Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-220/2020 23.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı x1 cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “11 saylı Ərazi Vergilər Baş İdarəsinin 13 aprel 2020-ci il tarixli **********8149, **********8153, **********8151 və **********8147 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv olunması” tələbi barədə iş üzrə iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsi haqqında Şəki İnzibati Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2-1(116)-1012/2020 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş аpelyаsiyа şikаyətinə аçıq məhkəmə iclаsındа baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “11 saylı Ərazi Vergilər Baş İdarəsinin 13 aprel 2020-ci il tarixli **********8149, **********8153, **********8151 və **********8147 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 01.06.2020-ci il tarixli ərizə təqdim edərək, “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarların ləğv olunmasına dair iddia ərizəsi üzrə inzibati işə mahiyəti üzrə baxılıb qurtaranadək tətbiq olunmuş maliyyə sanksiyalarına görə İddiaçı-nin bank hesablarına qoyulmuş sərancamların götürülməsinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə həvalə edilməsi və həmin qərarlar üzrə tətbiq olunmuş maliyyə sanksiyalarının İddiaçı-dən tələb edilməsinin 11 saylı x2 edilməsi” barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 02 iyun 2020-ci il tarixli 2-1(116)- 1012/2020 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı həmin qərardaddan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti ərizənin dəlilləri ilə əsaslandırılmış və Şəki İnzibati Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2-1(116)-1012/2020 nömrəli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi x4 apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2-1(116)-1012/2020 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübаhisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (fаktiki hаllаr) əsasında mаhiyyəti üzrə tаm həcmdə baxır. Apelyаsiyа instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci mаddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və fаktlаrı (fаktiki hаllаrı) dа nəzərə alır. Həmin Məcəllənin 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Şəki İnzibati Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2-1(116)-1012/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin: - 40.1-ci maddəsinə əsasən, maraqlı şəxs inzibati aktın icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. - 40.2-ci maddəsinə əsasən, ərizə məhkəmədə iddia qaldırılanadək və ya iddia ilə eyni vaxtda, yaxud məhkəmə icraatının gedişində verilə bilər. - 40.3-cü maddəsinə əsasən, məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və ya müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. - 43.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: - 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; - 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. - 43.2-ci maddəsinə əsasən, ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. Sadalanan normaların məzmunundan göründüyü kimi, qanunverici müvəqqəti xarakterli müdafiə tədbiri anlayışı ilə inzibati aktın icrasının dayandırılmasını və iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərini nəzərdə tutmuşdur. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır. Mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması müvəqqəti xarakterli müdafiənin tətbiqi üçün əsasdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2- ci maddəsinə əsasən vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; məhkəmənin müvafiq qərarı və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı olduqda həmin qərara uyğun olaraq; vergi ödəyicisinin yazılı razılığı olduqda. Qanunverici sözügedən sərəncamların qoyulması mexanizmini bir-birindən fərqli şəkildə tənzimləmişdir. Buna görə məhkəmə qeyd edir ki, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamın verilməsi üçün aşağıdakı hallar mövcud olmalıdır: vergi ödəyicisinin ödənilməmiş vergi borcu olmalı; vergi orqanı həmin borcun 5 gün müddətində ödənilməsi ilə bağlı vergi ödəyicisinə bildiriş göndərməli və onun vergi ödəyicisi tərəfindən alınmasına əmin olmalı; bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilməməli; bu barədə məhkəmənin müvafiq qərarı olmalıdır. Eyni zamanda, vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında sərəncamın verilməsi üçün yuxarıda qeyd olunan 4 halla yanaşı aşağıdakı hallar da mövcud olmalıdır: vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilməməli; vergi ödəyicisinin yazılı razılığı olmalıdır. Qeyd edilən halla bağlı Vergi Məcəlləsinin 65.2.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. Həmin Məcəllənin 65.2.3-2-ci maddəsinə əsasən, vergi orqanının hesablamaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə vergi orqanı tərəfindən ƏDV depozit hesabından ƏDV üzrə vergi borcunun, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 41.2-ci maddəsinə əsasən, işin faktiki və hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəldiyi hallarda məhkəmə, iddiaçının vəsatəti əsasında inzibati aktın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. İddianın uğurluluq ehtimalının aydın olmadığı hallarda, məhkəmə ziddiyyətli maraqların hərtərəfli qiymətləndirilməsindən sonra qərardad qəbul etməlidir. - 41.5-ci maddəsinə əsasən, inzibati aktın icrasının dayandırılması barədə ərizənin təmin edilməməsi haqqında məhkəmə qərardadından şikayət verilə bilər. - 80.2-ci maddəsinə əsasən, inzibati aktın icrasının dayandırılması haqqında və digər müvəqqəti xarakterli müdafiə ilə bağlı məhkəmə qərardadları, habelə maraqlı şəxslər tərəfindən hüquqi mübahisənin mahiyyəti üzrə nizama salınmasından sonra qəbul edilən qərardadlar hər bir halda əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qeyd edilən normaların tələblərindən görünür ki, iddiaçı tərəfindən vergi məsuliyyətinə cəlb edilməsi barədə qərardan qanunvericilikdə qeyd edilən müddətdə məhkəmə qaydasında şikayət verdiyindən, həmçinin iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarının icrasının dayandırılmasını tələb etməklə əslində onun hesablarına qoyulmuş sərəncamların götürülməsini istəyir. Hazırkı vəziyyətdə isə vergi orqanının qəbul etdiyi vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarı məhkəmə qaydasında mübahisələndirilir, lakin iş üzrə yekun qərar qəbul edilməmişdir. Halbuki, yuxarıda qeyd edilən Vergi Məcəlləsinin normalarına görə vergi ödəyicilərinin bank hesablarında olan pul vəsaitlərinin vergi borcunun 105 faizi məbləğində dondurulması barədə sərəncamla həmin vəsaitin alınması ilə bağlı vergi orqanının sərəncamları fərqləndirilir. Birinci halda vergi borcunun 105 faizi məbləğində vəsaitin dondurulması həm vergi ödəyicisinin vəzifəsidir, eyni zamanda vergi orqanı tərəfindən müvafiq sərəncamın qoyulması qanuni hesab edilir. Lakin vergi ödəyicisinin vergi borcu ilə bağlı məhkəmədə və ya yuxarı inzibati orqanda şikayətinə baxılanadək vergi orqanı alınmalı olan sərəncamı müvafiq müddətə riayət etməklə verməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, məhkəmə araşdırması zamanı mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olmasına dair səbəblər aşkar edilməmişdir. Yəni, İddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsinin zəruriliyini kifayət qədər əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsi də İddiaçı-nin verdiyi müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbаycаn Respublikаsının İPM-in 87.6-cı mаddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərardadı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2-1(116)-1012/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 82, 87, 89, 90 və 94-cü mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı x3 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 02 iyun 2020-ci il tarixli 2-1(116)-1012/2020 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-220/2020
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-220/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver