Məhkəmə qərarları › İş №2-1(107)-227/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-227/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-227/2023 11.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “1497,47 manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(116)- 127/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortanma Fondu və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “iddiaçıya hesablanmış kompensasiyanın dəqiq hesablanması üçün Azərbaycan Respublikası Mərkəzi Bank qarşısında öhdəlik qoyulması və Fərmana əsasən iddiaçıya çatası 1497.47 manat kompensasiya məbləğinin “Əmanətlərin Sığortalanması Fondu”dan alınaraq özünə ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-4778/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə gömdərilmişdir.

3. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək “Əmanətlərin Sığortanma Fondunun 3cü şəxs qismində qeyd olunmasını, 1497,47 manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

5. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(116)-127/2023 nömrəli qərardadı ilə ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi cəlb edilmişdir.

6. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, - xx.xx.2014-cü il tarixli, N360007712 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 ASC-dən illik fazi dərəcəsi 23.5% olmaqla 18 (on səkkiz) ay müddətinə 2800 ABŞ dollar məblərində kredit götürmüş, həmin kreditin təminatı qismində özünə məxsus olan, ümumi çəkisi 23.80 qram təşkil edən qızıl ziynət əşyalarını girov qoymuşdur. Kredit götürdüyü tarixdən dörd ay sonra yəni xx.xx.2015-ci il tarixində ölkədə baş vermiş devalvasiya nəticəsində banka olan borcu artmışdır. Elə həmin ilin dekabr aynda baş vermiş ikinci devalvasiyadan sonra ümumiyyətlə ödəmə qabiliyyəti olmamışdır. Öhdəliyin lazımınca icra edilməməsi nəticəsində tələbkar Cavabdeh1 ASC Yevlax Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(039)383/2017 saylı qətnaməsi üzrə ümumilikdə 2983.03 ABŞ dollar və 30 manat dövlət rüsumunun ondan alınaraq banka ödənilməsi qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(039)-383/2017 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Yevlax Rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2017-ci il tarixdə Yevlax Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(039)- 383/2017 saylı qətnaməsi üzrə müəyyən edilmiş 2983.03 ABŞ dolları və 30 manat dövlət rüsumunu Cavabdeh1 ASC -yə ödəyərək müvafiq icra sənədi üzrə icra icraatına xitam verilməsi haqqında rəsmi məktub alaraq Yevlax rayon icra şöbəsinə təqdim etmişdir. Azəryabcan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli Fərmana əsasən xarici valyutada götürmüş olduğu kredit üzrə devalvasiya nəticəsində ona dəymiş ziyan üçün kompensasiya ödənilməli şəxslərin siyahısına daxil edilmişdir. Maliyyə Bazarlarına Nəzarət palatası tərəfindən yaradılmış portal vasitəsi ilə ona hesablanmış kompensasiya məbləği düzgün hesablanmamışdır. Belə ki,Maliyyə Bazarlarına Nəzarət Palatasının kompensasiya məbləğinin sorğulanması portalından çıxarışda ona yalnız xx.xx.2015-ci il tarixdə kredit üzrə əsas borca hesablanmış kompensasiya məbləği göstəriİmişdir. Halbuki xx.xx.2014-cü ildə “Dəmirbank" ASC-dən kredit götürdüyü üçün kredit üzrə əsas borc məbləğimə iki dəfə kompensasiya hesablanmalı idi. Portaldan çıxarılmış hesabatda xx.xx.2015-ci il tarixinə olan 2495.79 ABŞ dollar kredit üzrə əsas borcuma manat ekvivalentində 1497.47 manat kompensasiya hesablanmış və həmin kompensasiya məbləği Cavabdeh1 ASC-də olan kredit borcuna yönəldiyi göstərilmişdir. Halbuki, həmin tarixdə onun “Dəmirbank" ASC qarşısında heç bir öhdəliyi olmamışdır. Bununla bağlı olaraq dəfələrlə aidiyyatı qurumlara sorğu məktubu göndərmiş, hər qurum ayrılıqda özünü haqlı bildiyindən qeyri müəyyənlik yaranmışdır. Tərəfindən bütün mümkün hərəkətlər edilməsinə baxmayaraq nəticə hasil olmadığından Məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlər nəzərə alınaraq iddianın təmin edilməsi xahiş edilmişdir.

7. Cavabdeh orqan iddia tələbinə münasibətdə qeyd etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2014-cü il tarixində bağlanmış kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki səxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, məlumat bazalarına əsasən iddiaçının ikinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) 2.495,79 ABŞ dolları məbləğində əsas kredit borcu barədə qeydlər daxil edildiyindən Fərmanın 1.2ci bəndi üzrə ona 1.497,47 manat kompensasiya hesablanmışdır. Məlumat bazalarına kredit təşkilatı (və ya onun ləğvedicisi) tərəfindən birinci devalvasiya gününə (xx.xx.2015-ci il tarixə) borc öhdəliyi barədə hər hansı məlumat daxil edilmədiyindən iddiaçıya bu hissədə kompensasiya hesablanmamışdır. Bundan başqa, məlumat bazalarına ötürülmüş qeydlərə əsasən Fərmanın qüvvəyə mindiyi günə (xx.xx.2019-cu il tarixinə) sözügedən kredit müqaviləsi üzrə 1.664,64 ABŞ dolları (2.829,89 manat) ödəniş müddəti keçmiş əsas kredit borcu mövcud olduğundan yuxarıda hesablanmış kompensasiya məbləğləri Fərmanın 2-ci hissəsinə əsasən həmin borcun ödənilməsinə yönəldilmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə X2 üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş edilmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

9. Üçüncü şəxsin nümayəndəsi, birinci instansiya məhkəməsinin iclasında izahat verərək, iddianın təmin edilməməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədilə təsdiqlənmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”nın 6.16-cı bəndində fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviəsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi xx.xx.2019-cu il nəzərdə tutulmuşdur. Odur ki, iddiaçının müraciətinə uyğun kompensasiyanın ödənilməsi ümumiyyətlə mümkün ola bilməz. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 16 yanvar 2023-cü il tarixli, 2-1(116)-127/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

11. Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

12. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, 01 mart 2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində Palatada (PK) yaradılmış məlumat bazalarına əsasən İddiaçı ilə Cavabdeh1 ASC arasında xx.xx.2015-ci il tarixində bağlanmış 2.800 ABŞ dolları dəyərində kredit müqaviləsi Fərmanın təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqaviləsi üzrə İddiaçı ümumilikdə 1.497,47 manat kompensasiya hesablanmışdır. Məlumat bazalarına ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə Fərmanın qüvvəyə mindiyi günə (xx.xx.2019-cu il tarixinə) 1.664,64 ABŞ dolları (2.829,89 manat) ödəniş müddəti keçmiş əsas kredit borcunun mövcud olması ilə bağlı qeydlər daxil edildiyindən, yuxarıda qeyd edilən kompensasiya məbləği Fərmanın 2ci hissəsinə əsasən həmin borcun ödənilməsinə yönəldilmişdir. Göründüyü kimi, Palata Fərmanın tələbləri baxımından üzərinə düşən öhdəlikləri yerinə yetirərkən hər hansı pozuntuya yol verməmişdir. Belə ki, Fərmanla müəyyən edilmiş müddət ərzində (2019-cu ilin iyun ayına qədər) kompensasiyaların ödənilməsi və ya borclara yönəldilməsi məqsədilə MKR məlumat bazası və bankların fiziki olaraq təqdim etdiyi məlumatlar üzrə hesablamalar aparılmış və müvafıq siyahı hazırlanaraq aidiyyatı üzrə icra edilməsi məqsədilə Maliyyə Nazirliyinə göndərilmişdir. Qeyd olunmalıdır ki, Palata Fərman üzrə ona həvalə edilmiş öhdəlikləri, yəni kompensasiyaların aidiyyatı üzrə ödənilməsi barədə müvafiq tədbirləri 2019-cu ilin iyun ayına qədər bitirdiyindən, bu müddət ərzində isə iddiaçının xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin icra edilməsi ilə bağlı hər hansı məlumata sahib olmadığından, Maliyyə Nazirliyinə hesablanmış kompensasiya məbləğinin iddiaçının borcuna yönəldilməsini sifariş etmişdir. Fərmandan irəli gələn məsələlərin icra olunması məqsədilə Palata, Maliyyə Nazirliyi və digər qurumların üzərinə konkret vəzifələr qoyulmuşdur. Belə ki, Fərmanın 3-cü hissəsinə, həmçinin Qaydanın 4.1ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmi və güzəştlər təsdiq edildikdən sonra Palata yalnız ediləcək ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən etməli və bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (Maliyyə Nazirliyi) və Mərkəzi Banka məlumat verməlidir. Qaydaların 4.2-ci bəndinə görə isə fiziki şəxslərə kompensasiyaların ödənilməsi istiqamətində icra edilməli olan sonrakı hərəkətlər Maliyyə Nazirliyi tərəfindən həyata keçirilməli, Palatadan siyahı barədə məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürülməlidir. Göründüyü kimi, vətəndaşa hesablanmış kompensasiya məbləği icraatın hər hansı bir mərhələsində Palatanın sərəncamında (və ya müvafiq hesablarında) olmur və siyahı üzrə Maliyyə Nazirliyindən birbaşa olaraq kredit təşkilatlarının müvafiq hesablarına köçürülür. İşin yuxarıda qeyd edilən hallarından da məlum olur ki, ƏSF tərəfindən kredit müqaviləsi üzrə borcun tam şəkildə ödənilməsi barədə hər hansı məlumat Palataya və ya məlumat sistemlərinə təqdim edilməməsi səbəbindən iddiaçıya hesablanmış kompensasiya məbləği ləğv prosesində olan Cavabdeh1 ASC-nin hesabına köçürülmüşdür. Başqa sözlə, iddianın predmeti olan kompensasiya məbləği hazırda həmin qurumun sərəncamındadır və vəsaitin qaytarılmasına dair iddia da həmin quruma qarşı qaldırılmalı idi. Ona görə də Şəki İnzibati Məhkəməsini 16 yanvar 2023-cü il tarixli, 2-1(116)-127/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(116)-127/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

15. Məhkəmə kollegiyası cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir

16. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - Yevlax rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(039)-383/2017 nömrəli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı "xxxx" ASC arasında bağlanmış 20 oktyabr 2014-cü il tarixli N ********* №-li kredit müqaviləsi üzrə 2495.79 (iki min dörd yüz doxsan beş ABŞ, yetmiş doqquz sent) ABŞ dolları əsas, 391.02 (üç yüz doxsan bir ABŞ, iki sent) ABŞ dolları faiz, 96.22 (doxsan altı ABŞ, iyirmi iki sent) ABŞ dolları cərimə məbləği, cəmi 2983.03 (iki min doqquz yüz səksən üç ABŞ, üç sent) ABŞ dolları məbləğində borc milli manat ekvivalentində və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, borcun əvəzi İddiaçımn mülkiyyətindəki, çəkisi 9 qram olan nazik sepdən, çəkisi 5.9 qram olan sırğadan, çəkisi 6.5 qram olan üzükdən, çəkisi 2.4 qram olan klondan ibarət qızıl-zinət əşyalarma yönəldilməsi və açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi qət edilmişdir. - Cavabdeh1 ASC tərəfindən Yevlax rayon icra şöbəsinə ünvanlanmış xx.xx.2017ci il tarixli məktubda qeyd edilmişdir ki, Yevlax rayon Məhkəməsinin 2(039)-383/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 2983,03 USD borcu və ödənilmiş 30 AZN dövlət rusumu tutulub Cavabdeh1 ASC-yə ödənilməsi qət edilmişdir. Borclu icra sənədi üzrə borcunu xx.xx.2017-ci il tarixində tam ödəmiş və 30 AZN dövlət rüsumunu ödəmişdir. İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən Yevlax rayon Məhkəməsinin 2(039)-383/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilməsi xahiş edilmişdir. - Bərdə rayon icra şöbəsinin xx.xx.2018-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarından görünür ki, xx.xx.2017-ci il tarixli qərarla icraata başlanılmış Yevlax rayon Məhkəməsinin 2(039)-383 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə borc tam şəkildə ödənildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. - ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmışdır. Tərəflər arasında kredit öhdəliyi 1-ci devalvasiya hadisəsindən sonrakı dövrdə (8 ay keçdikdən) yaranmışdır. - üçüncü şəxs və Yevlax rayon Məhkəməsi tərəfindən təqdim edilmiş ********* nömrəli kredit müqaviləsindən görünür ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında kredit müqaviləsi xx.xx.2015-ci il tarixdə bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı şəxsi istehlak məqsədi ilə 23.5 faizlə 18 ay müddətində ilə 2800 (iki min səkkiz yüz ABŞ) ABŞ dolları məbləğində kredit verilməsi barədə razılıq əldə olunmuşdur. - iddiaçı tərəfindən ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna xx.xx.2019-cu il tarixdə edilmiş müraciətdən görünür ki, iddiaçı, Cavabdeh1 ASC-dən götürdüyü krediti məhkəmə qərarı üzrə tam ödüyüb qurtardığını bildirmiş və sistemdə səhvən qalmış borc məbləğindən silinmiş kompensasiya məbləğinin geri qaytarılmasını xahiş etmişdir. - cavabdehin xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2021-ci il tarixli məktublarından görünür ki, iddiaçının müraciəti təmin edilməmişdir. - ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx/xx/2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əsasən bankdan ona 18 (on səkkiz) ay müddətinə qaytarmaq şərti, illik 23.5 (iyirmi üç tam onda beş) faiz dərəcəsi ilə, 2800 (iki min səkkiz yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra edilmədiyindən yaranmış borcun məhkəmə qaydasında tutulması üçün bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Yevlax rayon məhkəməsinin xx/xx/2017-ci il tarixli 2(039)-383/2017 saylı qətnaməsinə əsasən 2983.03 (iki min doqquz yüz səksən üç dollar 03 sent ) ABŞ dolları məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu ondan tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı tərəfindən banka 2971.06 (iki min doqquz yüz yetmiş bir dollar 06 sent) ABŞ dolları məbləğində və 30 (otuz) manat dövlət rüsumu ödəniş həyata keçirilmişdir. Odur ki, İddiaçı hazırda ləğv prosesində olan "xxxx" ASC qarşısında Yevlax rayon məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş 11.97 (on bir dollar 97 sent) ABŞ dolları borcu mövcuddur. - “Problemli kreditlərin kompensasiyası” sənədindən görünür ki, iddiaçıya 1497,47 manat, kompensasiya məbləği hesablanmış, həmin məbləğ borcların ödənilməsinə yönəldilmiş, restrukturizasiya məbləği 1332.41 manat müəyyən edilmişdir. Həmçinin xx.xx.2015-ci il tarixə xarici valyutada əsas kredit borcu məbləği 2495,79 ABŞ dolları, xx.xx.2019-cu il tarixə əsas kredit borcu 2829,89 manat qeyd edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

17. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

18. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı:

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə– bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi.

2. Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(116)-127/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

25. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddiaçının cavabdeh orqana qarşı yönəlmiş hazırkı tələbinin əsaslandırılması düzgün olmasa da, ümumilikdə mahiyyət etibarilə tələbdə qeyd edilmiş kompensasiya məbləğinin cavabdeh orqandan tələb etməkdə iddiaçı haqlıdır.

26. Belə ki, iddiaçı, xx.xx.2014-cü il tarixdə Cavabdeh1 ASC-dən illik fazi dərəcəsi 23.5% olmaqla 18 (on səkkiz) ay müddətinə 2800 ABŞ dollar məblərində kredit götürməsini, dörd ay sonra yəni xx.xx.2015-ci il tarixində ölkədə baş vermiş devalvasiya nəticəsində banka olan borcunun artmasını, ikinci devalvasiyadan sonra ümumiyyətlə ödəmə qabiliyyətinin olmamasını, ona yalnız xx.xx.2015-ci il tarixdə kredit üzrə əsas borca hesablanmış kompensasiya hesablanmasını, xx.xx.2014-cü ildə “Dəmirbank" ASCdən kredit götürdüyü üçün kredit üzrə əsas borc məbləğimə iki dəfə kompensasiya hesablanmalı olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında 1-ci devalvasiyayadək hər hansı kredit müqaviləsi bağlanmamış, bağlanmış yeganə müqavilə isə xx.xx.2015-ci il tarixli olmaqla 1-ci devalvasiyadan sonrakı dövrə (8 ay sonraya) təsadüf etmişdir.

27. Yevlax rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(039)-383/2017 nömrəli qətnaməsində kredit müqaviləsinin bağlanma tarixi 20 oktyabr 2014-cü il qeyd edilsə də, sözügedən kredit müqaviləsinin surəti məhkəmədən sorğu edilərək əldə edilmiş və müəyyən edilmişdir ki, həmin müqavilə yuxarıda qeyd edildiyi kimi xx.xx.2015-ci il tarixə aiddir. Odur ki, iddiaçının 1-ci devalvasiyayadək Cavabdeh1 ASC qarşısında hər hansı kredit öhdəliyi olmadığından ona istinad olunan Fərmanın tələbləri baxımından iki dəfə kompensasiya hesablana bilməzdi.

28. Hesablanmış kompensasiya məbləğinin iddiaçıya ödənilməməsi və mövcud olan borcundan çıxılması ilə bağlı cavabdeh orqanın etirazına münasibətdə isə məhkəmə qeyd edir ki, istinad olunan Fərmanın 2-ci bəndinin tələbləri baxımından cavabdeh orqan iddiaçının banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının mövcudluğunu araşdırmalı, yalnız bankların təqdim etdikləri məlumatlarla kifayətlənməməli idi. Belə ki, müvafiq araşdırmanın aparılması “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsində nəzərdə tutulmuş inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Həmin Qanunun 24.4-cü maddəsinin tələbinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Bununla belə cavabdeh orqan ötən 4 il müddətində iddiaçının ardıcıl müraciətlərinə şablon cavablar verməklə ümumiyyətlə inzibati araşdırmanın tam şəkildə aparılmasını təmin etməmiş, nəticədə “İnzibati icraat haqqında” Qanunun tələbləri dəfələrlə pozulmuşdur.

29. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olur ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(039)-383/2017 nömrəli qətnaməsi ilə müəyyən edilmiş borc məbləği iddiaçı tərəfindən Cavabdeh1 ASC-yə tam şəkildə ödənilmişdir. Odur ki, sonuncu tərəfindən borc məbləğinin tam şəkildə ödənilməsi ilə bağlı xx.xx.2017-ci il tarixdə Yevlax rayon icra şöbəsinə məktub göndərilərək “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.5-ci maddəsinə əsasən Yevlax rayon Məhkəməsinin 2(039)-383/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinə xitam verilməsi xahiş edilmişdir. Həmin məktub əsasında Bərdə rayon icra şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə Yevlax rayon Məhkəməsinin 2(039)-383 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə başlanmş icraata xitam verilmişdir.

30. Göründüyü kimi artıq xx.xx.2017-ci il tarixdə iddiaçının Cavabdeh1 ASC-yə heç bir borcu olmadığı halda Cavabdeh1 ASC tərəfindən cavabdeh orqana Fərmanın qüvvəyə mindiyi günə (xx.xx.2019-cu il tarixinə) sözügedən kredit müqaviləsi üzrə 1.664,64 ABŞ dolları (2.829,89 manat) ödəniş müddəti keçmiş əsas kredit borcu mövcud olması barədə məlumat ötürülmüş, cavabdeh orqan isə iddiaçının ardıcıl müraciətlərinə baxmayaraq, məlumatın doğru olub-olmamasını araşdırmamış, hesablanmış kompensasiya məbləğini ödənilmiş borc məbləğindən çıxmaqla iddiaçının hüquqlarını pozmuşdur.

31. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası məqsədilə təsdiqlənmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”nın 6.16-cı bəndinin hazırkı işə tətbiq edilməli olduğunu qeyd edərək kompensasiya məbləğinin ödənilməsinin qeyri-mümkün olmasını bildirmişdir.

32. Məhkəmə kollegiyası həmin mövqeni əsaslı hesab etmir. Belə ki, sözügedən Qaydaların 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulunun son tarixi xx.xx.2019-cu il müəyyən edilmişdir. İddiaçı isə kredit borclunun restrukturizasiyasını deyil, ona ödənilməli olan, lakin əsassız olaraq əvvəllər ödədiyi borcundan çıxıldığına görə ödənilməmiş kompensasiya məbləğinin ödənilməsini tələb edir. Digər tərəfdən iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2019-cu ilədək hazırkı tələbdə qeyd edilmiş məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Odur ki, Qaydaların 6.16-cı bəndinin hazırkı iş üzrə tətbiqi istisna edilir.

33. Həmçinin cavabdeh apellyasiya şikayətinin dəlili olaraq qeyd etmişdir ki, vətəndaşa hesablanmış kompensasiya məbləği icraatın hər hansı bir mərhələsində Palatanın sərəncamında (və ya müvafiq hesablarında) olmur və siyahı üzrə Maliyyə Nazirliyindən birbaşa olaraq kredit təşkilatlarının müvafiq hesablarına köçürülür. İşin yuxarıda qeyd edilən hallarından da məlum olur ki, ƏSF tərəfindən kredit müqaviləsi üzrə borcun tam şəkildə ödənilməsi barədə hər hansı məlumat Palataya və ya məlumat sistemlərinə təqdim edilməməsi səbəbindən iddiaçıya hesablanmış kompensasiya məbləği ləğv prosesində olan Cavabdeh1 ASC-nin hesabına köçürülmüşdür. Başqa sözlə, iddianın predmeti olan kompensasiya məbləği hazırda həmin qurumun sərəncamındadır və vəsaitin qaytarılmasına dair iddia da həmin quruma qarşı qaldırılmalı idi.

34. Məhkəmə kollegiyası cavabdeh orqanın irəli sürdüyü dəlil ilə bağlı araşdırma apararaq qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən vətəndaşlara kompensasiyanın ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Mərkəzi Bankının üzərinə qoyulmuşdur. Odur ki, hazırkı iş üzrə iddia tələbi düzgün cavabdehə qarşı irəli sürülmüşdür.

35. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh orqan hesablanmış 1497,47 manat kompensasiya məbləğini əvvəllər ödənilmiş borc məbləğindən çıxmaqla iddiaçıya ödənilməsindən imtina etməkdə haqlı olmamışdır.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli, 2-1(116)-127/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar