Məhkəmə qərarları › İş №2-1(107)-223/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-223/2025

18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-223/2025 18.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi və Ağsu rayonu Rəhimli bələdiyyəsinə qarşı «torpaq sahəsinin sənədləşdirilməsi və reyestrdən çıxarışın verilməsi» tələbinə dair Şəki İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2-1(116)- 3816/2024 nömrəli qərardadından iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi və Ağsu rayonu Rəhimli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «torpaq sahəsinin sənədləşdirilməsi və reyestrdən çıxarışın verilməsi» barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılara 1997-ci ildə, Ağsu rayonunun Şahbəyli kolxozunda torpaq islahatı aparılan verilməyən hər birinə 1.51 hektar olmaqla, cəmi 4.53 hektar torpaq sahələri verilmiş, lakin siyahıya əlavə edilməmişdir. Bununla bağlı 2011-ci ilin ortalarında Ağsu Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət etmişlər. 05 oktyabr 2011-ci il tarixdə Ağsu rayon məhkəməsində işlərinə baxılmış, irəli sürdüyü iddia tələbi təmin edilmiş, İddiaçı2, X4 və X2 1997-ci ildə Ağsu rayonunun Şahbəyli kolxozunda torpaq islahatı aparılan verilməyən hər birinə 1.51 hektar olmaqla, cəmi 4.53 hektar torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə verilmiş torpaqlardan ödənilməsi təmin edilmiş və bu barədə sənədləşdirmə aparılmışdır. Qətnamənin icrası Ağsu rayon İcra Qrupuna, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi Ağsu rayon şöbəsinə və Ağsu Rayon Rəhimli Bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir. Lakin bu günə qədər, Ağsu rayon Məhkəməsinin 05 oktyabr 2011-ci il tarixli, №2(016)-278/2011 nömrəli qətnaməsi icra edilməmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsində olan sənədlər və bu işlərlə bağlı ərazi üzrə işlərin görülməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilmişdir. Onların 2022-ci ilin əvvəllərində rəsmi ərizə ilə, 05 oktyabr 2011-ci il tarixli, №2(016)-278/2011 nömrəli qətnaməsinin icrasi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət etmişlər. 19 dekabr 2022-ci il tarixli, №**********74 nömrəli məktubla rəsmi ərizəsinə cavab olaraq bildirmişlər ki, daxil olan rəyə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən torpaq sahələrinə aid olmadığından hüquqların dövlət qeydiyyatına alınması məqsədəuyğun hesab edilməməsi bildirilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin cavabı qanunvericiliyə uyğun deyil, çünki Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinə həvalə edilməsi məhkəmə qətnaməsində qeyd olunması və sözügedən komitə ləğv edildiyindən və bu işlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edildiyinə görə, 05 oktyabr 2011-ci il tarixli, №2(016)- 278/2011 nömrəli qətnaməsinin icrası ilə bağlı sənədləşdirmə və sözügedən torpağa dair çıxarışın verilməsini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi icra etməlidir. - İddia tələbinin əsaslandırıcı hissəsi: Azərbaycan Respublikası Ağsu rayon Rəhimli Bələdiyyəsinin 01 avqust 2023-cü il tarixli arayışından görünür ki, verilir həmin arayış Ağsu rayon Şahbəyli kənd sakinləri İddiaçı2, X4 və X2 ondan ötəri ki, 2011-ci ildə həmin vətəndaşlara Ağsu rayon Məhkəməsinin iş №2(016)-278/2011 nömrəli qətnaməsinə əsasən hər birinə 1,51 ha olmaqla, cəmi 4,53 ha torpaq sahəsi Rəhimli kənd bələdiyyəsi tərəfindən ölçülüb verilmişdir. Lakin torpaq sahəsinin verilməsi barədə Torpaq və Xəritəçəkmə İdarəsi və Rəhimli kənd Bələdiyyəsi tərəfindən heç bir sənədləşmə işi aparılmamışdır. İddiaçılar 05 oktyabr 2011-ci il tarixli, №2(016)-278/2011 nömrəli qətnaməsinin icrası ilə bağlı həm Azərbaycan Respublikası Ağsu Rəhimli Bələdiyyəsinə, həm də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi səxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə rəsmi ərizə ilə, poçt vasitəsilə müraciət etmişlər. Lakin bu günə kimi sözügedən idarələrdən cavab məktubu gəlməmişdir. Bundan əvvəl iddiaçılar dəfələrlə 05 oktyabr 2011-ci il tarixli, №2(016)-278/2011 nömrəli qətnaməsinin icrası ilə bağlı cəhdlər etmişlər ki, qanuni qüvvəsini almış məhkəmə aktını icra etdirərək, lakin heç bir nəticəsi olmamışdır. Qanunvericiliyin tələblərinə görə, hər bir Azərbaycan Respublikasının adında çıxarılmış məhkəmə aktları dərhal icra edilməlidir. Təəsüflər olsun ki, bu günə qədər onların 05 oktyabr 2011-ci il tarixli, №2(016)-278/2011 nömrəli qətnaməsinin icrası icra edilməmiş qalmışdır. Göründüyü kimi, sözügedən dövlət strukturlarına göndərilmiş məktublar cavabsız qalmış, bu da o deməkdir ki, həmin təşkilatlar onların həll olunmalı olan işlərini hərərkətsiz qoymuşlar. Beləliklə, hesab edirlər ki, irəli sürdükləri iddia tələbi tam əsaslı olduğundan təmin edilməli və Ağsu rayonunun Şahbəyli kolxozunda hər birinin adına 1,51 hektar olmaqla cəmi 4,53 hektar torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı Ağsu rayonu Rəhimli Bələdiyyəsinə və çıxarışın verilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi səxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir.

3. Şəki İnzibati Məhkəməsinin (hakim X9) xx.xx.2024-cü il tarixli, 2-1(116)-3816/2024 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi və Ağsu rayonu Rəhimli bələdiyyəsinə qarşı «torpaq sahəsinin sənədləşdirilməsi və reyestrdən çıxarışın verilməsi» barədə iddia ərizəsi mümkün sayılmamışdır.

4. Məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinin məzmunundan görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi marağı hər birinə 1.51 hektar olmaqla cəmi 4.53 hektar torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdır. İddia tələbində cavabdeh olaraq iki inzibati orqan göstərilmişdir: Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsi və Ağsu rayonu Rəhimli bələdiyyəsi. Ağsu rayonu Rəhimli bələdiyyəsinə qarşı iddiaçıların tələbi hər birinə 1.51 hektar olmaqla cəmi 4.53 hektar torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlıdır. Həmin tələbə münasibətdə məhkəmə qeyd etmişdir ki, icraat materiallarına əlavə edilmiş Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, iddiaçı X3 cavabdehlər DTXK-nin Ağsu rayon şöbəsinə və Ağsu rayonu Rəhimli kənd Bələdiyyəsinə qarşı “pay torpağının Bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən ayrılıb verilməsinə, torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının bərpa edilərək torpağa mülkiyyət hüququna dair sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi təmin edilmiş, İddiaçı2, X4 və X2 1997-ci ildə Ağsu rayonunun Şahbəyli kolxozunda torpaq islahatı aparılan verilməyən hər birinə 1,51 hektar olmaqla cəmi 4,53 hektar torpaq sahəsinin bələdiyyənin mülkiyyətinə verilmiş torpaqlardan ödənilməsinin təmin edilməsi və bu barədə sənədləşdirmə aparılması, qətnamənin icrasının Ağsu rayon İcra Qrupuna, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi Ağsu rayon şöbəsinə və Ağsu rayonu Rəhimli Bələdiyyəsinə həvalə edilməsi qət edilmişdir. Sözügedən qətnaməyə dair xx.xx.2011-ci ildə icra vərəqəsi verilmişdir, lakin qətnamə icra edilməmişdir. Bələdiyyə tərəfindən sözügedən torpaq sahəsinin iddiaçılara ölçülüb verilməsi göstərilsə də, hansı torpaq sahəsinin hansı qaydada verilməsi icraat materialları ilə müəyyən olunmur. İddiaçıların hazırkı iddia tələbi ilə qaldırdığı məsələ məhz Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(016)- 278/2011 saylı qətnaməsində nəzərdə tutulmuş məsələnin icrası ilə bağlıdır. Odur ki, iddiaçılar, sözügedən qətnamənin icrasını tələb etmək əvəzinə eyni məzmunlu öhdəliyin inzibati məhkəmə icraatı qaydasında yenidən cavabdeh orqanın üzərinə qoyulmasını tələb edə bilməz. Başqa sözlə, iddiaçılar arzuladığı məqsədə Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(016)-278/2011 saylı qətnaməsi ilə artıq nail olmuşdur. Bu qətnamə ilə müəyyən edilmiş hüquqları tam icra edilmədiyi halda, iddiaçılar icra mexanizminin işə salınması və müvafiq qərarın tam icrasının təmin edilməsi üçün qəbul edilmiş qətnamə üzrə məhkəmə nəzarətini həyata keçirən aidiyyəti məhkəməyə (Ağsu Rayon Məhkəməsinə) müraciət etməli və müvafiq icra tədbirlərinin həyata keçirilməsinə nail olmalıdır. Ağsu Rayon Məhkəməsinin istinad olunan qətnaməsi cavabdeh orqanların hər birinin konkret öhdəliklərini müəyyən etmişdir. Hazırkı iddia tələbi isə əslində bu öhdəliklərin bir daha inzibati məhkəmə icraatı qaydasında təsbit edilməsini tələb edir ki, qeyd olunan yanaşma hüquqi sabitlik prinsipinə birbaşa ziddir. - Məhkəmə hesab etmişdir ki, qəbul edilmiş qətnamənin tam icra edilməməsi hallarında iddiaçının hüquqi müdafiə marağı, yenidən eyni tələbləri qaldırmaqla deyil, həmin qətnamənin icrasını tələb etməklə reallaşdırılmalıdır. Hazırkı iddia isə ilkin qətnamə ilə təmin olunmuş tələblərin təkrar qaldırılmasına xidmət edir. Yəni, iddiaçıların faktiki gözlədiyi hüquqi nəticə əvvəlki qətnamənin nəticəsinin təkrarlanmasıdır. Lakin hüquqi müdafiə marağı yalnız mövcud hüquqi zərurət şəraitində ortaya çıxır. Əgər həmin hüquq artıq təmin edilibsə, yenidən məhkəmə icraatı qaydasında eyni məqsədə nail olmaq hüquqi maraq hesab olunmur. - İddia tələbinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı yönəlmiş “torpaq sahəsinin sənədləşdirilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, istinad olunan qətnamə ilə iddiaçıların arzuladığı torpaq sahəsinin ayrılması ilə, sənədləşdirmə aparılması (torpaq sahəsinin naturada yerinin müəyyən olunması) öhdəliyi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi Ağsu rayon şöbəsinin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin hüquqi varisi hazırki iş üzrə cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi olduğundan və Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(016)-278/2011 saylı qətnaməsi ilə hazırki iş üzrə iddiaçılara torpaq sahəsinin ayrılaraq sənədləşdirmə işlərinin aparılması Dövlət Torpaq və Xəritəçəkmə komitəsinə həvalə edildiyindən məhz həmin qətnamə icra edildikdən sonra iddiaçılar onlara məhkəmə qətnaməsinin icrası qaydasında ayrılmış torpaq sahəsi üzərində əmlak hüquqlarının dövlət qeydiyyatına alınması tələbi ilə hazırkı cavabdehə, müraciətləri təmin edilmədikdə isə analoji iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərlər. Yəni, hazırkı mərhələdə cavabdehin torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı vəzifəsi Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin hüquqi varisi kimi Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(016)-278/2011 saylı qətnaməsindən irəli gəlir. Beləliklə istinad olunan qətnamənin müvafiq sənədləşmə işlərinin aparılması ilə bağlı hissəsi də, cavabdeh orqan tərəfindən icra olunmadığından, bütövlükdə ümumibirgə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məhz Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(016)-278/2011 saylı qətnaməsinin icrasından asılı olduğundan hazırkı mərhələdə iddia tələbinə mahiyyəti üzrə baxılması mümkün deyildir.

5. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2-1(116)-3816/2024 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsini mümkün hesab edərək icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayəti iddia ərizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, hesab edirlər ki, işə baxan məhkəmə nəzərə almalı idi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi səxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə rəsmi ərizəsinə cavab verməsə də, hərəkətsiz vəziyyətdə qoymuşdur. Şifahi dəfələrlə onlara bildirmişlər ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildiyindən və həvalə edilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi səxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə aid olmadığından sözügedən torpaq sahəsinə çıxarış verilməmişdir. Belə halda, konstitusion hüquqlarımızın pozulması deməkdir, çünki, əgər inzibati iş üzrə məhkəmə onların işlərinə düzgün qiymət verməsə, gələcəkdə çıxarışın alınmasından məhrum olacaqlar.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

8. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçılar və cavabdehin orqanın nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

9. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

10. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarı:

2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır.

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

11. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: Apellyasiya şikayətinin mümkünlüyü

12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

14. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

15. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

16. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

17. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.

19. Məhkəmə kollegiyası bildirir ki, qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

20. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən subyektiv hüquqla bağlı məhdudiyyətlərə tabedir. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

21. İş materiallarından da görünür ki, iddiaçıların hüquqi marağı hər birinə 1.51 hektar olmaqla cəmi 4.53 hektar torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına nail olmaqdır.

22. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçılar arzuladığı məqsədə Ağsu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(016)-278/2011 saylı qətnaməsi ilə artıq nail olmuşdur. Bu qətnamə ilə müəyyən edilmiş hüquqları tam icra edilmədiyi halda, iddiaçılar icra mexanizminin işə salınması və müvafiq qərarın tam icrasının təmin edilməsi üçün qəbul edilmiş qətnamə üzrə məhkəmə nəzarətini həyata keçirən aidiyyəti məhkəməyə (Ağsu Rayon Məhkəməsinə) müraciət etməli və müvafiq icra tədbirlərinin həyata keçirilməsinə nail olmalıdır. Ağsu Rayon Məhkəməsinin istinad olunan qətnaməsi cavabdeh orqanların hər birinin konkret öhdəliklərini müəyyən etmişdir. Hazırkı iddia tələbi isə əslində bu öhdəliklərin bir daha inzibati məhkəmə icraatı qaydasında təsbit edilməsini tələb edir ki, qeyd olunan yanaşma hüquqi sabitlik prinsipinə birbaşa ziddir.

23. Göründüyü kimi, qəbul edilmiş qətnamənin tam icra edilməməsi hallarında iddiaçının hüquqi müdafiə marağı, yenidən eyni tələbləri qaldırmaqla deyil, həmin qətnamənin icrasını tələb etməklə reallaşdırılmalıdır.

24. Məhkəmə kollegiyası əlavə olaraq apelyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir.

25. Belə ki, cavabdeh orqanın iddiaçıların narazılığına səbəb olan hərəkətləri qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra olunması ilə bağlı olmuşdur. Qanunverici isə həmin münasibətləri inzibati icraatın nizamasalma predmetinə aid etmir.

26. Cavabdehin orqanın hərəkətlərinə qiymət verilməsi ilə bağlı dəlilə münasibətdə məhkəmənin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların mübahisələndirdiyi cavabdeh orqanın hərəkətləri Ağsu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlıdır. Ona görə də, hazırkı iddia ərizəsi üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, xüsusi hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır.

27. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının icra olunması ilə bağlı həyata keçirilən fəaliyyətə (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır, çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Yəni, iddiaçılar müvafiq olaraq məhkəmə aktlarının icrası ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən məhkəmə aktının icrasına nəzarət etməli olan məhkəməyə müraciət etməli olduğu halda, inzibati məhkəmədə ayrıca iddia qaldırmışdır.

28. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır (“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərar).

29. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasını Konvensiyanın 6-cı maddəsinin mənasına uyğun olaraq məhkəmə araşdırmasının ayrılmaz tərkib hissəsi hesab etmişdir (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart və Stanova Bolqarıstana qarşı iş üzrə 2017-ci il 19 yanvar tarixli Qərarlar).

30. Beləliklə həm daxili, həm də beynəlxalq qanunvericiliyə görə, məhkəmə aktının icra edilməsinə nəzarət həmin aktı qəbul edən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir.

31. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı mübahisəyə münasibətdə yuxarıda qeyd olunmuş səbəblərdən iddiaçının belə bir hüququnun mövcudluğu işin birinci instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunmur.

32. Bundan əlavə iddiaçılar apelyasiya şikayətində iddia tələbinin mümkün hesab edilməsinə dair qərar çıxarılmasını xahiş edir.

33. Bununla bağlı isə qeyd olunmalıdır ki, iddia tələbinin mümkün hesab edilməsi hazırda mübahisələndirilən qərardadın ləğvindən sonra törəmə tələb olduğundan, həmin qərar isə ləğv olunmadığından apelyatorun qeyd edilən tələbi də təmin edilə bilməz.

34. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-3816/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı

İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 dekabr 2024-cü il tarixli 2-1(116)-3816/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar