Məhkəmə qərarları › İş №2-1(107)-231/2025

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-231/2025

15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-231/2025 15.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X16 və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, X13 və X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “JN-212A (kod ********) “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin koordinatları ilə RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən üçüncü şəxs X10 mülkiyyətində olan 0.40 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsində çıxarış və Torpaq sahəsinin Plan-ölçü sənədinin ləğv edilməsi, Göyçay rayonu Qarabağlar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 ailə üzvləri-İddiaçı2, X6 və X3 JN212A, KOD 40808048 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə (baza məlumatlarına uyğun) uyğun olaraq müvafiq çıxarışın (torpaq sahəsinin planı və ölçüsü) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 2-1(116)- 474/2024 nömrəli qərarından iş üzrə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “JN- 212A (kod ********) “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin koordinatları ilə RX seriyalı ******* nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən üçüncü şəxs X10 mülkiyyətində olan 0.40 ha torpaq sahəsinin koordinatlarının üst-üstə düşən hissəsində çıxarış və Torpaq sahəsinin Planölçü sənədinin ləğv edilməsi, Göyçay rayonu Qarabağlar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 ailə üzvləri-İddiaçı2, X6 və X3 JN212A, KOD 40808048 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə (baza məlumatlarına uyğun) uyğun olaraq müvafiq çıxarışın (torpaq sahəsinin planı və ölçüsü) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)-2710/2023 saylı qərardadı ilə X17 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir.

3. İddia ərizəsinə əsasən Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998- ci il tarixli 41 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, X13 və X5 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir.

4. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-93/2023-nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN-212A saylı Şəhadətnaməyə əsasən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmaması qərara alınmışdır. Həmin işə baxılarkən müəyyən edilmişdir ki, 21.11 2022-ci il tarixli, **********16 nömrəli məktubuna əlavə olunmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında təsbit edilib göstərilən JN-67A nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə verilmiş 0,40 ha torpaq sahəsinin koordinatları ilə iddiaçının naturada göstərdiyi 0,3945 ha torpaq sahəsinin koordinatları üst-üstə düşür. Kəndin kompleks yerquruluşu islahat layihəsində göstərilən JN-212A (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də ilə iddiaçının mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsinin koordinatları ilə iddiaçının naturada göstərdiyi 0,3945 ha torpaq sahəsi, o cümlədən üçüncü şəxs Anar Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla verilmiş 0,40 ha torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq, konfiqurasiya və bucaq fərqləri mövcud olduğu üçün suallara cavab vermək mümkün olmadı. Lakin iddiaçının naturada göstərdiyi 0,3945 ha torpaq sahəsi ilə üçüncü şəxs Anar Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla verilmiş 0,40 ha torpaq sahəsinin 0,2486 ha hissəsi üst-üstə düşür. Qeyd edmişdir ki, (qeydiyyat nömrəsi **********) reyestr nömrəli plan ölçü sənədinin hazırkı yerləşmə vəziyyəti və koordinatları ilə bağlı cavabdeh orqanın tərtib etdiyi sənədlərin heç bir hüquqi əsası yoxdur.

5. Üçüncü şəxs Anar Məmmədovun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışdan görünür ki, ona məxsus 0,40 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla əkin uqodiyalı torpaq sahəsidir.Göyçay rayon Aqrar-İslahat Komissiyasının 28 avqust 1998-ci il tarixli 41- saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinə verilmiş 0,12 ha torpaq sahəsi isə Göyçay rayon Qarabağlar kəndində yaşayış massivində yerləşir. Üçüncü şəxs X10 mülkiyyətində olan 0,40 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid olmasına baxmayaraq onun adına rəsmiləşdirilmiş RX seriyalı ******* nömrəli (qeydiyyat nömrəsi **********) çıxarışla verilmiş 0,40 ha torpaq sahəsinin koordinatları əkin massivinə deyil, qanunsuz olaraq yaşayış massivinə işlənmişdir

6. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, Göyçay rayonu, Qarabağlar kəndində yerləşən 0.12 hektar həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işləri aparılmış və vətəndaşın mülkiyyətində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları yerində müəyyən edilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi elektron baza məlumatları ilə vətəndaşın mülkiyyətində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının digər mülkiyyətçiyə məxsus JN-67A nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə üst-üstə düşməsi və elektron baza məlumatlarının fərqli olması müəyyən edilmişdir.

7. Tərəflər birinci instansiya məhkəməsinin iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Birinci instansiya məhkəməsinin iclasına cavabdehin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçıların və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

9. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin vəkili etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 17 dekabr 2024-cü il tarixli 2-1(116)-474/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

12. İddiaçı1 həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

13. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki İnzibati Məhkəməsinin göstərilən iş üzrə qərarını qanunsuz, əsassız və ədalətsiz hesab edirəm. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qərarda göstərilən nəticələr işin hallarına uyğun gəlmir. İş materiallarından göründüyü kimi Şəki İnzibati Məhkəməsi tərəfindən iddia rədd edilmişdir, ona görə ki, JN-212A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.12 ha torpaq sahəsi ilə iddia olunan torpaq sahəsi eyni deyildir. Üçüncü şəxsin adına verilmiş çıxarışın koordinatıları ilkin hüquqmüəyyənedici sənədi olan JN-67A nömrəli Dövlət Aktının koordinatları ilə eynilik təşkil edir. X10 adına Çıxarış və plan-ölçü sənədi TEKUİS baza məlumatlarına əsasən qeydə alınmışd ır.İş materiallarına əlavə olunan yerquruluşu planından da görünür ki,iddia olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla ətraf ərazi ilə eyni təyinatlıdır. Belə olan halda iddiaçıya ayrılmış torpaq sahəsinə hüququn qeydiyyata alınmasına heç bir maneə qalmır. Deməli, torpaq sahələri üst-üstə düşmədiyi halda ikinci iddia tələbi təmin olunmalı idi. Göründüyü kimi Şəki İnzibati Məhkəməsi işə səthi yanaşmış, inzibati prosessual qanunvericiliyin tələblərini pozmuş və iddiaçıların hüquqlarının pozulması ilə nəticələnən qərar qəbul etmişdir. Şəki İnzibati Məhkəməsi hazırkı mübahisə üzrə iddianın rədd olunmasına dair nəticəyə gələrkən heç bir maddi hüquq normasına əsaslanmamış, iddianı rədd etməkdə haqlı olmamış, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29c u maddələrinin tələbləri pozulmuş, Aqrar İslahat komissiyasının qərarı ilə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququm pozulmuşdur.Apellyasiya şikayətim təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia təmin edilərək, mülkiyyət hüququ bərpa iddiasının təmin edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

14. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 2- 1(116)-474/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi. Bundan əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmamış və bu səbəbdən də iş üzrə qeyriobyektiv qərar qəbul edilərək iddia tələbi təmin edilməmişdir.

15. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən cavabdehin nümayəndəsi X7 işin halları tam olaraq hərtərəfli şəkildə araşdırılmış və əsaslı olaraq qanunamüvafiq qərar qəbul edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən mütəxəssis X14 izahatında bildirdi ki, Göyçay rayonu S.Vurğun təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi ilə real məkan arasında uyğunsuzluq mövcuddur və DVJ-də göstərilən JN-212 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni real məkan ilə müqayisələndirdikdə məlum olmuşdur ki, JN-212 nömrəli şəhadətnamə ilə həyətyanı məqsədilə mülkiyyətə verilmiş 0.12 ha torpaq sahəsi JN-67A nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qərbində, yaşayış məntəqələri torpaqları kateqoriyalı çevrədə yerləşir. Bundan əlavə sözügedən yaşayış məntqələrinin torpaqları kateqoriyalı çevrədə Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında faktiki istifadə vəziyyətinə uyğun 0.52 ha torpaq sahəsi üzərində JN-183 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə göstərilsədə, idarənin baza məlumatlarında JN-183 nömrəli şəhadətnamənin X11 və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsinin 0.12 ha təşkil etdiyini bildirmişdir.

17. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs X17 birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq digər iddiaçılar və üçüncü şəxsin vəkili məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat daxil olmamışdır.

19. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

20. İnzibati işə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:

1. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur.

2. JN-212 KOD 40814048 Torpağın mülkiyyətə verilməsinə dair Şəhaədtnamənin surətindən görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 41 saylı qərarı ilə İddiaçı1 və ailə üzvlərinə 1.12 ha torpaq sahəsi verilmişdir.

3. RX ******* seriya nömrəli xx.xx.2014-cü il tarixli çıxarışdan görünür ki, Göyçay rayonu Mirzəhüseynli kəndində yerləşən 0.40 ha torpaq sahəsi X10 adına qeydiyyata alınmışdır.

4. AN-İ ******* seriya nömrəli alqı-satql müqaviləsinin surətindən görünür ki, X4 və digərləri özlərinə məxsus torpaq sahəsini X1.

5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-36/2-4276/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.

TƏTBİQ EDİLƏN HÜQUQ

21. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 48. Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyrimüəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 48.3. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Maddə 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

24. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür və əsaslıdır, ona görə də apellyasiya şikayəti uğurlu olacaqdır.

25. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

26. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

27. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasına alınmasına nail olmaq istəsələrdə, mütəxəsis rəyinə görə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahəsinin yerləşmə vəziyyəti ilə iddiaçıların mülkiyyətində olan torpaq sahəsi uyğunsuzluq təşkil etmir.

29. İddiaçılar İddiaçı1, X2, X13, X8 məhkəmə kollegiyasına xx.xx.2025-ci il tarixli 3- 10/1-M-13xx-xx/2025 saylı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ünvanlayaraq xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilən DWJ məlumatlarına əsasən JN-212A (kod ********) “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə iddiaçıların birgə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin qeydiyyata alınması, plan ölçüsü və çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdirlər.

30. Məhkəmə kollegiyasının 15 avqust 2025-ci il tarixli 2-1(107)-231/2025-ci il tarixli qərardadı ilə İPM-nin 54-cü maddəsinə əsaslanaraq iddia tələbinin dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək belə qənaətə gəlir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə AR İPM-in 12,13 və 48-ci maddələrinə əsasən məhkəmənin yardım etmək vəzifəsi prinsipinin müddəalarına əməl etməyərək və tam araşdırma aparmadan iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.

32. İddia ərizəsindən və iş materiallarından görünür ki, iddiaçının hüquqi marağı İddiaçı1 ailə üzvlərinin JN212A, KOD 40808048 saylı “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə (baza məlumatlarına uyğun) uyğun olaraq Göyçay rayonu Qarabağlar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsindən ibarətdir.

33. Kollegiya onuda qeyd edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə əsasən üçüncü şəxs X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsinin üçün əvvələr əsaslar mövcud olmuş və hal hazırda hüquqi əsasları aradan qalxdığından məhkəmə kollegiyasının 15 avqust 2025-ci il tarixli, 2-1(107)-231/2025 nömrəli qərardadına əsasən Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(116)- 2710/2023 nömrəli qərardadı ləğv edilmiş və X10 üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilmişdir.

34. Məhkəmə kollegiyası tərəfindən 08 may 2025-ci il tarixdə Göyçay rayonu Qarabaqqal kəndində yerləşən, üçüncü şəxs X10 mülkiyətində olan 0,40 ha torpaq sahəsinə tərəflərin, mütəxəssislərin iştirakı ilə yerli baxış keçirilmişdir. Məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinə baxış keçirərkən müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsinin üzərində müxtəli növ meyvə ağacları yetişdirilmiş və eyni zamanda torpaq sahəsi taxta ilə hasarlanmışdır. Bundan əlavə torpaq sahəsinin sərhəddində olan 0,52 ha həyətyanı torpaq sahəsi də hasara alınmışdır. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası onu da müəyyən etmişdir ki, İddiaçı1 verilmiş sənədlərdə göstərilən torpaq sahəsi həyətyanı təyinatlı, X15 məxsus torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.

35. Keçirilmiş yerli baxışın nəticəsi olaraq DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-36/2-1379/2025 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, baxış zamanı iddiaçının naturada göstərdiyi, iddia etdiyi torpaq sahəsinin JN-212A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.12 ha torpaq sahəsi ilə eyni ərazi olmadığı məlum olmuşdur. Belə ki, baxış zamanı naturada göstərilən torpaq sahəsinin Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında, həmçinin kəndin kompleks yerquruluşu layihəsində göstərilən JN-67A nömrəli Torpağa mülkyyət hüququna dair dövlət aktı ilə mülkiyyətə verilmiş kənd təsərrüfatı təyinatlı 0.40 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Göyçay rayonu S.Vurğun təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu islahat layihəsi (DVJ) ilə real məkan arasında uyğunsuzluq mövcuddur. DVJ-də göstərilən JN-212 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməni real məkan ilə müqayisələndirdikdə məlum olmuşdur ki, JN-212 nömrəli şəhadətnamə ilə həyətyanı məqsədilə mülkiyyətə verilmiş 0.12 ha torpaq sahəsi JN-67A nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qərbində, yaşayış məntəqələri torpaqları kateqoriyalı çevrədə yerləşir. Sözügedən yaşayış məntqələrinin torpaqları kateqoriyalı çevrədə Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS- AzCad) faktiki istifadə vəziyyətinə uyğun 0.52 ha torpaq sahəsi üzərində JN-183 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə göstərilsədə (X11), idarənin baza məlumatlarında JN-183 nömrəli şəhadətnamənin X11 və ailə üzvlərinin mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsi 0.12 ha təşkil etdiyi müəyyənləşdirilmişdir. Kəndin kompleks yerquruluşu islahat layihəsində JN-67A nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qərbində yaşayış məntəqələri torpaqları kateqoriyalı çevrədə JN-183A nömrəli şəhadətnamədən əlavə JN-133A (0.10 ha), JN-134A (0.06 ha) nömrəli şəhadətnamələr və bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi də mövcuddur.

36. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli 2-1(107)-231/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə sorğu verilmişdir.

37. Qeyd edilən sorğuya cavab olaraq DƏDKR PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tarixli 3-21-3-36/2-2128/2025 nömrəli mütəxəssis rəyində kəndin kompleks yerquruluşu islahat layihəsində (DVJ) göstərilən JN-212 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə həyətyanı məqsədlə mülkiyyətə verilmiş 0,12 ha torpaq sahəsi mütəxəssis tərəfindən sözügedən layihədə mövcud olan sürüşmə və uyğunsuzluq aradan qaldırıldıqda JN-67A nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə mülkiyyətə verilmiş 0.40 ha torpaq sahəsinin qərbində yaşayış məntqələrinin torpaqları kateqoriyalı çevrədə yerləşdiyi mütəxəssis tərəfindən müəyyən edilmişdir. (DVJ xəritəsindən çıxarışda göstərilmişdir). DVJ məlumatlarında yaşayış məntəqələrinin torpaqları kateqoriyalı çevrədə göstərilən JN-212A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı1 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin 0,052 ha Tekuis-AzCad məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, islahat uqodiyası üzümlük, dövlət mülkiyyəti kimi (paydan artıq qalan) torpaq sahəsi kimi göstərilmişdir. Sözügedən 0.052 ha torpaq sahəsi faktiki olaraq kollu çəpərdir. DVJ məlumatlarında göstərilən JN- 212A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.12 ha torpaq sahəsinin 0.0696 ha hissəsi idarənin elektron baza məlumatlarında islahat xəritəsi üzərəndə sürüşmə vəziyyətində olan JN-67A nömrəli Dövlət Aktı əsasında tərtib edilmiş **********36 reyestr nömrəli çıxarışla X10 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı təyinatlı 0.40 ha torpaq sahəsi ilə üst-üstə düşsədə TEKUlS-AzCad məlumatlarında göstərilən **********36 reyestr nömrəli çıxarışla (JN-67A nömrəli Dövlət Aktı) üst-üstə düşmənin mövcud olmadığı müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən mütəxəssis X14 izahatında DVJ məlumatlarında göstərilən JN-212A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.12 ha torpaq sahəsinin 0.0696 ha hissəsi idarənin elektron baza məlumatlarında islahat xəritəsi üzərəndə sürüşmə vəziyyətində olan JN-67A nömrəli Dövlət Aktı əsasında tərtib edilmiş **********36 reyestr nömrəli çıxarışla X10 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış kənd təsərrüfatı təyinatlı 0.40 ha torpaq sahəsi ilə TEKUlS-AzCad məlumatlarında göstərilən **********36 reyestr nömrəli çıxarışla (JN-67A nömrəli Dövlət Aktı) üst-üstə düşmənin mövcud olmadığını bildirmişdir. Bundan əlavə mütəxəssis bildirmişdir ki, JN-212A nömrəli şəhadətnamə ilə mülkiyyətə verilmiş 0.12 ha torpaq sahəsi JN-67A nömrəli Dövlət Aktı əsasında mülkiyyətə verilmiş 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qərbində yerləşir.

39. Məhkəmə kollegiyası iş materiallarını və kollegiya tərəfindən aparılan araşdırma nəticəsində əldə edilən sənədləri nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır.

40. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan mütəxəssis rəyinə əsasən JN-212A (kod ********) “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin TEKUlS-AzCad məlumatlarında göstərilən **********36 reyestr nömrəli çıxarışla (JN-67A nömrəli Dövlət Aktı) üst-üstə düşmənin mövcud olmaması sübut olunur. Bu da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində torpaq sahəsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan müddəalarına uyğundur.

41. Göründüyü kimi iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istisna edən hallar mövcud deyil. Belə olan halda cavabdeh inzibati orqanın mübahisə predmeti olan torpaq sahəsinin vətəndaşın mülkiyyətində olan torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatlarının digər mülkiyyətçiyə məxsus JN-67A nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə üstüstə düşməsi və elektron baza məlumatlarının fərqli olması əsası ilə iddiaçının müraciətindən imtina etməsi əsassız olmuşdur.

42. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir, cavabdehin imtinası qanunvericiliyə zidd olmaqla iddiaçının hüquqlarını pozmuş, imtina mövcud inzibati praktikaya uyğun olmamış, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Ona görə də cavabdehin imtinası apellyasiya şikayətinin dəlilləri, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.

43. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək belə hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmadan iddia tələbini təmin etməmiş, bununla da İPM-in 13,12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri”nin tələbləri pozulmuşdur.

44. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən ləğv edilməli, inzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməli, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilən DWJ məlumatlarına əsasən JN-212A (kod ********) “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X13 və X3 birgə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin qeydiyyata alınması, plan ölçüsü və çıxarışın verilməsi öhdəliyi qoyulmalı, apellyasiya şikayəti təmin edilməlidir.

45. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 2-1(116)-474/2024 nömrəli qərarı ləğv edilsin. İnzibati iş üzrə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin üzərinə xx.xx.2025-ci il tarixli mütəxəssis rəyində göstərilən DWJ məlumatlarına əsasən JN-212A (kod ********) “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə” ilə iddiaçılar İddiaçı1, İddiaçı2, X13 və X3 birgə mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinin qeydiyyata alınması, plan ölçüsü və çıxarışın verilməsi öhdəliyi qoyulsun. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar