Məhkəmə qərarları › İş №2-1(107)-230/2024

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-230/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-230/2024 03.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "xxxx" ASC-yə məxsus Şəki şəhəri, Aydın Məmmədov küç. 141, Şəki şəhəri, Oğuz yolu 14C, Şəki şəhəri, M.F.Axundov prospektində, Şəki şəhəri, Nəriman Nərimanov küç. (12 saylı məktəbin qarşısında), Nəriman Nərimanov küçəsinin şimalında yerləşən daşınmaz əmlaklara ünvan arayışlarının verilməsi, mülkiyyət hüquqlarının tanınması və Dövlət qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə “məhkəmə qərarına izah verilməsinə dair” ərizəsi ilə bağlı Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024cü il tarixli 2-1(116)-933/2023 nömrəli qərardadından iş üzrə iddiaçının nümayəndəsi Qanuni nümayəndə tərəfindən apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək "xxxx" ASC-nə məxsus Şəki şəhəri, Aydın Məmmədov küç. 141, Şəki şəhəri, Oğuz yolu 14C, Şəki şəhəri, M.F.Axundov prospektində, Şəki şəhəri, Nəriman Nərimanov küç. (12 saylı məktəbin qarşısında), Nəriman Nərimanov küçəsinin şimalında yerləşən daşınmaz əmlaklara ünvan arayışlarının verilməsi, mülkiyyət hüquqlarının tanınması və Dövlət qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-1(116)-933/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

3. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə qərarına izah verilməsini xahiş etmişdir.

4. Ərizə formal mülahizələrlə əsaslandırılmış, qeyd edilmişdir ki, qərarın təsviri hissəsində, 2-ci səhifənin 3-cü abzasında iddia tələbinin mümkünlük şərtlərinə cavab verilməməsi qeyd edilsə də, iddia ərizəsinin nəyə görə icraata qəbul edilməsi iddiaçıya aydın deyil. Eyni zamanda qərarın təsviri hissəsində, 4-cü səhifənin 5-ci abzasında da yazılmışdır ki, ASC tam özəlləşdirilmişdir. Lakin, məhkəmənin son iclasında hakim ona bildirmişdir ki, onun mübahisələndirdiyi əmlaklar özəlləşdirilməmişdir. Hesab edir ki, ASC tam özəlləşdirildiyi halda onun balansında olan əmlaklar özəlləşdirilməyə bilməz. Onun bütün müraciətlərində və arxiv qərarlarında sözügedən sexlərin budka və ya köşk şəklində qoyulması, 1985-ci ildə onların kütləvi halda qırmızı kərpicdən tikilməsi mübahisə yaratmışdır. Bu barədə iş materiallarında 1985-ci ilin DƏK Şəki idarəsinin sabiq rəisinin və sabiq mühasibinin, həmin müddətdə Şəki şəhər XDS-nin sədrinin rəsmi olaraq məktubları olmasına baxmayaraq, onlar şahid qismində dəvət edilməmişlər. Budka və köşklərin 1985-ci ildə qırmızı kərpiclə tikilməsi faktını Şəki şəhər İH-nin memarlıq şöbəsinin vəzifəli şəxsləri və o zaman bilavasitə iştirak edən hazırki şəhərin Baş Memarı vəzifəsinin icraçısı da çox yaxşı bilir. Eyni zamanda budka və köşklərin qeyri-rəsmi göstərişlə qırmızı kərpicdən tikilməsini göstəriş verən, o zamanlar Şəki şəhər partiya komitəsinin birinci katibi olmuş, dəfələrlə Milli Məclisin deputatı Hadi Rəcəbli bu gün də sağdır və lazım gələrsə təsdiqləyə bilər. Həmin şəxslər məhkəməyə dəvət olunmamışlar. Qərarın əsaslandırma hissəsində, qərarın 9-cu səhifəsinin 1-ci abzasında yazılır ki, ASC tərəfindən hüquq təsdiqedici sənədlər təqdim edilməmişdir. Hesab edir ki, “Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət proqramının 18.3-cü bəndində nəzərdə tutulmuş qanunvericilikdə nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilmiş qaydada verilən hüquq təsdiqedici sənədlər təqdim edilməmişdir” yazılışının izaha ehtiyacı vardır. Özəlləşdirmə barədə 1996-cı ildə sərəncam verilmiş, ASC təşkil olunub, sənədlər paketi hazırlanmışdır. 2006-cı ildə isə həmin özəlləşdirmə paketi əsasında özəlləşdirilən ASC-nin sənədlər paketinin əks olunduğu qırmızı kitab olduğu kimi qalır və bu kitabda göstərilən hər bir sənəd məhkəməyə təqdim olunmuşdur, qırmızı kitab hazırda sağ-salamat qaldığı halda sənədlər paketinin düzgün tərtib edilməməsi və oraya hansısa sənədin əlavə edilməsi, oradan çıxarılması onun səlahiyyətində deyil. Digər tərəfdən o, hüquq təsdiqedici sənədlər almaq üçün müraciət etmişdir. Məhkəmənin tələb etdiyi həmin sənədlərin nədən ibarət olması barədə qərarda heç bir qeyd yoxdur. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 22 fevral 2024-cü il tarixli 2- 1(116)-933/2023 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(116)-933/2023 nömrəli qərarı üzrə iddiaçının nümayəndəsi Qanuni nümayəndə “məhkəmə qərarına izah verilməsinə dair” ərizəsi təmin edilməmişdir.

6. İddiaçının nümayəndəsi Qanuni nümayəndə həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

7. Apellyasiya şikayəti ərizənin dəlillərinə uyğun əsaslandırılmış və apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2- 1(116)-933/2023 nömrəli qərardadının ləğv edilərək yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2-1(116)-933/2023 nömrəli qərardadının ləğv edilərək yeni qərardad qəbul edilməsini xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxslər nümayəndələrinin iştirakını təmin etməmişdir. Üçüncü şəxs Şəki bələdiyyəsi məktub göndərərək işə onların iştirakı olmadan baxılmasını və qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

10. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 77.1. Bu Məcəllənin 76.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar olduqda, məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən zəruri düzəlişlərin edilməsi barədə ərizə verilə bilər. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

11. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1-ci bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-ci bəndinə əsasən, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1-ci bəndinə əsasən, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

13. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərardadının təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və qismən əsaslıdır. Ona görə də apellyasiya şikayəti qismən təmin ediləcəkdir.

14. Birinci instansiya məhkəməsi ərizəni təmin etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, izah verilməsi tələb edilən məhkəmə aktı kifayət qədər aydındır. İddiaçının izah verilməsini tələb etdiyi hallar faktiki olaraq qərarın ona aydın olmamasından yox, qərardan narazı qalmasından irəli gələn məsələlərdir. İddiaçının nümayəndəsi eyni əsasların qeyd olunduğu apellyasiya şikayətini də, məhkəməyə təqdim etmişdir.

15. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddihüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

16. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyət zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

17. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin mümkünlüyü məsələsinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.

18. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinin məzmunundan aydın olur ki, qanunvericilikdə yalnız zərurət olduqda, tələblər aydın olmadıqda məhkəmə qərarına izah verilməsinə yol verilir. Həmçinin, nəzərə alınmalıdır ki, belə izah məhkəmə aktının məzmununu dəyişdirməməli və yalnız o halda verilməlidir ki, həmin sənəddə ifadə edilmiş tələb aydın göstərilməsin, anlaşılmayan olsun. 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir.

20. Belə ki, iddiaçının nümayəndəsi tərəfindən verilmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına izah verilməsi barədə ərizə qərarın əsaslandırıcı hissəsindən verilmişdir.

21. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizənin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Əmlakının özəlləşdirilməsinin 2-ci Dövlət proqramının 18.3-cü bəndində nəzərdə tutulmuş qanunvericilikdə nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilmiş qaydada verilən hüquq təsdiqedici sənədlərin təqdim edilməməsi ilə bağlı dəlilinə münasibət bildirirərək qeyd edir ki, qanunvericiliklə hüquqi normaların tətbiqi ilə yox, qərarın məzmunu aydın olmadığı halda izah verilməsi nəzərdə tutulmuşdur.

22. Bununla yanaşı İPM-in 77-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarının təsviri hissəsində başqa yanlışlıqlar və aydın olmayan məqamlar olduqda, məhkəmə qərarının təqdim olunduğu gündən 2 həftə ərzində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən zəruri düzəlişlərin edilməsi barədə ərizə verilə bilər.

23. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, ərizənin mahiyyətindən də göründüyü kimi iddiaçınn nümayəndəsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razı deyildir və həmin qərardan artıq apellyasiya şikayəti verilmiş və hazırda iş apellyasiya məhkəməsinin icraatındadır.

24. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırır ki, qeyd olunan mübahisə ilə bağlı məhkəmə tərəfindən normaların düzgün tətbiq edilməməsi və digər hallarla bağlı verilmiş apellyasiya şikayətinə əlavə də verilə bilər.

25. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi prosessual hüquq normalarını pozaraq ərizənin mümkünlük şərtlərini yoxlamadan, İPM-in 12-ci, 13-cü və 48-ci maddələrinin tələblərini pozaraq ərizənin təmin edilməməsi barədə qərardad qəbul etməkdə haqlı olmamışdır.

26. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı "xxxx" ASC-yə məxsus Şəki şəhəri, Aydın Məmmədov küç. 141, Şəki şəhəri, Oğuz yolu 14C, Şəki şəhəri, M.F.Axundov prospektində, Şəki şəhəri, Nəriman Nərimanov küç. (12 saylı məktəbin qarşısında), Nəriman Nərimanov küçəsinin şimalında yerləşən daşınmaz əmlaklara ünvan arayışlarının verilməsi, mülkiyyət hüquqlarının tanınması və Dövlət qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə “məhkəmə qərarına izah verilməsinə dair” iddiaçının nümayəndəsi tərəfindən verilmiş ərizə mümkün sayılmamalıdır.

27. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ:

İddiaçının nümayəndəsi Qanuni nümayəndə tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2-1(116)-933/2023 nömrəli qərardadı ləğv edilsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-933/2023 nömrəli qərarı üzrə iddiaçının nümayəndəsi Qanuni nümayəndə “məhkəmə qərarına izah verilməsinə dair” ərizəsi mümkün sayılmasın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar