Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-232/2023 15.03.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Yevlax Rayon İcra Hakimiyyətinə qarşı “artıq ödənilmiş pul vəsaiti ilə bağlı araşdırılma aparılması, günahkar şəxslərin cəzalandrıılması, ödəniləcək məbləğin hissə-hissə ödənilməsinə dair qərar qəbul edilməsi” dair Şəki İnzibati Məhkəməsinin 13 fevral 2023-ci il tarixli 2-1(116)-1068/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikаyətinə dair işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “zərərin həcminin müəyyənləşdirilməsinə və tutqunun hissə-hissə ödənilməsinə dair” qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Ordusunun mayor rütbəli ehtiyatda olan zabitdir. 2018-ci ilin yanvar ayında Müdafiə nazirinin müvafiq əmrinə əsasən “Hərbi Xitmətkeçmə Haqqında Əsasnamə”nin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) ehtiyata buraxılmışdır. Ehtiyata buraxılmış hərbi qulluqçu kimi mənzil uçotuna götürülmək və müvəqqəti mənzil kirayə haqqı ilə təmin edilmək məqədi ilə həmin zaman qeydiyyatda olduğu Yevlax Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Yevlax Rayon İcra Hakimiyyətinin başçısının Sərəncamına əsasən ona mənzillə təmin olunanadək kirayə pulunun ödənilməsinə dair sərəncam imzalanmışdır. 2018-ci ilin iyun ayından 2022-ci ilin iyun ayınadək ona kirayə pulu ödənilmişdir. Lakin keçən ilin iyul ayında cavabdeh orqan ödənişi dayandıraraq bütün müddət ərzində ona ödənilən pulu geri tələb etməyə başlamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə hüquqi yardım barədə məktub göndərilərək izah olunmuşdur ki, qaldırılmış iddia İPM-in 2.2-ci maddəsində nəzərdə tutulan iddia növlərindən hansısa birinə aid edilməlidir. Hazırkı iddia ərizəsinə əsasən iddia tələbi Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli qərarına əsasən artıq ödənilmiş 9379,50 manat məbləğində kirayə xərcinin hissəhissə ödənilməsi,həmçinin dəqiq məbləğin müəyyən edilməsi olmaqla iki hissədən ibarətdir. İddiaçıya izah olunmuşdur ki,hazırkı iddia ərizəsi üzrə tələbin birinci hissəsi zərərin həcminin müəyyən edilməsi, ikinci hissəsi həmin məbləğin hissə-hissə ödənilməsindən ibarətdir. Tələbin birinci hissəsi ilə əlaqədar iddiaçı inzibati aktda göstərilən məbləğin dəyişdirilməsi və ya qərarın ləğv edilməsi barədə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldıra bilər. Tələbin ikinci hissəsi ilə əlaqədar “İnzibati icraat” haqqında Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Həmin Qanunun 82-ci maddəsi: 82.1. Pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. 82.3. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdı iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edilərək iddia tələbi “artıq ödənilmiş pul vəsaiti ilə bağlı araşdırılma aparılması,günahkar şəxslərin cəzalandırılması və ödəniləcək məbləğin hissə-hissə ödənilməsinə dair qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Şəki İnzibаti Məhkəməsinin (hakim Fəxri Hacızadə) 13 fevral 2023-ci il tarixli 2- 1(116)-1068/2023 nömrəli qərardadı ilə iddiaçı Əhmədov Eldəniz Rasim oğlunun cavabdeh Yevlax Rayon İcra Hakimiyyətinə qarşı “artıq ödənilmiş pul vəsaiti ilə bağlı araşdırılma aparılması, günahkar şəxslərin cəzalandırılması və ödəniləcək məbləğin hissə-hissə ödənilməsinə dair qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. İddiaçı аpеllyаsiyа şikаyəti verərək Şəki İnzibati Məhkəməsinin 13 fevral 2023-ci il tarixli 2-1(116)-1068/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarının pozulması ilə müşaiyət olunan kobud prosessual pozuntulara yol verib və nəticədə bu hal düzgün olmayan qərarın qəbul edilməsinə səbəb olub. Əvvəla, məhkəmənin tərəfləri dəvət etmədən tələsik şəkildə mümükünsüzlüyə dair qərardad qəbul etməsi anlaşılmır və qaranlıq mətləblərdən xəbər verir. İkincisi, məhkəmə hüquqi yardım göstərmək məqsədilə ünvanına xx.xx.2023-cü il tarixli məktub göndərmişdi. O da həmin məktubu xx.xx.2023-cü il tarixində alaraq iddia tələbinin dəqiqləşdirlməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Üçüncüsü, məhkəmə hüquqi yardımla bağlı ona ünvanlanmış məktubda Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli Qərarının dəyişdilməsinin və ya ləğv olunmasının mübahisələndilməsini təklif etmişdir. O da dədiqləşdirmə ərizəsində xahiş etmişdir ki, “Cavabdeh Başçısının xx.xx.2022-ci il tarixli 208 № -li Qərarında dəyişiklik edilsin. Odur ki, аpеllyаsiyа şikаyətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 13 fevral 2023-ci il tarixli 2-1(116)-1068/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, аpеllyаsiyа şikаyətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 13 fevral 2023-ci il tarixli 2-1(116)-1068/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Əsaslandırma hissəsi: İlk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olubolmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Belə ki, ilk olaraq, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.. İddia ərizəsi yuxarıda qeyd olunan mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası təqdim olunmuş iddia tələbinin dəyişdirilməsi barədə ərizəyə və əlavə olunmuş sənədlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün hesab etməməkdə düzgün nəticəyə gəlmişdir. Hazırkı iddia tələbində göstərilən tələblər inzibati mühakimə araşdırmasının predmeti deyildir. Belə ki, iddiaçı inzibati orqanın qərarına münasibətdə qərarın dəyişdirilməsi və ya ləğv edilməsinə dair tələb irəli sürməmişdir. İlkin iddia ərizəsindən və hüquqi yardım təqdim olunduqdan sonrakı tələbin dəyişdirilməsi barədə ərizədən iddiaçının hüquqi marağının ödənilməli pul vəsaitinin hissəhissə ödənilməsindən ibarət olduğu müəyyən olunur.Ödəniləcək məbləğin hissə-hissə ödənilməsinə dair qərar qəbul edilməsi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Məhkəmə kollegiyası iddia tələbinin günahkar şəxslərin cəzalandırılması hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaları İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsi ilə müəyyən edilir və həmin maddədə günahkar şəxslərin cəzalandırılmasına dair iddia növü nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qısa,) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin 13 fevral 2023-ci il tarixli 2-1(116)-1068/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 13 fevral 2023-ci il tarixli 2-1(116)-1068/2023 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərardadı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-232/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-232/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver