Məhkəmə qərarları › İş №2-1(107)-229/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-229/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-229/2022 18.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis şöbəsinə qarşı (açar sözlər: İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - əmək məsələləri üzrə - İşə bərpa) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı nümayəndəsi X2, Cavabdeh - Şəki Şəhər-Rayon Polis şöbəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis şöbəsinə qarşı “Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmrinin onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsi hissədə ləğv edilməklə işinə bərpa edilməsi tələbinə dair” inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2- 1(116)-1161/2021 saylı qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. İddiaçı 2012-ci ildən daxili işlər orqanlarında işləyir. O, cavabdehin xx.xx.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmri ilə DİN-in “DİO-da Xidmət keçmə haqqında Əsasnamə”sinin 135-ci maddəsinin 9 bəndinə uyğun olaraq daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir.

2. Həmin Əsasnamənin 135-ci maddəsinin 9 bəndində qeyd edilmişdir ki, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Şəki İnzibati Məhkəməsinə (bundan sonra-birinci instansiya məhkəməsi) iddia ərizəsi ilə müraciət edərək, Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmrinin onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsi hissəsində ləğv edilməklə işə bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2012-ci ildən daxili işlər orqanlarında işləyir. İşlədiyi müddətdə daim işinə vicdanla yanaşaraq nümunəvi xidmət aparmışdır. Rəhbərlik tərəfindən verilən tapşırıqları daim qüsursuz yerinə yetirmiş və buna görə dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. Lakin iddiaçı cavabdehin xx.xx.2021ci il tarixli Ə96-189-21 nömrəli əmri ilə daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Ona bildirilmişdir ki, DİN-in “DİO-da Xidmət keçmə haqqında Əsasnamə”sinin 135-ci maddəsinin 9-cu bəndinə uyğun olaraq daxili işlər orqanlarından xidmətdən xaric edilmişdir. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndində qeyd edilmişdir ki, daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Lakin iddiaçı bildirir ki, o, xidməti fəaliyyətində daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən heç bir hərəkət etməmişdir. X1 onun barəsində Şəki Rayon Prokurorluğuna və Şəki Şəhər-Rayon Polis Şöbəsinə ünvanladığı şikayətlər əsassızdır, şər və böhtan xarakterli şikayətlərdir. Rəvanə Cəfərzadə iddiaçının qardaşı Qanuni nümayəndə arvadıdır. Onlar bir müddət mehriban yaşasalar da, sonradan X1 müəyyən psixoloji problemləri olduğundan münasibətləri pozulmuş və birgə yaşamaqları qeyri-mümkün hala gəlmişdir. X4 iddiaçının qardaşı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə, həm iddiaçının qardaşı Tural, həm də iddiaçı barəsində Şəki Rayon Prokurorluğuna və Şəki Şəhər-Rayon Polis Şöbəsinə şikayət etmişdir. X4 iddiaçının qardaşından və iddiaçıdan əsassız şikayətlər edərək iddiaçının qardaşını nikahın pozulmasından yayındırmağa çalışır və əsassız şikayətləri iddiaçının qardaşına qarşı təsir vasitəsi kimi istifadə edir. İddiaçı X1 şikayət ərizəsində yazılanlarla bağlı bildirir ki, həmin xüsusatlar şər və böhtan xarakterli məlumatlardır, iddiaçının qardaşının ondan ayrıldığı üçün intiqam almaq məqsədi ilə edilmişdir. Buna görə də iddiaçını guya X3 “WhatsApp” sosial şəbəkəsində təhqir etdiyinə görə işdən azad etmişlər. Lakin göründüyü kimi həmin şikayət iddiaçının xidməti fəaliyyətilə əlaqəli deyildir və şikayət ərizəsində qeyd edilən əməl xidməti iş zamanı edilməmişdir. İddiaçı bildirir ki, X1 iddiaçı ilə olan problemi onların ailədaxili problemidir və ailədaxili münasibətə görə iddiaçı işdən azad edilmişdir. Onun işdən azad edilməyinin səbəbi kimi Rəvanə Cəfərzadənin xx.xx.2021-ci il tarixdə özünü zəhərləmək məqsədi ilə dərman içərkən məsələnin mahiyyətini bildiyi halda, bu barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı yaxud şifahi məlumat vermədiyi göstərilmişdir. Halbuki, Rəvanə Cəfərzadə heç də özünü zəhərləmək məqsədi ilə dərman qəbul etməmişdir. Belə ki, Şəki ŞRPŞ TB-nin təhqiqatçısı, polis kapitanı X5 HK-1/322 nömrəli material üzrə qəbul etdiyi 21 mart 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı izahatı alınan X4 izahatında göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə yaşadığı evdə saat 21:30 radələrində arıqlamaq üçün dərman qəbul edərək bir qədər ev işləri ilə məşğul olmuşdur. Sonra onun başı ağrımağa başlamış və ürəyi bulandığı üçün qaytarmağa başlamışdır. Bundan sonra o, zəhərləndiyini düşünüb təcili tibbi yardım çağıraraq Şəki MRX-ya müraciət etmişdir. Orda ona sistem qoşulduğu üçün vəziyyəti yaxşılaşmış, daha sonra ona dərman qəbul etdiyi üçün zəhərləndiyini bildirmişlər. Həmçinin həmin tarixdə onu evə buraxmışlar. O ehtiyatsızlıqdan arıqlamaq məqsədi ilə dərmanı içib zəhərləndiyi üçün hər hansı şikayət və tələbinin olmadığını, eləcə də hadisə zamanı yanında heç kimin olmadığını qeyd etmişdir. Göründüyü kimi R.Cəfərzadənin “dərman zəhərlənməsi” diaqnozu ilə xəstəxanaya müraciət etməsi ilə bağlı Şəki ŞRPŞ-də araşdırma aparılmış və HK-1/322 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Belə olan halda iddiaçının həmin hadisə barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı yaxud şifahi formada məlumat verməməsindən söhbət gedə bilməz. Həmin qərar hal-hazıradək qüvvədədir və prediyusial əhəmiyyətə malikdir.

5. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı və iddiaçının etibarnamə üzrə nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişlər.

6. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X9 iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 11 noyabr 2021-ci il tarixli, 2-1(116)-1161/2021 saylı qərarı ilə İddiaçı cavabdeh Şəki Şəhər-Rayon Polis şöbəsinə qarşı “Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmrinin onun daxili işlər orqanlarından xidmətdən xaric edilməsi hissədə ləğv edilməklə işinə bərpa edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

8. Məhkəmə hesab etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının vəzifəsindən azad edilməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi).

9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(107)-87/2022 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(116)-1161/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

c) Kassasiya instansiyası məhkəməsində icraat

11. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 13 iyun 2022-ci il tarixli, 2-1(102)-980/2022 saylı qərarı ilə kassasiya şikayəti təmin olunmuş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 fevral 2022-ci il tarixli, 2-1(107)- 87/2022 saylı qərarı ləğv edilərək iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.

II. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qərar qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi onun dəlillərinin heç birini araşdırmadan formal mülahizələr əsasında göstərmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi hallar təsdiqini tapmamış, əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xidməti araşdırma materialı ilə iddiaçının “Daxili işlər orqanları əməkdaşlarının X13”nin tələblərini pozması, cavabdehin “Polis haqqında” Qanunun və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə uyğunluğu müəyyən olunmuşdur. İddiaçı inzibati orqanda aparılan araşdırma çərçivəsində verdiyi izahatında da, yol vermiş olduğu pozuntuları etiraf etmiş, bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə rəy və xidmət göstəricilərinə dair arayışda da iş göstəricilərinin tələblərə uyğun olmadığı qeyd edilmişdir. Göründüyü kimi o guya X3 “Whatsapp” sosial şəbəkəsində təhqir etdiyinə görə işdən azad etmişlər. Lakin həmin şikayət onun xidməti fəaliyyəti ilə əlaqəli deyildir və şikayət ərizəsində qeyd edilən əməl xidməti iş zamanı edilməmişdir. Qeyd edilən dövrdə o ümumiyyətlə məzuniyyətdə olmuş və xidməti fəaliyyət zamanı hər hansı bir qanunsuz əməl törətməyi mümkün olmamışdır. Ümumiyyətlə onun xidməti fəaliyyəti ilə bağlı heç bir şikayət edilməmiş və xidməti fəaliyyətində heç bir nöqsan olmamışdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(116)- 1161/2021 saylı qərarını ləğv edərək, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

14. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında cavabdeh Şəki Şəhər-Rayon Polis şöbəsin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(116)-1161/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasının xahiş etdi.

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(116)- 1161/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

17. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı və üçüncü şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi hazırkı məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

III. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2-ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.

IV. Tətbiq edilən hüquq

19. “Polis haqqında” Qanun:

Maddə 1. Polis – Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş, hüquq-mühafizə orqanıdır; polis əməkdaşı – polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur; (-). Maddə 3. Polis təyinatı və əsas vəzifələri İ. Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. İİ. Polisin əsas vəzifələri aşağıdakılardır: (-). Maddə 5. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyəti İİ. Polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir... Maddə 13. Polis əməkdaşının ümumi vəzifələri İ. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır: (-). Maddə 33. Polis əməkdaşının məsuliyyəti İ. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir: (-). Maddə 34. Polis əməkdaşının xidmətdən xaric edilməsi İ. Polis əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: (-); 9) polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; (-).

20. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə:

Maddə 108. Daxili işlər orqanlarında xidməti intizam-əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. Maddə 114. Xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: (-). 7) xidmətdən xaric edilmə. Maddə 135. Daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: (-); 9) daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə; (-).

21. Azərbaycan Respublikası Daxili İşlər nazirinin xx.xx.2005-ci il tarixli, 130 nömrəli əmri ilə təsdiq edilmiş “Daxili işlər orqanları əməkdaşlarının X13”: 22-ci bənd. Davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və “Azərbaycan Respublikası daxili X8 nizamnaməsi”ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir.

22. Azərbaycan Respublikası Daxili X8 Nizamnaməsinin 3.2-ci bəndinə əsasən hər bir əməkdaş bu Nizamnaməyə, “DİO əməkdaşlarının X13”nin və polis andının tələblərinə, DİN-nin digər normativ-hüquqi aktlarında müəyyən olunmuş qaydalara əməl etməli, rəislərin və komandirlərin əmrlərini yerinə yetirməlidir.

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir.

V. Apellyasiya məhkəməsinin mövqeyi

24. Azərbaycan Respublikasının İPM-in 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır.

25. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər.

26. Apellyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı iddiaçıya təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İnzibati Prosessuаl Məcəllənin 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində iddiaçının tələbi göstərilmişdir.

27. İddiaçının apellyasiya şikayəti uğurlu sayılır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslıdır. Məhkəmə kollegiyası işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddia olduğuna görə birinci instansiya məhkəməsi iddiaya mahiyyət üzrə baxmışdır.

28. Birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi hallar təsdiqini tapmamış, əksinə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xidməti araşdırma materialı ilə iddiaçının “Daxili işlər orqanları əməkdaşlarının X13”nin tələblərini pozması, cavabdehin “Polis haqqında” Qanunun və “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin tələblərinə uyğunluğu müəyyən olunmuşdur. İddiaçı inzibati orqanda aparılan araşdırma çərçivəsində verdiyi izahatında da, yol vermiş olduğu pozuntuları etiraf etmiş, bunu öz imzası ilə təsdiq etmişdir. İddiaçının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə rəy və xidmət göstəricilərinə dair arayışda da iş göstəricilərinin tələblərə uyğun olmadığı qeyd edilmişdir. Mübahisələndirmə haqqında iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının vəzifəsindən azad edilməsinə əsas olmuş hallar, yəni cavabdehin bu müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.1), cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin mübahisəli əmri qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır (İPM-70.1), əmr cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 17-ci maddəsi). Ona görə də iddia təmin edilməməlidir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu həmin nəticəni əsaslı saymır.

30. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda şərh olunanlara əsasən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(116)-1161/2021 saylı qərarı ləğv edilərək iddia tələbi təmin olunmalıdır.

31. Belə ki, iddiaçının kassasiya şikayəti əsasında hazırkı inzibati işə baxan Ali Məhkəmənin İnzibati kollegiyası 26 aprel 2022-ci il tarixli, 2-1(102)-670/2022 saylı qərarı qərarında qeyd etmişdir ki, eyni dəlilləri iddiaçı apellyasiya şikayətində bildirmiş, lakin apellyasiya instansiyası məhkəməsi İPM-in 87.8-ci maddəsinin tələbinə əməl etməyərək qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. Cavabdehin mövqeyinə görə iddiaçının daxili işlər orqanlarından xaric edilməsinə əsas onun daxili işlər orqanı adına ləkə gətirən hərəkəti olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının hansı hərəkətinin onun daxili işlər orqanı adına ləkə gətirən hərəkət olması ilə bağlı hər hansı araşdırma və qiymətləndirmə aparmamışdır. Cavabdehin 18 iyun 2021-ci il tarixli əmrində iddiaçının səs yazısında Rəvanə Cəfərzadənin ünvanına nalayiq və təhqiredici ifadələr işlətdiyi qeyd edilmiş, lakin apellyasiya məhkəməsi bu halın baş verməsini, işlədilən ifadələrin həqiqətən nalayiq və təhqiredici olmasını, bununla bağlı R.Cəfərzadənin şikayəti olmasını, həmin sözlərin iddiaçının xidməti fəaliyyəti ilə birbaşa əlaqəli olmasını araşdırıb hüquqi qiymət verməmişdir. Cavabdehin 18 iyun 2021-ci il tarixli əmrində iddiaçının R.Cəfərzadənin xx.xx.2021-ci il tarixdə özünü zəhərləmək məqsədilə dərman içərkən məsələnin mahiyyətini bildiyi halda, bu barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı, yaxud şifahi məlumat vermədiyi qeyd edilmişdir. Cavabdeh inzibati orqanın təhqiqat bölməsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 21 mart 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, araşdırma müddətində R.Cəfərzadə 30 mart 2021-ci il tarixdə ərizə ilə müraciət edərək yaşadığı evdə dərman içib zəhərləndiyi üçün şikayət və tələbinin olmadığını bildirmiş, material üzrə cinayət işi başlanması rədd edilmişdir. Lakin belə olan halda apellyasiya məhkəməsi iddiaçının bu hadisə ilə bağlı hansı qanun pozuntusuna yol verməsini, onun hansı hərəkətinin daxili işlər orqanı adına ləkə gətirən hərəkət olmasını qərarında əsaslandırmamışdır.

32. İddiaçı qeyd edir ki, xidmətdə olduğu müddətdə intizam məsuliyyətinə cəlb edilməmiş, özünü nizam intizamlı polis əməkdaşı kimi göstərmiş və onun barəsində Şəki Şəhər-Rayon Polis Şöbəsinə heç bir şikayət daxil olmamışdır.

33. İşdə olan Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, Ə96-189-21 nömrəli əmrinin təsdiq edilmiş surətində qeyd edilir ki, Şəki Rayon Prokurorluğundan daxil olmuş 25 may 2021-ci il tarixli 98c-21 nömrəli məktub və R.Cəfərzadənin Şəki ŞRPŞ-yə ünvanladığı eyni məzmunlu xx.xx.2021-ci il tarixli 189-15822-3121 nömrəli ərizəsi araşdırılarkən müəyyən edilmişdir ki, Şəki şəhər sakini R.Cəfərzadə polis nəfəri İddiaçı ona qarşı qanunsuz hərəkətlərindən şikayət etməsi ilə əlaqədar Şəki Rayon Prokurorluğunda araşdırma aparılmışdır. - Araşdırma zamanı məlum olmuşdur ki, polis nəfəri İddiaçı “Whatsapp" mobil tətbiqetməsi vasitəsilə R.Cəfərzadənin bacısı Təranə Əhmədovaya atdığı səs yazısında, eləcə də qeyq edilən mobil tətbiqetmədə paylaşdığı şəkillərin alt hissəsində R.Cəfərzadənin ünvanına nalayiq və təhqiredici ifadələrdən istifadə etmişdir. - İddiaçı qardaşı Turalla aralarında boşanmaları ilə əlaqədar yaranan mübahisəyə, daha sonra onu sillə ilə vurmasına və nalayiq ifadələrlə təhqir etməsinə görə R.Cəfərzadə xx.xx.2021-ci il tarixdə özünü zəhərləmək məqsədilə dərman içərkən polis nəfəri İddiaçı onun Şəki MRX-yə çatdırılması və zəruri tibbi preparatlarla təmin edilməsinə lazımi köməklik göstərsə də, məsələnin mahiyyətini bildiyi halda, bu barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı, yaxud şifahi məlumat verməmişdir. - Bundan əlavə, o da məlum olmuşdur ki, polis nəfəri İddiaçı internetdən yalnız xidməti fəaliyyətlə bağlı və ya yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda “Tik-tok” sosial şəbəkəsindən videoçarxlar yükləyərək istifadəsində olan “Whatsapp” ani mesajlaşma tətbiqinin status bölməsində müxtəlif mövzuları əhatə edən sözlərlə ayrı-ayrı vaxtlarda paylaşımlar etmişdir. - Vətəndaş R.Cəfərzadənin müraciəti ilə əlaqədar polis nəfəri İddiaçı ŞRPŞ-nin rəisi tərəfindən qəbul edilərək onunla fərdi-profilaktiki söhbətlər aparılmış, polis əməkdaşına yaraşmayan hərəkətlərindən çəkinməsi, əks təqdirdə ciddi intizam məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilməsinə baxmayaraq tənqidi nəticə çıxarmamış, müsbət dönüş yaratmamışdır. Onun polis əməkdaşına yaraşmayan davranış və hərəkətləri vətəndaşın çox sayda şikayətlər etməsinə səbəb olmuşdur. - Polis nəfəri, polis serjantı İddiaçı cari ilin ötən müddəti ərzindəki xidmət göstəriciləri də qənaətbəxş deyildir.

34. Yuxarıda göstərilənlər nəzərə alınaraq, “Polis haqqında” Qanunun 13 və 29-cu, “DİO əməkdaşlarının X13" nin 1, 2, 3, 20 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi"nin 3.2 və 3.9-cu bəndlərinin, DİN-in xx.xx.2012-ci il tarixli G14-001-12 nömrəli göstərişinin tələblərini pozaraq “Whatsapp" mobil tətbiqetməsi vasitəsilə R.Cəfərzadənin bacısı Təranə Əhmədovaya atdığı səs yazısında R.Cəfərzadənin ünvanına nalayiq və təhqiredici ifadələr işlətdiyinə, eləcə də internetdən yalnız xidməti fəaliyyətlə bağlı və ya yaradıcılıq məqsədilə istifadə etməli olduğu halda “Tik-Tok" sosial şəbəkəsindən videoçarxlar yükləyərək istifadəsində olan “Whatsapp" ani mesajlaşma tətbiqinin status bölməsində müxtəlif mövzuları əhatə edən sözlərlə ayrı-ayrı vaxtlarda paylaşımlar etdiyinə, R.Cəfərzadənin xx.xx.2021-ci il tarixdə özünü zəhərləmək məqsədilə dərman içərkən məsələnin mahiyyətini bildiyi halda, bu barədə ŞRPŞ-nin rəhbərliyinə yazılı, yaxud şifahi məlumat vermədiyinə, onunla fərdi profilaktiki söhbətlər aparılmasına baxmayaraq bundan nəticə çıxarmadığına, polis əməkdaşına yaraşmayan hərəkət və davranışa yol verməklə vətəndaşın çox sayda şikayətlər etməsinə səbəb olduğuna, habelə xidməti fəaliyyətində müsbət xarakterizə edilmədiyinə görə Şəki ŞRPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı İddiaçı DİN-in “DİO-da Xidmət keçmə haqqında Əsasnamə”sinin 135-ci maddəsinin 9 bəndinə uyğün olaraq DİO-da xidmətdən xaric olunması əmr edilmişdir.

35. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “İddiaçı xidmət göstəricilərinə dair” Şəki ŞRPŞ-nin PPXB-nin komandiri, polis komandiri İlkin Bədəlov tərəfindən tərtib edilən arayışın təsdiq edilmiş surətində qeyd edilir ki, polis serjantı İddiaçı 2012-ci il tarixdən daxili işlər orqanlarında, 2016-cı il tarixdən hazıradək Şəki Şəhər-Rayon Polis Şöbəsinin PPX Bölüyündə polis nəfəri vəzifəsində xidmət edir. Müddət ərzində Azərbaycan Respublikası İXM-nin 510-cu (xırda xuliqanlıq) maddəsinə görə 2 nəfər, 521-ci maddəsinə (məişət səs-küyü) görə 3 nəfər və 211-ci maddəsinə (epidemiya əleyhinə rejimlərin pozulması) görə 4 nəfər şəxsin saxlanılaraq polis şöbəsinə gətirilməsində iştirak etmişdir. İş göstəriciləri günün tələbləri səviyyəsində deyildir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat və inzibati proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda aparılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər.

37. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmə tərəfindən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılması haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki, inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər

38. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə birinci instansiya məhkəməsi iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

39. Qeyd edilməlidir ki, polis əməkdaşına “Polis haqqında” Qanunun 33-cü maddəsinin İİ hissəsində nəzərdə tutulan intizam tənbehlərinin tətbiqi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. İnzibati orqanın bu hallarda malik olduğu diskresion səlahiyyəti polis haqqında qanunvericiliyin hüdudları çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirib-keçirmədiyi yoxlanımalı, xüsusilə də hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı və bununla bağlı inzibati orqanın öz qərarının əsaslandırmasında istinad etdiyi halların “Polis haqqında” qanununun 33 və 34-cü maddələrinin və “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin (bundan sonra-Əsasnamə) 135-ci maddəsinin 9-cu bəndinin müddəaları baxımından mövcud olub-olmadığı məhkəmə tərəfindən araşdırılmalıdır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Nəzərə almaq lazımdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır.

40. Cavabdehin xx.xx.2021-ci il Ə 96-189-21 nömrəli əmrində həmin əmrin verilməsinə əsas kimi 5 hal göstərilmişdir. - Rəvanə Cəfərova xx.xx.2021-ci il tarixdə özünü zəhərləmək məqsədi ilə dərman içərkən iddiaçı məsələnin mahiyyətini bildiyi halda, bu barədə Şəki Şəhər Rayon Polis şöbəsinin rəhbərliyinə yazılı, yaxud şifahi məlumat verməmişdir; - İddiaçı ilə profilaktik söhbətlər aparılmasına baxmayaraq bundan nəticə çıxarmamışdır; - İddiaçı “WhatsApp” mobil tətbiqetməsinin status bölməsində “Tik-Tok” sosial şəbəkəsindən videoçarxlar yükləyərək istifadəsində olan “WhatsApp” ani mesajlaşma tətbiqinin status bölməsində müxtəlif mövzuları əhatə edən sözlərlə ayrı-ayrı vaxtlarda paylaşımlar etmişdir; - İddiaçı polis əməkdaşına yaraşmayan hərəkət və davranışa yol verməklə vətəndaşın çox sayda şikayətlər etməsinə səbəb olmuşdur; - İddiaçı xidməti fəaliyyətində müsbət xarakterizə edilmir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Rəvanə Cəfərzadə ilə aralarında olan münaqişə ailə münasibətləri zəminində baş vermiş və ailədaxili problemdir. Sonuncunun çox saylı şikayətlər etməsi də həmin münaqişədən qaynaqlanmışdır.

42. İş materialları ilə müəyyən edilmişdir ki, R.Cəfərzadə arıqlamaq məqsədilə dərman içmişdir. Onun özünü zəhərləmək məqsədi olmamışdır. Cavabdeh inzibati orqanın təhqiqat bölməsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 21 mart 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, araşdırma zamanı R.Cəfərzadə 30 mart 2021-ci il tarixdə ərizə ilə müraciət edərək yaşadığı evdə dərman içib zəhərləndiyi üçün şikayət və tələbinin olmadığını bildirmiş, material üzrə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərar hal-hazırda qüvvədədir. Belə olan halda mübahisə predmeti olan əmrdə R.Cəfərzadənin özünü zəhərləmə məqsədi ilə dərman içməsinə istinad edilməsi doğru olmamışdır.

43. Baş vermiş hadisənin mahiyyəti yalnız aparılmış araşdırma nəticəsində aşkar edildiyindən iddiaçının məsələnin mahiyyətini bilməsi istisna olunur (R.Cəfərzadə izahatında hadisə zamanı yanında heç kimin olmadığını bildirmişdir) və onun rəhbərliyə məlumat verməməsi intizam məsuliyyətinə səbəb olan hal kimi qiymətləndirilməməlidir.

44. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı R.Cəfərzadənin Şəki MRX-yə çatdırılması və zəruri tibbi preparatlarla təmin edilməsinə lazımi köməklik göstərmişdir.

45. Göründüyü kimi, iddiaçı bu hadisə ilə bağlı hər hansı qanun pozuntusuna yol verməmişdir.

46. Mübahisə predmeti olan əmrdə iddiaçı ilə profilaktik söhbətlər aparılmasına baxmayaraq nəticə çıxarmaması və onun xidməti fəaliyyətində müsbət xarakterizə edilməməsi barədə göstərilənlər əsaslandırılmamışdır.

47. İddiaçının Rəvanə Cəfərzadənin ünvanına nalayiq və təhqiredici ifadələr işlətdiyi müəyyən olunsa da, yuxarıda da qeyd edildiyi kimi bu ailədaxili münaqişədən qaynaqlanmış, iddiaçının sırf xidməti fəaliyyəti ilə əlaqədar olmamışdır.

48. Şərh olunanlara məcmu şəkildə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya istinad edilən hərəkətlər onun polis adına ləkə gətirən hərəkət olması kimi qiymətləndirilə bilməz. Ona görə də iddiaçının Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə istinad edilməklə xidmətdən xaric edilməsi düzgün olmamışdır.

49. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin cavabdehin mübahisəli əmrinin qanunazidd olmaması və bu səbəbdən də iddiaçının hüquqlarını pozmaması, əmrin cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olması barədə gəldiyi nəticə səhv olmuşdur.

50. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən tam araşdırma aparmamış, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmalıdır.

Nəticəvi hissə:

Yuxarıda qeyd edilənlərə əsasən və Azərbаycаn Respublikаsı İnzibаti Prosessuаl Məcəlləsinin 87.6-cı mаddəsinə əsаsən, məhkəmə kollegiyası Qərara aldı:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 11 noyabr 2021-ci il tarixli, 2-1(116)-1161/2021 saylı qərarı ləğv edilsin və yeni qərar qəbul edilərək iddia tələbi təmin edilsin. Şəki Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli Ə96-189-21 nömrəli əmri İddiaçı daxili işlər orqanlarında xidmətdən xaric edilməsi hissəsində ləğv edilsin və İddiaçı Şəki Şəhər-Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsinə bərpa edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar