Məhkəmə qərarları › İş №2-1(107)-22/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-22/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-22/2024 14.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri Vərəm Dispanseri arxa hissəsində Mingəçevir bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli, 26/5 saylı qərarı ilə satılmış 0,500 kv.m həyətyanı torpaq sahəsinin, planı və ölçü sənədinin hazırlanıb verilməsi bu torpaq sahəsinin və üzərindəki evin daşınmaz əmlak kimi qeydiyyatdan keçirərək iddiaçının adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2-1(116)- 2168/2023 nömrəli qərarından iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri Vərəm Dispanseri arxa hissəsində Mingəçevir bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli, 26/5 saylı qərarı ilə satılmış 0,500 kv.m həyətyanı torpq sahəsinin, planı və ölçü sənədinin hazırlanıb verilməsi bu torpaq sahəsinin və üzərindəki evin daşınmaz əmlak kimi qeydiyyatdan keçirərək iddiaçının adına reyestrdən çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2168/2023 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdir.

3. İddia ərizəsinin əsaslarına görə, Mingəçevir bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli 26\5 saylı qərarı ilə fərdi yaşayış evi tikintisi üçün iddiaçıya Vərəm Dispanserin arxasında 500 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında o, bələdiyyəyə Torpağa alqı-satqı ilə bağlı 300 manat pulu ödəmişdir. Ama ona torpaq alqı-satqısı ilə bağlı xx.xx.2012-ci il tarixli akt tərtib edilmişdir. Mingəçevir İcra Hakimiyyətinin Memarlıq şöbəsinin 02 aprel 32 saylı Tikinti Quraşdırma işlərinə başlamasına razılıq icazəsi ilə bir il ərzində həmin ayrılmış torpaq sahəsində ev tikmə müddəti müəyyən edilmişdir. O, həmin müddətdə torpaq sahəsində fərdi yaşayış evi tikərək həmin evə köçüb yaşayır. Həmin torpağın və evin DƏDR-də qeydiyyata alınması ilə bağlı 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh orqan bundan imtina etmişdir.

4. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi imtina məktubunda qeyd etmişdir ki, 0.05 ha torpaq sahəsinin ayrılmasına dair Mingəçevir bələdiyyəsi tərəfindən qəbul edilmiş xx.xx.2006-cı il tarixli, 26/5 nömrəli qərarı əsasında bələdiyyə ilə iddiaçı arasında tərtib olunmuş “torpaq sahəsinin alqı-satqısına dair” ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsində xx.xx.2012-ci il tarixində qeydiyyata alınmışdır. Torpaqların alqı-satqısına dair aktın xx.xx.2007-ci il tarixindən sonrakı müddətdə qeydiyyata alınması ilə bağlı bildiririk ki, 23 oktyabr 2007-ci tarixli 466-İİİQD saylı Qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Yuxarıda qeyd edilən səbəblərdən Mingəçevir bələdiyyəsi tərəfindən ayrılmış 0.05 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi mümkün deyildir.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 16 avqust 2023-cü il tarixli 2- 1(116)-2168/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

8. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin verilməsi qərara alınmış, mütəxəssis rəyinin verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssislərinə həvalə edilmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əsasən iddiaçıya bələdiyyənin xx.xx.2006-cı il tarixli 26/5 saylı qərarı ilə 0.5 ha həyətyanı torpaq sahəsi satılmışdır. xx.xx.2006-cı il tarixdə də bələdiyənin hesabına 300 manat pul ödəmişdir. İddiaçı vicdanlı alıcı kimi öz üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2-1(116)-2168/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2-1(116)-2168/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər.

12. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh DƏDKR PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsi və üçüncü şəxs Mingəçevir bələdiyyəsi nümayəndəsinin iştirakını təmin etməmişlər.

13. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

14. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Torpaqların alqı-satqısına dair Aktda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yaşayan İddiaçı tərəfindən Mingəçevir bələdiyyəsinə torpaq sahəsi almaq barədə müraciət edilmiş, ərizəyə bələdiyyə iclasında baxılmış və ona Mingəçevir bələdiyyəsi ərazisində 0,05 ha torpaq sahəsinin satılması barədə xx.xx.2006-cı il tarixli 26/5 nömrəli qərar qəbul edilmişdir. - xx.xx.2006-cı il tarixli qəbzin surətindən görünür ki, iddiaçı torpaq sahəsi almaq üçün 300 manat ödəniş etmişdir. - Mingəçevir bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 667 nömrəli və Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Mingəçevir bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 26 saylı protokolunda İddiaçı adı qeyd edilməmişdir. - Mingəçevir bəldiyyəsinin 31 avqust 2006-cı il tarixli 26 saylı protokolunun təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 0,05 ha torpaq sahəsinin satılması nəzərdə tutulmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, iddiaçıya Mingəçevir şəhər Vərəm Dispanserinin arxa hissəsindən Mingəçevir bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 26/5 saylı qərarı ilə satılmış 0.05 ha torpaq sahəsinə aid sxemində (ilkin torpaqayırma sənədləri) torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından torpaq sahəsinə dair məlumatların verilməsi mümkün olmamışdır. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 486 kv.m torpaq sahəsi başqa şəxslərə məxsus torpaq sahəsi ilə üst-üstə düşmür. Mingəçevir bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsidir. Yaşayış evi iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi üzərində yerləşir, ölçüləri tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

16. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ №-li Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin zamana görə qüvvədə olmuş redaksiyasında deyilir ki, bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər (11-ci bənd). Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir (15-ci bənd). Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir (16-cı bənd). Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir (17-ci bənd). Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin və ərizəçinin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir (18-ci bənd). Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır (19-cu bənd). Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını və cizgisini təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir (21-ci bənd). Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir (22-ci bənd). Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir (23-cü bənd).

17. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin zamana görə qüvvədə olan redaksiyasında deyilirdi ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahələri və onlar üzərində istifadə və icarə hüquqlarına dair alğı-satqı aktı tərtib edilir. 6.2-ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

18. "Bələdiyyə statusu haqqında haqqında" Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən bələdiyyənin bütün iclasları protokollaşdırılır. Protokol iclasın sədri və katibi tərəfindən imzalanır və bələdiyyənin möhürü ilə təsdiqlənir. İclasın protokolunda onun nömrəsi (hər ilin əvvəlində nömrələr yenilənməlidir), iclasın keçirildiyi yer, tarix, iclasda iştirak edən və etməyən bələdiyyə üzvlərinə və dəvət olunan şəxslərə dair məlumat, iclasın sədri, katibi, iclasın gündəliyi, gündəliyin təsdiqi üçün keçirilən səsvermənin nəticəsi, məruzəçilərin adları, soyadları, məruzənin qısa məzmunu, çıxışların qısa məzmunu, müzakirə olunmuş məsələlərə dair qəbul edilmiş qərar, habelə bununla bağlı keçirilən səsvermənin nəticəsi göstərilməlidir. Protokol təsdiqlənənədək bələdiyyə üzvünün onun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ vardır. Bələdiyyənin iclas protokolu müvafiq kitabda qeydiyyata alınır, həmin kitab üzrə verilən nömrə protokolun nömrəsi hesab olunur.

19. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsində isə torpaq sahəsi üzərində hüquqi və fiziki şəxslərin hüquqlarının yaranma əsaslarından biri kimi, bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr nəzərdə tutulmuşdur. 66-cı maddəsinin 1-ci hissəsinə görə, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

21. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

22. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

23. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

24. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçı Mingəçevir Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 26/5 nömrəli qərarı ilə kənd ərazisində 0,05 ha torpaq sahəsinin ayrıldığını iddia etmiş və həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh isə qeydiyyat aparmaqdan imtinasını həmin qərarın mülkiyyət hüququnun yaranması üçün kifayət etməməsi, bələdiyyə qərarının, torpaq sahəsinin planı və ölçüsünün, DTXK və bələdiyyə tərəfindən təsdiq edilmiş alqı-satqı aktının və aktın qeydiyyat kitabında qeydiyyatının olmaması ilə əsaslandırmışdır.

27. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən Mingəçevir bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 26/5 nömrəli qərarının arxiv nüsxəsinin əldə olunması üçün araşdırılma aparılmışdır. Dövlət arxivinin Mingəçevir filialının xx.xx.2023-cü il tarixli məktubuna əsasən sözügedən qərarın surəti məhkəməyə təqdim olunmuşdur. Həmin qərar nəzərdən keçirilmiş, qərarda İddiaçı adı aşkar edilməmiş, ona torpaq ayrılması faktı müəyyən edilməmişdir.

28. Yuxarıda qeyd olunan normaların birgə təhlili onu deməyə əsas verir ki, şəxs torpaq sahəsinin ayrılması barədə ərizə ilə bələdiyyəyə müraciət etdikdən sonra bələdiyyə torpaq sahəsinə yerində baxış keçirir, torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir, şəxsin müraciətindən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir, zəruri sənədləri həmin orqandan aldıqdan sonra isə torpaq sahəsinin dəyəri ödənildiyi halda, torpağın mülkiyyətə verilməsi barədə qərar qəbul edir. Yalnız bundan sonra sahənin sərhədləri naturada müəyyən edilir.

29. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı ziddiyyətli məqamlar vardır. Belə ki, iddiaçıya Mingəçevir bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 26/5 nömrəli qərarı ilə torpaq sahəsinin ayrıldığı göstərilməsinə baxmayaraq həmin qərarda iddiaçının adı olmamış, qərara əsasən ona torpaq satılmadığı müəyyən olunmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş Mingəçevir bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli, 26/5 saylı qərarı özlüyündə etibarsız inzibati aktdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Hazırkı iddia tələbinə əsasən iddia olunan torpaq sahəsi bələdiyyənin, yəni kollegial orqanın qərarı ilə deyil, bələdiyyə sədrinin fərdi olaraq səlahiyyəti olmadan qəbul etdiyi qərar əsasında iddiaçıya ayrılmışdır.

30. Bununla bağlı qeyd edilməlidir ki, bələdiyyə sədrinin torpaq sahəsinin ayrılması ilə xüsusi səlahiyyəti qanunvericiliklə müəyyən edilmədiyindən, bələdiyyə kollegial orqan olduğundan, bələdiyyənin qərarları kollegial şəkildə qanunvericiliklə nəzərdə tutulmuş qaydada səs çoxluğu ilə qəbul edildiyindən Mingəçevir bələdiyyəsinin sədrinin xx.xx.2006cı il tarixli qərarı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi ilə müəyyən edilmiş mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsas hesab edilmir.

31. Bununla yanaşı məhkəmə kollegiyasına təqdim edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əsasən, iddiaçıya Mingəçevir şəhər Vərəm Dispanserinin arxa hissəsindən Mingəçevir bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 26/5 saylı qərarı ilə satılmış 0.05 ha torpaq sahəsinə aid sxemində (ilkin torpaqayırma sənədləri) torpaq sahəsinin koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından torpaq sahəsinə dair məlumatların verilməsi mümkün olmamışdır.

32. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

33. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Mingəçevir şəhəri Vərəm Dispanseri arxa hissəsində Mingəçevir bələdiyyəsinin 31 avqust 2006-cı il tarixli, 26/5 saylı qərarı ilə satılmış 0,500 kv.m həyətyanı torpaq sahəsinin, planı və ölçü sənədinin hazırlanıb verilməsi bu torpaq sahəsinin və üzərindəki evin daşınmaz əmlak kimi qeydiyyatdan keçirərək iddiaçının adına reyestrdən çıxarışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

34. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 avqust 2023-cü il tarixli 2-1(116)-2168/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar