Məhkəmə qərarları › İş №2-1(107)-226/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-226/2021

18.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-226/2021 18.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik еdən və məruzəçi), X9 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ağsu rayonu, Xanbulaq bələdiyyəsinə qarşı “icarəsində olmuş və hazırda istifadəsində olan 100 ha torpaq sahəsinin ona icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(116)-103/2021 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Ağsu rayonu, Xanbulaq bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “icarəsində olmuş və hazırda istifadəsində olan 100 ha torpaq sahəsinin ona icarəyə verilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Ağsu rayonu, Yenilik bələdiyyəsindən 100 ha torpaq sahəsini iddiaçı icarəyə götürmüş və 17 il istifadə etmişdir. Lakin torpaq sahəsindən iddiaçının istifadə etməsinə bələdiyyə tərəfindən maneələr yaradılır. İddiaçı cavabdeh orqana müraciət edərək, icarə müqaviləsinin müddətinin uzadılmasını xahiş etsə də, onun müraciəti cavabsız qalmışdır. Cavabdeh orqan birinci instansiya məhkəməyə ünvanladığı 05.12.2020-ci il tarixli, 11 nömrəli məktubunda iddia tələbinə münasibət bildirərkən qeyd etmişdir ki, İddiaçı 2006-cı ildə Ağsu rayonun Qaraqoyunlu kənd sakini X1 100 hektar icarə torpaq sahəsini almışdır. Ş.Muradov da həmin torpaq sahəsini 2002-ci ildə Ağsu rayon Yenilik (indiki Xanbulaq) bələdiyyəsindən 15 il müddətinə icarəyə götürmüşdür. Həmin icarə müddətinin vaxtı 2017ci ilin noyabr ayında başa çatmışdır. Bundan sonra Gürcüvan bələdiyyəsinin sədri (indiki Xanbulaq) S.Məmmədov İddiaçı 100 hektar torpaq sahəsinə yenidən icarə müqaviləsi bağlamaq üçün 12 yanvar 2018-cu ildən, 11 yanvar 2019-cu ilə kimi protokol tərtib edərək qərar qəbul etmişdir. Lakin məktuba əlavə sənədlərin toplanmadığından bələdiyyənin protokolları bələdiyələrin iş mərkəzində ləğv edilmişdir. Bundan əlavə olaraq sabiq bələdiyyə sədri S.Məmmədov tərəfindən 12 noyabr 2007-ci ildə saxta protokol tərtib olunaraq İddiaçı verilməsi barədə Ağsu rayon məhkəməsinin 20 sentyabr 2019-cu il qərarı və 24 dekabr 2019-cu il tarixli Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1- (107)-303/2019 saylı Süleyman Məmmədov haqqında qərarı qəbul olunmuşdur. Şəki İnzibati Məhkəməsinin Şəki İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2- 1(116)-103/2021 nömrəli qərarı ilə, iddia təmin edilməmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışlar ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, 2002-ci ildən X3 15 illiyinə icarəsinə götürdüyü 100 hektarlıq torpaq sahəsini haqqını ödəməklə, müvafiq bələdiyyənin də razılığı ilə almışdır. Həmin torpaq sahəsində qoyunçuluqla, mal-qara saxlamaqla məşğul olmaq üçün bir neçə ferma, yaşayış, qeyri-yaşayış evləri tikmiş, sosial infrastrukturla təchizatını həyata keçirmişdir. Bu işlərin görülməsinə ümumilikdə 200 min manatdan çox xərc çəkmişdir. Ağsu rayon İcra Hakimiyyətinə, torpağın aid olduğu Xanbulaq bələdiyyəsinə dəfələrlə müraciət etsə də, hətta icarə, torpaq vergisi adı ilə hər dəfə 2-5 min manat arası haqq ödəsə də, onunla yeni icarə bağlanması təmin olnmamışdır. Bu səbəbdən həmin torpaq sahəsinin icarəmə verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişəm. Məhkəmə tərəfləərin iştirakını təmin etmədən, cavabdehin teleqramını əsas götürərək, 17 ildir kənd təsərrüfatı ilə yararlandığı torpaq sahəsinin qanuni icarəsinə verilməsini təmin etməmişdir. Məhkəmənin əsası odur ki, cavabdehin yeni sədri 18.02.2021-ci il tarixli teleqramla məhkəməyə bildirib ki, iddiaçı ona rəsmi müraciət etməmiş və etmiş olsa da, həmin 100 hektarlıq torpaq sahəsi dörd kəndin örüş sahəsi olduğundan, həmin ərazidə əhali mal-qarasını saxladığından, iddiaçının icarəsinə verilə bilməz. Əvvəla onun bələdiyyəyə müraciəti şübhə doğurmur. Məhkəmə özü qeyd edib ki, iddiaçının müraciətinə cavab verilməyib. İkinci, vətəndaş bələdiyyə sədri dəyişdikcə yeni müqavilə bağlanmasına ərizə verməli deyil. Üçüncü, həmin sahənin örüş sahəsi olması yalandır. Örüş sahəsi idisə, 2002-ci ildə necə icraəyə verilib? Məhkəmə qərarını əsaslandırmaq üçün istinad etdiyi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin digər bəndlərini onun hüququnu təsbit etdiyindın göstərməyib. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(116)-103/2021 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş: Ağsu Rayon Məhkəməsinin 1(016)-29/2019 nömrəli, 20.09.2019-cu il tarixli qərarı ilə 26.02.1965-ci ildə Kürdəmir rayonu Hacıabdulkərimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ailəli, ali təhsilli, Ağsu rayonu Xanbulaq kənd bələdiyyəsinin sədri vəzifəsində işləyən, məhkumluğu olmayan, Ağsu rayonu Elabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, X5 Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cinayət məsuliyyətindən azad edilmiş və barəsində olan cinayət işi üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-303/2019 nömrəli, 24.12.2019-cu il tarixli qərarı ilə zərərçəkmiş şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qərarın surətindən görünür ki, təqsirləndirilən şəxs X7 sаir şəxsi niyyətlə rəsmi sənəd hesаb edilən «Аğsu rаyоnu Yenilik bələdiyyəsinin 12 оktyаbr 2007-ci il tаrixli, 10 sаylı prоtоkоlu»ndаn çıxаrışа, «Tоrpаq sаhəsinin icаrəyə verilməsi hаqqındа 12 оktyаbr 2007- ci il tаrixli №09 sаylı müqаvilə»yə və «Dövlət Tоrpаq və Xəritçəkmə Kоmitəsinin Аğsu rаyоn şöbəsinin 12.10.2007-ci il tаrixli rəyi»nə Аğsu rаyоnu Pirhəsənli kənd sаkini Bədəlоv Firuz Mааrif оğlunа Yenilik bələdiyyəsinin mülkiyyətinə verilmiş tоrpаqlаrdаn 100,0 hektаrının icаrəyə verilməsi hаqqındа bilə-bilə yаlаn məlumаtlаr dаxil etməklə, vəzifə sаxtаkаrlığı cinаyət əməlini törətmişdir. Xanbulaq bələdiyyəsinin sədri X4 məhkəməyə 18.02.2021-ci il tarixli, AZ0600/********** nömrəli teleqram ünvanlamış və qeyd etmişdir ki, iddiaçı onun işlədiyi müddətdə bələdiyyəyə ona 100 ha torpaq sahəsinin icarəyə verilməsi barədə rəsmi müraciət etməmişdir. Buna baxmayaraq əgər İddiaçı rəsmi müraciət etsə belə qeyd olunan 100 ha ərazi bələdiyyəyə məxsus dörd kəndin ümumi örüş sahəsidir. Həmin ərazidə əhali öz mal-qarasını saxlayır. İddiaçı qanunsuz olaraq əraziləri, örüş sahələrini əkərək qanun pozuntusuna yol vermişdir. İddiaçı 2006-cı ildə Ağsu rayonun Qaraqoyunlu kənd sakini X1 100 hektar icarə torpaq sahəsini etibarnamə əsassında almış, özü bələdiyyə ilə müqavilə bağlamamışdır. Həmçinin Xanbulaq bələdiyyəsinin sədri X2 məhkəməyə göndərdiyi 18.02.2021-ci il tarixli, AZ0600/********** nömrəli teleqramda iddiaçının tələb etdiyi 100 ha ərazinin bələdiyyəyə məxsus dörd kəndin ümumi örüş sahəsi olması, həmin ərazidə əhalinin öz mal-qarasını saxlaması qeyd olunmuşdur. "Bələdiyyə tоrpаqlаrının idаrə edilməsi hаqqındа" Аzərbаycаn Respublikаsı Qаnununun: 1-ci maddəsinə əsasən, bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. 4.0-ci maddəsinə əsasən, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək. 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. 6.3-cü maddəsinə əsasən, bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilir. 11.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqlarının icarəyə verilməsi şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və bələdiyyələr ilə həmin torpaqların icarəçiləri arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 11.11-ci maddəsinə əsasən, icarəçi icarəyə götürdüyü torpaq sahəsini subicarəyə yalnız bələdiyyələrin razılığı ilə verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 720.1-ci maddəsinə əsasən, icarəçi icarəyə verəndən torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini aşağıdakı hallarda tələb edə bilər: 720.1.1. müəssisənin icarəyə götürüldüyü halda bu müəssisə icarəçinin mövcudluğunun iqtisadi əsasını təşkil etdikdə; 720.1.2. torpaq sahəsinin icarəyə götürüldüyü halda icarəçi öz mövcudluğunun iqtisadi əsasını təşkil edən müəssisəsini həmin sahəsiz saxlaya bilmədikdə və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi icarəçi və ya onun ailəsi üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədə bildikdə. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 4-cü bəndinə əsasən, yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Məhkəmə kоllegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi düzgün оlаrаq qeyd etmişdir ki, istinad olunan mülki qanunvericiliyin müddəalarında icarəçinin torpaq icarəsi müqaviləsindən irəli gələn hüquq münasibətlərinin müqavilə ilə müəyyən edilmiş müddət bitdikdən sonra davam etdirilməsini tələb etmək əsasları və qaydaları müəyyən edilmişdir. Maddədə torpaq üzərində yerləşən müəssisə və üzərində müəssisə yerləşən torpağın icarəsi müqavilələri üzrə hüquq münasibətlərinin davam etdirilməsi nəzərdə tutulmuşdur. Yəni, torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsini icarəçi göstərilmiş iki halda tələb edə bilər. İşin hallarından göründüyü kimi isə, iddiaçıya bələdiyyə tərəfindən ümumiyyətlə torpaq sahəsi verilməmiş və həmin sahəyə dair iddiaçı ilə müqavilə bağlanmamışdır. Beləliklə, mülki qanunvericiliyin tələbləri baxımından iddiaçının torpaq icarəsi haqqında müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi və onunla icarə müqaviləsinin bağlanmasını tələb etmək hüququ yaranmamışdır. Torpaq qanunvericiliyin tələblərinə görə isə otlaq sahələrinin icarə müddəti başa çatdıqdan sonra yeni müqavilə yalnız torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Həmin sahənin bir qayda olaraq on ildən on beş ilədək verilə bilməsi ifadəsi isə onu ehtiva edir ki, bu müddətlərdən istisnalar qanun pozulması kimi qiymətləndirilməməlidir. Sadalanmış qanunvericiliyin tələblərindən və işin faktiki hallarından göründüyü kimi, cavabdehin iddiaçı ilə icarə müqaviləsinin bağlanması öhdəliyi yaranmadığından, iddiaçının tələbinin hüquqi əsası mövcud deyil. Qeyri-qanuni istifadə edilən torpaq sahələrinə dair tələblər isə "Bələdiyyə tоrpаqlаrının idаrə edilməsi hаqqındа" Аzərbаycаn Respublikаsı Qаnununun 16-cı mаddəsində nəzərdə tutulmuşdur. Həmin mаddədə deyilir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Belə olan halda kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi haqlı olaraq təqdim edilmiş sənədlərə istinad edərək hesab etmişdir ki, iddia olunan torpaq sahəsinin iddiaçıya icarəyə verilməsi üçün heç bir qanuni əsas mövcud olmadığından iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Apellyasiya şikayətlərində göstərilən dəlillərlə razılaşmayan kollegiya qeyd edir ki, iddiaçı torpaq sahəsinin əvvəllər ona icarəyə verildiyini desə də, iş materiallarından və işin faktiki hallarından görünür ki, iddiaçıya bələdiyyə tərəfindən ümumiyyətlə torpaq sahəsi verilməmiş və həmin sahəyə dair iddiaçı ilə müqavilə bağlanmamışdır. Həmin torpaq sahəsi iddiaçı tərəfindən qeyri-qanuni istifadə olunmuşdur. Qeyri-qanuni istifadə edilən torpaq sahələri isə Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(116)-103/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 2-1(116)-103/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar