Məhkəmə qərarları › İş №2-1(107)-229/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-229/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-229/2023 06.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs Qax rayonu Almalı bələdiyyəsinin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “1.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2- 1(116)-1390/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “cavabdehin üzərinə Qax rayon AİK-nın xx.xx.2003-cü il tarixli, 2 saylı qərarı əsasında mülkiyyətinə verilmiş, 1.60 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1390/2022 nömrəli qərardadı ilə Qax bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsindən imtina edilmiş, Qax rayon Almalı bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli birinci instansiya məhkəməsinin iclasında tələbini dəqiqləşdirərək “Qax rayon AİK-nın xx.xx.2003-cü il tarixli 2 saylı qərarı əsasında mülkiyyətinə verilmiş 1.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, Qax rayon AİK-nın xx.xx.2003-cü il tarixli 02 №-li qərarına və xx.xx.2006-cı ildə təsdiq edilmiş akta istinad edərək faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan sözügedən torpaq sahəsinə dair yerli və rayon aqrar islahat komissiyasının qərarlarının və təsdiqlənmiş yerləşmə sxeminin mövcud olmadığını bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçı, ərizəsinə xx.xx.2006-cı ildə təsdiq edilmiş akt təqdim etmişdir ki, bu da 1.60 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınması üçün əsas deyildir. İddiaçı, birinci instansiya məhkəməsinin iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur.Həmin sənədlərin məzmununa istinad olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-cı il tarixli məktublarından görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - AZ-İ 030246 və AZ-İ 922566 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.2004-cü il tarixdə, X4 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir. - Jn-193 kod 40304038 nömrəli Dövlət Aktından görünür ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə X5, İddiaçı və X3 0.71 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə torpaq sahəsi verilmişdir. - xx.xx.2003-cü il tarixli, 5 saylı Dəymədağlı bələdiyyəsinin iclas protokolundan çıxarışdan görünür ki, iclasın gündəliyində Mustafayev Mustafanın şəhid ailəsi olduğu nəzərə alınaraq ona verilmiş 2.80 ha pay torpaq sahəsinin kənddən 10 km kənarda olduğu üçün bələdiyyənin ehtiyat fondundan “Çökəkməhlə” adlanan sahədən Qax rayon torpaq şöbəsi tərəfindən ölçülüb verilməsi qərar alınmışdır. - Qax rayon AİK-nın xx.xx.2003-cü il tarixli 02 №-li iclas protokolundan çıxarışdan görünür ki, Dəymədağlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 5 saylı iclasının qərarı təsdiq edilmiş, şəhid atası M.Mustafayevin ailəsinə düşən torpaq payının “Çökəkməhəllə” adlanan sahədən verilməklə Dövlət aktında düzəliş edilməsi və yenidən işlənməsi qərara alınmışdır. - Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)316/2015 nömrəli qərarından görünür ki, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə torpaq islahatı zamanı Qax rayonu Dəymədağlı kəndi ərazisindən şəhid ailəsi kimi İddiaçı ayrılmış 0.67 ha əlavə pay torpaq sahəsinə dair adına “torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuşdur. - ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qax rayonu Dəymədağlı kəndində yerləşən 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.67 ha hissəsi üzərində İddiaçı tam mülkiyyət hüququ, 0.71 ha hissəsi üzərində isə X5 və X6 ilə birlikdə ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Dəymədağlı kəndində yerləşən 0, 8747 ha torpaq sahəsi üzərində iddiaçının 6 nəfər ailə üzvü ilə birlikdə ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 1.16 hektardır. Almalı bələdiyyəsi sədri tərəfindən imzalanaraq təsdiq edilmiş 1.:5000 miqyasda tərtib edilmiş sxematik planda qeyd olunmuş torpaq sahəsi kateqoriyası kənd təsərrüfatı təyinatlı, bələdiyyənin ehtiyat fond torpaqlarına aid, uqodiyası əkin olub iddiaçının istifadəsindədir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə sorğuya əlavə edilmiş Almalı bələdiyyəsi sədri tərəfindən imzalanaraq təsdiq edilmiş 1:5000 miqyasda tərtib edilmiş sxematik planda qeyd olunmuş torpaq sahəsinin coğrafi yerləşməsi uyğunluq təşkil edir. Lakin, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 1.16 ha, 1:5000 miqyasda tərtib edilmiş sxematik planda qeyd olunmuş torpaq sahəsi 1.30 ha-dır. - cavadehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ləğv edilmiş DT və XK-nin şəki şöbəsi tərəfindən X5, İddiaçı və X2 adların qax rayonu Dəymədağlı kəndində 0.71 ha əkin torpaq sahəsinə Jn-193 saylı torpağa mülkiyyət hüuquqna dair dövlət aktı tərtib edilmiş, lakin sözügedən Dövlət aktı ləğv edilmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 29 dekabr 2022-ci il tarixli, 2- 1(116)-1390/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayon AİK-nın xx.xx.2003-cü il tarixli 2 saylı qərarı əsasında mülkiyyətinə verilmiş 1.30 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2- 1(116)-1390/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Qax rayon AİK-nın xx.xx.2003-cü il tarixli 02 №-li qərarına və xx.xx.2006-cı ildə təsdiq edilmiş akta istinad edərək faktiki istifadəsində də olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan sözügedən torpaq sahəsinə dair yerli və rayon aqrar islahat komissiyasının qərarlarının və təsdiqlənmiş yerləşmə sxeminin mövcud olmadığını bildirərək müraciətinin təmin edilməsindən imtina etmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. O, sıravi bir vətəndaş olaraq hardan bilə bilərdi ki, Dəymədağlı bələdiyyəsinin arqar islahat zamanı verilməli olan, lakin verilməyən torpaq sahələrini vətəndaşlara ayırmaq və torpaq islahatını həyata keçirmək səlahiyyəti yoxdur. Həmin torpaq sahəsi onlara şəhid ailəsi olduqları üçün dövlət tərəfindən verilmişdir. Əgər o, həmin vaxt torpağın qaydalara uyğun verilmədiyini bilsəydi əlbətdə bununla razılaşmaz, sənədlərinin düzgün tərtib olunmasını tələb edərdi. Açıqaşkar görünür ki, torpaq verilən vaxt savadsızlıqlarından istifadə edilmişdir. Həmçinin diqqət yetirilməli əsas məsələlərdən biri də ondan ibarətdir ki, hazırkı torpaq sahəsi uzun illərdir ki, onun və ailə üzvlərinin faktiki istifadəsində olmaqla həmin sahədən istifadəsində hər-hansı bir şəxs və ya qurum tərəfindən heç bir irad bildirilməmişdir. Şəki İnzibati Məhkəməsi qərarında göstərmişdir ki, Dəymədağlı bələdiyyəsinin arqar islahat zamanı verilməli olan, lakin verilməyən torpaq sahələrini vətəndaşlara ayırmaq və torpaq islahatını həyata keçirmək səlahiyyəti olmamışdır. Eyni zamanda hazırkı vəziyyətdə o, dolayısı ilə torpaq sahəsinin vicdanlı alıcısıdır. Yazılı bəyanat, sənəd birbaşa etimad hüququna əsasdır. Əgər bələdiyyə və ya hansısa qurum torpağa sənəd veribsə, vətəndaşlar dövlət orqanına etimad edib həmin sənədə inanırlar. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(116)-1390/2022 nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(116)-1390/2022 nömrəli iş üzrə qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Qax rayonu Almalı bələdiyyəsinin nümayəndəsi X12 qanunamüvafiq qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X13 12 saylı Şəki Ərazi İdarəsi nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). . Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Lakin iddiaçının apellyasiya şikayəti uğurlu sayılmır. Belə ki, o, mahiyyət etibarı ilə əsaslı deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Belə ki, “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 1ci maddəsinin 1-ci hissəsinə əsasən islahatın məqsədi aqrar bölməni böhrandan çıxarmaq, iqtisadiyyatı sabitləşdirmək, əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən torpaq islahatı aparılarkən ərazinin təbii-coğrafi şəraitinin, əhalinin sıxlığının, torpaqdan istifadənin yerli xüsusiyyətlərinin, torpaqların keyfiyyətinin nəzərə alınmasına, torpaqlardan təyinatı üzrə istifadə edilməsinə, ətraf mühitin mühafizəsinin təyin edilməsinə və torpaq islahatının yerquruluşu layihələri əsasında aparılmasına əməl edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin özəlləşdiriləcək torpaqlarının kompleks yerquruluşu layihələrinin hazırlanması və təsdiq edilməsi haqqında” Əsasnamənin 1-ci maddəsinə əsasən sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin (bundan sonra — sovxoz və kolxoz) özəlləşdiriləcək torpaqlarında kompleks yerquruluşu layihələrinin hazırlanması “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 21-ci maddələrinin “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci və 19-cu maddələrinin müddəaları əsas götürülməklə rayon aqrar islahatı komissiyasının təsdiq etdiyi baş sxemə əsasən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu tərəfindən həyata keçirilir. Həmin Əsasnamənin 1-ci maddəsinə əsasən bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq sovxoz və kolxozların özəlləşdirilən torpaq sahələrindən pay almaq hüququ olan hər bir subyektə düşən torpaq payının ölçüsünü müəyyən edir. Həmin Əsasnamənin 6-cı maddəsinə əsasən hər bir vətəndaşa (ailəyə) düşən torpaq payını dövlət yerquruluşu xidməti hesablayır və həmin payların bölgüsünü əks etdirən kompleks yerquruluşu layihəsini yerli aqrar islahatı komissiyası ilə razılaşdırmaqla yerli icra hakimiyyəti orqanı hazırlayır. Torpaq payı alan subyektlər arasında bölgü püşkatma yolu ilə həyata keçirilir. Vətəndaşlar torpaq paylarını dəyişdirmək və ya birləşdirmək istədikdə 10 gün müddətində ərizə ilə yerli aqrar islahatı komissiyasına müraciət etməlidirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasınakeçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materialları ilə müəyyən olunur ki, Qax rayon AİK-nın xx.xx.1998-ci il tarixli 05 nömrəli qərarı ilə X5, İddiaçı və X3 Qax rayonu Dəymədağlı kəndində 0.71 ha torpaq sahəsi ayrılmış və Jn-193 kod 40304038 nömrəli Dövlət Aktı tərtib edilmişdir. İddiaçının oğlu X4 xx.xx.1993-cü il tarixdə şəhid olmuşdur. Qax rayon AİK-nın xx.xx.2003-cü il tarixli 02 №-li qərarı əsasında Dəymədağlı bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 5 saylı iclasının qərarı təsdiq edilmiş, şəhid atası M.Mustafayevin ailəsinə düşən torpaq payının “Çökəkməhəllə” adlanan sahədən verilməklə Dövlət aktında düzəliş edilməsi və yenidən işlənməsi qərara alınmışdır. Bunda sonra 0.71 ha torpaq sahəsinə dair JN-193 kod 40304038 nömrəli Dövlət Aktı ləğv edilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)316/2015 nömrəli qərarı ilə Qax rayonu Dəymədağlı kəndi ərazisindən şəhid ailəsi kimi İddiaçı ayrılmış 0.67 ha əlavə pay torpaq sahəsinə dair adına “torpaq sahəsinin planı və ölçüsü” sənədinin hazırlanıb verilməsi öhdəliyi qoyulmuş, cavabdehin tərtib etdiyi ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Seriya RX ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda Qax rayonu Dəymədağlı kəndində yerləşən 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.67 ha hissəsi üzərində İddiaçı tam mülkiyyət hüququ, 0.71 ha hissəsi üzərində isə ümumi birgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı, hazırkı tələbdə Qax rayon AİK-nın xx.xx.2003-cü il tarixli 2 saylı qərarı əsasında verilmiş 1.30 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını tələb etsə də, sözügedən qərarda şəhid atası M.Mustafayevin ailəsinə düşən torpaq payının “Çökəkməhəllə” adlanan sahədən verilməklə Dövlət aktında düzəliş edilməsi və yenidən işlənməsi qərara alınmış, JN-193 kod 40304038 nömrəli Dövlət Aktı ləğv edilərək həmin Dövlət Aktında qeyd edilmiş 0.71 ha və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2-1(84)316/2015 nömrəli qərarında qeyd edilmiş 0.67 ha torpaq sahəsi ilə birlikdə iddiaçının mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan əlavə ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışla iddiaçının Qax rayonu Dəymədağlı kəndində yerləşən 0,8747 ha torpaq sahəsi üzərində ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır İddiaçı yenidən sözügedən qərara istinad edərək hazırda faktiki istifadəsində olan 1.30 ha torpaq sahəsi üzərində mülkiyyət hüuququnun dövlət qeydiyyatına alınmasını tələb etsə də, həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. xx.xx.2003-cü il tarixli, 5 saylı Dəymədağlı bələdiyyəsinin iclas protokolunda 2.80 ha pay torpaq sahəsinin kənddən 10 km kənarda olduğu üçün bələdiyyənin ehtiyat fondundan “Çökəkməhlə” adlanan verilməsinə və müvafiq qərarın Qax rayon AİK-nın xx.xx.2003-cü il tarixli 02 №-li qərarı ilə təsdiqlənməsinə münasibətdə birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Dəymədağlı bələdiyyəsi verilmiş 2.80 ha torpaq sahəsindən bəhs etsə də, iş materialları ilə müəyyən edilir ki, qeyd olunan ölçüdə torpaq sahəsi iddiaçıya və ailə üzvlərinə verilməmişdir. Verilmiş torpaq sahəsi sonradan ləğv edilmiş JN-193 nömrəli Dövlət Aktında qeyd edilmiş 0.71 ha torpaq sahəsi olmuş, istinad olunan qərarla sonradan həmin torpaq sahəsi və 0.67 ha torpaq sahəsi ilə birlikdə iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Dəymədağlı bələdiyyəsinin arqar islahat zamanı verilməli olan, lakin verilməyən torpaq sahələrini vətəndaşlara ayırmaq və torpaq islahatını həyata keçirmək səlahiyyəti olmamışdır. Digər tərəfdən Qax rayon AİK-nın xx.xx.2003-cü il tarixli 02 №-li iclas protokolu ilə şəhid atası M.Mustafayevin ailəsinə düşən torpaq payının “Çökəkməhəllə” adlanan sahədən verilməklə Dövlət aktında düzəliş edilməsi və yenidən işlənməsi qərara alınmış və göstərilən məzmunda qərar faktiki olaraq icra edilmişdir. Odur ki, iddiaçı heç bir hüquqi sənədlə təsdiqini tapmayan xx.xx.2003-cü il tarixli, 5 saylı Dəymədağlı bələdiyyəsinin iclas protokolunda göstərilən 2.80 ha torpaq sahəsi ilə bağlı qeydə istinad edərək faktiki istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı hesab edilə bilməz. Belə olduğu təqdirdə iddiaçıların mübahisələndirilən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatı qeyri-mümkündür. Bundan başqa işdə olan mütəxəssi rəyi ilə müəyyən edilir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi faktiki istifadəsində olan torpaq sahəsi Almalı bələdiyyəsinin mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı əkin torpağıdır. Müvafiq torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənədlərin olmaması ilə bərabər, qanunvericilik (“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun 7.2.m) müvafiq kateqoriyadan olan torpaq sahələrinin bələdiyyə mülkiyyətindən xüsusi mülkiyyətə verilməsini birbaşa qadağan etmişdir. Şərh olunanlara obyektiv hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçıların hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apellyasiya məhkəməsinin iclasında apellyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 29 dekabr 2022-ci il tarixli, 2-1(116)-1390/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar