Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-227/2024 20.06.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Cavadova Günay İsmayıl qızı və X3 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “Göyçay rayonu Ərəbcəbirli kəndində yerləşən 0,39 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2-1(116)-67/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “Göyçay rayonu Ərəbcəbirli kəndində yerləşən 0,50 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-971/2023 nömrəli qərardadı ilə Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-971/2023 nömrəli qərardadı ilə X2 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
4. İddiaçı 12 yanvar 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək “Göyçay rayonu Ərəbcəbirli kəndində yerləşən 0.39 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasının və bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
5. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinə müraciət edərək, quçşuluğun inkişafı məqsədi ilə torpaq sahəsinin satılmasını xahiş etmişdir. Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 11 saylı qərarı ilə Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin ehtiyat fondunun alqısatqı predmenti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında iddiaçıya quşçuluğun inkişafı məqsədi ilə 0.50 ha torpaq sahəsinin satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmış, iddiaçıya 0.50 ha torpaq sahəsinin verilməsi qərara alınmışdır. xx.xx.2004cü il tarixdə pul vəsasiti Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin hesabına ödənilmiş və mədaxil qəbzi götürülmüşdür. Daha sonra isə aralarında xx.xx.2005-ci il tarixdə Torpaqların alqı-satqı aktına dair iki akt tərtib olunmuşdur. Həmin torpaq sahəsinə olan hüquqlarını Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması üçün cavabdeh ƏMDK yanında DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət edilmişdir. DƏDRX-nin 16 saylı Ucar Ərazi İdarəsi iddiaçının müraciətinə xx.xx.2022-ci il tarixdə imtina məktubunda vermişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, Göyçay rayonu Ərəbcəbirli kəndində yerləşən 0.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yerində baxış keçirilmiş və faktiki istifadəsində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilərək baza məlumatlarına əsasən yoxlanılmışdır. Torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən yoxlanarkən qeyd olunan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olması müəyyən edilmişdir. Həmçinin bildirilir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alqı-satqı predmeti deyil, yalnız icarəyə vətəndaşlara verilə bilər. Buna görə də onun ərizəsinin icrası tərəfindən mümkün olmamışdır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 11 yanvar 2024-cü il tarixli 2- 1(116)-67/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.
8. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları müəyyən edilərək baza məlumatlarına əsasən yoxlanmışdır. Torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən yoxlanarkən qeyd olunan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olması müəyyən edilmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2-1(116)-67/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etmirlər.
11. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
12. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Torpaqların alqı-satqısına dair Aktın surətindən görünür ki, qarşı “Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 11 saylı iclas qərarı ilə İddiaçı Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsi ərazisindən 0.50 ha torpaq sahəsi ayrılmış, iddiaçı 330801 manat bələdiyyənin hesabına ödəmişdir. - A seriyalı 016211 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, iddiaçı X1 quşçuluğun inkişafı məqsədi ilə 10000 kv.m torpaq sahəsi ayrılmış, X5 kitabında 97 nömrə ilə uçota alınmışdır. - İddiaçının təqdim etdiyi xx.xx.2004-cü il tarixli ödəniş qəbzindən görünür ki, 330801 manat məbləğində torpağın dəyəri Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin hesabına ödənilmişdir. - Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 11 saylı qərarı ilə bələdiyyənin 0.50 ha torpaq sahəsinin iddiaçıya verilməsi rəsmiləşdirilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-3414/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, İddiaçı Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli 11 saylı iclas qərarı ilə ayrılmış 0.50 ha torpaq sahəsi ilə bağlı Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilən planda 0.50 ha torpaq sahəsinin koordinatları mövcud olmadığı üçün sözügedən torpaq sahəsinin xüsusiyyətlərini (naturada sahəsi, təyinatı (kənd təsərrüfatı olduqda yararlı və ya az yararlı olması) uqodiyası, statusu, mülkiyyətçisi, faktiki istifadəçisi, döngə nöqtələri, yerləşmə vəziyyəti və.s) müəyyən etmək mümkün olmadı. İdarənin mütəxəssisinə naturada göstərilən, iddiaçı tərəfindən faktiki istifadə edildiyi bildirilən 0.50 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqları, örüş uqodiyalı olmaqla bələdiyyə mülkiyyətinə aiddir. Əlavə olaraq bildirilmişdir ki, naturada göstərilən 0.50 ha torpaq sahəsinin 0.11 ha hissəsi elektron baza məlumatlarında 1.0 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən **********0005 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” ilə üst-üstə düşür. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4830/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinə əlavədən görünür ki, mübahisəli torpaq sahəsinə baxış zamanı iddiaçı tərəfindən naturada göstərilən 0.50 ha torpaq sahəsinin tərkib hissəsi olan, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən **********0005 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi”ndə əks olunan koordinatlarla müəyyənləşən 1.0 ha torpaq sahəsi ilə üst-üstə düşən 0.11 ha torpaq sahəsi baxış zamanı iddiaçı tərəfindən istifadə olunduğu bildirilmişdir. Naturada göstərilən 0.50 ha torpaq sahəsi üzərində çoxillik əkmələr mövcuddur. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1. hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
15. Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" nın 1.3-cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir.
16. "X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında deyilir ki, "... torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.
17. Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir.
18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (hüquq münasibəti yaranan zaman qüvvədə olan) Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir. Maddə 47. Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 86. Torpaq sahəsinin alqı-satqısının xüsusiyyətləri Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyata alınmış aşağıdakı torpaq sahələri və torpaqla bağlı hüquqlar alqı-satqı obyekti ola bilər: xüsusi mülkiyyətdə olan torpaqlar; bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə ipoteka predmeti sayılan torpaq sahələri; özəlləşdirilən dövlət obyektlərinin yerləşdiyi torpaq sahələri;
19. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.3-cü maddəsinə görə, müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.4-cü maddəsinə əsasən, inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.
23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi mahiyyət etibarilə əsaslı olduğundan təmin edilməlidir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. İş materialları ilə müəyyən edilir ki, Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 11 saylı qərarı ilə İddiaçı 0.50 ha torpaq sahəsi satılmışdır. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıya satılması barədə qərar, torpaq sahəsinin sxemi ilə də təsdiq edilir. İddiaçı tərəfindən torpağın dəyəri xx.xx.2004-cü il tarixdə Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin hesabına ödənilmişdir. İddiaçının mülkiyyətinə verilən naturada göstərilən 0.50 ha torpaq sahəsinin 0.11 ha hissəsi elektron baza məlumatlarında 1.0 ha torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən **********0005 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədi” ilə üst-üstə düşdüyünə görə birinci instansiya məhkəməsi 0,39 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar qəbul etmişdir.
27. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili - həmin torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olması ilə bağlı olmuşdur.
28. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddia olunan torpaq sahəsi iddiaçıya Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsi tərəfindən 10 dekabr 2004-cü il tarixli 11 saylı qərarı ilə ayrılmışdır. Həmin qərara əsasən iddiaçıya ayrılan torpaq sahəsinin bələdiyyənin ehtiyat fondundan, kənd təsərrüfatına yararsız (quşçuluğun inkişafı) məqsədi ilə ayrıldığı qeyd olunmuşdur. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilən **********0005 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü sənədində də təyinat qeydində “quşçuluğun inkişafı” məqsədi ilə ayrıldığı qeyd olunmuşdur.
29. Bundan başqa Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsi tərəfindən xx.xx.2004-cü il tarixli qərarı ilə Hacıbaba Hümbət oğluna ayrılmış iddia olunan torpaq sahəsinə bitişik 1,0 ha torpaq sahəsinin də eyni təyinatlı olduğu və eyni məqsədlə ayrıldığı müəyyən edilmişdir. Verilmiş sorğuya cavab olaraq bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olduğu bildirilmiş, ayrıldığı vaxtdan həmin məqsədi ilə istifadə olunduğu göstərilmişdir. Mütəxəssis rəyində torpaq sahəsinin kənd təsərrüfatına yararlı olması qeyd olunsa da həmin torpaq sahəsinin iddiaçıya satılan zaman kənd təsərrüfatına yararlı olması barədə əsaslı hər hansı sənəd təqdim edilməmişdir.
30. Mütəxəssis rəyində torpaq sahəsinin kənd təsərrüfatına yararlı olması ilə bağlı kollegiya qeyd edir ki, Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsi tərəfindən tərtib edilmiş iddiaçıya satılmış 0.50 ha torpaq sahəsinin iddiaçıya ayrılmasına dair torpaq sahəsinin planından görünür ki, həmin torpaq sahəsinin uqodiyası kənd təsərrüfatına yararsız olaraq qeyd edilmiş və həmin dövrdə səlahiyyətli dövlət orqanı olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən təsdiq edilmişdir.
31. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı qaydaları”na əsasən həmin torpaq sahəsinin “Torpaqların yeni normativ qiymətinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1998-ci ıl tarixli 158 saylı qərarına müvafiq olaraq quşçuluğun inkişafı məqsədilə iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulmuş və torpaq sahəsinin uqodiyasının kənd təsərrüfatına yararsız olması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göyçay rayon şöbəsi tərəfindən qeyd edilmişdir.
32. Bundan başqa hazırkı mübahisənin qanuni və əsaslı həlli baxımından iş üzrə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin pozulması hallarının mövcudluğu ilə bağlı məsələyə də qiymət verilməlidir. “İnzibati icraat haqqında” Qanunun 13.5-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Belə ki, inzibati orqanın mövcud praktikasına vətəndaşın etimad hüququ qanunla qorunsa da, etimad hüququnun tətbiq edildiyi orqanın praktikası qanunsuz hərəkətlərə əsaslana bilməz.
33. Etimadın qorunması prinsipinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur. Nəzərə almaq lazımdır ki, bir tərəfdən inzibati orqan eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün formalaşdırdığı hüquq tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxsin həmin praktikanın ona da tətbiq olunacağına dair əsaslı (legitim) gözləntiləri və həmin praktikaya etimadı yaranır. Qeyd olunmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun olaraq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma, ardıcıl davranma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.
34. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir (X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe).
35. Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları" nın 1.3-cü bəndinə əsasən Sistemin yaradılmasında və rəqəmsal kadastr xəritəsinin tərtibində məqsəd – torpaqlardan səmərəli istifadənin təmin edilməsi üçün mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaq sahələrinin həndəsi ölçülərini, sərhədlərini, konfiqurasiyasını, kənd təsərrüfatı yerlərində (uqodiyaları), torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişiklikləri düzgün müəyyənləşdirmək və sistemdə əks etdirmək, torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etmək, torpaqların münbitliyinin bərpası və artırılması istiqamətində görülən tədbirlərin səmərəliliyinə zəmin yaratmaq, torpaq ehtiyatlarının mülkiyyət növləri üzrə kəmiyyət göstəricilərini müəyyənləşdirmək, dəqiq məlumatlar əsasında torpaq balansını tərtib etməkdir.
36. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi “İnzibati icraat haqqında” Qanuna əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Lakin hazırkı işdə inzibati orqan tərəfindən lazımi qaydada araşdırılma aparılmadan əsassız olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir.
37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də cavabdehin apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
38. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Göyçay rayonu Ərəbcəbirli kəndində yerləşən Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin 10 dekabr 2004-cü il tarixli 11 saylı qərarı ilə iddiaçıya ayrılmış 0,39 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınaraq dövlət reyestrindən çıxarışın verilməməsinə dair cavabdehin hərəkətləri qanunauyğun olmadığından, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.
39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2-1(116)-67/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.