarə binası və anbar, həmçinin 1996-cı il tarixli texniki pasporta əsasən 16.2 kvadrat metr sahəsi olan 4.5x3.6 metr ölçülərdə olan mağaza binası da onun hesabına bərpa edilərək əvvəlki vəziyyətə gətrilməsi» qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx xxxxxx 2011-ci il 2(106)-529/2011 qətnaməsindən cavabdeh Rza Quliyev tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə prosesləri başa çatdıqdan sonra Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(106)-529/11 nömrəli icra vərəqəsi Şamaxı Ərazi idarəsinə xx xxxx 2012-ci il tarixdə daxil olmuşdur. Həmin icra vərəqəsinə əsasən iş üzrə cavabdeh olan X4 adına verilmiş texniki pasport və qeydiyyat vəsiqələri Şamaxı Ərazi İdarəsi tərəfindən ləğv edilmiş və bu barədə Kürdəmir rayon İcra qrupuna məktub göndərilmişdir. Kürdəmir rayon İcra Qrupu tərəfindən aparılmış icra tədbirləri nəticəsində bazar ərazisində yerləşən sahəsi 69.5 kvadrat metrdən ibarət olan bina İddiaçı təhvil verilmişdir. Təhvil-təslim işləri İcra Qrupu tərəfindən tərtib olunmuş akta əsasən aparılmışdır. Həmin tikilinin üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bazarın yerləşdiyi 0.48 ha torpaq sahəsi isə dövlət torpaqlarına aid edilərək, Kürdəmir icra Qrupu tərəfindən ƏMDK-nın 16 saylı Ərazi şöbəsinə təhvil verilmişdir. Bundan sonra, xx.xx.2014-cü il tarixdə bazar ərazisində yerləşən dövlət mülkiyyətinə aid olan 0.3240 ha torpaq sahəsi 3191 nömrəli icarə müqaviləsinə əsasən bir il müddətinə İddiaçı icarəsinə verilmişdir. Ağsu şəhəri, X9 küçəsi 2C nömrəli ünvanda köhnə kolxoz bazarı ərazisində yerləşən dövlət mülkiyyətinə aid olan 0.3240 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2014-cü il tarixə tərtib olunmuş texniki pasportda torpaq sahəsinin təsnifatı qrafasında faktiki istifadə kimi göstərilmişdir. Lakin həmin torpaq sahəsinin üzərində hər-hansı bir hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Yuxarıda qeyd olunanlara əsasən X2 iddia etdiyi 0.48 ha torpaq sahəsinə hər hansı bir subyektiv hüququ yoxdur. Ona görə də, onun iddiasını əsassız hesab edir və rədd olunmasını xahiş etmişdir. Üçüncü şəxs etirazında bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin Ağsu rayonuna səfəri zamanı şəxsən qəbul edilmişdir. Qəbul zamanı Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 2C (köhnə kolxoz bazarı ərazisi) ünvanda yerləşən qeyri-yaşayış binalarının və bu binaların yerləşdiyi 3240.3 kv.m torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Prezident ərizənin müsbət həll olunacağını bildirmişdir. Ağsu rayonlararası Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən onun aıdına verilmiş 01 saylı Qeydiyyat vəsiqələri ilə xx xxxx 2012-ci il 01 saylı reystr kitabı 9-cu səhifədə 01/20 reystr nömrəsi ilə qeydə alınmış invertar №151,151 a, 151 q, 151 v, 151 g, ünvan 2 ünvanda yerləşən 118.6 kv. m olan mağaza binası, 1198.0 kv.m olan qeyri-yaşayış binası, 64.8 kv m sahəsi olan mağaza binası, 89.6 kv.m sahəsi olan mağaza binası, 14.8 kv. m olan mağaza binası onun xüsusi mülkiyyətində olmuşdur. Həmin daşınmaz əmlakların yerləşdiyi torpaq sahəsi 0.48 ha olmaqla hər il vergisini o ödəyir. Əmlaklar tərəfindən sığortalanmışdır. Ağsu rayon Ağsu Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışdan məlum olur ki, Ağsu rayon Ağsu Bələdiyyəsinin mülkiyyətində olan Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində“Köhnə bazar"ın ərazisində yerləşən tikintinin altında və ətrafında 4766 kv.metr torpaq sahəsi tikintiyə mülkiyyət hüququna malik Ağsu rayon Çiyni kənd sakini X1. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh AR ƏMDK-nə qarşı onunla cavabdeh arsında xx.xx.2014-cü il tarixdə 3191 saylı torpağın özəlləşdirilməsi məqsədi ilə bağlanmış icarə müqaviləsinin müddətinin uzadılması və ünvan 2 ünvanda yerləşən 0.48 ha torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə icarə müqaviləsinin bağlanmış hesab edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddiası rədd edilmişdir. Ağsu rayon Ağsu Bələdiyyəsinin xx.xx.2001-ci iİ tarixli qərarından görünür ki, ünvan 2 ünvanda yerləşən 4766 ha torpaq sahəsi ona satılmışdır. AR ƏMDK yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 7 (köhnə bazar) ünvanda yerləşən 0.48 ha torpaq sahəsi faktiki olaraq onun istifadəsindədir. İddiaçı dəfərlərlə məhkəmə baxışlarının predmeti olmuş, iddia tələbi rədd edilmiş, mövcud olmayan hüquqlarının qeydiyyat alınması tələbi irəli sürmüşdür. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-276/2020 nömrəli qərarı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “ünvan 2 ünvanında yerləşən 0,48 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Bildirmişdir ki, hazırkı iş üzrə bütün aidiyyəti sənədləri məhkəməyə təqdim etmişəm. Müraciətlərinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşinmaz Əmlakin Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsi heç bir tədbir görməmişdir. Dəfələrlə müraciətinə cavab olaraq isə ərazidə olan qanunsuz tikililərin söküldükdən sonra baxılacağını bildirmişlər. Bu səbəbdən 8 ildir ki, qüvvədə olan qətnamə icra edilmir. İş üzrə üçüncü şəxs X10 etirazında bildirmişdir ki, Rəsulzadə küçəsi 2C ünvanında yerləşən 118.6 kv.m və 14.8 kv.m olan mağazalar onun xüsusi mülkiyyətində olmuşdur. Hesab etmişdir ki, söylədiyi fikirləri məhkəmə boş söz kimi nəzərə almışdır. Belə ki həmin mağazalar onun tərəfindən tikilib istifadəyə verilib. Tamamilə qanuni sənədlərini məhkəməyə təqdim etsə də məhkəmə bunlara məhəl qoymamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1. maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı. ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu. 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Yuxarıda qeyd olunanlara əsasən, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(116)-276/2020-ci il tarixli qərarının ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-276/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X10 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2- 1(116)-276/2020 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. Onlara iddiaçının AZE seriyalı 16252087 nömrəli, AZE seriyalı 09725158 nömrəli ş/v-nin surətləri, üçüncü şəxsin xx.xx.2020-ci il tarixli etirazı, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********82 nömrəli məktubu, Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli **********43 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmin Məcəllənin 80-ci mаddəsinə görə, barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşə materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli imtina məktubundan görünür ki, ünvan 8 ünvanında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi məsələsinə köhnə kolxoz bazarı ərazisindəki sənədləri ləğv olunmuş tikililərlə bağlı məhkəmə qərarı tam icra olunaraq qarşı tərəflə mübahisə aradan qaldırıldıqdan və torpaqayırma sənədi də daxil olmaqla müvafiq sənədlər toplusu komitəyə təqdim edildikdən sonra baxılacağı bildirilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Kürdəmir rayon İcra Qrupu tərəfindən aparılmış icra tədbirləri nəticəsində bazar ərazisində yerləşən sahəsi 69.5 kvadrat metrdən ibarət olan bina İddiaçı təhvil verilmişdir. Təhvil-təslim işləri İcra Qrupu tərəfindən tərtib olunmuş akta əsasən aparılmışdır. Həmin tikilinin üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bazarın yerləşdiyi 0.48 ha torpaq sahəsi isə dövlət torpaqlarına aid edilərək, Kürdəmir icra Qrupu tərəfindən ƏMDK-nın 16 saylı Ərazi şöbəsinə təhvil verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 Qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı onunla cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 3191 saylı torpağın özəlləşdirilməsi məqsədi ilə bağlanmış icarə müqaviləsinin müddətinin uzadılması və ünvan 9 ünvanında yerləşən 0.48 ha torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə icarə müqaviləsinin bağlanmış hesab edilməsi vəzifəsinin cavabdehinə həvalə edilməsi tələbidə tair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Qətnaməsinin surətindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2 Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 8 2C nömrəli ünvanda yerləşən köhnə kolxoz bazarı ərazisində X6 məxsus 7 sahibkarlıq obyekti, X3 məxsus 1 sahibkarlıq obyekti, X5 məxsus 1 sahibkarlıq obyekti, İddiaçı məxsus 1 sahibkarlıq obyekti, “xxxx” MMC Ağsu rayon filialına məxsus 1 ədəd mətbuat yayım köşkü yerləşir. Köhnə kolxoz bazarını əhatə edən 0.48 ha torpaq sahəsi dövlət mülkiyyətinə aiddir və yuxarıda qeyd olunan sahibkarlıq obyektlərinin ümumi istifadəsindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2020-ci il tarixli 106 nömrəli daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan görünür ki, Ağsu şəhəri, X11 küçəsi 2 C ünvanında olan torpaq sahəsi Ağsu Rayon İcra Hakimiyyətinin sərəncamında olmaqla dövlət mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olmunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. - 10.2-ci madddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -15.1.1-ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. -15.1.5-ci maddəsinə əsasən, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Birinçi instansiya məhkəməsi hesab etmişdir ki,iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. Bundan başqa İddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş icarə müqaviləsindən görünür ki, göstərilən Ağsu şəhəri, X11 küçəsi, 2C ünvanındakı qeyriyaşayış binasının yerləşdiyi 3240,3 kv.m torpaq sahəsini icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti ilə icarəçi İddiaçı icarə şərtləri əsasında müvəqqəti istifadəsinə vermişdir. Göründüyü kimi, təqdim edilmiş icarə müqaviləsində göstərilən Ağsu şəhəri, X11 küçəsi, 2C ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 3240,3 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətinə deyil, icarəsinə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı mаddəsinə əsаsən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-276/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2-1(116)-276/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar