Məhkəmə qərarları › İş №2-1(107)-233/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-233/2025

06.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-233/2025 06.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), X5 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-1(116)-883/2024 nömrəli qərarından İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Oğuz rayon Kərimli kəndində yerləşən 0,6366 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İddiaçıya məxsus qeyd edilən torpaq sahəsində Cavabdeh İB-nə aid qaz xətti çəkilmişdir və həmin xətlə aidiyyəti üzrə qaz ötürülür. Mülkiyyətindəki torpaq sahəsindən qaz xəttinin keçməsi iddiaçının mükiyyətindəki torpaq sahəsi üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməyinə, torpaq sahəsini təyinatı üzrə istifadə etməyinə əngəl yaradır. Bu isə iddiaçının xüsusi mülkiyyətindəki torpaq sahəsi üzərindəki hüquqlarının kobud şəkildə pozulması deməkdir və bu hal uzun müddətdir ki, davam edir. İddiaçı qeyd edilən məsələ ilə bağlı Cavabdeh İB-nə ərizə ilə müraciət edərək qaz xəttinin ona məxsus torpaq sahəsindən çıxarılmasını xahiş etmişdir. Ərizəyə əsasən Cavabdeh İB-nin idarəsi tərəfindən verilən 07 fevral 2022-ci il tarixli SOCAR **********30560046X00509 saylı cavab məktubunda Cavabdehnə ünvanlanan xx.xx.2021-ci il tarixli ərizəyə baxıldığı, qaz xətti istismara verildikdən sonra hər hansı bir mövcud qaz xəttinin yeri dəyişdirilərsə, bu işin vətəndaşın öz vəsaiti hesabına Zaqatala RQİİ tərəfindən tərtib edilmiş sxem əsasında lisenziyası olan podratçı tikinti təşkilatı tərəfindən yerinə yetirildiyi bildirilmiş, qaz xəttinin xüsusi mülkiyyətində olan torpaq sahəsindən cavabdehin öz vəsaiti hesabına çıxarılmasından imtina edilmişdir.

3. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, İddiaçı ərizəsində çıxarılması tələb edilən mübahisəli qaz xətti Oğuz rayon Kərimli kəndi ərazisindən keçməklə rayonun Padar kəndinin qazlaşdırılması üçün çəkilmiş d-159 mmlik yerüstü orta təzyiqli qaz kəməridir. Belə ki, Padar kəndinin qazşaldırılması üçün 2006-cı il tarixdə 3-95-05 saylı sifariş əsasında Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu (AzETLQİ) tərəfindən layihələndirilmişdir. Daha sonra sözügedən layihə əsasında xüsusi lisenziyası olan podratçı təşkilatlar "xxxx" MMC və "xxxx" MMC tərəfindən 2013-cü ildən qaz kəmərlərinin tikinti işlərinə başlanılmış və 2014-cü il tarixdə isə layihənin icrası başa çatdırılmışdır. Layihə dəyəri 1.272150.36 manat olan rayonun Padar kəndinin qazlaşdırılması ilə bağlı başa çatdırılmış tikinti obyekti 2014-cü il dekabr ayında aidiyyatı qrumların iştirakı, o cümlədən Cavabdeh İB-nin aidiyyatı struktur bölmələri ilə bərabər Global Services” MMC, "xxxx" MMC, Azərbaycan Respublikası FHN Sənayedə işlərin təhlükəsiz görülməsi və Dağ-mədən nəzarəti X6 regional sənayedə işlərin təhlükəsiz görülməsi və dağ-mədən nəzarətinin, Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin iştirakı və imzaları ilə qəbul edilmişdir. Qaz kəmərlərinin layihələndirilməsi, çəkilişi zamanı və sonrakı dövrdə İddiaçı tərəfindən hazırkı mübahisə ilə hər hansı müraciət daxil olmamışdır. Yalnız sonrakı dövrdə İddiaçı xx.xx.2021-ci il tarixdə mübahisəli qaz xəttinin yerinin dəyəişdirilməsi ilə bağlı Cavabdeh İB-yə müraciət etmişdir. Sözügedən müraciət əsasında ilk öncə işlərin daxili imkanlar hesabına görülməsi üçün yerində araşdırma aparılmış, mövcud qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı sxematik plan hazırlanmış və yerinin dəyişdirilməsi tələb edilən xəttin uzunluğu 103 p/m olduğu müəyyən edilmişdir. Lakin İddiaçı yerinin dəyişdirilməsini tələb etdiyi d- 159 mm-lik yerüstü orta təyziqli qaz kəmərinin miqyası çox olduğundan ona öz vəsaiti hesabına qaz kəmərinin yerinin dəyişdirilməsi üçün xüsusi lisenziyası olan podratçı təşkilata müraciət etməsi barədə xx.xx.2022-ci il tarixli SOCAR**********30560046X00509 saylı məktub təqdim edilmişdir. - Bildiririk ki, iş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi 2013-2014cü illərdə çəkilmiş d-159 mm-lik yerüstü orta təzyiqli qaz kəmərinin keçdiyi torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış və bu barədə ********** qeydiyyat nömrəli Dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əvvəl isə 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********61 saylı məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd olumuşdur ki, xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışla dövlət qeydiyyatına alınmış 0.6366 ha torpaq sahəsi Oğuz rayon Kərimli sakinlərinə Aqrar İslahat Komissiyasının qərarı ilə Dövlət Aktları əsasında verilmiş pay torpaq sahələrinin birləşməsi nəticəsində yaranmışdır. Qeyd edilən torpaq sahələrinə plan ölçü sənədləri X8 Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)-29/2016 saylı qərarı əsasında tərtib edilmişdir. İddiaçı adına qeyd olunan çıxarış və torpaq sahəsinin plan ölçüsü verilən zaman həmin qaz xətti mövcud olmuşdur. Göründüyü kimi d-159 mm-lik yerüstü orta təzyiqli qaz kəməri İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığı, eləcə də X8 Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)-29/2016 saylı qərarından əvvəl mövcud olmuşdur. Belə bir vəziyyətdə İddiaçı iddia tələbi əsassızdır və qaz xəttinin çıxarılması onun hesabına və xüsusi lisenziyası olan podratçı təşkilat tərəfindən həyata keçirilməlidir.

4. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubunun surəti. - xx.xx.2021-ci il tarixli ********* qeydiyyat nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, 0.6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - AA 625558 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Oğuz rayonu Kərimli kəndində yerləşən 0.6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Şəki İnzibati Məhkəməsinin 2-1(116)-2543/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi mümkün sayılmamışdır. - İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-602/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş və Şəki İnzibati Məhkəməsinin 2-1(116)- 2543/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilərək, inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsiə göndərilmişdir. - Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının xx.xx.1999-cü il tarixli 103 nömrəli qərarının surəti.

5. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 10 dekabr 2024-cü il tarixli 2- 1(116)-883/2024 nömrəli qərarı ilə İddiaçı Cavabdehnə qarşı “Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.

6. Məhkəmə qeyd etmişdir ki, hazırkı iddia tələbinə əsasən iddiaçını hüquqi marağı iddiaçının mülkiyyətində olan Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttinin cavabdehin vəsaiti hesabına çıxarılmasından ibarətdir. İş materiallarından görünür ki, qaz xəttinin keçdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbindən göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənd təsərrüfatı məqsədli istifadə üçün hər hansı maneə mövcud deyildir. Yəni iddiaçının mülkiyyət hüququnun hər hansı elementinin məhdudlaşdırılması işin hallarına əsasən müəyyən edilmir. Qaydalar əsaslı tikinti və qurşadırma işlərinin aparılmasını qadağan edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ümumiyyətlə belə fəaliyyətin aparılmasına yol verilmir.

7. İddiaçı nümayəndəsi və vəkili Vəkil2 həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-1(116)-883/2024 nömrəli qərarının tam ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 152.1-ci, “İnzibati İcraat Haqqında” Qanunun 17-ci, 19.1-ci maddələri məhkəmə tərəfindən pozulmuşdur. Məhkəmə İnzibati Prosessual Məcəllənin 13-cü və 14.2-ci, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə zidd olaraq işin hallarının tam və obyektiv araşdırılması üçün şərait yaratmamışdır. İş üzrə tərəflərin hüquq və vəzifələrinin müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edən halların dəqiqləşdirilməsi ilə bağlı tədbirlər görülməmişdir. Məhkəmədə onların dəlillərinə diqqət yetirilməmişdir. Məhkəmə qanunun tələblərinə əməl etməmiş, bu da işin mühüm hallarının birtərəfli araşdırılmasına gətirib çıxarmışdır. - Məhkəmə hazırda şikayət etdiyi qərarı qəbul edərkən prosessual hüquq normalarının tələbini pozmuşdur. Belə ki, mübahisəli hüquq münasibətləri yaranan zaman qeyd edilən torpaq sahəsi xüsusi mülkiyyətdə olmuş, eyni zamanda həmin torpaq sahəsindən boru kəməri çəkilən zaman nəinki mülkiyyətçilərin razılığı alınmamış, ümumiyyətlə onlara heç bir məlumat belə verilməmişdir. Cavabdehin yanlış imtinası, qanunsuz etirazı və məhkəmənin əsassız qərarı nəticəsində onun mülkiyyət hüququ pozulmuş və öz mülkiyyətindən sərbəst istifadə edə bilmir. Son ümid yeri kimi müraciət etdiyi məhkəmə isə pozulmuş hüquqlarını bərpa etmək əvəzinə onun üçün ümidsiz olan və qeyri-müəyyən bir qərar qəbul etmişdir. Məhkəmə qərarında onun mülkiyyətində olan torpaq sahələrinin ona verilməsinə əsas olmuş sənədləri sübut kimi qiymətləndirməmiş, məhkəmə qərarlarını nəzərə almamış, qeyd edilən torpaq sahəsinin torpaq islahatı zamanı vətəndaşların mülkiyyətinə verildiyini, digər faktiki halları, o cümlədən mübahisələndirilən 0,6366 ha torpaq sahəsinin digər vətəndaşlar tərəfindən ona satıldığı faktını araşdırmadan şikayət etdiyi qanunsuz və əsassız qərarı qəbul etmişdir. Məhkəmə cavabdeh inzibati orqanın etirazında və rəylərində qeyd etdiyi fərqli mövqeləri araşdırmadan birtərəfli qərar qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Cavabdeh orqanın apellyasiya şikayətinə qarşı etirazı iddia tələbinə etiraz ilə eynilik təşkil etmişdir.

Tərəflərin izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 şikayətin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsi qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etdilər.

11. Məhkəmə kollegiyasının hazırki iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

Tətbiq edilən hüquq

12. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 48.1. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Maddə 48.2. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

13. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir.

14. “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 5.1.2. Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahəsinə aid edilmişdir. Maddə 4. Təbii inhisar – istehsalın texnoloji xüsusiyyətlərinə görə rəqabətin olmadığı şəraitdə tələbatın ödənilməsi daha səmərəli olan və inhisar subyektlərinin istehsal etdiyi (satdığı) əmtəə istehlakda başqa əmtəə ilə əvəz edilə bilməyən əmtəə bazarının vəziyyəti, təbii inhisar subyekti isə təbii inhisar şəraitində əmtəə istehsalı (satışı) ilə məşğul olan təsərrüfat subyektidir. Təbii inhisarların ictimai məqbul davranışının təmin edilməsinin iki vasitəsi mümkündür: dövlət mülkiyyəti və dövlət tənzimlənməsi. Maddə 6. Təbii inhisar subyektlərinin fəaliyyəti dövlət tərəfindən tənzimlənir. Təbii inhisar subyekti ilk növbədə dövlətin suveren səlahiyyətlərini həyata keçirən orqan kimi çıxış edir.

15. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən, İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 4.2-ci bəndinə əsasən, hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 8.1-ci bəndinə əsasən, iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən, bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən, buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5-ci bəndinə əsasən, iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

Apellyasiya şikayətinin mümkünlüyü

16. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, iddiaçının hüquqi marağı mübahisələndirilən qərarın ləğvi və iddiasının təmin olunması ilə bağlıdır. Odur ki, apellyasiya şikayəti qərarın ləğv olunması hissəsində əsaslıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-1(116)-883/2024 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.

18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianın mümkünlüyü məsələsini və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır.

19. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən kənd təsərrüfatı məqsədli istifadə üçün hər hansı maneə mövcud deyildir. Yəni iddiaçının mülkiyyət hüququnun hər hansı elementinin məhdudlaşdırılması işin hallarına əsasən müəyyən edilmir. Qaydalar əsaslı tikinti və qurşadırma işlərinin aparılmasını qadağan edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində ümumiyyətlə belə fəaliyyətin aparılmasına yol verilmir.

20. Kollegiya qeyd edir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılılq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.

21. Belə bir yoxlamadan hərəkətlə, öhdəliyin icrası haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan əlverişli faktiki xarakterli hərəkətlərin edilməsi yaxud inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır (İPM-2.2.3, 34.1, 35.1).

22. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz. Belə ki, iddiaçı ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyətində olan torpaq sahəsində yerləşən qaz xəttinin çıxarılmasını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir.

23. Nəzərə alınmalıdır ki, təbii qazdan istifadə etmək zəruri ictimai ehtiyacdır, onu təmin edən qurumlar isə ictimai xidməti həyata keçirən subyektlərdir, ictimai ehtiyacları ödəyən (elektrik, su, qaz, rabitə və s.) müəssisələr əksər hallarda təbii inhisar xarakteri daşıyırlar, eyni zamanda təbii inhisar subyektləri mülki münasibətlərin də iştirakçılarıdırlar, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar, bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar, bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır, hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir, hazırkı iş üzrə cavabdeh orqanla iddiaçı arasında hər hansı publik hüquq münasibətləri olmadığından, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz, buna görə də mübahisəyə daşınmaz əmlakın yerləşdiyi yer üzrə ümumi rayon məhkəməsində baxılmalıdır.

24. Yəni, cavabdehin o hərəkəti və ya hərəkətsizliyi inzibati xarakterə malik olacaq ki, onun əsasını inhisarçılıqdan irəli gələn qeyri-bərabər səlahiyyətə dayanan davranış üstünlüyü təşkil etsin. İddiaçıya məxsus olan torpaq sahəsindən istifadə etmə isə, cavabdehin inzibati xarakterli səlahiyyətlər dairəsinə düşməyən, öz təsərrüfat fəaliyyəti ilə əlaqədar iddiaçının mülkiyyətinə təsir edən hərəkətlərdir və iddiaçının öz torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsi üzrə yaranmış mübahisədir. Buna görə də tələbə mülki məhkəmə icraatında baxılmalıdır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 06 oktyabr 2012-ci il tarixli “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair qərarın nəticə hissəsinin 3-cü bəndinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

27. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 9 oktyabr 2024-cü il tarixli 9 nömrəli qərarının 5-ci bəndində qeyd edilir: “...Təbii inhisar subyektlərinə qarşı və ya onlar tərəfindən qaldırılmış deliktdən əmələ gələn, yaxud əşya hüquqlarının müdafiəsinə yönəlmiş və digər iddiaların məhkəmə aidiyyəti müəyyən edilərkən isə həmin münasibətlərdə təbii inhisar subyektinin qanunvericiliyə müvafiq olaraq publik səlahiyyətin icrası qaydasında, yoxsa mülki dövriyyənin bərabər hüquqlu iştirakçısı kimi iştirak edib-etmədiyinə qiymət verilməlidir. Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.”

28. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.

29. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

30. İPM-in 35.1-ci maddəsinin mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın.

31. Hazırkı iddia tələbi isə iddiaçının öz torpaq sahəsi üzərində mülkiyyət hüququnun müdafiəsi ilə bağlı olduğundan yaranmış mübahisə publik hüququn tənzimetmə predmetinə aid deyildir.

32. Nəzərə alınmalıdır ki, oxşar mülki işlərlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-630/2024 nömrəli qərarından görünür ki, iddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə Şamaxı rayon məhkəməsinə müraciət edərək mülkiyyətində olan torpaq sahəsindən qanunsuz çəkilmiş qaz xəttinin cavabdehin hesabına çıxarılmasını xahiş etmiş, məhkəmənin qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir.

33. Məhkəmələr qeyd olunan işə təbii inhisar subyektləri ilə iddiaçı arasında torpaqdan istifadə ilə bağlı yaranmış mübahisə kimi, yəni iddiaçının öz torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının müdafiəsi kimi qiymətləndirərək mahiyyəti üzrə baxmışlar.

34. Eyni zamanda qeyd olunmalıdır ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmçinin, nəzərə almaq lazımdır ki, iddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

35. Beləliklə, birinci instansiya məhkəməsi qeyd olunan işin faktiki hallarını tam araşdırmamış və nəticə etibarilə prosessual qanunvericiliyin tələblərini pozaraq inzibati iş üzrə kifayət qədər araşdırma aparmadan iddia tələbini mümkün sayaraq işə mahiyyəti üzrə baxmaqda haqlı olmamışdır.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə tabedir.

37. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-1(116)-883/2024 nömrəli qərarı ləğv edilərək, iddia tələbi mümkün sayılmamalıdır.

38. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

Qərara aldı

İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Şəki İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2-1(116)-883/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı oğunun Cavabdehnə qarşı “Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən, iddiaçının xüsusi mülkiyyətində olan 0,6366 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən keçən qaz xəttinin cavabdehin vəsaiti hesabına çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar