Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-223/2020 23.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun Göyçay rayon şöbəsinə qarşı “xx.xx.1983-cü il tarixdən xx.xx.1991-ci il tarixinədək Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-556/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun Göyçay rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxxxx 1956-cı il tarixində Zərdab rayonu Seyidlər kəndində anadan olmuşdur və hal-hazırda Göyçay rayonu Bığır kəndində yaşayır. xx xxxx 1980-ci il tarixdə 1952-ci il təvəllüdlü X2 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. xx.xx.1991-ci il tarixdə həyat yoldaşı X2 vəfat etmişdir. xx xxxxxx 2019-cu il tarixdə yaşa görə əmək pensiyasına hüququ yarandığı, lakin sosial sığorta stajı olmadığı üçün ailə başçısını itirən kimi əmək pensiyası təyin edilməsi üçün cavabdeh DSMF-in Göyçay rayon şöbəsinə rəsmi ərizə ilə müraciət etmişdir. Lakin mərhum həyat yoldaşı X1 adına əmək kitabçası açılmadığı üçün cavabdeh DSMF-in Göyçay rayon şöbəsi ona ailə başçısını itirən kimi, əmək pensiyası hesablamağın qanunamüvafiq olmaması haqqında cavab vermişdir. Halbuki, iddiaçının həyat yoldaşı M.Qurbanovun xx.xx.1983-xx.xx.1991-ci illərdə Göyçay rayon Bığır Narçılıq sovxozunda işləməyini təsdiq edən arayışı Dövlət Arxivinin Göyçay filialından əldə edib cavabdehə təqdim etmişdir. Lakin cavabdeh arxiv arayışına əsasən ailə başçısını itirən kimi pensiya təyin edilməsinin qanunamüvafiq olmadığını bildirmişdir. 1971.xx.xx-1973.12.18 = 2 il 0 ay 14 gün (hərbi xidmət) 1983.xx.xx-1991 04.04 = 7 il 10 ay 3 gün Ümumi staj: 9 il 10 ay 17 gün X1 xx.xx.1983-cü il tarixdən xx.xx.1991-ci il tarixədək Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi illər məhkəmə qərarı əsasında nəzərə alınmaqla onun sosial sığorta stajına daxil edildiyi halda, onun həyat yoldaşı İddiaçı (61 yaş 6 ay tamam olduğu yaşa görə əmək pensiyasına hüququ yarandığı üçün) ailə başçısını itirən kimi əmək pensiyası almaq hüququ yarana bilər. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X3 iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X4 iddianın rədd edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli 2-1(116)- 556/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, DSMF-in Göyçay rayon şöbəsinin üzərinə İddiaçı mərhum əri X1 xx.xx.1983-cü il tarixdən xx.xx.1991-ci il tarixədək Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin qoyulmasıqərara alınmışdır. DSMF-in Göyçay rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının (xx.xx.2010-cu ildə 4027 saylı şəhadətnamə ilə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir) İV fəslinin 4.2.7-ci maddəsinə əsasən Pensiya sektorunun məsləhətçisi, ərizəçi və ya onun nümayəndəsi tərəfindən təqdim olunan əmək kitabçası üzrə xx xxxxxx 2006-cı il tarixədək olan dövrdə sığortaolunanın qeyri-dövlət müəssisələrində çalışmasını göstərən qeydlərin qarşılıqlı yoxlanılmasını həyata keçirir. Qaydaların İİİ fəslinin 3.1.1-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. X1 xx.xx.1983-cü il tarixdən xx.xx.1991-ci il tarixədək Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. M.Qurbanovun iş stajı aşağıdakı kimidir: 1971.xx.xx-1973.12.18 = 2 il 0 ay 14 gün. 1983.xx.xx-1991.04.04 = 7 il 10 ay 3 gün. Ümumi staj: 9 il 10 ay 17 gün. X1 xx.xx.1983-cü il tarixdən xx.xx.1991-ci il tarixədək Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi illər məhkəmə qərarı əsasında nəzərə alınmaqla onun sosial sığorta stajına daxil edildiyi halda, onun həyat yoldaşı İddiaçı (61 yaş 6 ay tamam olduğu və yaşa görə əmək pensiyasına hüququ yarandığı üçün) ailə başçısını itirən kimi əmək pensiya almaq hüququ yarana bilər. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-556/2020 nömrəli qərarının ləğv edilməsini və DSMF-in Göyçay rayon şöbəsinin xeyrinə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-556/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialının xx.xx.2019-cu il tarixli 413 nömrəli arxiv arayışı, xx.xx.2019-cu il tarixli 3177 nömrəli ölüm haqqında şəhadətnamə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay Rayon Şöbəsinin xx.xx.2019-cu il tarixli 592 nömrəli arayışı, DSMF-in Göyçay rayon şöbəsinin xx.xx.2019-cu il tarixli **********7 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktub, İİ-ЖГ seriyalı 307371 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surəti aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-556/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, DSMF-in Göyçay rayon şöbəsinin üzərinə İddiaçı mərhum əri X1 xx.xx.1983-cü il tarixdən xx.xx.1991-ci il tarixədək Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçının həyat yoldaşı X2 xx.xx.1983-cü ildə sovxoza 5 nömrəli briqadasına fəhlə qəbul edilmiş, xx.xx.1991-ci ildə isə vəfatı ilə əlaqədar olaraq işdən azad edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialının xx.xx.2019-cu il tarixli 413 nömrəli arxiv arayışı ilə bu öz təsdiqini tapır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı ondan ibarətdir ki, mərhum ərinin sovxozda işlədiyi müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun ailə baçşısını itirməyə görə pensiya almaq hüququ reallaşacaqdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: - 14.1.2-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. - 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 17.1-ci maddəsinə əsasən, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu Qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. - 12.1-ci maddəsində isə deyilir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialının xx.xx.2019-cu il tarixli 413 nömrəli arxiv arayışından görünür ki, iddiaçının həyat yoldaşı X2 xx.xx.1983-cü ildə sovxoza 5 nömrəli briqadasına fəhlə qəbul edilmiş, xx.xx.1991-ci ildə isə vəfatı ilə əlaqədar olaraq işdən azad edilmişdir və qeyd olunan müddət 7 il 10 ay 3 gün il təşkil edir. Əgər iddiaçının həyat yoldaşı X1 xx.xx.1983-cü il tarixdən xx.xx.1991-ci il tarixədək Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi illər sığorta stajına daxil edilsə, onun tələb olunan 8 il stajı tamamlanacaqdır. DSMF-in Göyçay rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********8 nömrəli məlumat məktubuna əsasən, X1 iş stajı 1971.xx.xx-1973.12.18=2 il 0 ay 14 gün, 1983.xx.xx- 1991.04.04=7 il 10 ay 3 gün, ümumi stajı 9 il 10 ay 17 gündür. X1 xx.xx.1983-cü il tarixdən 04.04.991-ci il tarixədək Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi illər məhkəmə qərarı əsasında nəzərə alınmaqla sosial sığorta stajına daxil edildiyi halda, onun həyat yoldaşı İddiaçı (61 yaş 6 ay tamam olduğu və yaşa görə əmək pensiyasına hüququ yarandığı üçün) ailə başçısını itirən kimi əmək pensiyası almaq hüququ yarana bilər. İddiaçının mərhum əri xx.xx.1952-ci ildə doğulmuş, xx.xx.1991-ci ildə ölmüşdür. Onun öləndə 39 yaşı olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum ərinin 8 il stajının olması kifayət edir. (39 -15=24, 24*4/12=8 il). Göründüyü kimi, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan şərtlər iddiaçının yaşa görə əmək pensiyası yaşına çatması və onun mərhum ərinin 8 ildən az olmayan sosial sığorta stajına malik olmasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçının həyat yoldaşı X1 xx.xx.1983-cü il tarixdən xx.xx.1991-ci il tarixədək Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi illər Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Göyçay filialının xx.xx.2019-cu il tarixli 413 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Cavabdeh inzibati orqan arxiv arayışında olan qeydlərin həqiqi olmaması barədə sübut təqdim edə bilmir. Belə olan halda, həmin arxiv arayışı mötəbər sübut kimi qəbul edilir. Belə ki, iddiaçıya məxsus olan arxiv arayışının həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. Yuxarıda qeyd olunan işin hallarını, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında verdiyi izahatı, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh İddiaçı mərhum əri X1 xx.xx.1983-cü il tarixdən xx.xx.1991-ci il tarixədək Göyçay rayon Bığır Narçılıq sovxozunda işlədiyi illəri sosial sığorta stajına daxil etməməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-556/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-223/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-223/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver