Məhkəmə qərarları › İş №2-1(107)-233/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-233/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-233/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı “sosial adaptasiya məqsədi ilə birdəfəlik pul müavinətinin verilməsi barədə buraxılmış müddətin üzrlü hesab edilməsi və Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinin İddiaçı şamil olunaraq sosial adaptasiya məqsədi ilə birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2-1(116)-365/2021 nömrəli qərarından iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı 26 aprel 2010-cu il tarixdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. O, 24.04.2020-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilmiş, lakin COVİD-19 pandemiyası ilə əlaqədar gediş-gəlişin bağlanması səbəbi ilə iddiaçı ölkəyə 05 avqust 2020-ci il tarixdə qayıtmışdır. Növbəti gün, yəni 06 avqust 2020-ci il tarixdən 14 avqust 2020-ci il tarixədək iddiaçı Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Atletlər kəndində pandemiya ilə mübarizə tədbirləri çərçivəsində karantin rejimində saxlanılmışdır. 30.09.2020-ci il tarixdə cavabdeh orqana müraciət edərək, müavinətin verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı müvafiq tələblə Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. Şəki İnzibati Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2-1(116)-365/2021 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının üzərinə İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır. Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyin tələbinə əsasən sosial adaptasiya müavinətini almağa hüquq yalnız sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata alınmış şəxslərə şamil edilir. İddiaçı isə özü də qəbul etdiyi kimi bu kateqoriya şəxs olmadığı üçün qaldırmış olduğu iddia ilə bağlı subyektiv hüquqa malik deyildir. Hazırkı halda iddiaçı sosial müavinət alması üçün DSMF-nin Göyçay Rayon Filialına deyil, ilk öncə sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata alınması üçün səlahiyyətli orqana - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməli idi. Nazirlik tərəfindən qeydiyyata alındıqdan sonra onun hazırkı iddia üzrə subyektiv hüququ yaranmış olardı. İddiaçı ƏƏSMN-ə qeydiyyata alınmaq üçün müraciət etmədən cavabdeh inzibati orqana (Göyçay rayon şöbəsi) sosial müavinət alması üçün müraciət etdiyinə görə, haqlı olaraq onun müraciəti üzrə tələbi Filial tərəfindən təmin edilməmişdir. İddiaçı ƏƏSMN-ə müraciət etmədiyindən onun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs olub-olmadığını müəyyən etmək mümkün deyildir. Qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2-1(116)-365/2021 nömrəli qərarının ləğv edilməsini və iş üzrə iddiaçının iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X2 məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2-1(116)-365/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Məhkəmənin 25.02.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. 24.04.2020-ci il tarixli, 099335 nömrəli arayışdan müəyyən edilir ki, iddiaçı 26.04.2010-cu il tarixdən 24.04.2020-ci il tarixədək Rusiya Federasiyasında cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. AA seriyalı ******* nömrəli “Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi”ndən müəyyən edilir ki, iddiaçı 05.08.2020-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB publik hüquqi şəxsin arayışına əsasən 06.08.2020-ci il tarixdən 14.08.2020-ci il tarixədək “Nizami” atletlər kəndində COVİD-19 ilə mübarizə tədbirləri çərçivəsində karantin rejimində saxlanılmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iddiaçı Rusiya Federasiyasında cəzaçəkmə müəssisəsində cəza çəkdikdən sonra həmin ölkədə üç ay müddətində pandemiya ilə əlaqədar karantində saxlanılmışdır. Karantin müddəti bitdikdən sonra iddiaçı Azərbaycan Respublikasına göndərilmiş və yenidən on gün müddətində karantinə alınmışdır. Karantin müddəti bitdikdən sonra iddiaçı cavabdeh orqana müraciət edərək, cəza çəkmiş şəxs kimi ona birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan isə qanunvericiliyin tələblərinə əsaslanaraq tələb olunan müddət ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata düşmədiyi üçün müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası bu qənaətə gəlir ki, iddiaçı xarici ölkədə cəzasını çəkdikdən sonra özündən asılı olmayan səbəblərdən tələb olunan müddət ərzində ölkəyə qayıdaraq qeydiyyata düşə bilməmişdir. Belə ki, RF-da cəzaçəkmə müddətini başa vuran iddiaçı vətəndaşı olduğu ölkəyə qaytarılmamışdan əvvəl dərhal üç ay müddətinə karantinə alınmış, karantin müddəti bitdikdə müvafiq analizlər alınmış və COVİD-19 virus daşıyıcısı olmadığı müəyyən edildikdən sonra ölkəyə göndərilmişdir. Həmçinin ölkəyə qayıdan kimi hava limanında yenidən 10 gün müddətinə karantinə alınmış və beləliklə də qeydiyyata düşmək üçün tələb olunan üç aylıq müddəti iddiaçı ondan asılı olmayan səbəblərdən ötürmüşdür. Cavabdehin iddiaçının sosial müavinət alması üçün DSMF-nin Göyçay Rayon Filialına deyil, ilk öncə sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata alınması üçün səlahiyyətli orqana - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməli olması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır və qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 2-1(102)- 1520/2021 nömrəli 28.09.2021-ci il tarixli qərarında da eyni mövqedən çıxış etmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Belə ki, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. 4-cü maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. 9.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. 9.2-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 5.4-cü, 6.3-cü, 7.1-ci, 7.2-ci, 8.1-ci, 10.4-cü, 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyator Şəki İnzibati Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2-1(116)-365/2021 nömrəli qərarının qanunazidd olduğunu və həqiqəti əks etdirmədiyini təsdiq edən mötəbər sübutları təqdim edə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı sözügedən qərarın qanunverciliyin tələblərinə əməl edilməklə qəbul edilməsi müəyyən edildiyindən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli olan qanunu düzgün tətbiq etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2-1(116)-365/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar