Məhkəmə qərarları › İş №2-1(107)-225/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-225/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-225/2024 16.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı “Torpaq islahatı zamanı subyektlər siyahısında adı texniki səhv olaraq göstərilən Əhmədov (Məhəmməd) Muhaməd Əhməd oğlunun adının çıxarılmaqla texniki səhvin düzəliş edilməsi və Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2- 1(116)-2513/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Torpaq islahatı zamanı subyektlər siyahısında adı texniki səhv olaraq göstərilən Əhmədov (Məhəmməd) Muhaməd Əhməd oğluna dair hissədə həmin siyahıdan adının çıxarılmaqla texniki səhvə düzəliş edilməsi və mərhum anası X6 ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınaraq, adına plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq izah edilmişdir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir.

3. İddiaçı xx.xx.2023-cü il tarixli iddia ərizəsinin dəyişdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək “Torpaq islahatı zamanı subyektlər siyahısında adı texniki səhv olaraq göstərilən Əhmədov (Məhəmməd) Muhaməd Əhməd oğlunun adının çıxarılmaqla texniki səhvin düzəliş edilməsi və Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın plan və ölçü sənədinin və çıxarşın (elektron çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-2513/2023 nömrəli qərardadı iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraat qəbul edilmişdir.

5. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli nömrəli qərardadı ilə iş üzrə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, tələbini dəqiqləşdirərək, “torpaq islahatı zamanı subyektlər siyahısında adı texniki səhv olaraq göstərilən Əhmədov (Məhəmməd) Muhaməd Əhməd oğluna dair hissədə həmin siyahıdan adının çıxarılmaqla texniki səhvə düzəliş edilməsi və Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən 0,20 ha həyətyanı və 1,20 ha pay torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüquqununun mərhum X9 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.

8. İddia ərizəsinin əsaslarına görə, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-355/2023 nömrəli qətnaməsinə əsasən iddia ərizəsi təmin edilərək, iddiaçı X2 mərhum atası X14 məxsus Zaqatala rayonun Əliabad qəsəbəsində yerləşən torpaq sahəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən aparılan ölçmə işlərinə cavabdehlər İddiaçı, X10, X11 tərəfindən yaradılmış maneələr aradan qaldırılması qət edilmişdir.

9. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(033)-355/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Zaqatala rayonu Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarına əlavə olunmuş subyektlərin siyahısında qardaşı X13 adına Zaqatala rayonunun Əliabad qəsəbəsində texniki səhv olaraq, torpaq sahəsinin ayrılması göstərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsinin 03 aprel 2023-cü il tarixli məktubundan görünür ki, X13 adına hər-hansı torpaq sahəsinin olması ilə bağlı 18 saylı Zaqatala Ərazi İdarəsində və DTXK tərəfindən təhvil verilmiş arxiv fondunda məlumat aşkar edilməmişdir. X18 və X7 nikahlarını 12 noyabr 1987-ci ildə bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Smaqulova soyadı verilmişdir.

10. X3 islahatının subyekti olmamışdır. Ona görə də onun barəsində arxiv fondunda hər hansı məlumat aşkar olunmamışdır. 1986-1990-cı illər üzrə Əliabad qəsəbə İƏVN-ın təsərrüfatbaşına kitabında sonuncu qeydiyyat olmuşdur. Torpaq islahatı haqqında qanuna əsasən 13 avqust 1996-cı il tarixinə daimi vətəndaşlar hansı ünvanda yaşayıbsa torpaq payı vətəndaşlara həmin ünvandan verilə bilərdi.

11. X18 xx.xx.1984-cü il tarixdən Qazaxıstan SSR-də daimi yaşmışdır. Qazaxıstan vətəndaşı ilə ailə qurmuşdur. Qardaşı kənd inzibati ərazi dairəsindən kənara köçüb getmişdir. Ona görə də onun 1990-1996-cıillər üzrə Əliabad qəsəbə İƏVN-ın təsərrüfatbaşına kitabında qeydiyyatı olmamışdır. Əmlak İslahatı Qanununa əsasən hər hansı bir subyektə islahatın aparıldığı müəssisədə son 5 ilin əmək haqqı indeksləşməklə əmlak payı müəyyən olunur. Həmin müəssisədə subyekdə işlədiyi illərdən asılı olaraq yekun əmlak payı hesablanır və subyekt əmlak payı almaq hüququna malik olur. X1 üzvü olmamışdır. X13 əmlak payı almaq hüququ olan subyektlərin siyahılarında əmlak payının qeydiyyatı olmamışdır. Lakin, Aqrar İslahat Komissiyasının 01 avqust 1996-cı il tarixli qərarınına əlavə olunmuş subyektlərin siyahısında Əhmədov Muhaməd (Məhəmməd) Əhməd oğlunun adı texniki səhv olaraq yazılmışdır. Hazırda həmin yanlışlığın düzəldilməsinə zərurət yaranmışdır.

12. 16 iyul 1996-cı il tarixli “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmazəmlakın dövlət reyestriniaparan dövlət orqanı tərəfindən verilir.

13. Hal-hazırda o və anası X5 miras qalmış əmlaka sahiblik və idarə edir, torpaq vergilərini ödəyir. Həmin daşınmaz əmlakın çıxarışı olmadığı üçün vərəsəlik hüququnu həyata keçirə bilmir. Torpaq islahatı zamanı subyektlərin siyahısında adı texniki səhv olaraq göstərilən Əhmədov (Məhəmməd) Muhaməd Əhməd oğluna dair hissədə həmin siyahıdan adının çıxarılmaqla düzəliş edilərək, mərhum anası X6 ümumi birgə mülkiyyət hüququnun qeydiyyata alınaraq plan və ölçü sənədinin və çıxarışın verilməsi barədə cavabdeh inzibati orqana müraciət etsə də, cavadbeh orqan müraciətin təmin olunmasından imtina etmişdir.

14. Cavabdeh xx.xx.2023-cü il tarixli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı, İddiaçı Aqrar İslahat Komissiyasının qərarı əsasında verilmiş torpaq sahələrinə dair mülkiyyətçilərin siyahısında texniki səhv nəticəsində adı qeyd olunmuş Əhmədov (Məhəmməd) Muhaməd Əhməd oğlunun adının subyektlər siyahısından çıxarmaqla torpaq sahəsi üzərində mərhum X6 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alaraq çıxarışla rəsmiləşdirilməsinə köməklik göstərilməsi məqsədilə 18 saylı Zaqatala Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. İddiaçının ərizəsinə əsasən müraciətdə qeyd olunan məslənin həlli 18 saylı, Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından onun ərizənin icrası mümkün olmamış və ona bu barədə xx.xx.2023-cü il tarixli, 3-21-3-47/2-Ə-0046-8/2023 (**********94) nömrəli məktub ünvanlanmışdır.

15. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Muhamedin adı qeyd edilməklə arayışın və ya çıxarışın verilməsini istəmir. Cavabdeh orqan üç nəfərlə birgə sənədi onsuz da verir. Hüquqi marağı Məhəmmədin adı çıxarılmaqla həm həyətyanı, həm də pay torpaq sahəsi üzərində sənədləşmə işlərinin aparılmasına nail olmaqdır. Yəni, tərtib edilmiş ümumibirgə mülkiyyət hüququnun məxsusluğu ilə bağlı arayışda iki nəfərin - X15 və Əhmədova (Ramazanova) Narıngül Əhməd qızının adlarının qeyd edilməsini tələb edir.

16. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 18 dekabr 2023-cü il tarixli 2- 1(116)-2513/2023 nömrəli qərardadı ilə iddia ərizəsi mümkün sayılmamışdır.

18. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

19. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-1(116)-2513/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-1(116)- 2513/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi.

21. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməzdən əvvəl, iddiaçı tərəfindən anoloji tələblə cavabdeh orqana müraciət edilmiş, lakin müraciəti təmin edilməmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 3-21-3-60/2- 2275/2023 nömrəli məktubuna əlavə olunmuş Zaqatala rayonunun Əliabad kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X15, X16 və X12 adlarının qarşısında “qanuni istifadəsində olan həyətyanı sahə” qrafasında 0,20 ha torpaq sahəsi qeyd olunmuşdur. Həmin məktuba əlavə olunmuş Zaqatala rayonu Əliabad qəsəbəsi “Qələbə” təsərrüfatı kəndlərinin ərazisində torpaq islahatında yol verilmiş uyğunsuzluqları aradan qaldırdıqdan sonra pay torpaqların müəyyənləşməsinə aid tərtib edilmiş yekun cədvəldən görünür ki, X6 adının qarşısında “faktiki sahə” qrafasının qarşısında 0,18 ha, “qanuni sahə” qrafasının qarşısında 0,20 ha, “cəmi torpaq pay norması” qrafasının qarşısında 1,2 ha, “əkin sahəsindən verilməli olan torpaq sahəsi” qrafasının qarşısında 1,2 ha qeyd edilmişdir. - Zaqatala rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 62 nömrəli sərəncamından görünür ki, Əliəbad və Qələbə təsərrüfatlarında torpaq islahatlar ilə əlaqədar işlərin tamamlanması üçün Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rayona ezam olunmuş aidiyyəti mütəxəssisləri ilə birgə yerdə torpaq islahatı işlərinin görülməsi üçün Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının 01 may 2017-ci il tarixli 82 nömrəli Sərəncamı ilə yaradılmış işçi qrupunun protokolu nəzərə alınması, Əliabad qəsəbəsi keçmiş Qələbə və Əliabad təsərrüfatları üzrə torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahılarının təsdiq edilməsi, Ərazidə aparılmış torpaqların elektron uçotu işlərı əsasında hazırlanmış layihənin təsdiq edilməsi və Torpaq payı alacaq subyektlərə torpaq sahəsi uzərində hüquqi müəyyən edən sənədlərin verilməsinə köməklik göstərilməsi Əmlak Məsələləri Dövlət Komitəsindən xahiş olunması qərara alınmışdır. - Zaqatala rayonu Əliabad “Qələbə” kolxozunda vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaq sahələrinə aid cədvəldən görünür ki, X15, X16 və X12 adları 87-ci sırada qeyd olunmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

23. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Bənd 3.1. İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Bənd 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

26. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

27. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir

28. İPM-in müvafiq normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

29. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı torpaq islahatı zamanı subyektlər siyahısında adı qeyd edilmiş Əhmədov (Məhəmməd) Muhaməd Əhməd oğlunun adı çıxarılmaqla həm həyətyanı, həm də pay torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun X9 məxsus olması barədə arayışın əldə edilməsinə nail olmaqdır.

30. İddiaçı, Muhaməd Əhmədovun sözügedən təsərrüfatda torpaq islahatı aparılan zaman olmadığını, adının texniki səhv olaraq subyektlər siyahısına düşdüyünü bildirsə də, Zaqatala rayonu Əliabad qəsəbəsi üzrə X6 uçotda olduğu 119 №-li şəxsi hesab üzrə təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Muhaməd Əhməd oğlu faktiki olaraq torpaq islahatı aparılan zaman sözügedən təsərrüfatda uçotda olmuşdur.

31. İddiaçının düzəliş edilməsini tələb etdiyi subyektlər siyahısı ilkin olaraq Zaqatala rayon AİK-nın xx.xx.1996-cı il tarixli qərarı ilə təsdiq edilmiş, sonradan tərtib edilmiş siyahı da ilkin siyahıya uyğun olmuş və Zaqatala rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli 62 nömrəli sərəncamı ilə təsdiq edilmişdir. X8 qərarları inzibati aktdır və düzəliş edilməsi tələb edilən subyektlər siyahısı rayon aqrar islahat komissiyasının qərarı, o cümlədən İcra Hakimiyyəti başçısının sərəncamı ilə təsdiq edildiyindən həmin inzibati aktlar mübahisələndirilmədən onun təsdiq etdiyi siyahıya, o cümlədən hüquqmüəyyənedici və texniki sənədlərə düzəliş edilə bilməz.

32. Bundan başqa Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X27 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X8 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri PHŞnin 18 saylı Zaqatala Ərazi İdarəsi Zaqatala rayon Aqrar İslahat Komissiyasının hüquqi varisi deyildir və sözügedən subyektlər siyahısına düzəliş edilməsi ilə bağlı səlahiyyəti yoxdur. Yəni, iddiaçı cavabdehdən ona aid olmayan məsələnin həllini tələb edir.

33. İddia tələbinin “Əhmədov (Məhəmməd) Muhaməd Əhməd oğlunun adının çıxarılmaqla Zaqatala rayonu Əliabad qəsəbəsində yerləşən torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququnun mərhum X9 məxsus olması haqqında arayışın verilməsi” hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, tələbin həmin hissəsi ilkin tələbdən asılı tələbdir. Yəni, iddiaçı sözügedən torpaq sahələri üzərində X6 ümumi birgə mülkiyyət hüququnun mövcudluğunu Əhmədova (Ramazanova) Narıngül Əhməd qızı ilə birgə qəbul edir. Belə olan halda ilkin tələbin qeyri-mümkün olması tələbin həmin hissəsinin də mümkünsüzlüyünə səbəb olur.

34. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubunda, həmçinin xx.xx.2023-cü il tarixli şifahi məhkəmə baxışı iclasında iddiaçıya izah edilərək onunla hüquqi müzakirə aparılmış və dinlənilmə hüququ təmin edilmişdir.

35. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur.

36. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.

37. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-1(116)- 2513/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2-1(116)-2513/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar