Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-221/2025 18.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “X2 Universiteti tərəfindən Biznes, Hüquq və İctimai Elmlər fakultəsinin 25 iyul 2022-ci il tarixli, 8 nömrəli qərarı ilə iddiaçıya verilmiş HEM № 000626 saylı diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-1(116)-2147/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı məhkəməyə İPM-nin 46.1-ci maddəsinə uyğun tərtib edilməmiş iddia ərizəsi ilə müraciət etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixdə İPM-nin 46.1-ci maddəsinə uyğun tərtib edilmiş iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsini göstərmiş, cavabdeh orqanın üzərinə X2 Universiteti tərəfindən Biznes, Hüquq və İctimai Elmlər fakultəsinin 25 iyul 2022-ci il tarixli, 8 nömrəli qərarı ilə iddiaçıya verilmiş HEM № 000626 saylı diplomun tanınması öhdəliyinin qoyulmasını xahiş etmişdir.
3. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-2174/2024 nömrəli qərardadı ilə təqdim edilmiş iddia ərizəsi icraata qəbul edilmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2016-cı il tarixdə Gürcüstan Respublikasının ərazisində fəaliyyət göstərən Avropa Tədris Universiteti MMC-yə qəbul olunmuş və qeyd edilən təhsil müəssəsində 2018-ci ilə kimi təhsil almışdır. xx.xx.2018-ci il tarixli 17 nömrəli əmrlə təhsilini Millennium Tədris Universitetində davam etdirmiş və 2022ci ildə Beynəlxalq münasibətlər üzrə bakalavr təhsilini başa vurmuşdur. Biznes Hüquq və İctimai Elmlər fakültəsinin 25 iyul 2022-ci il tarixli 8 saylı qərarı ilə ona Bakalavr Diplomu verilmişdir. “Təhsil aldığı müddətdə təhsil haqqı olaraq Universitetin hesabına 8000 (səkkiz min manat) manat məbləğində pul keçirmişdir. Qeyd edir ki, təhsil aldığı müddət ərzində gedib-gəlmək, kirayə qaldığı üçün kirayə haqqı olaraq, eyni zamanda digər xərclərlə əlaqədar olaraq böyük məbləğdə pul xərcləmişdir. Təhsil aldığı müddətdə mütəmadi olaraq bütün dərslərdə, eyni zamanda hər semestr imtahanlarda iştirak etmişdir. Təhsil illərinin bir hissəsi pandemiya dövrünə təsadüf etdiyindən dərslərdə onlayn qaydada iştirak etmişdir. Belə ki, həmin müddətdə dünyanın bütün ölkələrində onlayn təhsil sistemi tətbiq edildiyi kimi Gürcüstan Respublikasının təhsil sistemində də, belə olmuşdur. İddiaçı təhsilini başa vurduqdan sonra xx.xx.2023-cü il tarixdə elektron ərizə ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət edərək xarici ali təhsil ixtisasının tanınmasını xahiş etmişdir. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 11 yanvar 2024-cü il tarixli “Xarici Dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərarına əsasən ərizəçinin müraciətinə baxılaraq onun ali təhsilin bakalavriat səviyyəsi üzrə hər bir tədris ili ərzində sözügedən kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmaması müəyyən edilmişdir. Qərara əsasən Ali Təhsil pilləsinin dövlət standartı və proqramının 8.7.5-ci bəndinə əsasən əyani təhsil forması üzrə tədris ilinin müddəti 40 həftədir. Hər semestr 20 həftədən ibarətdir. Eyni zamanda həmin qərarda qeyd edilir ki, Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının tanınması qaydalarının bəndlərinə əsasən xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyanın tanınması üçiın milli kvalifikasiya çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat və magistratura səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanır. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 11 yanvar 2024-cü il tarixli “Xarici Dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə qərarında qeyd edilənlər ilə bağlı qeyd edir ki, iddiaçı mütəmadi olaraq ali təhsil müəssələrində olaraq dərslərdə iştirak etmişdir. Məhkəməyə təqdim etdiyi Pasportuna məhkəmə tərəfindən baxılanda aydın olacaq ki, iddiaçı mütəmadi olaraq Dövlət Sərhəd Xidmətini keçərək təhsililə bağlı Gürcüstan Respublikasına getmişdir. Pasportunda bununla bağlı qeydlər aparılmışdır. “Təhsil haqqında“ Azərbaycan Respublikası Qanunun 1.0.4.-ci maddəsinə görə Təhsil-sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilmək prosesi və onun nəticəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarına görə tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 1.4.9cu bəndinə görə tanınma xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən və verildiyi ölkədə ali təhsil pilləsinə qəbul olunmaq və ya ali təhsilin növbəti səviyyələri üzrə təhsilini davam etdirmək və (və ya ixtisasına uyğun əmək fəaliyyəti ilə məşğul olmaq hüququ verən, həmçinin şəxsin müvafiq standartlara uyğun bilik, bacarıq, səriştə və təcrübəyə malik olduğunu təsdiq edən təhsil haqqında sənədlərin (bundan sonra - xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyası) Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqidir.
5. Cavabdeh orqan məhkəməyə vəsatət təqdim edərək bildirmişdir ki, İddiaçı elektron ərizə sistemi vasitəsilə xarici diplomunun tanınması üçün cavabdeh quruma müraciət etmiş, aparılmış inzibati icraatın nəticəsində xx.xx.2024-cü il tarixli əmrlə onun müraciəti barədə imtina qərarı verilmiş, bununla bağlı xx.xx.2024-cü il tarixli akt elektron sistem vasitəsilə ona təqdim olunmuşdur. Azərbaycan Respublikasının “Vətəndaşların müraciəti haqqında” Qanunun 3.0.12-ci maddəsinə əsasən elektron müraciət - müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilən və ya rəsmi internet saytı vasitəsilə daxil edilən müraciət; Həmin qanunun 6.7-ci maddəsinə əsasən “Elektron müraciət həmin müraciətə baxan subyektin və ya onun vəzifəli şəxsinin elektron ünvanına göndərilir və ya onun rəsmi internet saytına daxil edilir. Müraciətə baxan subyektin rəsmi internet saytına daxil edilən müraciətdə vətəndaşın elektron və ya poçt ünvanı göstərilməlidir”. Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən “Şəxsən, habelə başqasının adından çıxış etmək səlahiyyəti olan şəxs tərəfindən göndərilmiş və ya özünün proqramlaşdırdığı qaydada fəaliyyət göstərən informasiya sisteminin avtomatik ötürdüyü elektron sənəd Göndərən tərəfindən göndərilmiş hesab edilir”. Həmin qanunun 28.1-ci maddəsinə əsasən "Elektron sənədin Göndərənin və ya onun adından çıxış edən şəxsin nəzarətində olmayan informasiya sisteminə daxil olduğu an elektron sənədin göndərilmə vaxtı (tarix və vaxt) hesab edilir”. Qanunun 28.2-ci maddəsinə əsasən “Elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir". Azərbaycan Respublikasının “inzibati icraat haqqında” qanunun 62.2-ci maddəsinə əsasən “Elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. İnzibati orqanın xx.xx.2024-cü il tarixli qərarı iddiaçıya məxsus və iddiaçının inzibati orqana müraciət etdiyi elektron ünvanına həmin tarixdə yerləşdirilmişdir. Buna qarşılıq iddiaçı xx.xx.2024-cü ildə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Halbuki, İPM-in müvafiq tələbinə əsasən bununla bağlı ən geci xx.xx.2024-cü il tarixinə qədər məhkəməyə müraciət olunmalı idi. Məhkəmədən iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir.
6. Eyni zamanda, iddiaçı “prossesual müddətin bərpası haqqında” ərizə təqdim edərək bildirmişdir ki, atasının səhhətində problemlər olduğuna görə cavabdeh orqanın imtinasından vaxtında şikayət verə bilməmişdir. Odur ki müddətin buraxılması səbəblərinin üzrlü hesab edilərək bərpa edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir
7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) xx.xx.2024-cü il tarixli,2- 1(116)-2147/2024 nömrəli qərardadı ilə buraxılmış “prossesual müddətin bərpası” barədə ərizə təmin edilməmiş, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı “X2 Universiteti tərəfindən Biznes, Hüquq və İctimai Elmlər fakultəsinin 25 iyul 2022-ci il tarixli, 8 nömrəli qərarı ilə iddiaçıya verilmiş HEM № 000626 saylı diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi mümkün sayılmamışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı elektron ərizə sistemi vasitəsilə xarici diplomunun tanınması üçün cavabdeh quruma müraciət etmiş, xx.xx.2024-cü il tarixdə onun müraciətinə imtina qərarı verilmiş, bununla bağlı xx.xx.2024-cü il tarixli inzibati akt elektron sistem vasitəsilə ona təqdim olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən “Elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayıldığından hazırkı iddia tələbi üzrə müddətin axımı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə yəni iddiaçının müvafiq inzibati aktdan məlumatlı olduğu tarixdən 2 ay 5 gün sonra poçt vasitəsilə məhkəməyə göndərilmişdir. - Məhkəmə qeyd etmişdir ki, üzrlü səbəbin yalnız bəyan edilməsi kifayət deyil, bu səbəbin təsdiqi də vacibdir. İddiaçının atasının səhhətinin pisləşməsi özlüyündə üzürlü səbəb sayıla bilməz, çünki bu halın məhz iddiaçının hüquqi hərəkətləri həyata keçirməsinə konkret şəkildə necə mane olduğu, yəni, iddiaçının atasının sağlamlıq vəziyyətinin necə və hansı şəkildə iddiaçının məhkəməyə vaxtında müraciət etməsinə mane olduğu barədə konkret sübutlar təqdim edilməlidir (məsələn, atasına baxıcılıq etdiyi üçün hüquqi hərəkətlərə vaxt ayıra bilməməsi, atasının vəziyyəti ilə əlaqədar ölkə xaricində olması və s.). Başqa sözlə iddiaçının üzürlü səbəb kimi göstərdiyi halın onun hüquqi hərəkətlərinə necə mane olduğu sübut olunmalıdır. Sadalanan hallar iş üzrə sübuta yetirilmədiyindən məhkəmə hesab etmişdir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti üzürsüz səbəblərdən ötürüldüyündən prossesual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia mümkün sayılmamalıdır.
9. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-1(116)-2147/2024 nömrəli qərardadının ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh orqana müraciət edərək onun təhsil sənədinin tanınmasını xahiş etmişdir. Lakin cavabdeh orqan onun ərizəsinə vaxtında rəsmi olaraq cavab verməmişdir. Bundan sonra iddiaçı ikinci dəfə cavabdeh orqana müraciət etmiş və nəticədə xx.xx.2024-cü il tarixdə ona rəsmi cavab verilmişdir. Yəni cavabdeh orqan özü iddiaçının məktubuna vaxtında rəsmi cavab göndərməmişdir. Cavab aldıqdan sonra atasının səhhəti kəskin şəkildə pisləşmişdir. Bununla bağlı məhkəməyə ərizə təqdim edərək müddətin bərpa edilməsini və üzürlü səbəbdən ötürüldüyünün nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə isə əsassız olaraq bu halı üzürlü hesab etməmişdir. - Məhkəmə hesab etmişdir ki, İddiaçı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyi publik hüquqi şəxsinə qarşı "X2 Universiteti tərəfindən Biznes hüquq və İctimai Elmlər fakultəsinin 25 iyul 2022-ci il tarixli 8 nömrəli qərarı ilə iddiaçıya verilmiş HEM nömrəli 000626 saylı diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə ərizəsi mümkün sayılmamışdır. Belə ki, məhkəmə hesab etmişdir ki, iddia tələbinin irəli sürülməsi üçün İPM-nin 38.2-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət iddiaçı tərəfindən ötürülmüşdür. Eyni zamanda buraxılmış prossesual müddətin bərpası üçün ərizə verilməmişdir. Lakin iddiaçı məhkəmə iclasında buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim edərək bildirmişdir ki, atasının səhhətində müəyyən ciddi problemlər yarandığını və bu səbəbdən vaxtında müraciət edə bilmədiyini bildirmişdir. Bundan əlavə iddiaçı hüquqi cəhətdən savadı olmadığından imtina aldıqdan bir ay müddətinə şikayət vermək hüququ olduğunu bilməmiş, həmin vaxt ailəsində yaranan problemlər üzündən şikayət hüququndan vaxtında istifadə edə bilməmişdir. Lakin qeyd edilən hallar məhkəmə tərəfindən nəzərə alınmamış və araşdırılmamışdır. - Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2147/2024 saylı qərardadına əsasən iddiaçı tərəfindən qanunla nəzərdə tutulan prossesual müddətin ötürülməsi üçün qanunla nəzərdə tutulan müddətin ötürülmə səbəbi üzürlü olması halı məhkəmə tərəfində nəzərə alınmamış, bununla bağlı iddiaçının haqlı olub-olmaması araşdırılmamışdır. Belə ki, iddiaçı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə xx.xx.2024-cü ildə müraciət edərək ali təhsil haqqında sənədin tanınmasını xahiş etməyinə baxmayaraq imtina edilmişdir. Həmin imtina məktubu şəxsi kabinetdə yerləşdirilməsinə baxmayaraq bu barədə nə şifahi olaraq, nə də yazılı şəkildə məlumat verilməmişdir. Buna görə də o, ikinci dəfə cavabdeh orqana müraciət etməli olmuşdur. İkinci müraciətinə isə cavabdeh orqanın məktubu ona xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Bunu əldə etdikdən sonra atasının səhhətində ciddi problem yaranmışdır. Buradan aydın olur ki, onun müddəti ötürməyində cavabdeh orqanın özünün rolu da olmuşdur. Vaxtında müraciətlərinə cavab verilsəydi məhkəməyə ərizəni vaxtında ünvanlamış olardı.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2-1(116)-2147/2024 qərardadının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
14. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 24.1. bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
15. İnzibati icraat haqqında Qanun: Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 62.3. Bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Maddə 73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.
16. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı:
Apellyasiya şikayətinin mümkünlüyü
17. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
19. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
20. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
21. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
22. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İlk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarı).
24. İş materiallarından da görünür ki, iddiaçı X2 Universiteti tərəfindən Biznes, Hüquq və İctimai Elmlər fakultəsinin 25 iyul 2022-ci il tarixli, 8 nömrəli qərarı ilə iddiaçıya verilmiş HEM № 000626 saylı diplomun tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etsə də, həqiqətdə iddiaçının hüquqi marağı və məqsədi cavabdeh tərəfindən onun diplomunun tanınması barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsinə nail olmaqdan ibarətdir.
25. İddiaçı məqsədinə yalnız məcburetmə haqqında iddia vasitəsi ilə nail ola bilər. Belə ki, cavabdehin üzərinə iddiaçının diplomunun tanınması barədə qərarın (əlverişli inzibati aktın) qəbul edilməsi öhdəliyi məhkəmənin həmin iddia üzrə yalnız pozitiv qərarı vasitəsi ilə qoyula bilər. Bu baxımdan hazırkı iddia məcburetmə haqqında iddia kimi qiymətləndirilməlidir. Bu zaman həm də nəzərə almaq lazımdır ki, məcburetmə haqqında iddia eyni zamanda cavabdeh tərəfindən qəbul edilmiş imtina qərarının da ləğvini ehtiva edir və bunun müstəqil tələb kimi xüsusi vurğulanmasına ehtiyac yoxdur.
26. İPM-in 38.2-ci maddəsinə görə, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər.
27. Nəzərə almaq lazımdır ki, prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
28. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
29. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.
30. Hazırkı mübahisəyə münasibətdə işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən, iddiaçı məcburetmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.
31. İddiaçı tərəfindən iddianın vaxtında qaldırılmasını və ya müddətin onun təqsiri olmadan ötürülməsini təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, prosessual müddət yalnız proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda bərpa edilə bilər. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.
32. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
33. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
34. Belə ki, iddiaçı elektron ərizə sistemi vasitəsilə xarici diplomunun tanınması üçün cavabdeh quruma müraciət etmiş, xx.xx.2024-cü il tarixdə onun müraciətinə imtina qərarı verilmiş, bununla bağlı xx.xx.2024-cü il tarixli inzibati akt elektron sistem vasitəsilə ona təqdim olunmuşdur. “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən “Elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayıldığından hazırkı iddia tələbi üzrə müddətin axımı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə yəni iddiaçının müvafiq inzibati aktdan məlumatlı olduğu tarixdən 2 ay 5 gün sonra poçt vasitəsilə məhkəməyə göndərilmişdir.
35. Bundan başqa, iddiaçı apellyasiya şikayətinin dəlili kimi göstərmişdir ki, o, buraxılmış prosessual müddətin bərpası barədə ərizə təqdim etsə də, məhkəmə ərizəsinə qiymət verməmişdir.
36. Bununla bağlı kollegiya qeyd edir ki, həmin ərizə birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və qeyd edilmişdir ki, iddiaçı, atasının xəstə olmasının onun məhkəməyə vaxtında müraciət etməsinə necə mane olduğunu sübut edən sənədləri təqdim etməmişdir.
37. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçının hüquqi cəhətdən savadı olmadığından imtina aldıqdan bir ay müddətinə şikayət vermək hüququ olduğunu bilməmiş, həmin vaxt ailəsində yaranan problemlər üzündən şikayət hüququndan vaxtında istifadə edə bilməmişdir.
38. Bununla bağlı isə Kollegiya qeyd edir ki, İddiaçı elektron ərizə sistemi vasitəsilə xarici diplomunun tanınması üçün cavabdeh quruma müraciət etmiş, aparılmış inzibati icraatın nəticəsində xx.xx.2024-cü il tarixli əmrlə onun müraciəti barədə imtina qərarı verilmiş, bununla bağlı xx.xx.2024-cü il tarixli akt elektron sistem vasitəsilə ona təqdim olunmuşdur. Həmin qərardan da görünür ki, “Qərardan onun hüquqi qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati və ya məhkəmə qaydasında şikayət verilə bilməsi” qeyd edilmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, bir qayda olaraq rəsmi məlumat verilmə anı kimi inzibati aktın çatdığı an hesab olunur. Hər hansı bir inzibati aktın təqdim edilməsi barəsində mübahisə mövcuddursa, onda rəsmi məlumat verilmənin sübut edilməsi vəzifəsi inzibati orqanın üzərinə düşür. İnzibati orqan isə İnzibati İcraat haqqında qanuna əsasən yol verilən bütün sübut vasitələri ilə sübutetməni həyata keçirə bilər.
40. Məhkəmə kollegiyası qənaətinə görə, məcburetmə haqqında iddia, tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qeyd edilən tələblərinə riayət edilmiş, iddiaçıya həmin qərar təqdim edilmiş, iddiaçı özü isə həmin qərarı qəbul edildiyi vaxtda aldığını bildirməsə də, 12 fevral 2024-cü il tarixdə aldığını bildirmiş, bununla bağlı müddətin bərpası barədə ərizə də vermiş, dolayısı ilə prosessual müddəti ötürdüyünü etiraf etmişdir. Həmin qərarda və iddiaçıya ünvanlanmış 12 fevral 2024-cü il tarixli məktubda inzibati akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti göstərilmişdir.
41. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya rəsmi qaydada təqdim edilməsi, iddiaçı tərəfindən iddianın vaxtında qaldırılmaması və müddətin onun təqsiri üzündən ötürülməsi sübuta yetirildiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia müddətinin ötürülməsi əsası ilə iddianı mümkün saymamışdır.
42. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.”
43. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd edir ki, prosessual qanunvericiliyin tələbinə görə, sözügedən iddia da məcburetmə növündə iddia olmaqla, iddia müddətinə bağlıdır və iddia müddəti tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində müəyyən edilir (İnzibati Prosessual Məcəllənin 38.2-ci maddəsi). Beləliklə, işə baxan məhkəmə ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu, o cümlədən iddia müddətinə riayət edilibedilmədiyini yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra işin mahiyyəti üzrə araşdırmasını aparmalıdır.
44. Bundan əlavə iddiaçı apelyasiya şikayətində iddia tələbinin mümkün hesab edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş edir.
45. Bununla bağlı isə qeyd olunmalıdır ki, iddia tələbinin mümkün hesab edilməsi hazırda mübahisələndirilən qərardadın ləğvindən sonra törəmə tələb olduğundan, həmin qərar isə ləğv olunmadığından apelyatorun qeyd edilən tələbi də təmin edilə bilməz.
46. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2147/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-1(116)-2147/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.