Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-221/2023 06.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “Zaqatala rayon mətbəəsində işlədiyi xx.xx.1980-ci ildən xx.xx.2006cı il tarixədək olan dövrü-illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunsuz olaraq cavabdeh tərəfindən dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-ci il tarixli, 2-1(116)-266/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zaqatala rayon mətbəəsində işlədiyi xx.xx.1980-ci ildən xx.xx.2006-cı il tarixədək olan dövrü-illəri sığorta stajı kimi nəzərə alaraq, əmək pensiyası almaq hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və qanunsuz olaraq cavabdeh tərəfindən dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki,iddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. O, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək yaşa görə əmək pensiya almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdən onun əmək pensiyasını dayandırmışdır. Cavabdehə pensiyanın dayandırılması səbəbi barədə müraciət etmiş və pensiyanın dayandırılan gündən bərpa olunmasını tələb etmişdir. Lakin cavabdeh onun əmək pensiyasını bərpa etməmiş cavabında yazdığı məktubda isə ona təyin olunmuş sosial pensiyadan tutulma apardığını qeyd etmişdir. Cavabdeh ona göndərdiyi 08 avqust 2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, onun onlara təqdim etdiyi sənədlərə əsasən onun 26 il 04 ay 18 gün sığorta stajı vardır. Lakin arxiv arayışına əsasən onun pensiyası dayandırılmışdır. Arxiv arayışında yazılmışdır ki, xx.xx.1980-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi Zaqatala rayon mətbəəsinin faktiki və arxiv sənədləri Zaqatala rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arxiv arayışına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi Zaqatala rayon mətbəəsinin faktiki və arxiv sənədləri Zaqatala rayon Dövlət Arxivinə təhvil verilməyib. Həmçinin bildirilmişdir ki, onun fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən 25 il sosial sığorta stajı olmadığı halda ona 26 il 4 ay 18 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən olunmuş və bu səbəbdən xx.xx.2022-ci il tarixdən əmək pensiyasının ödənişi dayandırılmışdır. Nəticədə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 8852,23 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 84 nömrəli arayışından görünür ki, Zaqatala rayon mətbəəsinin arxiv sənədləri Zaqatala rayon Dövlət Arxivinə təhvil verilməmişdir. X5 Filialının xx.xx.2022-ci il tarixli 233 nömrəli arayışından görünür ki, Zaqatala rayon mətbəəsinin arxiv sənədləri X5 Filialına təhvil verilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2021-ci il tarixli 01/3-3768 nömrəli arayışından görünür ki, Zaqatala rayon İcarə Mətbəəsi xx.xx.1997-ci il tarixdə statistik vahidlərin dövlət reyestrində qeydiyyatdan keçmişdir. Tərəflərə birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: İddiaçıya məxsus ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1980-cı il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi Zaqatala rayon mətbəəsində işləmişdir. Zaqatala Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Zaqatala rayon mətbəəsinin sənədləri arxivdə saxlanılmır. Zaqatala rayon Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli 59 nömrəli məktubundan görünür ki, Zaqataia Rayon Mətbəəsinin (Zaqatala Rayon İcarə Mətbəəsi) fəaliyyəti olmadığı üçün Zqatala Rayon Statistika İdarəsində qeydiyyatda deyil. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 13 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X4 (VÖEN: **********) xx.xx.1998-ci ildə ********* nömrəli 9 rəqəmli VÖENlə, xx.xx.2004-cü il tarixdən isə ********** nömrəli 10 rəqəmli VÖEN-lə fəaliyyət göstərmişdir. Mətbəənin fəaliyyəti əmlakının özəlləşdirilməsi ilə əlaqədar xx.xx.2006-cı il tarixdən xx.xx.2026-cı il tarixədək dayandırılmışdır. Müəssisənin hüquqi ünvanının və adının dəyişdirilməsi barədə vergi orqanında heç bir məlumat yoxdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, keçmiş Mətbuat və İnformasiya Nazirliyinin tabeliyində olmuş ünvan 1 ünvanında yerləşən X4 “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na uyğun olaraq 14 mart 2006-cı il tarixində hərraca çıxarılmış və əmək kollektivinin yeganə üzvü olan hərracın qalibi tərəfindən özəlləşdirilmişdir. Eyni zamanda işdə olan materiallara əsasən bildiririk ki, X4 həmin dövrün qanunvericiliyinə uyğun olaraq Zaqatala RİH tərəfindən 597 saylı qeydiyyat nömrəsi ilə 14 avqust 1993-cü il tarixində dövlət qeydiyyatına alınmışdır. Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-ci il tarixli, 2-1(116)-266/2023 nömrəli qərarı ilə (hаkim Fəxri Hacızadə) iddia təmin edilmiş, İddiaçı Zaqatala rayon mətbəəsində xx.xx.1980-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi illəri sosial sığorta stajı kimi nəzərə alaraq iddiaçının yaşa görə əmək pensiyası almaq hüququnun yarandığı 20 fevral 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və 30 aprel 2022-ci il tarixindən dayandırılmış pensiyanın ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-ci il tarixli, 2-1(116)-266/2023 saylı qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı ona təyin olunmuş yaşa görə pensiyanın bərpa edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. Qeyd olunan ərizəyə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2022-ci il tarixli **********8 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, ona xx.xx.2019-cu il tarixdən 26 il 4 ay 18 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2022-ci il tarixədək ödəniş davam etdirilmişdir. Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2021 -ci il tarixli arxiv arayışına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi Zaqatala rayon mətbəəsinin faktiki və arxiv sənədləri Zaqatala rayon Dövlət Arxivinə təhvil verilməyib. Həmçinin bildirilmişdir ki, onun fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən 25 il sosial sığorta stajı olmadığı halda ona 26 il 4 ay 18 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edildiyi müəyyən olunmuş və bu səbəbdən xx.xx.2022-ci il tarixdən əmək pensiyasının ödənişi dayandırılmışdır. Nəticədə xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 8852,23 manat məbləğində artıq ödəmə müəyyən olunmuşdur. Zaqatala rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 84 nömrəli arayışından görünür ki, Zaqatala rayon mətbəəsinin arxiv sənədləri Zaqatala rayon Dövlət Arxivinə təhvil verilməmişdir. X5 Filialının xx.xx.2022-ci il tarixli 233 nömrəli arayışından görünür ki, Zaqatala rayon mətbəəsinin arxiv sənədləri X5 Filialına təhvil verilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli 01/3-3768 nömrəli arayışından görünür ki, Zaqatala rayon İcarə Mətbəəsi xx.xx.1997-ci il tarixdə statistik vahidlərin dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçının işlədiyini iddia etdiyi dövrlərə aid sənədlər arxivə təhvil verilməməsi səbəbindən İddiaçı həmin dövrdəki əmək fəaliyyətinin araşdırılması mümkün olmamış və həmin dövr sığorta stajına əlavə edilməmişdir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-ci il tarixli, 2-1(116)- 266/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeleyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-ci il tarixli, 2-1(116)-266/2023 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-ci il tarixli, 2-1(116)-266/2023 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. . Əsaslandırma hissəsi: Cavabdehin apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını iddiaçının mübahisələndirdiyi iddia predmeti, cavabdehin isə apellyasiya şikayətində irəli sürdüyü dəlillər həddində araşdırmalıdır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsaslı hesab edir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı qeyd olunan müddətin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə yaşa görə pensiya almaq hüququnun reallaşmasından ibarətdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1 yanvar 2006-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. İşin hallarından görünür ki, iddiaçının həmin dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası ilə təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə və ya məhkəmə kollegiyasına təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Belə ki, sözügedən müəssisənin sənədləri arxivdə saxlanılmadığından cavabdeh əmək kitabçasında olan qeydlərin mötəbərliyini qəbul etməmişdir.İddiaçıya məxsus əmək kitabçasın 4-5-ci səhifələrindən görünür ki,o,xx.xx.2006-cı il tarixində öz ərizəsi əsasında işdən azad olunmuşdur. Həmin dövrdə müəssisənin direktoru olmuş X3 birinci instansiya məhkəməsinin iclasına dəvət olunmuş, müvafiq imza nümunəsi alınaraq əmək kitabçasında olan imzayla müqayisə olunmuşdur. Həm şahidin ifadəsindən, həm də imza nümunəsinin müqayisəli tədqiqindən iddiaçının göstərilən dövrdə Zqatala Rayon İcarə mətbəəsində işlədiyi öz təsdiqini tapmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan da görünür ki, Zaqatala rayon icarə mətbəəsi 14 mart 2006-cı il tarixinə kimi fəaliyyət göstərmişdir. İddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir. Belə ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Həmin Qanunun 46.3cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək, qeyd olunan normanın tələbini pozmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2.1ci maddəsində "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)1037/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe ) Qeyd olunmalıdır ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün qeyd etmişdir ki, arxiv sənədlərinə və iddiaçının əmək kitabçasına əsasən iddiaçının 27 il 4 ay sığorta stajı olduğu təsdiq olunduğundan iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2023-ci il tarixli, 2-1(116)-266/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-221/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-221/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver