Məhkəmə qərarları › İş №2-1(107)-232/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-232/2021

21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-232/2021 21.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 və üçüncü şəxs Şəki rayon Layısqı bələdiyyəsinin sədri X2 iştiraklı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Şəki rayonu, Layısqı bələdiyyəsi) “islahat vaxtı verilməmiş 1.23 ha pay torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb plan-ölçü və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dаir inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(116)- 287/2021 nömrəli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “islahat vaxtı verilməmiş 1.23 ha pay torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb plan-ölçü və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi belə əsaslandırılmışdır ki, Şəki rayon AİKnın 29.12.2000-ci il tarixli, 08 nömrəli qərarı ilə 4 nəfər ailə üzvünə 0.19 ha pay torpaq sahəsi ayrılmışdır. Ailə üzvlərindən 2 nəfər X3 və X7 vəfat etmişdir. Qeyd edilən torpaq sahəsinə dair JN-0067 nömrəli Dövlət Aktı tərtib edilmişdir. İddiaçılar bildirir ki, islahat zamanı əslində hər subyektə 0.33 ha pay torpaq sahəsi verilməli olduğu halda texniki səhv olaraq ailəyə 0.19 ha pay torpaq sahəsi verilmişdir. İddiaçılar kəsr verilmiş torpaq sahəsinin qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin müraciətləri təmin edilməmişdir. Cavabdeh orqan birinci instansiya məhkəməsinə ünvanladığı 13.11.2020-ci il tarixli, **********50 nömrəli məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında Şəki rayonu, Abbas kəndində yerləşən 0.19 ha pay torpaq sahəsinə X5, X7, İddiaçı1 Hüseynəli oğlu və İddiaçı2 Hüseynəli oğlu olmaqla 4 nəfərə ailə üzvünün adına kod 40404048, JN-0067 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilməsi barədə məlumat mövcuddur. Sözügedən ailəyə aid məlumatlar DTXK-nın Şəki rayon şöbəsi tərəfindən təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 67-ci sıradadır, pay torpağından çıxılmış zəbt torpaq sahəsinin olduğu göstərilməmişdir, həmçinin həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahı faylında 1-ci sıradadır, pay torpağından çıxılmış 0.01 ha zəbt torpaq sahəsinin olduğu göstərilmişdir. Həmin təsərrüfatda aparılan torpaq islahatı zamanı vətəndaşlara adambaşına verilməli pay torpaq sahəsinin norması, zəbt torpaq sahələrinin hansı əmsalla pay torpağından çıxılması barədə ərazi idarəsində məlumat olmadığından və müraciətə təsdiqləyici sənədlər əlavə edilmədiyindən sözügedən ailəyə aqrar islahat zamanı verilməli olan pay torpaq sahəsinin ölçüsünü müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçılar iddia tələbinin təmin edilməsini xahiş etdilər. İş materiallarında olan JN-0067 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Şəki rayon AİK-nın 29.12.2000-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan X4 01.10.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı1 və ailə üzvlərinin üzərində 0.15 ha həyətyanı, mülkiyyət payından çıxılmış şəhadətnaməsi verilməyən 1.23 ha zəbt və 0.19 ha pay torpaq sahəsi vardır. İş materiallarında olan 968287 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X8 22.11.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan 085481 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X9 22.04.2004-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 24.11.2020-ci il tarixli, **********27 nömrəli məktubuna əlavə edilmiş Cədvəlin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X1 mülkiyyətinə ailə üzvləri 3 nəfər olmaqla 0.15 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin məktuba əlavə edilmiş Siyahının təsdiq edilmiş surətindən müəyyən edilir ki, X1 adı 67-ci sırada qeyd edilmiş, ailə üzvlərinin sayı 4 nəfər, normadan artıq həyətyanı sahə 0.10 ha olaraq qeyd edilmişdir Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) 22 fevral 2021-ci il tarixli, 2- 1(116)-287/2021 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Şəki rayonu, Layısqı bələdiyyəsi) “islahat vaxtı verilməmiş 1.23 ha pay torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb plan-ölçü və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(116)-287/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdilər. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apellyasiya şikayətində qeyd etmişdilər ki, onlar iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, islahat aparılan zaman verilməmiş 1,23 ha pay torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alıb plan-ölçü və çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdilər. Şəki İnzibati Məhkəməsinin 22 fevral 2021ci il tarixli, 2-1(116)-287/2021 saylı qərarı ilə iddialarl təmin edilməməmişdir. Şəki İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(116)-287/2021 saylı qərarı qəbul edilərkən maddi hüquq normaları kobud şəkildə pozulduğundan ləğv edilməli və iddia tələbinin təmin edilməlidir Mübahisədən görünür ki, islahat aparılan zaman 4 nəfər ailə üzvü olmaqla ümumilikdə onlara 1,23 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi ayrılmışdır. Lakin həmin torpaq sahəsinə sənəd işlənib verilən zaman 0,19 ha pay torpaq sahəsi qeyd edilmişdir. Layısqı kənd bələdiyyəsinin arayışndan görünür ki, Şəki rayonu Abbas kəndində islahat aparılan zaman hər bir subyektə 0,33 ha pay torpaq sahəsi verilmişdir. 4 nəfər ailə üzvü olduğu halda bizə ümumilikdə 1,23 ha pay torpaq sahəsi verilmişdir. Hazırda da həmin torpaq sahəsi onların istifadəsindədir. Lakin texniki səhv olaraq həmin torpaq sahəsi rəsmi olaraq qeydə alınmamışdır. Bu səbəbdən cavabdehə müraciət edərək, islahat aparılan zaman ailə üzvlərinə verilən 1,23 ha torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsini xahiş etmişlər. Lakin sonuncu həmin torpaq sahəsi ilə bağlı hər hansı bir hüquqmüəyyənedici sənədin olmadığını əsas gətirərək, 1,23 ha torpaq sahəsini daşmamz əmlakın dövlət reyestrində qeydiyata almaqdan imtina etdi. Lakin kənd bələdiyyəsinin arayışı da məhkəmə tərəfindən qəbul edilmədi. Belə olduğu halda sual yaranır ki, əgər həmin toıpaq sahəsi hazırki vaxtadək onların istifadələrində olmasaydı və həmin torpaq sahəsi islahat aparılan zaman onlara verilməsəydi, hazırki vaxtadək qanunsuz zəbt torpağı kimi bələdiyyə mülkiyyətinə qaytarılmalı idi. Kənd bələdiyyəsi arayışla etiraf edir ki, 1,23 ha torpaq sahəsi islahat vaxtı bizlərə verilən torpaq sahəsidir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(116)-287/2021 saylı qərarı ləğv edilsin, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edəsiniz. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(116)-287/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni məhkəmə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Şəki rayon Layısqı bələdiyyəsinin sədri X10 bildirdi ki, iddia edilən torpaq sahəsi Şəki rayon Layısqı bələdiyyəsinin torpaq sahəsinə aidir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və Şəki İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(116)-287/2021 nömrəli iş üzrə qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan düzgün olaraq rədd edilmişdir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. İddiaçılar ərizələrində 2000-ci ildə kənddə islahat aparılan zamanı onlar və ailə üzvlərinə hər subyektə 0.33 ha torpaq sahəsinin verildiyini, lakin torpaq aktı tərtib edilərkən səhvən 0.19 ha qeyd olunduğunu bildirmiş və islahat zamanı texniki səhv olaraq işlənilmədən saxlanılan 1.23 ha əksik olan torpaq sahəsinin də onların mülkiyyətinə verilərək adlarına mülkiyyət hüququna dair sənədin hazırlanmasını xahiş etmişdir. Lakin məhkəmə araşdırması zamanı iddiaçılara 1.23 ha pay torpaq sahəsinin verilməsini təsdiq edən hüquqmüəyyənedici sənədlər aşkar edilməmişdir. Yuxarıda qeyd edilənlərdən müəyyən edilir ki, iddiaçıların tələbində qeyd etdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər mövcud deyil. Həmçinin onların faktiki istifadəsində olan torpaq sahəsinin bələdiyyənin arayışına əsasən zəbt sahə olduğu müəyyən olunmuşdur. Həmin sahənin onların zəbtində olmaqla tərəflərindən istifadə edilməsi mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas deyil. Bələdiyyə oraqnı isə həmin torpaq sahəsinin bələdiyyə torpağına aid olduğunu bildirir. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qiso,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(116)-287/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar