Məhkəmə qərarları › İş №2-1(107)-234/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-234/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-234/2021 26.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunsuz əməlləri nəticəsində ona dəymiş 50940 manat maddi və 500000 manat mənəvi zərərin Azərbaycan Respublikasının büdcəsindən alınıb ona verilməsi" tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1977-ci ildə anadan olmuş və İsmayıllı rayonu Hacıhətəmli kəndində yaşayır. İddiaçı İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin 29.06.1995-ci il tarixli 177 nömrəli əmrilə 30.06.1995-ci ildən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Bundan sonra, o, N nömrəli hərbi hissə komandirinin 25.04.1998-ci il tarixli 119 nömrəli əmrilə 25.04.1998-ci ildən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün İsmayıllı Rayon Hərbi Komissarlığına göndərilmişdir. İddiaçı 08.02.2018-ci ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən keçirilən müayinə zamanı ikinci qrup əlil hesab edilmişdir. İddiaçı ona dəymiş maddi və mənəvi zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Cavabdeh2 onun tələbinə münasibət bildirmədən ərizəsini baxılması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə göndərmişdir. Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 11.03.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı həqiqi hərbi xidmətə çağırılarkən tərtib olunmuş şəxsi (həkim mütəxəssislərin rəyi və ya əlavə tibbi müayinələr barədə sənədlər) saxlama müddəti bitdiyi üçün ləğv edilmişdir. Bu səbəbdən həqiqi hərbi xidmətə çağırılarkən səhhəti ilə bağlı şikayətinin olub-olmamasına aydınlıq gətirmək imkan xaricindədir. Eyni zamanda, maddi və mənəvi zərərin ödənilməsinə baxılması Xidmətin səlahiyyəti xaricindədir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi isə 13.03.2020-ci il tarixli cavab məktubunda bildirmişdir ki, İddiaçı dəymiş maddi və mənəvi zərərin ödənilməsi məsələsi müvafiq sənədlərlə təsdiq edilmədiyi, iddia xarakterli olduğu və bu məsələnin həlli Maliyyə Nazirliyinin səlahiyyətinə aid olmadığı üçün məsələyə məhkəmə qaydasında baxılmalıdır. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunsuz əməlləri nəticəsində ona dəymiş 50940 manat maddi və 500000 manat mənəvi zərərin Azərbaycan Respublikasının büdcəsindən alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinə iddianın dəqiqləşdirilməsi barədə ərizə göndərərək, cavabdeh kimi göstərdiyi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində işə cəlb edilməsini, cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunsuz əməlləri nəticəsində ona dəymiş 50940 manat maddi və 500000 manat mənəvi zərərin Azərbaycan Respublikasının büdcəsindən alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılarkən böyrəyindən əziyyət çəksə də, buna əhəmiyyət verən olmamışdır. Hərbi xidmətdən sonra 2015-ci ildə İran İslam Respublikasında müayinədən keçərkən sol böyrəyinin anadangəlmə olmadığı müəyyən edilmişdir. Lakin hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyası vəzifələrini layiqincə yerinə yetirməmiş və onun təkböyrək olması nəzərə alınmamışdır. Həm hərbi xidmətdə olarkən, həm də hərbi xidmətdən sonrakı dövrdə heç bir fiziki işdə çalışmamışdır. Hərbi xidmətdən buraxıldığı vaxtdan əlilliyinin müəyyən edildiyi 08.02.2018-ci ilədək 283 ay səhhəti ilə əlaqədar işləyə bilməmişdir. Həmin ayların hər birində hazırkı minimum əmək haqqı ilə (283 ay x 180 manat) cəmi 50940 manat gəlirdən məhrum olmuş, eyni zamanda keçirtdiyi fiziki və mənəvi iztirablar nəticəsində ona 500000 manat məbləğində mənəvi zərər dəymişdir. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddiaya qarşı 05.08.2020-ci il tarixli etirazında bildirmişdir ki, iddiaçı hərbi xidmətə çağırıldığı zaman qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılmış və müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Bundan başqa, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara keçirilən məcburi diaqnostik müayinələr sırasında qarın boşluğunun ultrasəs müayinəsinin nəzərdə tutulmadığı qeyd edilmişdir. Bundan əlavə, iddiaçı ona vurulmuş ziyana görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqsirinin olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi iddiaya qarşı rəsmi münasibət (etiraz) bildirməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi iddiaya qarşı rəsmi münasibət (etiraz) bildirməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur: İşdə olan, "İsmayıllı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin 23.07.2020ci il tarixli məktubundan görünür ki, İddiaçı 13.12.2017-ci ildən 28.12.2017-ci ilədək "Xroniki böyrək çatışmamazlığı ll-lll mərhələ" diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində müalicə almışdır. İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 31.07.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, N nömrəli hərbi hissə komandirinin 29.06.1995-ci il tarixli 177 nömrəli əmrilə 30.06.1995-ci ildən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. O, N nömrəli hərbi hissə komandirinin 19.02.1996-cı il tarixli 50 nömrəli əmri ilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin 18.07.1997-ci il tarixli 186 nömrəli əmri ilə 19.07.1997-ci ildən bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün göndərilmiş iddiaçı N nömrəli hərbi hissə komandirinin 20.07.1997-ci il tarixli 202 nömrəli əmri ilə 20.07.1997-ci ildən 6 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 25.03.1998-ci il tarixli əmrinə əsasən, Silahlı Qüvvələr sıralarından tərxis edildiyi üçün iddiaçı N nömrəli hərbi hissə komandirinin 25.04.1998-ci il tarixli 119 nömrəli əmrilə 25.04.1998-ci ildən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün İsmayıllı Rayon Hərbi Komissarlığına göndərilmişdir. İşdə olan, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 07.09.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin 08.03.1998-ci il tarixli 69 nömrəli əmri ilə müalicə olunması ilə əlaqədar 08.03.1998-ci ildən briqada tibb məntəqəsinin ərzaq təminatına daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin 12.03.1998-ci il tarixli 73 nömrəli əmrilə tibb məntəqəsindən çıxarılaraq 14-cü bölüyün ərzaq təminatına daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin iyun 1995-ci ildən fevral 1996-cı ilədək olan əmrlərində və N nömrəli hərbi hissə komandirinin mart 1996-cı ildən iyul 1997-ci ilədək olan əmrlərində iddiaçının müayinə və müalicə olunması barədə məlumat aşkar edilməmişdir. İşdə olan, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 05.08.2020-ci il tarixli etiraz məktubundan görünür ki, iddiaçı hərbi xidmətə çağırıldığı zaman qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayət olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılmış və müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Bundan başqa, müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara keçirilən məcburi diaqnostik müayinələr sırasında qarın boşluğunun ultrasəs müayinəsinin nəzərdə tutulmadığını edilmişdir. Bundan əlavə, iddiaçı ona vurulmuş ziyana görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təqsirinin olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim Vidadi Qasımov) 16 fevral 2021-ci il tarixli, 2- 1(116)-113/2021 nömrəli qərarı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qanunsuz əməlləri nəticəsində ona dəymiş 50940 manat maddi və 500000 manat mənəvi zərərin Azərbaycan Respublikasının büdcəsindən alınıb ona verilməsi" barədə iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)-113/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) onların qanunsuz əməlləri nəticəsində ona dəymiş 50940 (əlli min doqquz yüz qırx) manat maddi və ona dəymiş 500000 (beş yüz min) manat məbləğində mənəvi zərərin Azərbaycan Respublikası büdcəsindən alınıb ona verilməsi tələbi ilə iddia qaldırmışdır. Həmin işə Şəki İnzibati Məhkəməsində 16 fevral 2021-ci il tarixdə baxılaraq iddianın rədd edilməsinə dair 2-1(116)-113/2021 nömrəli qərar qəbul edilmişdir. Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2-1(116)-113/2021 saylı qərarı haqsız, ədalətsiz, qanunsuz və birtərəfli qəbul olunmuşdur və birbaşa onun hüquqlarının pozulmasına səbəb olan qeyri-qanuni hüquqi aktdır. Belə ki, o, xx xxxx 1977-ci ildə İsmayıllı rayon Hacıhətəmli kəndində anadan olmuşdur. 29 iyun 1995-ci il tarixdə İsmayıllı rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilmişdir. Göndərilərkən böyrəyindən əziyyət çəksə də buna əhəmiyyət verən olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25 mart 1998-ci il tarixli 49 saylı əmrinə əsasən 25 aprel 1998-ci il tarixdə hərbidən ehtiyyata buraxılmışdır. Üç ilə yaxın hərbi xidmət dövründə də böyrəyindən əziyyət çəkmiş, lakin bununla bağlı müalicə olunmamış, daha doğrusu kəskin fəsadlar olmadığından və komandirlər hər bir ağrıya görə həkimə müraciət edilməsinə pis baxdıqlarına görə dözməli olmuşdur. Hərbi xidmətdən tərxis olunduqduqdan sonra dəfələrlə böyrəklərinə görə üzidən keşmiş, ona hər iki böyrəyinə görə müalicələr yazılmışdır. Nəhayət 2015- ci ildə İran İslam Respublikasında müayinədən sonra məlum olmuşdur ki, onun sol böyrəyi ümumiyyətlə anadangəlmə olmamış, onu hərbi komisarlıq bu vəziyyətdə hərbi xidmətə göndərmişdir. Bunu aşkar etməyə cavabdeh olan həkim komisiyası və hərbi komisarlıq vəzifə borclarını layiqincə yerinə yetirməmişdir. O, bir böyrəklə hərbi xidmətə göndərməklə digər böyrəyi də sıradan çıxaraq ll-lll mərhələ xroniki böyrək xəstəliyinə tutulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasının 08 fevral 2018-ci il tarixli rəyi ilə həmin tarixdən ikinci dərərcəli ümumi xəstəlikdən əlil hesab edilmişdir. Hərbi xidməti olduqca çətinliklə başa vurduqdan sonra 2018-ci ildə əlillik dərəcəsi verilənədək heç bir fiziki işdə işləyə bilməmiş, başqa yaxınlarının maddi köməkliyi ilə yaşamağa məcbur olmuşdur. Bu səbəbdən 41 yaşı olmağına baxmayaraq ailə də qura bilməmişdir. O, ən azı 1995-ci ilin iyul ayından əsassız olaraq hərbi xidmətə göndərildiyi tarixdən ona əlillik dərəcəsi təyin olunduğu 08 fevral 2018-ci il tarixədək olan dövrdə 283 ay səhhəti ilə əlaqədar heç bir fiziki işdə işləyə bilməmiş, ən azı minimum əmək haqqı qazanmaqdan və yaxud da əlilliklə bağlı pensiya almaqdan məhrum olunmuşdur. 283 ayda hazırkı minimum əmək haqqı ilə 283 ay x 180 manat = 50940 (əlli min doqquz yüz qırx) manat gəlirdən məhrum edilmişdir. Eyni zamanda, cavabdehlərin təqsiri üzündən keçirtdiyi fiziki və mənəvi iztirablar nəticəsində ona 500000 manat məbləğində mənəvi zərər dəymişdir. Göründüyü kimi, məhkəmə tərəfindən bu qeyd olunanların heç biri, habelə işin faktiki halları, onun hazırkı vəziyyəti nəzərə alınmamış, işə birtərəfli mövqedən yanaşılaraq ədalətsiz hüquqi nəticəyə gəlinmişdir. Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il qərarının əsassız, qanunsuz və ədalətsiz hesab olunmaqla ləğv edilməsinə əsas verir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2-1(116)-113/2021 saylı qərarının ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul çıxarılmasını xahiş edir. Tərəflərin izahatları İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikası İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə görə, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə kollegiyası aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində deyilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002ci il tarixli Qərarının 1-ci bəndində deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qərarın 3-cü bəndində deyilir ki, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 nömrəli Qərarında Plenum izah etmişdir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum Qərarında daha sonra deyilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddianın təmin edilməsinin şərtlərindən biri iddiaçıya zərərin vurulmasında cavabdehin təqsirinin müəyyən edilməsidir. İddiaçı öz tələbini belə əsaslandırır ki, o, həqiqi hərbi xədmətə çağırıldığı zaman tibbi müayinədən keçirilərkən yalnız bir ədəd böyrəyinin olması aşkar edilməmişdir. İddiaçının həqiqi hərbi xidmətə çağırıldığı zaman qüvvədə olmuş "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin birinci hissəsində deyilir ki, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar mütəxəssis həkimlər cərrah, can həkimi, nevropatoloq, psixiatr, göz həkimi, qulaq-burun-boğaz həkimi, diş həkimi tərəfindən, zərurət olduqda isə müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər tərəfindən hökmən tibbi müayinədən keçirilir. Həmin maddənin ikinci hissəsində deyilir ki, tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir: - həqiqi hərbi xidmətə yararlılıq haqqında; - səhhətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında; - dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında; - hərbi uçotdan çıxarılmaqla həqiqi hərbi xidmətə yararsızlıq haqqında. Həmin maddənin üçüncü hissəsində deyilir ki, hərbi-həkim komissiyasının rəyi ilə razılaşmadıqda həqiqi hərbi xidmətə çağırılanların qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası üəyyən etmişdir ki, iddiaçı 29.07.1995-ci ildə İsmayıllı Rayon Hərbi Komissarlığının çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmiş, xidmət müddəti bitdikdən sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 25.03.1998-ci il tarixli 49 nömrəli əmri ilə tərxis olunaraq ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasının 08.02.2018-ci il tarixli qərarı ilə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Diaqnoz: Digər xroniki tubulointerstisial nefritlər, yeganə sağ böyrəyin xroniki pielonefriti, tez-tez kəskinləşmə ilə. Xroniki böyrək xəstəliyi İİİ mərhələ, XBÇ-İİ-İİİ mərhələ. Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, ikincili (nefrogen) anemiya. Böyrəyin digər zədələnmələrinə görə ikincili hipertenziya, ikincili (nefrogen) hipertenziya. Böyrəyin birtərəfli ageneziyası, sol böyrəyin anadangəlmə yoxluğu. Birinci instansiya məhkəməsi tərəfindən "İsmayıllı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsə sorğu edilərək İddiaçı 1977-ci ildən 08.02.2018-ci ilədək olan müddətdə hansı tarixlərdə hansı diaqnozla müalicə alması barədə məlumat tələb olundu. "İsmayıllı Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsindən alınmış 23.07.2020-ci il tarixli cavab məktubundan məlum oldu ki, İddiaçı 13.12.2017-ci ildən 28.12.2017-ci ilədək "Xroniki böyrək çatışmamazlığı ll-lll mərhələ" diaqnozu ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Terapiya şöbəsində müalicə almışdır. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin 07.09.2020-ci il tarixli məktubunda İddiaçı N nömrəli hərbi hissə komandirinin 08.03.1998-ci il tarixli 69 nömrəli əmri ilə müalicə olunması ilə əlaqədar 08.03.1998-ci ildən briqada tibb məntəqəsinin ərzaq təminatına daxil edildiyi və 12.03.1998-ci il tarixli 73 nömrəli əmrilə tibb məntəqəsindən çıxarıldığı göstərildiyinə görə məhkəmə tərəfindən N nömrəli hərbi hissəyə sorğu edilərək iddiaçının 1998-ci ilin mart ayında tibb məntəqəsində müalicə olunması barədə sənədlərin surətləri tələb edilmişdir. Həmin hərbi hissədən alınmış 06.11.2020-ci il tarixli 2156 nömrəli cavab məktubunda 1998-ci ilə məxsus tibbi uçot sənədlərinin mərkəzi arxivə təhvil verildiyi bildirilmişdir. Bundan sonra məhkəmə tərəfindən həmin sənədləri əldə etmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinə sorğu edilmiş, lakin Mərkəzi Arxiv 25.11.2020-ci il tarixli cavab məktubunda N nömrəli hərbi hissənin 1998-ci il tarixli tibbi uçot sənədlərinin Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığını bildirmişdir. Göründüyü kimi, iddiaçı hərbi xidmətə çağırılmazdan əvvəl hər hansı xəstəliklə bağlı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına müraciət etməmiş, nə də hərbi xidmətə çağırıldığı zaman müayinə olunarkən hər hansı xəstəliyi ilə bağlı şikayəti olmamışdır. Onun öz iddia ərizəsində bildirdiyinə görə, yalnız bir böyrəyinin olmasını hərbi xidmətdən xeyli sonra müayinə olunarkən bilmişdir. O, Silahlı Qüvvələr sıralarından 25.04.1998-ci ildə tərxis edilsə də, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına "Xroniki böyrək çatışmamazlığı lllll mərhələ" diaqnozu ilə müalicə üçün 19 ildən də artıq müddətdən sonra 13.12.2017-ci ildə müraciət etmişdir. Onun həqiqi hərbi xidmət dövründə hansı xəstəlikdən müalicə alması barədə isə məlumat əldə etmək mümkün olmamışdır. Beləliklə, cavabdehlərin təqsiri nəticəsində iddiaçıya maddi və mənəvi zərərin vurulması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 16 fevral 2021-ci il tarixli, 2-1(116)-113/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar