Məhkəmə qərarları › İş №2-1(107)-226/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-226/2025

03.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-226/2025 03.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X4 ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1637/2024 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1977-ci il tarixdə Şəki şəhərində anadan olmuş, 2001-ci ilin yanvar ayından 2002-ci ilin iyul ayına kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində xidmət etmişdir. Hərbi xidmətini başa çatdırdıqdan sonra müxtəlif işlərdə işləmiş, 2010-cu ildən “Şəki rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin təcili tibbi yardım şöbəsində sürücü vəzifəsində işləməyə başlamışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən əks-hücum əməliyyatlarına başlanılarkən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli, 2624 nömrəli əmri ilə o, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Fizuli Rayon Mərkəzi Xəstəxanasına ezam olunmuşdur. Göstərilən tarixlərdə o, X8 uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X6 Mərkəzinə daşınmasında iştirak etmişdir. Bütün bu qeyd edilənlər işin mübahisəsiz halı olmaqla təqdim etdiyi bütün sənədlərlə tam təsdiqini tapmışdır. - Daha sonra o “müharibə veteranı" adının və vəsiqəsinin verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ona göndərilmiş 24 may 2022-ci il tarixli, ***-**** nömrəli məktubda göstərilmişdir ki, iddiaçı Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrinin tərkibində xidmət etmədiyinə və Müdafiə Nazirliyində işləmədiyinə görə ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ona vermiş olduğu imtina ilə qətiyyən razılaşmır. Belə ki, onun bütün sənədləri müharibə vaxtı döyüş əməliyyatlarında iştirak etməyini tam şəkildə təsdiq edir.

3. Cavabdeh orqan iddia tələbinə münasibətini onunla əsaslandırmışdır ki, iddiaçı, Müdafiə Nazirliyinin döyüş əməliyyatlarını aparan hərbi hissəsində xidmət etmədiyi üçün “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməmişdir. İddiaçı, "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli, 2624 nömrəli əmri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına xəstə daşımaq məqsədi ilə (Füzuli şəhərinə) ezam edilmişdir. İnzibati iş materiallarında olan "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin təqdim etdiyi 20 nəfər sürücünün siyahısında iddiaçının adı ilə yanaşı X2 adı da qeyd edilmişdir. Analoji iş üzrə X2 cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbi Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə təmin edilmiş, Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qərarların surəti, Hüquq idarəsinin göndərdiyi xx.xx.2024-cü il tarixli məktubla Komissiyaya təqdim edilmişdir. Odur ki, formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq lüzumsuz məhkəmə çəkişməsinin və vaxt itkisinin qarşısının alınması məqsədilə mübahisənin məhkəmədən kənar həlli mümkün olduğundan iddiaçının müraciətinə yenidən baxılaraq müvafiq qərarın qəbul edilməsi barədə Hüquq İdarəsinə və Şəki İnzibati Məhkəməsinə məlumat verilməsi xahiş olunmuşdur.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Katibliyinin xx.xx.2022-ci il tarixli imtina məktubu, - AO ******* №-li Hərbi Bilet, - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “X6 Mərkəzi” PHŞ-nin xx.xx.2024-cü il tarixli 157 nömrəli məktubu, - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin xx.xx.2020-ci il tarixli 2624 nömrəli əmrindən çıxarış, - Şəki Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin xx.xx.2022-ci il tarixli məktubu, - Şəki şəhər Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Tələbnamə, - Azərbaycan Respublikasinin Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsinin xx.xx.2024-ci il tarixli məktubu.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 12 dekabr 2024-cü il tarixli 2- 1(116)-1637/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsinə nail olmaqdır. Cavabdeh orqan ilkin imtina məktubunda iddiaçının Müdafiə Nazirliyinin döyüş əməliyyatları aparan hərbi hissələrinin tərkibində xidmət etmədiyinə və Müdafiə Nazirliyində işləmədiyinə görə müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda analoji işə uyğun mübahisənin məhkəmədən kənar qaydada müsbət həllinin mümkünlüyünü bəyan etsə də, ötən müddət ərzində iddiaçının müraciətini təmin etməmişdir. - Hazırkı iş üzrə işin halları ondan ibarətdir ki, iddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Təcili və X5 Stansiyasının sürücüsü vəzifəsində işləyir. "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli, 2624 nömrəli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X3 - Füzuli şəhərinə ezam olunmuşdur. “X6 Mərkəzi” PHŞ-nin xx.xx.2021-ci il tarixli, 157 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçı X8 uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X6 Mərkəzinə daşınmasında iştirak etmişdir. Beləliklə, iddiaçı döyüş bölgələrinə ezam olunaraq, yaralı əsgərlərin və şəhidlərin döyüş bölgələrindən daşıyaraq döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir. Sadalanan hallar iş materiallarında olan ezamiyyə vərəqəsi, həmçinin yol vərəqəsində qeyd edilmiş məlumatlarla sübuta yetirilir. Göründüyü kimi iş materialları ilə təsdiq olunur ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğundan hazırkı qərarın 33-cü bəndində göstərilən şəxslərin dairəsinə aiddir. Buna görə də, məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.

7. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2-1(116)- 1637/2024 nömrəli qərarının tam ləğv edilərək, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 127s №-li Sərəncamını, “Müharibə veteranı" adının verilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli 3088 nömrəli Sərəncamını, iddiaçıya ''Müharibə veteranı" adının verilib-verilməməsini Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən asılı olduğunu nəzərə almamışdır. Həmçinin, məhkəmə İPM-nin 28-ci maddəsinə (zəruri cəlb etməyə görə) zidd olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) inzibatı işə cəlb etmədən birtərəfli qərar qəbul etmişdir. Məhkəmə TƏBİB-in hazırkı işdə olan səlahiyyətlərini araşdırmadan, Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoymuşdur. Bu o deməkdir ki, iddiaçının sənədlərinin göndərilməsi Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyindən asılı olduğu halda, iddiaçının iddia tələbi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı yönələ bilməzdi. - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən TƏBİB-in tabeliyində olan tibb müəssisələrində çalışan, döyüş əməliyyatlarının aparıldığı ərazilərdə tibbi təminat üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər barədə siyahının və təsdiqedici məlumatların həmin işçilərin ezam olunduqları qurumlardan (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22,09.1995-ci il tarixli 216 nömrəli Qərarında adları göstərilmişdir) asılı olaraq (məsələn: Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Komissiyasına, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) və ya regionlar üzrə ezam olunmuş şəxslərin hansı güc strukturunun istiqaməti üzrə xəstə, yaralı, həlak olanları daşımaq məqsədi ilə ezam edilmiş şəxslərin siyahıların göndərilməsi əks olunmuşdur. - İşin faktiki hallarından görmək olar ki, iddiaçıya aid olan tələbə inzibati orqanların qarşılıqlı şəkildə baxılmalı olduqlarını məhkəmə nəzərə almamışdır. Belə ki, TƏBİB iddiaçının sənədlərini Komissiyaya təqdim etmədiyi halda, beləliklə də həmin şəxsin təsdiqedici sənədləri Müdafiə Nazirliyində olmadığından (çünki, Müdafiə Nazirliyində xidmət etməyib, işləməyib, ezam olunmayıb) müsbət qərar qəbul edilməsi qeyri-mümkün olmuşdur. Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə Komissiyası tərəfindən iddiaçının xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin döyüş əməliyyatlarını aparan hərbi hissədə xidmət etmədiyini nəzərə alaraq, ona "Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. İddiaçının sənədlərinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyin”nin (TƏBİB) vəsatətindən asılı olduğundan həmin mərhələni ötürərək birbaşa (Veteran adlarının verilməsi üzrə Komissiyası mövcud olan) hansısa dövrlər orqanın üzərinə vəzifə qoyulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 127s №-li Sərəncamına ziddir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli 2-1(116)-1637/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasına cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

12. İnzibati Prosessual Məcəllə: Maddə 8.1.3. İnzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

13. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (2024-cü il 28 fevral tarixli, 110 №-li Qərarla edilmiş əlavə və dəyişikliklərlə) müddəalarına əsasən: ... Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... (10-cu abzas) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; (11-ci abzas) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. ... Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.2. Qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1. İnzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

Apellyasiya şikayətinin mümkünlüyü

18. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

19. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

20. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

21. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

24. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

25. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

27. Cavabdeh orqanın apellyasiya şikayətinin ilk dəlili ondan ibarətdir ki, iddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Müdafiə Nazirliyinin döyüş əməliyyatlarını aparan hərbi hissəsində xidmət etməmişdir.

28. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X11 Ərazi Bölmələrini İdarəetmə Birliyinin "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin Təcili və X5 Stansiyasının sürücüsü vəzifəsində işləyir. "Şəki Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktorunun xx.xx.2020-ci il tarixli, 2624 nömrəli əmri ilə iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X3 - Füzuli şəhərinə ezam olunmuşdur. “X6 Mərkəzi” PHŞ-nin xx.xx.2021-ci il tarixli, 157 saylı məktubunda da qeyd edilmişdir ki, iddiaçı X8 uğrunda Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut ərazilərində gedən döyüşlərdə əsgər, zabit və şəhidlərin X6 Mərkəzinə daşınmasında iştirak etmişdir. Beləliklə, iddiaçı döyüş bölgələrinə ezam olunaraq, yaralı əsgərlərin və şəhidlərin döyüş bölgələrindən daşıyaraq döyüş əməliyyatlarının təminatı ilə bağlı müvafiq tapşırıqları yerinə yetirmişdir. Sadalanan hallar iş materiallarında olan ezamiyyə vərəqəsi, həmçinin yol vərəqəsində qeyd edilmiş məlumatlarla sübuta yetirilir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki qərarın 14-cü bəndində qeyd edilən Əsasnaməyə əsasən mülki şəxslərə hərbi hissə (bölmə) və ya orqanların tərkibində olmadan da əgər o döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuşdursa ona müharibə veteranı verilir.

30. Həmçinin müvafiq Əsasnamədə qeyd edilmişdir ki, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur.

31. Göründüyü kimi, iş materialları ilə təsdiq olunur ki, iddiaçı döyüş əməliyyatları aparan hərbi hissəyə tibbi təminat ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunduğundan hazırkı qərarın 14-cü bəndində göstərilən şəxslərin dairəsinə aiddir.

32. İşin müəyyən edilən hallarından göründüyü kimi iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün hazırkı qərarda istinad olunan maddi hüquq normalarında nəzərdə tutulan istisna hallar mövcud olmamışdır.

33. «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə 1-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir.

34. Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər və mülki şəxslər də müharibə veteranı hesab edilirlər.

35. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqanın qeyd etdiyi dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas olmamışdır.

36. Apellyasiya şikayətinin digər dəlilinə görə, məhkəmə, iddiaçıya ''Müharibə veteranı" adının verilib-verilməməsinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən asılı olduğunu nəzərə almamışdır. Həmçinin, məhkəmə İPM-nin 28-ci maddəsinə (zəruri cəlb etməyə görə) zidd olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) inzibati işə cəlb etmədən birtərəfli qərar qəbul etmişdir. Məhkəmə TƏBİB-in hazırkı işdə olan səlahiyyətlərini araşdırmadan, Müdafiə Nazirliyinin üzərinə öhdəlik qoymuşdur. Bu o deməkdir ki, iddiaçının sənədlərinin göndərilməsi Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyindən asılı olduğu halda, iddiaçının iddia tələbi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı yönələ bilməzdi.

37. Kollegiya hesab edir ki, şikayətin həmin dəlili birinci instansiyası məhkəməsinin qərarının ləğvinə və iddianın rədd edilməsinə əsas vermir. Belə ki, Əsasnamənin 1-ci hissəsində təsbit olunmuş şəxslərə müharibə veteranı adının və müvafiq veteran vəsiqəsinin verilməsi, hər bir halda Müdafiə Nazirliyinə həvalə edilmişdir.

38. Bundan başqa, Kollegiya hesab edir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməsinə (zəruri cəlbetmə) də zərurət yoxdur.

39. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.2-ci maddəsinə görə, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə); - 28.3-cü maddəsinə əsasən, üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir.

40. Göründüyü kimi, hazırki iş üzrə mübahisə edilən hüquq münasibətində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi barəsində vahid qərarın qəbul olunmasını şərtləndirmir.

41. Göründüyü kimi, qanunvericiliyin qeyd olunan müddəalarına görə adi və ya zəruri cəlbetmə qaydasında qoşulmanın baş tuta bilməsi üçün bir neçə şərtin birlikdə mövcud olması tələb olunur. Həmin şərtlərin bəziləri hər iki cəlbetməyə münasibətdə eyni olsa da, bəziləri isə cəlbetmənin növündən asılı olaraq fərqli olur.

42. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır.

43. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, cavabdeh orqan işin yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

44. Bununla bağlı isə qeyd olunmalıdır ki, işin yenidən baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılması hazırda mübahisələndirilən qərarın ləğvindən (İPM-nin 87.7-ci maddəsi tətbiq edilməklə) sonra törəmə tələb olduğundan, həmin qərar isə ləğv olunmadığından apelyatorun qeyd edilən tələbi də təmin edilə bilməz.

45. Bundan başqa, iş üzrə İPM-in 87.7-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının apellyasiya qaydasında ləğv olunması üçün məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.

46. Öhdəliyin icrası haqqında iddialar üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini zəruri edən şərtləri sübut edə bilsə də, cavabdeh orqan iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

47. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır. Odur ki, iddiaçının tələbinin təmin edilməsini istisna edən hər hansı hal aşkar edilmədiyindən cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, bunun da nəticəsi olaraq birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Ümumilikdə Kollegiya, cavabdehin dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın rədd edilməsinin əsası kimi qəbul etmir.

48. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində iş üzrə göstərilən dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

49. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1637/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar