Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-22/2023 11.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı “İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarına əsasən İsmayıllı rayonu Diyallı kəndində iddiaçıya verilmiş 0,39 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-148/2022 nömrəli qərarından iş üzrə üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarına əsasən İsmayıllı rayonu Diyallı kəndində iddiaçıya verilmiş 0,39 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbinin əsaslarına görə, İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarına əsasən İsmayıllı rayonu Diyallı kəndində yerləşən 0,39 ha torpaq sahəsi iddiaçıya verilmişdir. Həmin torpaq sahəsinə dair iddiaçının adına JN-029F nömrəli şəhadətnamə verilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək sözügedən torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
3. Cavabdeh xx.xx.2021-ci il tarixli **********72 nömrəli imtina məktubunda qeyd etmişdir ki, təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ rayon şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilmiş Diyallı kəndi üzrə torpaq payı almaq hüququ olan subyektlərin siyahısında 029 sıra nömrəsi iddiaçının adına deyil, X1 və ailə üzvlərinin adına qeyd olunmuşdur. Bu səbəbdən JN-029F kod 40707018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0,39 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün deyil.
4. Cavabdeh xx.xx.2021-ci il tarixli **********59 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, təqdim olunmuş sənədlərin ekspertizası zamanı məlum olmuşdur ki, ləğv edimiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən Ərazi İdarəsinə təhvil verilmiş Diyallı kəndi üzrə torpaqdan pay almaq hüququ olan subyektlər siyahısında “029” sıra nömrəsi X4 və ailə üzvlərinin adları qeyd olunmuşdur. JN-029 A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə X4 və ailə üzvlərinin adına hazırlanmışdır.
5. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, JN-029F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə elektron baza xəritəsində öz əksini tapmışdır. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır.
6. Eyni zamanda bildirilmişdir ki, İddiaçı ilə ərazi idarəsinin əməkdaşları torpaq sahəsinə baxış keçirməyə və çöl ölçmə işlərinin aparılması ilə bağlı torpaq sahəsinin yerləşdiyi ünvanda olmuşdur. Torpaq sahəsindən faktiki olaraq iddiaçının qardaşı X7 istifadə edir və aralarında mübahisə var. Ərazi İdarəsinin əmakdaşlarına torpaq sahəsinə baxış keçirməyə və çöl ölçmə işlərinin aparılmasına maneçilik törədilmiş və imkan verilməmişdir. Bu səbəbdən də iddia edilən torpaq sahəsi barədə müfəssəl məlumatlar əldə etmək mümkün olmamışdır. Bu barədə müvafiq akt tərtib edilmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında'' Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
8. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-148/2022 nömrəli qərardadı ilə X7 və X4 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşlar.
10. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-148/2022 nömrəli qərardadı ilə X3 məhkəmə icraatına üçüncü şəxs qismində cəlbetməsi zəruri qaydada cəlb etməyə dəyişdirilmiş, X1 üçüncü şəxs qismində iş üzrə iştirakına xitam verilmişdir.
11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli qərarına əsasən İsmayıllı rayonu Diyallı kəndində iddiaçıya verilmiş 0,39 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
12. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
13. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 25 avqust 2022-ci il tarixli 2-1(116)-148/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
14. Üçüncü şəxs X7 həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu Diyallı kəndi ərazisindən 1990-cı illərin əvvəllərində 0,76 ha həyətyanı torpaq sahəsini hasara alaraq istifadə etməyə başlamışdır. Respublikada məlum torpaq islahatları aparılan zaman faktiki istifadəsində olan 0,76 ha həyətyanı torpaq sahəsinin 0,39 ha hissəsi əvəzsiz mülkiyyətinə verilmiş və JN-027F kod 40707018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə yazılmışdır. Qalan 0,37 ha zəbt yerinə görə isə ona və ailə üzvlərinə düşən pay torpaq sahəsi verilməmişdir, yəni bütünlüklə zəbt yeri ilə əvəzlənmişdir. O, həmin zəbt yerində çoxillik meyvə ağacları əkib-becərmiş, torpağı daş, kol-kos və s. təmizləyərək və torpağın üst qatını münbit hala gətirərək çoxillik əkmələr üçün yararlı hala gətirmişdir. Lakin iş üzrə iddiaçı olan qardaşı İddiaçı onun xəbəri olmadan zəbt yeri kimi islahat zamanı pay torpağından çıxılaraq qanuni istifadəsinə verilmiş torpaq sahəsini öz adına həyətyanı torpaq sahəsi kimi rəsmiləşdirmişdir. Ancaq onun bu haqda məlumatı olmamış, bu barədə Şəki İnzibati Məhkəməsində iddia qaldırdıqdan sonra xəbər tutmuşdur. İddiaçı hal-hazıradək qeyri-qanuni yolla öz adına rəsmiləşdirdiyi torpaq sahəsində olmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-148/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)- 148/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs və vəkili məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.
18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).
19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin etiraz məktubuna əlavə olunmuş JN-029F kod 40707018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayon AİK-nın xx.xx.1999-cu il tarixli 99 saylı qərarı ilə 0,39 ha həyətyanı torpaq sahəsi İddiaçı verilmişdir. - Cavabdehin etiraz məktubuna əlavə olunmuş JN-029A kod 40707005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayon AİK-nın xx.xx.1999-cu il tarixli 99 saylı qərarı ilə 0,12 ha həyətyanı torpaq sahəsi X2 verilmişdir. - Cavabdehin etiraz məktubuna əlavə olunmuş JN-027F kod 40707018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı rayon AİK-nın xx.xx.1999-cu il tarixli 99 saylı qərarı ilə 0,39 ha həyətyanı torpaq sahəsi X5 verilmişdir. Həmin şəhadətnamənin planı və sərhədlərinin ölüçsündə sxematik şəkildə torpaq sahəsinin iddiaçının iddia etdiyi JN-029F nömrəli nömrəli şəhadətnamə verilmiş torpaq sahəsi ilə qonşu olduğu göstərilmişdir. - Cavabdehin etiraz məktubuna əlavə olunmuş X6 verilmiş JN-030F kod 40707018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, iddia edilən JN-029F nömrəli şəhadətnamə verilmiş torpaq sahəsi həmin torpaq sahəsi ilə də qonşuluqda yerləşir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********61 nömrəli məktubunda qeyd olunur ki, İsmayıllı RAİK-nın xx.xx.1999-cu il tarixli, 99 saylı qərarı arxivdə aşkar edilməmişdir. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli **********61 nömrəli məktubuna əlavə olunmuş subyektlər siyahısının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xəritədə nömrəsi 29 olan torpaq sahəsi verilmişdir. - İsmayıllı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 13 nömrəli məktubuna əlavə olunmuş 1996-2000-ci illərə dair təsərrüfatbaşına kitabında İddiaçı adının qeyd olunduğu müəyyən edilir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********14 nömrəli məktubuna əlavə olunmuş şəhadətnamələrin qeydiyyatı kitabının səhifəsinin təsdiq olunmuş surətindən görünür ki, siyahıda İddiaçı adı qeyd olunmuş və JN029F nömrəli şəhadətnamə göstərilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli **********14 nömrəli məktubuna əlavə olunmuş şəhadətnamələrin qeydiyyatı kitabının səhifəsinin təsdiq olunmuş surətindən görünür ki, siyahıda iddiaçı X3 adı qeyd olunmuş və JN027F nömrəli şəhadətnamə göstərilmişdir. - xx.xx.2022-ci il tarixli **********07 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunur ki, JN-029F saylı (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı mülkiyyətinə verlmiş 0,39 ha torpaq sahəsi İsmayıllı rayonu Diyallı kənd inzibati ərazi sərhəddi daxilində, yaşayış məntəqəsi torpaqlarına aiddir, uqodiyası çoxillik əkmələrdir. JN-029F saylı (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı mülkiyyətinə verilmiş 0,39 ha torpaq sahəsi sənəd üzrə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür və X3 istifadəsindədir. İddiaçı nümayəndəsi tərəfindən göstərilən faktiki naturada ölçülmüş torpaq sahəsi JN-029F saylı şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0,39 ha torpaq sahəsinin yerləşdiyi ərazi ilə eynidir. Mərkəzin elektron baza məlumatlarında JN-029F saylı şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0,39 ha torpaq sahəsinin yerləşmə yeri və sahəsi yerquruluşu planı üzrə göstərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
21. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3-cü maddəsinə görə, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər; 23.3-cü maddəsinə görə isə dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar
22. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. Üçüncü şəxsin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddia tələbində qeyd edilən 0,39 ha torpaq sahəsinə dair iddiaçının adına hüquqmüəyyənedici sənədlər mövcuddur. Belə ki, İsmayılı rayon AİK-nın müvafiq qərarı ilə təsdiq edilmiş subyektlər siyahısında iddiaçının adı qeyd edilmiş, həmçinin, torpaq sahəsinin xəritədə nömrəsi 29 olaraq qeyd olunmuşdur. Bunun əsasında AİK-nın xx.xx.1999-cu il tarixli 99 saylı qərarı ilə həmin həyətyanı torpaq sahəsinə dair JN-029F nömrəli şəhadətnamə tərtib edilərək iddiaçının mülkiyyətinə verilmişdir. Mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki, JN-029F saylı (kod ********) Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı mülkiyyətinə verilmiş 0,39 ha torpaq sahəsi sənəd üzrə başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşmür, faktiki naturada ölçülmüş torpaq sahəsi JN-029F saylı şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0,39 ha torpaq sahəsinin yerləşdiyi ərazi ilə eynidir. Mərkəzin elektron baza məlumatlarında JN-029F saylı şəhadətnamə əsasında mülkiyyətə verilmiş 0,39 ha torpaq sahəsinin yerləşmə yeri və sahəsi yerquruluşu planı üzrə göstərilmişdir.
29. Məhkəmə kollegiyası istinad edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, mübahisə predmeti olan 0,39 ha torpaq sahəsinə dair iddiaçının adına hüquqmüəyyənedici sənədlər mövcud olduğu halda, həmin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş qanuni əsaslar mövcud deyildir.
30. Beləliklə, kollegiya hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdehin imtinası əsassız olmuşdur, iddianın təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuşdur.
31. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2-1(116)-148/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.