Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-231/2021 21.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Şəki bələdiyyəsinə qarşı (üçüncü şəxs: X6) “X7 Şəhər İcra Hakimiyyəti başçısının 16.08.1994-cü il tarixli, 1/426 nömrəli sərəncamı ilə ona ayrılmış Şəki şəhəri 99-cu kvartalda 600 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarın etibarsız hesab edilməsi” tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(116)-4/2021 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Şəki bələdiyyəsinə qarşı (üçüncü şəxs: X6) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəki bələdiyyəsinin icra olunmuş bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarının qanunsuz hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi birinci instansiya məhkəməsinə 28.09.2018-ci il tarixdə daxil olmuş və həmin tarixdən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Şəki Şəhər İH başçısının 16.08.1994cü il tarixli, 1/426 nömrəli sərəncamı ilə iddiaçıya şəhərin 99-cu kvartalından 600 kv.m torpaq sahəsi ayrılmaqla 3 otaqlı ev tikintisinə icazə verilmişdir. Buna baxmayaraq cavabdeh orqan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanması barədə qərar qəbul etmiş və bundan sonra notarial qaydada həmin torpaq sahəsini üçüncü şəxs X2. Halbuki torpaq islahatı aparılan zaman sözügedən torpaq sahəsi əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilmiş və həmin torpaq sahəsinin vergisini iddiaçıya Şəki bələdiyyəsinə ödəmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, sərəncamla ona ayrılmış torpaq sahəsinin digər şəxsə satılması halı ilə bağlı məlumat almaq istəmiş, lakin cavabdeh orqan istifadəsinə ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazinin sxematik planını təqdim etməyi xahiş etmişdir. Bundan başqa iddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edərək, torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, İdarədən bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinin ona ayrılması barədə qərar və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş sxem təqdim ediləcəyi təqdirdə həmin torpaq sahəsinə çıxarış verilməsi məsələsinə baxıla bilər. İddiaçı birinci instansiya məhkəməsinin dəftərxanasına 28.01.2020-ci il tarixdə daxil olan ərizəsində iddia tələbində dəqiqləşdirmə aparmış və “X7 Şəhər İcra Hakimiyyəti başçısının 16.08.1994-cü il tarixli, 1/426 nömrəli sərəncamı ilə ona ayrılmış Şəki şəhəri 99cu kvartalda 600 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarın etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadı ilə ərizə icaraata qəbul edilmişdir. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı 18.10.2018-ci il tarixli, 509 nömrəli məktubunda iddia tələbinə münasibət bildirərkən qeyd etmişdir ki, vətəndaşın iddia etdiyi torpaq sahəsi əvvəllər magistral qaz xəttinin mühafizə zolağında olmuşdur. Qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən magistral qaz xəttinin mühafizə zolağında olan torpaq sahəsi icarəyə, istifadəyə və mülkiyyətə verilə bilməzdi, heç bir hüquqi və fiziki şəxsə verilməmişdir. Lakin ərazidən qaz xətti götürüldükdən sonra torpaq sahəsi boşaldılmış, həmin torpaq sahəsi bələdiyyə torpaqlarına aid olduğu üçün S.Rəhman küçəsi, bina 76, mənzil 38-də yaşayan X4 ərizəsi, Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Tikinti və Memarlıq şöbəsinin rəyi və eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsindən Şəki bələdiyyəsinə təqdim edilmiş, həmin torpağın artıq Şəki Bələdiyyəsinin mülkiyyətinə aid olması barədə reyestrdən çıxarış, digər sənədlər nəzərə alınaraq həmin ərazidən 0,06 ha torpaq sahəsi Şəki bələdiyyəsinin 19.04.2017-ci il tarixli, 06 saylı iclasının qərarı ilə fərdi yaşayış evi tikmək üçün X4 mülkiyyətinə satılmışdır. Əlavə olaraq bildirilir ki, həmin torpaq sahəsi üzərində Şəki bələdiyyəsinin mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdəsində **********09 reyestr nömrəsi ilə 17.12.2016-cı il tarixdə qeydiyyata alınmışdır. İş üzrə üçüncü şəxs tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış 25.10.2018-ci il tarixli etiraz ərizəsində qeyd edilmişdir ki, N.Mirzəxanlı fərdi yaşayış evi tikmək üçün müvafiq sənədlərlə birlikdə Şəki bələdiyyəsinə ərizə ilə müraciət etmişdir. Şəki Bələdiyyəsinin 19 aprel 2017-ci il tarixli qərarı ilə şəhərin 99-cu kvartalından ona 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin bələdiyyə tərəfindən müəyyən edilən 0,01 ha torpaq sahəsinin qiyməti 650 manat olmaqla cəmi 3900 manat ödəməklə həmin torpaq sahəsini notarial qaydada alqı-satqı müqaviləsi ilə almışdır. Bundan sonra N.Mirzəxanlı müvafiq sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestrinin 12 saylı Ərazi İdarəsinə təqdim edərək seriya RX ******* nömrəli çıxarış almışdır. Bundan başqa iddia ilə bağlı qeyd edilir ki, İddiaçı bildirir ki, 1994-cü il tarixdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə şəhərin 99-cu kvartalından 600 kv.m. torpaq sahəsi ayrılıb. Ancaq torpaq sahəsinin harada yerləşməsi barədə plan və ölçü sənədi yoxdur. Eyni zamanda iddiaçıya torpaq sahəsinin ayrılmasından 25 ilə yaxın müddət keçmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsaslanaraq tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin iddiaçıya ünvanlanmış 01.05.2018-ci il tarixli məktubundan görünür ki, müraciətdə qeyd olunan torpaq sahəsinə aid torpaq sahəsinin ayrılması barədə qərar və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş sxem təqdim ediləcəyi təqdirdə sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi məsələsinə baxıla bilər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin 01.04.2019-cu il tarixli məktubundan görünür ki, Xidmətin 12 saylı Şəki Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən İddiaçı adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Eyni zamanda bildirirlər ki, Şəki şəhəri, E.Sabitoğlu küçəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin əvvəlki mülkiyyətçisi Şəki Bələdiyyəsi olmuşdur. Şəki rayon 2 saylı DNK-nın 02.06.2017-ci il tarixli, 4Ə-584 saylı müqaviləsinə əsasən X1. İş materiallarında olan Şəki ŞƏhər İcra Hakimiyyəti Başçısının 29.11.2018-ci il tarixli 2/2225 nömrəli məktubundan görünür ki, torpaq sahəsi ayrılarkən ayrılmış torpaq sahəsinin hansı ərazidə yerləşməsini əks etdirən təsdiq olunmuş cizgi-planı vətandaşa təqdim olunur. Belə gizgi-plan icra hakimiyyətində saxlanılmır. İş materialarında olan X9 Filialının 15.01.2019-cu il tarixli 02 nömrəli məktubundan görünür ki, Şəki şəhər İcra Hakimiyyəti Başçısının 16.08.1994-cü il tarixli 1/426 nömrəli sərəncamına əsasən iddiaçının torpaq sahəsi almağına dair sərəncamdan çıxarış məhkəməyə göndərilmiş, həmin sərəncamən əlavələrində isə cizgiplanın təsdiq olunmuş surəti yoxdur. İş materiallarında olan Şəki bələdiyyəsinin məhkəməyə ünvanladığı 28.11.2018-ci il tarixli, 556 nömrəli məktubda qeyd edilir ki, yerli vergi orqanları tərəfindən 2000-ci ildə Şəki bələdiyyəsinə verilən vergi uçot məlumatları üzrə vergiödəyicisi kimi İddiaçı qeydiyyatı vardır. Bu qeydiyyat üzrə və qanunun tələblərinə uyğun olaraq vergi uçot kitabında 1091/1 saylı hesab nömrəsi üzrə 600 kv.m torpaq sahəsi üçün hər il İddiaçı 1.80 manat olmaqla 2015-ci ilə qədər torpaq vergisi ödəmişdir. İş materiallarında olan Şəki bələdiyyəsinin 15.01.2019-cu il tarixli 027 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı adının vergi ödəyicisi kimi qeydiyyata alınmış vergi uçotu kitabı bələdiyyənin fəaliyyəti dövründən əvvəl mövcud olan yerli vergi orqanı tərəfindən təhvil verilmiş siyahı əsasında tərtib edilmişdir. Həmin siyahıda vətəndaşa məxsus torpaq sahəsinin kvartalın hansı hissəsində yerləşdiyi (dəqiq ünvanı) barədə Şəki bələdiyyəsində heç bir məlumat yoxdur. Həmçinin bildirilir ki, vətəndaşlara məxsus torpaq sahəsinin yerləşdiyi sxem üzrə siyahılar şəki bələdiyyəsinə təhvil verilməmişdir. İş materialarında olan X9 Filialının 15.01.2019-cu il tarixli 02 nömrəli arxiv çıxarışından görünür ki, Şəki şəhər İcra Hakimiyyəti Başçısının 16.08.1994cü il tarixli 1/426 nömrəli sərəncamına əsasən iddiaçıya şəhərin 99-cu kvartalından 600 kv.m torpaq sahəsi ayrılmaqla 3 otaqlı ev tikintisinə icazə verilmişdir. İş materiallarında olan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 01.04.2019-cu il tarixli, **********71 nömrəli məktuba əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Şəki bələdiyyəsinin 30.08.2016cı il tarixli, 17 saylı iclas protokolunun 78 saylı qərarına əsasən şəhərin 99-cu kvartalında yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi barədə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmışdır. Kadastr və Layihə Yerquruluşu LayihəTədqiqat Mərkəzinin 12 saylı Layihə Tədqiqat İdarəsinin 06.10.2016-cı il tarixli “Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə Aktı” əsasən 99-cu kvartalda yerləşən 0.06 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş və bununla bağlı RX seriyalı, ******* nömrəli, 17.12.2016-cı il tarixli çıxarış və həmin tarixli 120830 nömrəli Plan və ölçü sənədi tərtib edilmişdir. Bundan sonra iş üzrə üçüncü şəxs və Şəki Şəhər İH başçısı aparatının Tikinti və Memarlıq şöbəsinin 16.08.2016-cı il tarixli, 8/1639 saylı rəyi nəzərə alınaraq Şəki bələdiyyəsinin 19.04.2017-ci il tarixli, 06 saylı iclas protokolundan çıxarışda olan 31 nömrəli qərarı ilə 0.06 ha torpaq sahəsi 03.06.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən üçüncü şəxs N.Mirzəxanlıya satılmış və bununla bağlı sonuncunun adına RX seriyalı ******* nömrəli, 14.07.2017-ci il tarixli çıxarış tərtib edilmişdir. İş materiallarında olan Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-60/2019 nömrəli, 06.05.2019-cu il tarixli qərardadı ilə iddiaçının torpaq sahəsinin üçüncü şəxsə satılması barədə bələdiyyə qərarının ləğv edilməsi tələbi mümkün sayılmamışdır. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-379/2019 nömrəli, 19.06.2019-cu il tarixli qərardadı ilə təmin edilməmişdir. İddiaçı tərəfindən verilən kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibatiİqtisadi Kollegiyasının 2-1(102)-2515/2019 nömrəli, 25.09.2019-cu il tarixli qərarı ilə təmin edilmiş və Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(107)379/2019 nömrəli, 19.06.2019-cu il tarixli qərardadı ləğv edilmişdir. İş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-651/2019 nömrəli, 21.11.2019-cu il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-60/2019 nömrəli, 06.05.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. İddiaçı məhkəməyə 27.08.2020-ci il tarixli ərizə ünvanlayaraq işə mahiyyəti üzrə baxılıb qurtarılanadək 0.06 ha torpaq sahəsində hər hansı tikinti-quruculuq işlərinin aparılmasının tərəflərə, həmçinin üçüncü şəxsə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(116)-14/2020 nömrəli, 28.08.2020-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilməmişdir. Qərardaddan verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-424/2020 nömrəli qərardadı ilə təmin edilməmişdir. İş materiallarında olan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 01.10.2020-ci il tarixli, **********24 nömrəli məktubunda qeyd edilir ki, Şəki şəhərinin kompleks yerquruluşu xəritəsi ləğv edilmiş DTXK Şəki rayon şöbəsi tərəfindən hazırlanmadığından və ərazi idarəsinə təhvil verilmədiyindən, həmçinin Şəki şəhəri, 99-cu kvartalda yerləşdiyi bildirilən 600 kv.m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları məlum olmadığından sözügedən torpaq sahəsinin xüsusi, bələdiyyə və ya dövlət torpaq sahəsi olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin ərazi idarəsinin elektron baza məlumatlarında Şəki şəhəri, 99-cu kvartala aid yalnız qeydiyyatdan keçmiş əmlakların elektron xəritə məlumatları mövcuddur. İş materiallarında olan 30.10.2020-ci il tarixli, 2/1394 nömrəli Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının məktubunda qeyd edilir ki, 1999-cu ildə Azərbaycan Respublikası ərazisində yerli özünüidarəetmə orqanları yaradılmış və bununla bağlı olaraq torpaqların mülkiyyətçiləri müəyyənləşdirilərkən 99-cu kvartalda yerləşən torpaq sahələri Şəki bələdiyyəsinin mülkiyyətinə verildiyindən İH 99-cu kvartala aid sənədləri Şəki bələdiyyəsinə təhvil vermişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 19 fevral 2021-ci il tarixli, 2- 1(116)-4/2021 nömrəli qərarı ilə İddiaçı cavabdeh Şəki bələdiyyəsinə qarşı (üçüncü şəxs: X6) “X7 Şəhər İcra Hakimiyyəti başçısının 16.08.1994-cü il tarixli, 1/426 nömrəli sərəncamı ilə ona ayrılmış Şəki şəhəri 99-cu kvartalda 600 kv.m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməmısi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(116)-4/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, tərəfindən cavabdeh Şəki bələdiyyəsinə qarşı "X7 şəhər İcra Hakimiyyəti Başçısının 16.08.1994-cü il tarixli, 1/426 nömrəli Sərəncamı ilə ona ayrılmış Şəki şəhəri 99-cu kvartalda 600 kv m torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərarın etibarsız sayılması" tələbinə dair iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edilmişdir. Şəki İnzibati Məhkəməsinin 19.02.2021-ci il tarixli, 2- 1(116)-4/2021 saylı qərarı ilə iddiası təmin edilməmişdir. Belə ki, nəzərinizə çatdırmaq istəyir ki, Şəki şəhər İcra Hakimiyyəti Başçısının 16.08.1994-cü il tarixli 1/426 nömrəli Sərəncamı ilə ona şəhərin 99-cu kvartalından 600 kv m torpaq sahəsi ayrılmaqla 3 otaqlı ev tikilməsinə icazə verilmişdir. Buna baxmayaraq cavabdeh qanunsuz olaraq torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərar qəbul etmiş, həmin torpaq sahəsi üzərində hüquqlarım qeydiyyata aldırmış və həmin torpaq sahəsinin üçüncü şəxs X3 barədə qərar qəbul etmişdir. Qeyd edir ki, bələdiyyələr 1999-cu ildə yaradılsa da 2001-ci ildə formalaşmışdır. Göründüyü kimi həmin torpaq sahəsi ona ayrılarkən hələ bələdiyyələr yaranmamış və formalaşmamışdır. Belə olan halda Səki bələdiyyəsinin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ yaranmamış, mübahisəli torpaq sahəsi bələdiyyənin olmamış və o, həmin torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata aldıraraq torpaq sahəsini sata bilməzdi. Əvvəla həmin torpaq sahəsi Şəki şəhər İcra Hakimiyyəti Başçısının 16.08.1994cü il tarixli 1/426 nömrəli Sərəncamı ilə ona ayrıldığından və 3 otaqlı evin tikintisinə icazə verildiyindən onun qanuni istifadəsində və sahibliyində olmuş və o, bu günədək həmin torpaq sahəsinin vergisini Şəki bələdiyyəsinə ödəyir. Qeyd edir ki, eyni sərəncamla Daşınmaz Əmlakın Dövlət Reyestrinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən qonşuluğunda olan torpaq sahələrinə çıxarış verilmişdir. O, bu barədə Şəki bələdiyyəsindən məlumat almaq üçün müraciət etmişdir və müraciətinə cavab olaraq bildirilmişdir ki, həmin torpaq sahəsinin sxemi olmadığı üçün satılıb. Əvvəla qanunun tələbinə görə həmin torpaq sahəsi onun qanuni istifadəsində və sahibliyində olduğu üçün mülkiyyətinə verilmiş və sxemin verilməsini müvafiq icra hakimiyyəti orqanı təmin edilməli idi. Bundan başqa qərarda qeyd edilir ki, iş materiallarında olan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 01.04.2019-cu il tarixli **********71 nömrəli məktuba əlavə edilmiş sənədlərin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, Şəki bələdiyyəsinin 30.08.2016-cı il tarixli 17 saylı iclas protokolunun 78 saylı qərarına əsasən şəhərin 99-cu kvartalında yerləşən 0,6 ha həyətyanı torpaq sahəsi barədə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılmışdır. Kadastr və Layihə Yerqurluşu Layihə-Tədqiqat Mərkəzinin 12 saylı Layihə-Tədqiqat İdarəsinin 06.10.2016-cı il tarixli "Torpaq sahəsinin vəziyyətini əks etdirən müayinə aktına əsasən 99-cu kvartalda yerləşən 0,06 ha torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş və bununla bağlı 17.12.2016-cı il tarixli çıxarış və həmin tarixli plan-ölçü sənədi tərtib edilmişdir. Bundan sonra iş üzrə üçüncü şəxs və Şəki şəhər İHB Aparatının Tikinti və Memarlıq Şöbəsinin 16.08.2016-cı il tarixli 8/1639 saylı rəyi nəzərə alınaraq həmin torpaq sahəsi üçüncü şəxsə satılmışdır. Qərarda göstərilir ki, iş materiallarında olan DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin 01.10.2020-ci il tarixli **********24 nömrəli məktubunda qeyd edilir ki, Şəki şəhərinin kompleks yerqurluşu ləğv edilmiş DTXK Şəki rayon Şöbəsi tərəfindən hazırlanmadığından ərazi idarəsinə təhvil verilmədiyindən, həmçinin Şəki şəhəri 99-cu kvartalda yerləşdiyi bildirilən 600 kv m torpaq sahəsinin döngə nöqtələrinin koordinatları məlum olmadığından sözügedən torpaq sahəsinin xüsusi, bələdiyyə və ya dövlət torpaq sahəsi olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin ərazi idarəsinin elektron baza məlumatlarında Şəki şəhəri 99-cu kvartala aid yalnız qeydiyyatdan keçmiş əmlakların elektron xəritə məlumatları mövcuddur. Göründüyü kimi DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin məhkəməyə göndərdiyi 01.04.2019-cu il tarixli və 01.10.2020-ci il tarixli məktubları bir-biri ilə ziddiyyət təşkil etdiyi halda məhkəmə tərəfindən bu hallar araşdırılmamış və hüquqi qiymət verilməmişdir. Göründüyü kimi Şəki şəhər İcra Hakimiyyəti Başçısının şəhərdə fərdi tikililər haqqında 16 avqust 1994-cü il tarixli 1/426 nömrəli Sərəncamı ilə ona şəhərin 99-cu kvartalmda 600 kv m torpaq sahəsi ayrılmaqla 3 otaqlı ev tikilisinə icazə verilmişdir (əsas: 1992-ci il tarixli 1/29 nömrəli qərar). Bununla da həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququm yaranmış, lakin məhkəmə bunları nəzərə almamışdır. Məhkəmə tərəfindən sözügedən torpaq sahəsinin yerini müəyyən etmək üçün heç bir tədbir görülməmiş, yerində baxış keçirilməmiş, ekspertiza təyin edilməmiş, istifadəsində və mülkiyyətində olan torpaq sahəsi ilə üçüncü şəxsə satılan torpaq sahələrinin üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Nəzərinizə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25.09.2019-cu il tarixli, 2-1(102)-2515/2019 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 19 iyun 2019-cu il tarixli, 2-l(107)-379/2019 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qərarda qeyd edilənlərdən də göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Sərəncamla ona verilmiş, mülkiyyətimdə olan 99-cu kvartalda yerləşən 0,06 ha torpaq sahəsinin yeri müəyyən edilmişdir ki, məhkəmə mülkiyyətimdə olan torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməməsinin nəticəsinə gəlmisdir. Məhkəmə bütün bu ziddiyyətli məqamlara aydınlıq gətirməmişdir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(116)-4/2021 saylı qərarı ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş edir. Tərəflərin izahatları İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Şəki bələdiyyəsinini nümayəndəsi və üçüncü şəxs X6 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan düzgün olaraq rədd edilmişdir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər (maddə 4). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir (maddə 10). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (maddə 68). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (həmin tarixə olan redaksiyada) 2.1-ci və 2.2-ci maddələrinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Həmin Qanunun 3-cü maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi torpaqların məqsədli təyinatı üzrə istifadə edilməsi və dövriyyədən əsassız çıxarılmasına yol verilməməsi; torpaqların münbit qatının bərpası, artırılması, mühafizəsi, təbii və antropogen təsirlərdən qorunması; torpaqların xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsində qanunvericiliyə və sosial ədalət prinsiplərinə əməl edilməsi; torpaqdan haqqı ödənilməklə istifadə edilməsi; müxtəlif məqsədlər üçün mülki dövriyyəyə cəlb edilən torpaqlar barədə əhalinin məlumatlandırılması prinsiplərinə əsaslanır. Həmin Qanunun 4-cü maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; yaşayış məntəqəsinin baş planının, planlaşdırma və tikinti layihələrinin, yerquruluşu və təsərrüfat planlarının hazırlanmasını və həyata keçirilməsini öz səlahiyyətləri daxilində təşkil etmək; bələdiyyə torpaqlarının istifadəçilərindən torpaq vergisini və icarə haqqını almaq; ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq; bələdiyyə torpaqlarının mühafizəsinə və yaxşılaşdırılmasına dair proqramlar hazırlamaq, təsdiq etmək və onları həyata keçirmək; hüquqi və fiziki şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda torpaq hərraclarından və xüsusi mülkiyyətçilərdən torpaq sahələri almaq, habelə dövlət mülkiyyətindən torpaq alınması barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırmaq; bələdiyyə torpaqlarından səmərəli istifadə olunmasına və onların mühafizəsinə nəzarət etmək; bələdiyyə torpaqlarına dair məhkəmədən kənar qaydada həll olunmalı mübahisələri həll etmək; öz səlahiyyətləri daxilində torpaq istifadəçilərinin və icarəçilərinin hüquqlarını müdafiə etmək; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirmək torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri kimi müəyyən edilmişdir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyə əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ-hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 65-ci maddəsinə əsasən hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt etibarsız sayılır. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin Qanunun 67-ci maddəsinin müddəalarına əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır (67.1). Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər (67.2). Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır (67.3). Normaların məzmunundan göründüyü kimi qanunverici inzibati aktın etibarsızlığını və qanunsuzluğunu biri-birindən fərqləndirir. Belə ki, etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Qanunsuz əlverişsiz (maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt) isə, əksinə, hüquqi nəticələr yaradır və qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda inzibati orqan öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Əks təqdirdə, həmin aktın etibarsızlığına dair «müəyyən etmə və tanınma haqqında» iddia ilə məhkəməyə müraciət oluna bilər. Belə iddia isə, yalnız o halda əsaslı sayıla bilər ki, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olsun. İddia ərizəsinə görə iddiaçı cavabdehin qərarının etibarsız hesab edilməsini xahiş etmişdir. Lakin, «İnzibati icraat haqqında» Qanunun 65.1-ci maddəsində təsbit edilən və həmin qərarın etibarsızlığına səbəb olan əsaslardan hər hansı biri hazırkı işdə mövcud olmadığından qərarın etibarsızlığına dair tələb əsaslı hesab edilə bilməz. İddiaçının etibarsızlığını tələb etdiyi bələdiyyə qərarı yuxarıda qeyd olunan qanunvericilik normalarına riayət edilməklə qəbul edilmiş, qeyd olunan torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuşdur. Bələdiyyə tərəfindən həmin torpaq sahəsi satışa çıxarılmaq məqsədi ilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyta alınmış və bundan sonra notarial alqı-satqı müqaviləsi bağlanmaqla 3-cü şəxsə satılmışdır. Bələdiyyənin mülkiyyət hüququnu qeydə aldırdığı torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair heç bir sübut mövcud deyil və məhkəmə araşdırması zamanı da aşkar edilməmişdir. Sərəncamla iddiaçıya torpaq sahəsi ayrılsa da, həmin torpaq sahəsinin yerini müəyyən etmək mümkün deyil. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. İPM-in 36.1-ci maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qiso,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 fevral 2021-ci il tarixli, 2-1(116)-4/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-231/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-231/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver