Məhkəmə qərarları › İş №2-1(107)-228/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-228/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-228/2024 01.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və X4 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 16 avqust 2023-cü il tarixli 102 nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Diyallı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi, bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2-1(116)-685/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 16 avqust 2023-cü il tarixli 102 nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə - İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Diyallı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi, bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı cavabdeh ilə bağlanan əmək müqaviləsi əsasında, İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Diyallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə cavabdehin xx.xx.2023-cü il tarixli 102 saylı sərəncamı ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Nəticədə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. Cavabdeh məhkəməyə təqdim etdiyi etiraz məktubunda iddianın təmin olunmamasını məhkəmədən xahiş edərək dəlilini onunla əsaslandırmışdır ki, “RİH başçısının xx.xx.2022-ci il tarixli 45 nömrəli əmrinə əsasən inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə ərazilərində qanunsuz tikililərin aparılması ilə bağlı icra hakimiyyətinə, müvafiq dövlət qurumlarına və hüquq mühafizə orqanlarına məlumat verilməsi tapşırılmışdır. İddiaçı da məhz əmrlə ona verilmiş tapşırığı yerinə yetirə bilmədiyi, yeni məlumatı vaxtında vermədiyi üçün barəsində intizam tədbiri görmüşdür. Məsələnin mahiyyəti ondan ibarətdir ki, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 22 aprel 2022-ci il tarixli 45 saylı əmri ilə İƏD üzrə nümayəndəliklər və bələdiyyələrə ərazilərində qanunsuz və özbaşına tikinti işləri aparan vətəndaşlar barədə tədbir görülməsi, qanuna məhəl qoymayan vətəndaşlar barədə ciddi tədbir görülməklə İsmayıllı Rayon İcra Hakimiyyətinə, müvafiq dövlət qurumlarına və hüquq mühafizə orqanlarına məlumat verilməsi tapşırılmışdır. Burada söhbət tikintisinə 2010-cu ildə icazə verilmiş tikintilərdən deyil, ümumilikdə Diyallı ərazisində tikilən qanunsuz və özbaşına tikililər barədə məlumat verilməsindən gedir. İddiaçı RİH başçısının 22 aprel 2022-ci il tarixli 45 saylı əmrini və “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-ci bəndini şərh etməklə əmrdə və Əsasnamədə göstərilənlərə RİH başçısı tərəfindən əməl olunmadığını göstərir və bununla barəsində verilən sərəncamın əsassız və qanunsuz olduğu bildirilir. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 125 saylı əmri ilə töhmət verilib. İşlədiyi müddət ərzində digər nümayəndələrlə müqayisədə İddiaçı qiymətləndirilməsi çox zəif olmuşdur. Dövlət qulluqçularının fəaliyyətinin 2022-ci il üzrə qiymətləndirilməsi zamanı iddiamının qiyməti onun müavininin qiymətindən aşağı qiymətləndirilmişdir. 2021-ci və 2022-ci ildə iddiaçının fəaliyyəti kafi qiymətləndirilmişdir”.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 17 yanvar 2024-cü il tarixli, 2- 1(116)-685/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

7. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2-1(116)-685/2024 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

8. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, onun işdən azad edilməyinə səbəb ona İsmayıllı RİHB icra nümayəndələrinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə keçirilən iclasında bir sıra icra nümayəndələri ilə yanaşı onun də İsmayıllı rayon Diyallı kəndində eyni bir ərazidə bir-birinə yaxın məsafədə inşa edilmiş – Lətifə xanım Əliyevaya məxsus istirahət mərkəzində və Rəcəb adlı şəxsə məxsus “Qızıl farel” istirahət mərkəzində inşa edilmiş tikililərin bir qisminin özbaşına tikilməsinə onu nəzarətsizlikdə və vaxtında lazımi orqanlara məlumat verməməyinə görə təqsirli bilinirək ona şəxsən başçı tərəfindən töhmət elan edilməsi olmuşdur. O birbaşa başçıya haqsız töhmətə görə etiraz etmişdir. xx.xx.2023-cü ildə xeyli müddət ağır yataq xəstəsi olan anası dünyasını dəyişmiş, anasının vəfatının 7-si günü həftənin 6-cı qeyri iş günü olan xx.xx.2023-cü ildə anasının hüzr mərasimi keçirilərkən icra hakimiyyətinin şöbə müdiri olan Namiq Kərimov ona zəng vuraraq icra hakimiyyətinə gəlməyini xahiş etmişdir. O məcbur olaraq rayon icra hakimiyyətinə getmiş və Namiq müəllim ona bildirmişdir ki, başçı məzununiyyətə getmiş, gedərkən tapşırmışdır ki, işdən çıxma barədə ərizəsini versin. Həmçinin bildirmişdir ki, başçı tərəfindən iclasda töhmət elan edilərkən onun etiraz etməyi başçının xoşuna gəlməmişdir. O haqlı olduğunu bildirərək başçı ilə görüşmədən işdən çıxma ərizəsini yazmayacağını demiş və kəndə qayıtmışdır. Qəbul günü olduğundan xx.xx.2023-cü ildə səhər saat 08-00 radələrində icra hakimiyyətinin şöbə müdiri Nazim Səfərova zəng vuraraq onu başçının qəbuluna yazmağı xahiş etmişdir. O, dərhal icra hakimiyyətinə gəlmiş və başçının qəbul etməsini gözləmişdir. Lakin ona bildirilmişdir ki, başçı onu qəbul etmir. Təkrarən ondan işdən çıxma barədə ərizə yazmağını tələb etmişlər. O bir daha başçı ilə görüşüb sözünü demədən ərizə yazmayacağını bildirib evinə qayıtmışdır. Həmin bütün günü İsmayıllı RİH-də olmağına baxmayaraq ona bildirilmədən, yalançı, kağız üzərində şura iclası keçirilmiş, həmin iclasda təkrarən eyni məsələ, yəni Diyallı kəndində inşa edilən, Lətifə xanıma məxsus istirahət mərkəzindəki tikililərin bir qismi və “Qızıl farel” istirahət mərkəzində inşa edilmiş tikililərin bir qisminin özbaşına tikilməsi olması və onun bu barədə üzərinə düşən məlumat vermə missiyasını həyata keçirməməyi qeyd olunmuş və həyata keçirməməyi qeyd olunmuş, həmin “mövcud” olmayan şura iclası onun barəsində işdən azad edilməsi barədə “hökm” vermişdir. Ona qarşı edilən bu qərəzli əmələ dair bildirir ki, “Qızıl farel” istirahət mərkəzi əslən Cəbrayıl rayonundan məcburi köçkün olan Rəcəb adlı şəxsə məxsus olmaqla həmin obyektdə inşa ediləcək tikintilərə İsmayıllı RİHB xx.xx.2010-cu il tarixli 37 nömrəli sərəncamla icazə vermişdir. Ondan bir qədər aralıda İsmayıllı RİHB yanında şuranın üzvü olmuş (ola bilər hazırda da üzvüdür) Əliyeva Lətifə xanıma və onun yaxın qohumlarına aid istirahət mərkəzi kimi fəaliyyət göstərən obyektlərin – villaların tikinti işlərinə təqribən 2019cu ilin ortalarında başlanmış və dörd il əvvəl rayona başçı gələn Nahid müəllimin də həmin tikintilərdən çox gözəl məlumatı olmuşdur. İkincisi Lətifə xanım özünə aid istirahət mərkəzinin və Rəcəb adlı şəxs də özünə aid “Qızıl farel” istirahət mərkəzinin yerləşdiyi torpaq sahəsini bütün yazılı və yazılmamış qanunlara əməl edib adlarına sənədləşdirmişlər. Bundan sonra həmin torpaq sahələrində inşa ediləcək əsaslı və yardımçı tikililər üçün smeta-layihə sənədləri hazırlanmış, İsmayıllı RİH-də təsdiqlənmiş və başçı tərəfindən tikililərin inşasına razılıq verilməsi barədə sərəncam verilmişdir. Həmin istirahət mərkəzləri İsmayıllı-Muqanlı magistral yolun kənarında və 100 metrlik məsafədə yerləşir və rayonun bütün rəhbərləri hər həftə Bakıya evlərinə gedərkən şəxsən görürlər. Məsələ burasındadır ki, istirahət mərkəzinin altındakı torpaq sahəsinin bir hissəsi bələdiyyənin mülkiyyətində olmuş yararsız, digər hissəsi isə fiziki şəxs və ya şəxslərə məxsus pay torpaq sahəsi olmuşdur. Torpaq sahələrini qanuni şəkildə əldə edən sahibkarlar torpağın ətrafını hasara almış və orada tikinti işlərinə başlamışdır. “Qızıl farel” istirahət mərkəzində inşa edilən üç ədəd katec həmin fiziki şəxsdən alınmış pay torpaq sahəsinə düşür. O, bu haqda hələ təqribən 2023-cü ilin may ayının sonları və ya iyun ayının əvvəllərində məlumat aldıqdan sonra kənd bələdiyyə sədri ilə birlikdə həmin obyektə getməklə bu qanunsuzluğun tezliklə aradan qaldırılmasını tələb etmişdir. Lətifə xanıma dəfələrlə iradını bildirdikdə Lətifə xanım bu haqda başçının məlumatı olduğunu bildirmiş və narahat olmamağını demişdir. Buna baxmayaraq o, bu haqda şifahi olaraq İsmayıllı RİH Memarlı və Tikinti şöbəsinin müdiri Vüsal Abdullayeva şəxsən bildirmişdir. Hansı ki, İsmayıllı RİHB-nin xx.xx.2022-ci il tarixli 45 saylı əmrinin Vİİ bəndində qeyd edilmişdir ki, RİH aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri – baş memasra (Vüsal Abdullayev) tapşırılsın ki, rayon ərazisində mütamadi olaraq praktiki və kameral qaydada monitorinq apartsın. Fiziki və hüquqi şəxslər tərəfindən aparılan qanunsuz və özbaşına tikililər barədə vətəndaşlara rəsmi bildiriş verilməsi və aidiyyatı orqanlara rəsmi qaydada məlumat göndərilməsini təmin etsin, İsmayıllı RİH başçısına görülmüş işlərə dair vaxtında məlumat versin. Odur ki, Şəki İnzibati məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2-1(116)- 685/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2-1(116)-685/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2-1(116)-685/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən şahid X8 ifadəsində bildirmişdir ki, sözü gedən torpaq sahəsi onun mülkiyyətindədir. 2022-ci il tarixində özünə məxsus torpaq sahəsində tikinti işləri aparmışdır. 2022-ci ilin mart ayında tikinti işlərinin aparılması barədə İsmayıllı Rayon İcra Hakimiyyətinə sənədlərini təqdim etmişdir. O tikinti işlərinə başlayandan sonra iddiaçı Məmmədov X2 Rayon İcra Hakimiyyəti başçısının Diyallı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işlədiyindən tikilinin dayandırılması barədə ona məlumat vermişdir, o bildirmişdir ki, tikilinin icazəsi ilə bağlı sənədlərini İsmayıllı Rayon İcra Hakimiyyətinə təqdim etmişdir. İddiaçı ona bildirmişdir ki, sənədlərini hazırlasın sonra tikinti işləri davam etdirilsin. O, istifadəsində olan torpaq sahəsində ev tikmişdir, əlavə tikililər yoxdur.

12. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 11 avqust 2020-ci il tarixli 67 nömrəli əmri ilə iddiaçıya həvalə olunmuş vəzifələri yerinə yetirmədiyinə görə “töhmət", verilmişdir. - İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 12 noyabr 2021-ci il tarixli 125 nömrəli əmri ilə iddiaçıya həvalə olunmuş vəzifələri yerinə yetirmədiyinə görə “töhmət", verilmişdir. - İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən İsmayıllı rayonu ərazisində aparılan qanunsuz tikililərin qarşısının alınması ilə bağlı Komissiyanın yaradılması barədə 22 aprel 2022-ci il tarixli 45 nömrəli əmr imzalanmışdır. - İşdə olan xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, o İcra Hakimiyyətinə çağırılıb ərizə yazmaq bildirilmiş, lakin iddiaçı ərizə yazmaqdan imtina etmişdir. - İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın xx.xx.2023-cü il tarixli 2 nömrəli iclas protokolunun qərarından Çıxarışa əsasən RİH başçısı yanında Şura iclası İsmayıllı RİH başçısının Diyallı kənd İƏD nümayəndəsi İddiaçı barəsində intizam tənbeh tədbiri görülməsi məsələsinə baxılması barədə məsələni müzakirə edərək Komissiyasının arayışının nəzərə alınmasını, komissiyanın arayışına əsasən vəzifəsinin icrası zamanı iddiaçının işində ciddi nöqsanların olduğu, kobud pozuntulara yol verdiyi, qanunvericiliyə əməl etmədiyi, RİH başçısının öz səlahiyyəti hududunda verdiyi əmrləri, sərəncamları və göstərışiəri yerinə yetirmədiyi, başqa dövlət qulluqçularının işini çətinləşdirən hərəkətlərə yol verdiyinin, İddiaçı vəzifəsinin icrası zamanı yol verdiyi kobud pozuntularla İsmayıllı Rayon İcra Hakimiyyətinin nüfuzunu aşağı saldığı, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci, 18.0.2-ci və 18.0.4-cü maddələrinin tələblərim pozduğunun qeyd edilməsini və RİH başçısına “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” AR Qanununun tələblərini ciddi şəkildə pozduğuna görə İsmayıllı RİH başçısının Diyallı kənd İƏD nümayəndəsi İddiaçı qanunvericiliyə uyğun olaraq inzitam barədə tədbir görüldüyü və nəticə çıxarması üçün cəzalandırılması məqsədəuyğun hesab edilmiş və işdənn azad edilməsi barədə qərar qəbul edilməsi RİH başçısından xahiş edilmişdir. - İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 16 avqust 2023-cü il tarixli 102 nömrəli sərəncamı ilə iddiaçının xx.xx.2023-cü il tarixindən dövlət qulluğuna xitam verilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

14. AR Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə, qanuna və digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

15. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 926- İQ nömrəli Qanununun: M a d d ə 33. Dövlət qulluğuna xitam verilməsi ... 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə. .... M a d d ə 25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. ..... 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. M a d d ə 18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli;https://eqanun.az/framework/4481 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli;[ 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qaydalarına əməl etməlidir.

16. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin: 3.11. Təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində: 3.11.1. müvafiq ərazidə memarlıq və şəhərsalma sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; 3.11.2. "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 4cü, 19-cu və 22-ci maddələrinə əsasən, şəhərsalma fəaliyyətində dövlətin, ictimaiyyətin və fərdin maraqlarının uzlaşdırılmasını təmin edir, təbii və texnogen xarakterli fövqəladə halların təsirinə məruz qalmış ərazilərdə və yaşayış məntəqələrində əhalinin həyat və fəaliyyət şəraitinin monitorinqini aparır və onun nəticələrinin Dövlət şəhərsalma kadastrına daxil edilməsini təmin edir, təsdiq olunmuş şəhərsalma sənədlərinə və şəhərsalma norma və qaydalarına uyğun olaraq şəhərsalma fəaliyyətinə nəzarəti həyata keçirir; 3.11.3. rayon planlaşdırma sxemlərini və layihələrini, rayonun şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin baş planlarını, yaşayış məntəqələrinin, onların ayrı-ayrı funksional zona və qovşaqlarının müfəssəl planlaşdırma layihələrini (ərazinin tikinti-planlaşdırma layihələri) təsdiq edir; 3.11.4. şəhər inzibati ərazi vahidlərinin baş planlarını təsdiq üçün aidiyyəti dövlət orqanına təqdim edir; 3.11.5. yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi ilə bağlı aşağıdakı halları aşkar etdikdə tikinti işlərinin dayandırılmasını sifarişçiyə (podratçıya) yazılı qaydada tövsiyə edir, tikinti işlərinin dayandırılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyini məlumatlandırır və bu barədə bütün məlumatları Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərir: 4.1.8. yerli icra hakimiyyəti başçısının aparatının işçilərini, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yanında olan orqanlarda inzibati vəzifə tutan işçiləri, habelə tabeliyində olan hüquqi şəxslərin rəhbərlərini və onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad etmək, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, yerli icra hakimiyyəti başçısı aparatının struktur bölmələrinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin rəhbərlərinin hesabatlarını dinləmək; 5.1. İnzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısı nümayəndələrinin aşağıdakı vəzifə və səlahiyyətləri vardır: 5.1.1. yerli icra hakimiyyəti başçısının tapşırıqlarını yerinə yetirmək, vəzifə və səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər vermək; ...

17. “İnzibati icraat haqqında” Qanun: Maddə 14.1 mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

18. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

19. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

20. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

21. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi).

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

23. Cavabdehin sərəncamından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının vəzifədən azad edilməsi zamanı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2.6-cı və 33.1.6-cı maddələrinə istinad olunmuşdur. Məhz dövlət qulluğundan azad edilmə qismində intizam tənbeh tədbiri tətbiq olunması əsası ilə iddiaçının dövlət qulluğuna xitam verilmişdir.

24. Qanunun 25.7-ci maddəsinin tələbinə görə bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər.

25. Qanunverici 25.2-ci maddənin tələblərinə əsasən, “dövlət qulluğundan azad edilmə” intizam tənbehinin tətbiq edilməsinin əsaslarının qəti dairəsini müəyyən etməklə, bu halları Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblərin pozulması ilə şərtləndirmişdir.

26. “Dövlət qulluğu haqqında” Qanunun 18-ci maddəsində dövlət qulluqçularının vəzifələri göstərilmişdir. Qanunun 20-ci maddəsi dövlət qulluğu ilə əlaqədar məhdudiyyətləri, 25.11-ci maddəsi isə dövlət qulluqçusunun “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunduğunu təsbit etmişdir.

27. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik);

2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik).

28. Mübahisəli inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən müəyyən olunur ki, həmin aktda “İnzibati icraat haqqında” AR Qanununun 58 və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur.

29. Cavabdehin mübahisəli sərəncamı maddi-hüquqi baxımdan da qanuni olmuş, qəbul edildiyi dövrdə qüvvədə olan hüquq normalarının, o cümlədən "Dövlət qulluğu haqqında” AR Qanununun 25.2.6 və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.1.8-ci bəndinin tələblərinə müvafiq olmuş, yuxarıda şərh olunan normalarının tələbləri inzibati orqan tərəfindən gözlənilmişdir.

30. Belə ki, iddiaçı qulluq etdiyi dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən karantin rejimində koronavİrus (“COVİD") infeksiyasının qarşısının alınması ilə bağlı fəaliyyət göstərdikləri ərazidə mübarizə tədbirlərinə ciddi əməl olunmasına lazımi nəzarəti həyata keçirmədiyinə görə iddiaçıya ismayıllı Rayon İcra Hakimiyyəti başçısının 11 avqust 2020-ci il tarixli 67 nömrəli əmri ilə töhmət verilib. Qeyd olunan tədbirlərin təşkilində maarifləndirmə işlərinin zəif aparılması rayonumuzda Covid- 19” virusunun sürətlə yayılmasına və vaksinasiya olunmayan sakinlərin xəstəliyi ağır keçirməsinə və ölüm hallarının artmasına səbəb olmuşdur, işində dönüş yaratması iddiaçıya dəfələrlə tövsiyə edilsə də verilən tapşırıqların icrasına laqeyd yanaşmışdır. “Covid-19” virusunun qarşısının alınması istiqamətində müvafiq tapşırıqlar əsasında sakinlərin vaksinasiyaya cəlb olunması işində maarifləndirmə və digər təbliğat tədbirlərinin zəif təşkilinə görə iddiaçıya bir daha İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 12 noyabr 2021 -ci il tarixli 125 saylı əmri ilə töhmət verilib. İddiaçı yuxarıda qeyd olunan intizam tənbeh tədbirlərini mübahisələndirməmişdir. 2021-ci və 2022-ci ildə iddiaçının fəaliyyəti kafi qiymətləndirilmişdir.

31. İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının 22 aprel 2022-ci il tarixli 45 saylı əmri ilə İƏD üzrə nümayəndəliklər və bələdiyyələrə ərazilərində qanunsuz və özbaşına tikinti işləri aparan vətəndaşlar barədə tədbirlər görülməsi, qanuna məhəl qoymayan vətəndaşlar barədə ciddi tədbir görülməklə İsmayıllı Rayon İcra Hakimiyyətinə, müvafiq dövlət qurumlarına və huquq mühafizə orqanlarına məlumat verilməsi tapşırılmışdır.

32. İsmayıllı rayon sakinləri X6 və X5 işin 97-ci və 98-ci səhifəsində olan izahatlarından, İsmayıllı RİH başçısı aparatının ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri Namiq Kərimovun təqdimatından görünür ki, İddiaçı Diyallı kənd ərazisində ayrılan qanunsuz tikili barədə müvafiq tədbirlər görməmiş, habelə həmin faktlar barədə İsmayıllı Rayon İcra Hakimiyyətinə məlumat verməmişdir. Bununla da o, İsmayıllı rayon İcra başçısının 22 aprel 2022-ci il tarixli əmri ilə onun üzərinə qoyulmuş tapşırıqları yerinə yetirməmişdir. Beləliklə, o, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 5.1.1-ci maddəsinin tələbini yerinə yetirməmişdir. İddiaçı öz dəlillərini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

33. Cavabdeh tərəfindən aparılmış araşdırma və iş materiallarına əlavə olunmuş vətəndaş şikayətlərinin təhlili nəticəsində müəyyən edilmişdir ki, iddiaçı xidməti vəzifələrinin icrası zamanı qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli olduğu halda bunu etməmiş, rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməmişdir.

34. Məhz bunun nəticəsi olaraq iddiaçıya münasibətdə “Dövlət qulluğu haqqında” Qanunun 25.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, 25.2.6-cı maddəsinə müvafiq olaraq dövlət qulluğundan azad edilməsi növündə intizam tənbehi tətbiq edilmiş və dövlət qulluğuna xitam verilmişdir. Göstərilən hallar iş materialları ilə də öz təsdiqini tapmışdır.

35. İddianın ilk tələbi (cavabdehin sərəncamının ləğvi) əsassız olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan ikinci (işə bərpa) və üçüncü (məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi) tələblər də, belə bir hüquqi zərurət artıq aradan qalxdığı üçün, müzakirə edilmədən rədd edilməlidir.

36. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olur ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin iddiaçının vəzifəsindən azad edilməsi və onun dövlət qulluğuna xitam verməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli sərəncamı qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), sərəncam cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi).

37. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

38. Beləliklə, məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh İsmayıllı Rayon İcra Hakimiyyətinə qarşı “İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının 16 avqust 2023-cü il tarixli 102 nömrəli sərəncamının ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Diyallı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi, bərpa olunan günə qədər məcburi iş buraxma müddətində əmək haqqının hesablanaraq tam ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2-1(116)-685/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar