Məhkəmə qərarları › İş №2-1(107)-225/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-225/2020

23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-225/2020 23.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və x3 Nazirliyi yanında Dövlət x6 Göyçay rayon şöbəsinə qarşı ”07.03.2015-ci il tarixindən 07.03.2018-ci il tarixinədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 06 may 2020-ci il tarixli 2-1(116)- 722/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və x3 Nazirliyi yanında Dövlət x6 Göyçay rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçıya 07 mart 2018-ci il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən M/V № 084157 nömrəli müharibə veteranı adı və müharibə veteranı vəsiqəsi verilmişdir. O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müharibə veteranlarına verilən güzəşt və imtiyazlardan istifadə edərək əvvəlki üç il üçün kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinətin verilməsi üçün DSMF-in Göyçay rayon şöbəsinə müraciət etmişdir. Lakin DSMF-in Göyçay rayon şöbəsinin 21 yanvar 2020-ci il tarixli məktubu ilə, əvvəlki 3 il üçün müavinətin verilməsindən imtina edilmiş, veteranlar üçün nəzərdə tutulan sosial müavinət növünün ləğv olunması və onun əvəzinə 1 aprel 2019-cu il tarixindən Prezident təqaüdünün təsis edildiyi bildirilmişdir. Hesab etmişdir ki, müraciətindən cavabdeh tərəfindən imtina olunması qanunsuz və əsassızdır. İddiaçı 06.05.2020-ci il tarixli birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsinə dəqiqləşmə barədə ərizə təqdim edərək 07.03.2015-ci il tarixdən 07.03.2018-ci il tarixinədək müharibə veteranı üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin protokol qərardadı ilə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan 11.03.2020-ci il tarixli **********6 nömrəli məktubla iddia tələbinə etiraz edərək bildirmişdir ki, müharibə veteranları üçün qanunla müəyyən olunmuş sosial müavinəti almaq hüququnun yaranması üçün şəxs müharibə veteranı olduğunu təsdiq edən sənədləri, yəni müharibə veteranı vəsiqəsini təqdim etməlidir. Həmin sənədin alınması və şəxsə veteran adının verilməsi üçün müvafiq orqanın rəyinin alınması üçün müraciət etməsi lazımdır. İddiaçı müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 07.03.2018-ci il tarixində verilmiş və rəsmi müraciətinə əsasən ona müharibə veteranı adı və vəsiqəsi verildiyi gündən sosial müavinət təyin olunmuşdur. İddiaçı DSMF-in Göyçay rayon şöbəsindən heç bir növ üzrə əmək pensiyası almır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi x1 iddianın təmin edilməməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 06 may 2020-ci il tarixli 2-1(116)- 722/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, DSMF-in Göyçay rayon şöbəsinin üzərinə İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş və 07.03.2015-ci il tarixdən 07.03.2018-ci il tarixinədək ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. DSMF-in Göyçay rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsi işə baxarkən bir sıra normaları səhv təfsir etmiş və nəticədə əsassız bir qərar çıxarmışdır. Belə ki, məhkəmə hesab etmişdir ki, veteranların müavinət almaq hüququ "Veteranlar haqqında " Azərbaycan Respublikası Qanunu və "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamə və "Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında" Azərbaycan Respublikasının 11.07.2005-ci il tarixli, 257 nömrəli fərmanı ilə tənzimlənir. Məhkəmə araşdırma zamanı müəyyən etmişdir ki, iddiaçı 07 mart 2018-ci il tarixdə müharibə veteranı adı və vəsiqəsi almışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət etməzdən əvvəlki, üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Məhz buna görə də məhkəmə bu normanı səhv təfsir edərək iddiaçının iddiasını hüququ yaranmadığı halda ona əvvəlki dövrlər üçün müavinət hesablanmışdır. Belə ki, məhkəmə işə "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 4.0.1.6-cı maddəsinə (müvafiq icra hakimiyətinin orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat, və digər xidmətlərə görə müavinət) istinad etmişdir. "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən kommunal, nəqliyyat və digər xidmətlərə" görə müharibə veteranlarına təyin olunan sosial müavinət növü ləğv olunmuş və onun əvəzinə 01.04.2019- cu il tarixdən Prezident təqaüdü təsis edilmişdir. "Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.6-cı maddəsində nəzərdə tutulan "Kommunal, nəqliyyat və digər xidmətlərə” görə müavinət 01.04.2019-cu il tarixdən yalnız şəhid ailələrinə şamil edilən müavinət növüdür. Bu səbəbdən qərarda 4.0.1.6-cı maddəyə istinad edilməsi əsassızdır. Bundan əlavə qərarda istinad edilən "Sosial müavinətlər haqqında" Qanunun 7, 7.0.6, və 9.1 (ən çoxu müraciət edilməzdən əvvəlki üç il ödənilməklə aylıq sosial müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətdə hesablanır: 9.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək) maddələri yalnız sosial müavinət növlərinə şamil olunur, Prezident təqadünə şamil oluna bilməz. Qeyd olunanları, həmçinin "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən İddiaçı 01.04.2019-cu il tarixdən "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təyin olunmasını, həmçinin, 01.01.2020-ci ildən müavinətin təsnifat kodu ləğv olunduğunu bu səbəbdən Əmək və x3 Nazirliyinə vəsaitin yalnız Prezident təqaüdünün təsnifat kodu üçün ayrıldığını və Dövlət büdcəsindən qanunla müəyyən edilmiş şəxslərə sosial yardım göstərilməsi məqsədi ilə ödənilən pul vəsaitinin təyinatı üzrə düzgün xərclənməsinin təmin olunmasını nəzərə almayaraq məhkəmə əsassız bir qərar vermişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin 06 may 2020-ci il tarixli 2-1(116)-722/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DSMF-in Göyçay şəhər şöbəsinin nümayəndəsi x2 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 06 may 2020-ci il tarixli 2-1(116)-722/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 06 may 2020-ci il tarixli 2-1(116)-722/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir və həmin sənədlərin məzmununa istinad edilir: Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMFin Göyçay rayon şöbəsinin 21.01.2020-ci il tarixli ********** nömrəli imtina məktubu, 11.03.2020-ci il tarixli **********6 nömrəli etiraz məktubu, 084157 nömrəli müharibə veteranı vəsiqəsinin surəti aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 06 may 2020-ci il tarixli 2-1(116)-722/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, DSMF-in Göyçay rayon şöbəsinin üzərinə İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş və 07.03.2015-ci il tarixdən 07.03.2018-ci il tarixinədək ödənilməmiş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə müavinət almaq hüququnu da ehtiva edir. Veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11.07.2005-ci il tarixli, 257 nömrəli Fərmanı ilə tənzimlənir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11.07.2005-ci il tarixli, 257 nömrəli Fərmanında nəzərdə tutulur ki,Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, lakin sonradan müharibə veteranı vəsiqəsini almış, əvvəlki dövrlər üçün müavinət almamış müharibə veteranlarına münasibətdə bu Fərmanla müəyyən edilmiş müavinətin məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinin İ hissəsinə əsasən, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Bundan başqa “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3-cü abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla kollegiya hesab edir ki, sosial müavinətin cavabdehin imtinasında göstərildiyi kimi müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda imperativ göstəriş nəzərdə tutulmamışdır. İstinad olunan maddi hüquq normalarında müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda, hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinət Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11.07.2005-ci il tarixli, 257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 manat məbləğində müavinət təyin edilmişdir. Həmin Fərmanın 3-cü bəndində qeyd olunmuşdur ki, bu Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 07.03.2018-ci il tarixli 084157 nömrəli vəsiqəyə əsasən, iddiaçı müharibə veteranıdır və 07.03.2018-ci ildən etibarən ona müharibə veteranları üçün nəzərdə tutulan müavinət ödənilməyə başlamışdır. Bundan sonra o, əvvəlki dövrlər üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi ilə bağlı DSMF-in Göyçay rayon şöbəsinə müraciət etmişdir. DSMF-in Göyçay rayon şöbəsi 21 yanvar 2020-ci il tarixli məktubla bildirmişdir ki, veteranlar üçün nəzərdə tutulmuş müavinət prezident təqaüdü ilə əvəz edilmişdir. Bu səbəbdən əvvəlki dövrlər üçün nəzərdə tutulmuş müavinətin ona ödənilməsindən imtina etmişdir. Hesab etmişdir ki, imtina əsassızdır. Belə ki, Prezidentin Fərmanı ilə 01 aprel 2019-cu il tarixdən veteranlar üçün nəzərdə tutulmuş müavinət prezident təqaüdü ilə əvəz edilmişdir. Belə ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 07.03.2018-ci il tarixli 084157 nömrəli müharibə veteranı vəsiqəsi verildiyinə görə həmin tarixdən etibarən cavabdeh tərəfindən iddiaçıya müharibə veteranı kimi müavinət ödənilməsi həyata keçirilmişdir. Lakin hazırkı mübahisə həmin müavinətin müharibə veteranı adının verildiyi tarixdən əvvəlki üç il üçün ödənilməsi ilə bağlıdır. Cavabdehin mövqeyinə görə, "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən İddiaçı 01.04.2019-cu il tarixdən "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təyin olunmuşdur. Müavinət - onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək) maddələri yalnız sosial müavinət növlərinə şamil olunur, Prezident təqadünə şamil oluna bilməz. 01.01.2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.5-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək. Qanunverici orqan birmənalı olaraq müəyyən etmişdir ki, sosial müavinət, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranlarına nəzərdə tutulmuş müavinətin fərqli və daha əlverişsiz şərtlərlə təyin edilməsi Konstitusiyanın 12 və 16-cı maddələrində təsbit edilmiş Azərbaycan Respublikasının sosial dövlət kimi bəyan edilməsinə dair müddəaların, Konstitusiyanın 38ci maddəsində təsbit edilmiş sosial təminat hüququnun, habelə Konstitusiyanın Preambulasından irəli gələn qanunun aliliyinin əsas elementlərindən biri olan hüquqi müəyyənlik, qanun qarşısında bərabərlik prinsiplərinin və vətəndaşların qanuna olan etimadının gözlənilməsi prinsipinin pozulmasına səbəb olar. Göründüyü kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş 07.03.2018ci il tarixli 084157 nömrəli vəsiqəyə əsasən, iddiaçı müharibə veteranıdır. Lakin "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən İddiaçı 01.04.2019-cu il tarixdən "Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təyin olunmuşdur. Ona görə də iddiaçıya müharibə veteranı vəsiqəsinin 07.03.2018-ci ildə verilməsi onun "Veteranlar haqqında" Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndindən irəli gələn hüquqlarına təsir etməli deyil. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyindən, artıq "Veteranlar haqqında" Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranıdır. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirdiyindən, "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsinə ümid edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair” 28 yanvar 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin halhazıra qədər bu əsaslara görə sığorta məbləğini almamış hərbi qulluqçulara münasibətdə bu Qanunla müəyyən edilmiş sığorta məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya verilmiş 21 yanvar 2020-ci il tarixli ********** saylı imtina məktubundan görünür ki, inzibati orqan tərəfindən vətəndaşa həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələrinin istifadə müddətini və həmçinin də şəxsin şikayət və ya iddia verəcəyi orqanlara, o cümlədən məhkəməyə şikayət verilməsi haqqında izahat verilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası DSMF-in Göyçay rayon şöbəsi rəhbərliyinin nəzərinə çatdırır ki, maraqlı şəxs hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə hər hansı bir inzibati orqanın qərarından, hərəkət və hərəkətsizliyindən yuxarı inzibati orqana yazılı müraciət formasında şikayət və ya məhkəməyə şikayət edə bilər. AR Konstitusiyasının 57-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. AR Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Bundan başqa «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə əsasən vətəndaş onun hüquq və azadlıqlarını pozan qərarlar və hərəkətlər (hərəkətsizlik) barəsində birbaşa məhkəməyə və ya tabelik qaydasında yuxarı dövlət orqanlarına və yerli özünüidarə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara, ictimai birliklərə, vəzifəli şəxslərə şikayətlə müraciət edə bilər. “İnzibati icraat haqqında” Qanunun 57.1-ci maddəsinə əsasən başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. Həmin Qanunun 59.1.5-ci maddəsinə əsaəsn həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bunula bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cumlədən məhkəmə) haqqında məlumat. Həmin Qanunun 90.1-ci maddəsinə görə inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Göründüyü kimi dövlət orqanları vətəndaşlarla münasibətləri dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanuna əsasən qurmalıdır. Belə ki, hüquqi və demokratik dövlətdə dövlət idarəçilik orqanları ilə vətəndaşlar arasında münasibətlərin bütün prosedur qaydaları inzibati icraat haqqında qanunlarla müəyyən olunur. Heç bir dövlət orqanı, özünüidarə orqanı və ya onların vəzifəli şəxsləri bu və ya digər məsələni qanunla müəyən edilmiş qaydalardan kənar, özünün şəxsi mülahizələri ilə həll edə bilməz. Qanunun müddəalarının pozulmasına görə inzibati orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, DSMF-in Göyçay rayon şöbəsinin iddiaçıya 07.03.2015-ci il tarixdən 07.03.2018-ci il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin birdəfəlik ödənilməsindən imtinası qanuni və əsaslı olmamışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və İPM-in 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və x3 Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 06 may 2020-ci il tarixli 2-1(116)-722/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar