Məhkəmə qərarları › İş №2-1(107)-230/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-230/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-230/2022 05.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən, məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İslamova Türkay Abdurəhim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “ünvan 1 evin 3 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçrilməsinə dair İddiaçı hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)- 269/2022 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, ünvan 1 binanın 3 saylı ünvanında yerləşən 86 kv.m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddia tələbinin əsaslarına görə, ünvan 2 evin 3 saylı mənzilini iddiaçı alqı-satqı müqaviləsi əsasında almışdır. Sözügedən mənzil üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir.

3. Həmin mənzildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlverişli şərait olduğu üçün iddiaçı tərəfindən ərizə, eyni zamanda eskiz layihə ilə Göyçay Rayon İcra Hakimiyyətinə müraciət edilərək, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi xahiş edilmişdir. İddiaçının müraciətinə, eləcə də təqdim etdiyi eskiz layihəyə müvafiq komissiya tərəfindən baxılmış, Göyçay Rayon İcra Hakimiyyəti başçısının 3 may 2021-ci il tarixli 49 nömrəli sərəncamı ilə ünvan 2 evin 3 saylı ünvanında yerləşən ümumi sahəsi 65.4 kv.m, genişləndirmə işləri aparıİdıqdan sonra 86 kv.m olan yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin, qeyri-yaşayış sahəsinin eskiz layihəsi, sxematik planı baş memar tərəfindən təsdiq edilmişdir.

4. Bundan sonra Göyçay Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə baxılmış və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəmüvafiq hesab edilmiş və bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 25 dekabr tarixli 200 nömrəli qərarı ilə təsdiq edilmiş “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” 05 may 2021-ci il tarixli bildiriş verilmişdir. Təsdiq edilmiş layihəyə uyğun genişləndirmə işləri aparılmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün yararlı vəziyyətə gətirilmişdir. Bundan sonra Göyçay Rayon İcra Hakimiyyətinin müvafiq komissiyası tərəfindən genişləndirilmiş sahəyə baxış keçirilmiş və 29 mart 2021-ci il tarixdən tikinti obyektinin istismarına icazə verilmişdir.

5. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək qeyri-yaşayış sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir.

6. Cavabdeh xx.xx.2021-ci il tarixli **********95 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, İddiaçı nümayəndəsi X2 şəhəri, H.Əliyev prospektində yerləşən qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etmişdir.

7. Araşdırma zamanı **********50-05101-093026 reyestr nömrəli çıxarışda və texniki pasportda ümumi sahənin 65,4 kv.m qeyd olunmasına baxmayaraq, qeyri-yaşayış sahəsinə keçəndə ümumi sahəsi artaraq 86 kv.m olması məlum olmuşdur.

8. Yəni, təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, mənzildə yenidən qurulma aparılmış, ölçü 86 kv.m olduqdan sonra qeyri-yaşayış sahəsinə keçirilmə və ya mənzilin 65.4 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə keçirilərək, sonradan qeyri-yaşayış sahəsində yenidən qurulma aparılmamışdır. Bu səbəbdən də, vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır.

9. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “ünvan 1 evin 3 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçrilməsinə dair İddiaçı hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz məktubunun məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 24 may 2022-ci il tarixli 2- 1(116)-269/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir.

13. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan ünvan 1 binanın 3 ünvanında yerləşən mənzilin sahəsi 65.4 kv.m olmuşdur. Yenidən qurulma və ya yenidən planlaşdırma aparılması prosedurunu müəyyən edən Mənzil Məcəlləsinin müvafiq maddələrinin tələbləri pozulmaqla mənzilin sahəsi artırılmışdır. Bu hal məhkəmə araşdırması zamanı nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsinin qərar qəbul edərkən sübut kimi istinad olunan “Tikinti obyektinin istismarına icazə” sənədində “İstismara hazırlıq barədə rəyin tarixi və qeydiyyat nömrəsi” qrafasının boş olması, bu sənədin müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılmadığını, bu səbəbdən də həmin sənədin mötəbərliyini şübhə altına alır. Üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetrində qeydiyyata alınması öhdəliyi qoyulan qeyri-yaşayış sahəsi beş mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən sübut kimi istinad olunan xx.xx.2021-ci il tarixli, 04 saylı Tikinti obyektinin istismarına icazə sənədi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 dekabr tarixli 491 nömrəli qərarı ilə təsdiq edilmiş, 2 nömrəli əlavə ilə müəyyən edilmiş forma ilə tərtib edilmişdir. Həmin forma Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kv.m-dən çox olmayan, həmçinin, mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kv.m-dən çox olmayan, istismar təyinatı bu qərarın 1 nömrəli əlavəsinə uyğun olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara razılığı barədə rəy verilmiş tikinti obyektinin istismarına icazə üçün nəzərdə tutulmuşdur. Bu cür pozuntu ilə tərtib olunmuş sənəd mötəbər hesab oluna bilməz. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 05 saylı Tikinti Obyektinin İstismarına icazə sənədinin Göyçay RİH başçısının xx.xx.2021-ci il tarixli, 49 saylı sərəncamından, xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişdən əvvəl tərtib olunması da nəzərə alınmamışdır. Bu hal da məhkəmə qərarının Mənzil Məcəlləsi nəzərə alınmadan qəbul olunmasını sübut edir. Bu pozuntunun mahiyyəti ondan ibarətdir ki, vətəndaş Mənzil Məcəlləsinin 24-cü maddəsinə əməl etmədən yaşayış sahəsində istədiyi kimi yenidən qurulma və ya yenidən planlaşdırma işləri aparmış, sonradan həmin qeyri-yaşayış sahəsinə istismara icazə sənədi əldə olunmuşdur. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zərurəti yarananda məcburiyyətdən sərəncamla bildiriş alınmışdır. İddiaçıya verilmiş xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişin B bəndində sahədə aparılması zəruri olan yenidənqurma və ya yenidən planlaşdırma və digər işlərin siyahısının, belə işlərin aparılmasına dair tələblərin qeyd olunmasına baxmayaraq, qrafa boş qalmasın deyə mənzilin genişləndirilərək 86 kv.m olması qeyd olunmuşdur. Bununla da sadalanan maddələrin tələbi pozulmuşdur. Lakin bu hal məhkəmə tərəfindən diqqətdən kənar qalmışdır. Üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulan qeyri-yaşayış sahəsi beş mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir. Buna baxmayaraq sözügedən qeyri-yaşayış sahəsinə tikinti obyektinin istismarına icazə sənədi AR Nazirlər Kabinetinin 2016-cı il 2 dekabr tarixli 491 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavəyə uyğun verilmişdir. Bu da öz növbəsində pozuntu hesab olunur. Məhkəmə tərəfindən bu hal nəzərə alınmamışdır. Üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi qoyulan qeyri-yaşayış sahəsinə dair verilmiş, tikinti obyektinin istismarına icazə sənədi AR Nazirlər Kabinetinin 2014-cü il 11 sentyabr tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyekinin istismarına icazə”nin formasına uyğun tərtib edilmədiyi üçün Tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi və tikintiyə dövlət nəzarətini həyata keçirən orqan tərəfindən verilən tikintinin istismara hazırlığını təsdiq edən istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi qarafaları qeyd olunmamışdır. Bu da çoxmənzilli yaşayış binasında yenidənqurma və yenidən planlaşdırma işlərinin yalnız Göyçay RİH-nin “təşəbbüsü” ilə tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmadan aparıldığını sübut edir. Bu hal qanun pozuntusu olmaqla yanaşı eyni zamanda insanların həyat və sağlamlığı üçün real təhlükə olması ehtimalını yaradır. Məhkəmə tərəfindən bu xüsusatlar da araşdırılmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 05 saylı Tikinti Obyektinin İstismarına icazə sənədinin Göyçay RİH başçısının xx.xx.2021-ci il tarixli, 49 saylı sərəncamından, xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında bildirişdən əvvəl tərtib olunması da nəzərə alınmamışdır. Bu hal da məhkəmə qərarının Mənzil Məcəlləsini nəzərə alınmadan qəbul olunmasını sübut edir. Bu pozuntunun mahiyyəti ondan ibarətdir ki, vətəndaş Mənzil Məcəlləsinin 24-cü maddəsinə əməl etmədən yaşayış sahəsində istədiyi kimi yenidən qurulma və ya yenidən planlaşdırılma işləri aparmış, sonradan həmin qeyri-yaşayış sahəsinə istismara icazə sənədi əldə olunmuşdur. Mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması zərurəti yarananda məcburiyyətdən sərəncamla bildiriş alınmışdır. Göyçay RİH başçısının xx.xx.2021-ci il tarixli 49 saylı sərəncamının, xx.xx.2021-ci il tarixli yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi haqqında bildirişin verilməsinə əsas olmuş iddiaçının ərizəsi və ona əlavə olunmuş sənədləri əldə etmək üçün Göyçay RİH-nə sorğu verilməmişdir. Göyçay RİH-dən məlumatın əldə olunması sözügedən sənədlərin Mənzil Məcəlləsinin və AR-nın Şəhərsalma və Tikinti Məcəlləsinin tələbi gözlənilməklə verilib-verilməməsinə aydınlıq gətirəcəkdir. Sözügedən qeyri-yaşayış sahəsində aparılmış yenidən qurulma və ya yenidən planlaşdırılma işləri tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmadan aparıldığı üçün həmin yenidən qurulma və ya yenidən planlaşdırılmanın çoxmənzilli yaşayış binası və insanların həyat və sağlamlığı üçün təhlükə yaradıbyaratmamasının araşdırılması zərurəti olmasına baxmayaraq məhkəmə bu halı nəzərə almamış və iş üzrə ekspertiza təyin etməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-269/2022 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-269/2022 nömrəli qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-269/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir.

18. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: Cavabdehin etiraz məktubuna əlavə olunmuş: xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 65,4 kv.m olan mənzil İddiaçı xüsusi mülkiyyətindədir. 408-1/3381 inventar nömrəli xx.xx.2020-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzilin ümumi sahəsi 65,4 kv.m-dir. xx.xx.2020-ci il tarixli ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, X1 şəhəri Heydər Əliyev prospekti ev 67 mənzil 3 ünvanında yerləşən ümumi sahəsi 65,4 kv.m olan mənzili İddiaçı satmışdır. xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nın surətindən görünür ki, qeyri-yaşayış obyektinin ümumi sahəsi 86.0 kv.mdir. Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli bildirişində qeyd olunmuşdur ki, İddiaçı ərizəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsi və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11-ci maddəsi nəzərə alınaraq Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 49 nömrəli sərəncamına əsasən ünvan 1 binanın 3 saylı ünvanında yerləşən ümumi sahəsi 65,4 kv.m olan yaşayış sahəsinin sahibkarlıq məqsədilə qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim olunmuş sənədlərə baxaraq 65,4 kv.m ümumi sahəsi olan mənzilin genişləndirilmə işləri aparıldıqdan sonra 86,0 kv.m ölçüdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə qabaqcadan heç bir şərt qoyulmadan keçirilməsi qərara alınmışdır. Göyçay RİH-nin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli məktubun surətində qeyd olunmuşdur ki, ünvan 5 binanın 3 saylı ünvanında yerləşən, mülkiyyətində olan 65,4 kv.m ümumi sahəsi olan mənzildə genişləndirmə işləri aparıldıqdan sonra 86,0 kv.m ölçüdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə qanunamüvafiq çevrilməsinə etiraz edilməmişdir. Göyçay RİH tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədinin surətindən görünür ki, ünvan 5 binanın 3 saylı ünvanında yerləşən qeyri-yaşayış obyektinin istismarına icazə verilmiş, ümumi sahə 86,0 kv.m olaraq göstərilmişdir. Göyçay RİH başçısı aparatının xx.xx.2021-ci il tarixli 349 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı müraciəti əsasında araşdırma aparılmış, mütəxəssislərin iştirakı ilə sözügedən mənzilə baxış keçirilmiş, rayon Mənzil İstismar Sahəsinin rəyi öyrənilmiş və həmin ünvanda yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Göyçay Rayon İcra Hakimiyyəti başçısının 3 may 2021-ci il tarixli, 49 nömrəli sərəncamına əsasən şəhərin Heydər Əliyev prospekti bina 67/3 ünvanında yerləşən mənzilin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilmişdir. Göyçay RİH başçısı aparatının xx.xx.2021-ci il tarixli 349 nömrəli məktubuna əlavə olunmuş xx.xx.2021-ci il tarixli 38 nömrəli məktubdan görünür ki, Göyçay Mənzil İstismar Sahəsi Göyçay şəhəri bina 67/3 saylı mənzilin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsinə etiraz etməmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli etiraz məktubundan görünür ki, araşdırma zamanı **********50-05101-093026 nömrəli çıxarışda və texniki pasportda ümumi sahənin 65.4 kv.m qeyd olunmasına baxmayaraq, qeyri-yaşayış sahəsinə keçəndə ümumi sahəsi artaraq 86 kv.m olduğu məlum olmuşdur. Yəni, təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, mənzildə yenidən qurulma aparılmış, ölçü 86 kv.m olduqdan sonra qeyri-yaşayış sahəsinə keçirilmə və ya mənzilin 65.4 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə keçirilərək, sonradan qeyri-yaşayış sahəsində yenidən qurulma aparılmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 21.1. Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Maddə 21.5. Sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.4-cü maddəsində göstərilən qərarlardan birini qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq göstərilən qərarlardan birinin qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sahənin keçirilməsini həyata keçirən orqan ərizəçiyə həmin sənədi verməklə və ya göndərməklə yanaşı, qəbul edilmiş qərar barədə barəsində qərar qəbul edilən sahəyə bitişik olan sahələrin mülkiyyətçilərini məlumatlandırır. Maddə 21.6. Keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Madd 21.9. Bu Məcəllənin 21.8-ci maddəsində göstərilən yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin başa çatması sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən yaradılan qəbul komissiyasının aktı ilə təsdiqlənir. Yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin bitməsini (sona çatmasını) təsdiqləyən qəbul komissiyasının aktı sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Qəbul komissiyasının aktı sahənin keçirilməsinin başa çatmasını təsdiqləyir və keçirilmiş sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Maddə 24. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə - ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.3. Razılaşdırmanı həyata keçirən orqan bu Məcəllənin 24.2-ci maddəsi ilə müəyyən edilən sənədlərdən başqa digər sənədlərin təqdim edilməsini tələb edə bilməz. Ərizəçiyə sənədlərin siyahısı və razılaşdırmanı həyata keçirən orqan tərəfindən qəbuletmə tarixi göstərilməklə qəbz verilir. 24.4. Razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 24.5. Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.6. Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 dekabr tarixli 491 nömrəli qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavəyə əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismarına sadələşdirilmiş icazə verilməsi tətbiq olunan qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismar təyinatının siyahısı müəyyən edilmişdir.

23. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin: Maddə 75. Tikintiyə icazə verilməsinin ümumi qaydaları 75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir... (-). Maddə 101. Tikinti obyektinin istismarına icazənin məqsədi: 101.1. Tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. 101.2. Tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. (-).

102. Tikinti obyektinin istismarına icazə verilməsi (-). 102.2. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. M a d d ə 103. Tikinti obyektinin istismarına icazədə nəzərdə tutulan məlumatlar

103.1. Tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: 103.1.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; 103.1.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; 103.1.3. tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; 103.1.4. tikinti obyektinin istismar təyinatı; 103.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri; 103.1.6. Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. 103.2. Tikintiyə icazə verən müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (reklam qurğularına münasibətdə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tikinti obyektinin istismarına icazədə nəzərdə tutulmuş məlumatları 5 gün müddətində Tikintilərin Dövlət reyestrinə təqdim edir. Bu məlumatlar ən geci 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin rəsmi internet səhifəsində yerləşdirilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam, tikinti obyektinin istismarına icazə verilmişdir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 65,4 kv.m olan mənzil İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. 408-1/3381 inventar nömrəli xx.xx.2020-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən, ünvan 3 ünvanında yerləşən mənzilin ümumi sahəsi 65,4 kv.m-dir. xx.xx.2020-ci il tarixli ******* nömrəli “daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən, X1 şəhəri Heydər Əliyev prospekti ev 67 mənzil 3 ünvanında yerləşən ümumi sahəsi 65,4 kv.m olan mənzili İddiaçı satmışdır. xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan göründüyü kimi, qeyri-yaşayış obyektinin ümumi sahəsi 86.0 kv.m-dir. Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli bildirişində qeyd olunmuşdur ki, İddiaçı ərizəsi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.1-ci maddəsi və “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3.11-ci maddəsi nəzərə alınaraq Göyçay Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 49 nömrəli sərəncamına əsasən ünvan 1 binanın 3 saylı ünvanında yerləşən ümumi sahəsi 65,4 kv.m olan yaşayış sahəsinin sahibkarlıq məqsədilə qeyri-yaşayış sahəsinə keçirilməsi barədə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsinə uyğun olaraq təqdim olunmuş sənədlərə baxaraq 65,4 kv.m ümumi sahəsi olan mənzilin genişləndirilmə işləri aparıldıqdan sonra 86,0 kv.m ölçüdə yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə qabaqcadan heç bir şərt qoyulmadan keçirilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli etiraz məktubundan görünür ki, araşdırma zamanı **********50-05101-093026 nömrəli çıxarışda və texniki pasportda ümumi sahənin 65.4 kv.m qeyd olunmasına baxmayaraq, qeyri-yaşayış sahəsinə keçəndə ümumi sahəsi artaraq 86 kv.m olduğu məlum olmuşdur. Yəni, təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, mənzildə yenidən qurulma aparılmış, ölçü 86 kv.m olduqdan sonra qeyriyaşayış sahəsinə keçirilmə və ya mənzilin 65.4 kv.m ölçüdə qeyri-yaşayış sahəsinə keçirilərək, sonradan qeyri-yaşayış sahəsində yenidən qurulma aparılmamışdır.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan xx.xx.2021-ci il tarixli 5 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədindən görünür ki, həmin sənəddə “Obyektin yerləşdiyi torpaq sahəsinə hüququnun növü” və “İstismara hazırlıq barədə rəyin tarixi və qeydiyyat nömrəsi” qrafası boş buraxılmışdır. Bu da “Tikinti obyektinin istismarına icazə” sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 dekabr tarixli 491 nömrəli qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavə ilə müəyyən edilmiş forma ilə tərtib edilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə qeyd edilən hal onu deməyə əsas verir ki, iddiaçı tərəfindən qeyri-yaşayış binası yenidən qurulub planlaşdırılarkən müvafiq icra hakimiyyəti orqanının razılığı alınmamışdır. Eyni zamanda mübahisə predmeti olan qeyri-yaşayış binasına tikinti obyektinin istismarına icazə sənədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 dekabr tarixli 491 nömrəli qərarı ilə təsdiq edilmiş, 1 nömrəli əlavəyə uyğun olaraq deyil, 2 nömrəli əlavəyə uyğun olaraq alınmışdır. Həmçinin, iş materiallarından görünür ki, “Tikinti obyektinin istismarına icazə” sənədi xx.xx.2021-ci il tarixdə, Göyçay Rayon İcra Hakimiyyətinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə sərəncamı xx.xx.2021-ci il tarixdə, bildiriş isə xx.xx.2021-ci il tarixdə verilmişdir. Göründüyü kimi, Mənzil Məcəlləsinin müddəalarına əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə Göyçay Rayon İcra Hakimiyyətinin sərəncamı olmadan “Tikinti obyektinin istismarına icazə” sənədi verilmiş, Göyçay Rayon İcra Hakimiyyətinin yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi barədə sərəncamı və bildiriş isə sonradan verilmişdir. Bundan əlavə, “Tikinti obyektinin istismarına icazə” sənədi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismarına sadələşdirilmiş icazə verilməsi tətbiq olunan qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismar təyinatının Siyahısı”na uyğun tərtib edilməmişdir.

32. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya məxsus qeyri-yaşayış binasına baxış keçirilmədiyinə görə təqdim olunan eskiz layihəsi əsasında texniki baxışın nəticəsi haqqında müayinə akt tərtib edilməmişdir. Göründüyü kimi, sözügedən qeyri-yaşayış sahəsində aparılmış yenidən qurulma və ya yenidən planlaşdırılma işləri tikintiyə nəzarəti həyata keçirən müvafiq qurumlarla razılaşdırılmadan aparıldığı üçün həmin yenidən qurulma və ya yenidən planlaşdırılmanın çoxmənzilli yaşayış binası və insanların həyat və sağlamlığı üçün təhlükə yaradıb-yaratmamasının araşdırılması zərurəti yaranmışdır.

33. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslıdır. Birinci instansiya məhkəməsi inzibati işin faktiki hallarını tam araşdırmadan, sübutların maddi və prossesual normalara uyğun qiymətləndirilməməsi nəticəsində iddia tələbini təmin etməklə səhv nəticəyə gəlmişdir.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, iddia təmin edilməməlidir.

35. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 24 may 2022-ci il tarixli 2-1(116)-269/2022 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı “ünvan 1 evin 3 saylı mənzilinin yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçrilməsinə dair İddiaçı hüququnun qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar