Məhkəmə qərarları › İş №2-1(107)-234/2022

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-234/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-234/2022 26.10.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı “Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzilinin iddiaçı Mirzəyeva (Mamedova) Minə Qədim qızının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2-1(116)-876/2022 nömrəli qərarından iş üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzilinin iddiaçı Mirzəyeva (Mamedova) Minə Qədim qızının adına özəlləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

2. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1966-cı ildə ildə Mingəçevir şəhərində anadan olmuşdur. İddiaçı xx.xx.1985-ci ildə X7 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. İddiaçı subay ikən növbəlilik əsasında adına mənzil ayrılmışdır. Ailə qurduqdan sonra Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzili Azərbaycan SSR Mingəçevir şəhər X18 İcraiyyə Komitəsinin Mənzil Uçotu və Bölgüsü şöbəsi tərəfindən 30 sentyabr 1987-ci il tarixli qərarına əsasən 02 oktyabr 1987-ci il tarixli 5673 saylı orderlə, iddiaçı Mamedova (Mirzəyeva) Minə Qədim qızı həmin mənillə təmin olunmuşam. İddiaçıya mənzil təhvil veriləndə ailəli olmuşdur. Mənzil iddiaçının istifadəsinə verildiyi gündən ailəsi ilə birlikdə həmin mənzildə yaşayır. X3 adı qeyd olunmuşdur. Ancaq iddiaçının qardaşı M.Məmmədov həmin mənzildə nə yaşamamış, nə də ki, qeydiyyatda deyildir. Öz ailəsi vardır. Daimi yaşayış yeri olmaqla, arvadı ilə birlikdə bir mənzildə yaşayırlar, iddiaçının eşitdiyinə görə yaşadıqları mənzil arvadının adınadır, birgə nikah dövründə almışlar. Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzilində iddiaçı və ailə üzvlərindən başqa heç kim qeydiyyatda deyil. İddiaçının istifadəsində olan bu mənzil dövlət fondu mənzilidir. İddiaçı həmin mənzilin onun mülkiyyətinə verilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.

3. Cavabdeh xx.xx.2022-ci il tarixli **********34 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, iddiaçı Mingəçevir şəhəri, N.Nərimanov küşəsi 32 saylı binanın 1 saylı mənzili üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsinə dair ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə müraciət etmişdir.

4. İddiaçıya “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11 maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsas hesab edildiyi bildirildi.

5. Əlavə olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

6. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər, və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.

7. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 59.4-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır.

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Yevlax ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

9. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-876/2022 nömrəli qərardadı ilə X12, X7, X14 və X13 iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb olunmuşdur.

11. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 22 iyun 2022-ci il tarixli 2- 1(116)-876/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

13. İddiaçının nümayəndəsi və vəkili Vəkil həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2-1(116)-876/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 22 iyun 2022ci il tarixli 2-1(116)-876/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2-1(116)-876/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - X10 filialının xx.xx.2022-ci il tarixli 10-Asan nömrəli arxiv arayışında qeyd olunur ki, filialda mühafizə olunan Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin arxiv fondunun sənədlərinə əsasən xx.xx.1987-ci il tarixli 280 saylı qərarında X9 adına ev bölgüsü qeyd olunmuşdur. - ASAN-Mingəçevir tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş ******* nömrəli arayışdan görünür ki, X14, X13 və X1 şəhəri N.Nərimanov küçəsi ev 32 mənzil 1 ünvanında qeydiyyatdadırlar. - “AZEMİS” Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, X2 şəhəri ünvan 2 ünvanında qeydiyyatdadır. - 485684 nömrəli “Nikahın bağlanması haqqında” şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 ilə X16 arasında xx.xx.1985-ci ildə nikah bağlanmışdır. İddiaçı Mirzəyeva soyadını qəbul etmişdir. - xx.xx.1987-ci il tarixli 5673 nömrəli orderin təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil iddiaçıya mənzillə təmin olunması üçün Mingəçevir Şəhər XDS-in xx.xx.1987-ci il tarixli 280 nömrəli qərarı ilə verilmişdir. - X10 filialının xx.xx.2022-ci il tarixli T-29 nömrəli arxiv arayışından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X11 6 nəfər ailə üzvü ilə birlikdə mənzil sahəsi tutmaq üçün verilmişdir. Sonradan digər ailə üzvlərinin ərizələrinə əsasən sözügedən mənzildə order 2 nəfərin adına, yəni X15 və qardaşı X5 adına işlənilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; Maddə 139-1.1.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanunu: 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddə 10.2. Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd.

23. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd X18nin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

24. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

26. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

27. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

28. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

29. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğundur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

32. Belə ki, qanunverici daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin əsası kimi, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamını, orderini və ya mənzil kirayəsi müqaviləsini göstərmişdir.

33. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun yuxarıda göstərilən müddəalarına əsasən vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə (ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə) keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur

34. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsində təsbit edilmiş belə şərtlərdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirməyə dair razılıqları olmalıdır.

35. Qanunvericiliyə görə özəlləşdirmədə iştirak hüququna mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş yetkinlik yaşına çatmış ailə üzvləri malikdirlər. Başqa sözlə, dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış şəxs və onun yetkinlik yaşına çatmış ailə üzvləri bu hüququn subyektidirlər. Qanunvericiliyin müəyyən etdiyi əsas şərtdən biri də ondan ibarətdir ki, özəlləşdirilmə üçün müraciət edilən anda yetkinlik yaşına çatmış ailə üzvlərinin özəlləşdirilmənin aparılmasına dair razılıqları olmalıdır. Sözügedən razılıq mənzilin ailə üzvlərindən birinin mülkiyyətinə, yaxud da onların paylı və ya birgə mülkiyyətinə verilməsinə dair özəlləşmədə iştirak edən şəxslərin iradələrini göstərir.

36. Qanunun 5-ci maddəsinin strukturunda “özəlləşdirilməsi üçün müraciət edilən anda” ifadəsinin işlənilməsi bütün ailə üzvlərinin həmin anda özəlləşdirməyə razılıqlarının olmasını tələb edir. Başqa sözlə, müraciət edilən anda mənzilə münasibətdə özəlləşmə prosesində iştirak etməyə hüquq sahibi olan hər kəs özəlləşmənin aparılmasına razı olmalıdır. Lakin burada ümumən özəlləşdirmənin aparılmasına razı olmaqla, onun hansı qaydada aparılmasına razı olmaq məsələləri fərqləndirilməlidir. Buna görə, hüquq sahibi şəxslər ümumən özəlləşdirmənin aparılmasına dair vahid razılığa gəlsələr də, mənzilin məhz hansı qaydada özəlləşdirilməsi ilə bağlı fərqli məzmunda razılıqlarını ifadə edə bilərlər. Qanunverici belə razılığın məzmunu ilə bağlı hüquq sahibi şəxslərə seçim imkanı vermişdir - mənzilin ailə üzvlərindən birinin yaxud bir neçəsinin mülkiyyətinə, paylı və ya birgə mülkiyyətə keçirilməsi. Bu seçimi hər bir hüquq sahibi öz azad iradəsinə uyğun olaraq həyata keçirməkdə sərbəstdir.

37. Beləliklə, özəlləşdirmənin aparılmasına dair razılıq iki məsələ üzrə iradənin birgə mövcudluğunu tələb edir - həm ümumən özəlləşdirmənin aparılmasına dair razılığın, həm də onun hansı qaydada aparılmasına dair razılığın bildirilməsi.

38. Qanunun 5-ci maddəsi mövqeyindən çıxış edərək göstərilməlidir ki, özəlləşmə üçün müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcud olmaması özəlləşmənin aparılmasını istisna edir. Çünki yuxarıda da qeyd olunduğu kimi vətəndaşların yaşadıqları mənzilləri özəlləşdirmə qaydasında əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ yalnız “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada həyata keçirilə bilən hüquqdur.

39. Yuxarıda qeyd olunan normaların tələblərini nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilin özəlləşdirilməsində iştirak etmək hüququna malik şəxslərdən olan üçüncü şəxs X5 razılığı olmadığı üçün cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.

40. Məhkəmə kollegiyası iddiaçının mənzili (hüququ çatan hissəsini) digər kirayəçinin razılığı olmadan özəlləşdirmək hüququna malik olduğuna dair dəlilinə münasibət bildirərək qeyd edir ki, yuxarıda şərh olunanlardan da göründüyü kimi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsi özəlləşdirmənin yalnız bütün hüquq sahibi şəxslərin razılıqlarının mövcudluğu halında aparılacağını müəyyən etməklə digər şəxslərin razılıqları olmadığı halda iddiaçıların özlərinə düşən hissələrini özəlləşdirmələrinə dair hüquqlarını təsbit etmir. Sözügedən qanunvericilikdə özlləşdirmədə iştirak hüququna malik şəxslərin bir qisminin özəlləşdirmənin aparılmasına razı olmadıqları halda digər şəxslərə münasibətdə özəlləşdirmənin aparılacağının mümkünlüyünü müəyyən edən hər hansı norma mövcud deyildir.

41. Bununla bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunvericilik mənzil fondunun özəlləşdirilməsinin əsas prinsiplərindən biri kimi mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanmasını müəyyən etdiyindən özəlləşmədə iştirak etmək istəməyən şəxslərin iradələrinin ziddinə olaraq onlara da müəyyən qədər mülkiyyət payı verməklə özəlləşməni aparmaq da yolverilməzdir. Eynilə, özəlləşmədə iştirak etmək istəməyən şəxslərə ümumiyyətlə pay vermədən mənzilin bütövlükdə özəlləşmədə iştirak etmək istəyən şəxsin (və ya şəxslərin) adına özəlləşdirilməsi də mümkün deyildir.

42. Baxılan məsələ ilə bağlı olaraq həmçinin nəzərə almaq lazımdır ki, dövlət “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu qəbul etməklə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə yaşadıqları mənzilləri (evləri) əvəzsiz olaraq şəxsi mülkiyyətlərinə keçirmək hüququ versə də, bu hüququn reallaşdırılması şərtlərini və qaydasını da dəqiq təsbit etmişdir. Bu zaman qanunverici özünün mülahizə səlahiyyətindən istifadə etməklə özəlləşdirmənin yalnız müraciət edilən anda özəlləşmədə iştirak etmək hüququna malik bütün şəxslərin razılıqlarının mövcudluğu halında həyata keçiriləcəyini müəyyən etmişdir. Hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq məhkəmə dövlətin sözügedən mülahizə səlahiyyətinin həyata keçirilməsi qaydasına və qanunvericinin iradəsinə müdaxilə edə bilməz.

43. Bununla yanaşı qeyd etmək lazımdır ki, bu zaman şəxslərin mənzil hüquqlarının müdafiəsi ilə bağlı ədalətli tarazılığa da riayət edilmiş olur. Belə ki, özəlləşmənin baş tutmaması orada yaşayan və mənzili özəlləşdirmək istəyən şəxslərin həmin mənzildən istifadələrinə hər hansı qaydada əngəl törətmir, onların mənzildən çıxarılmalarına səbəb olmur. Eləcə də, həmin şəxslər gələcəkdə özəlləşdirməyə dair ümumi razılıq əldə ediləcəyi halda mənzili özəlləşdirmək hüququndan istifadə imkanlarını yenə də qoruyub saxlayırlar.

44. Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı işdə digər hüququ olan şəxs X12 buna razılıq vermədiyi üçün iddiaçının mənzilin özəlləşdirilməsinə dair müraciətlərinin təmin edilməməsi zamanı cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi arasındakı ədalətli tarazılığa riayət edilmişdir.

45. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi (keçmiş Sos.Bolqariya küçəsi) 32 saylı evin 1 saylı mənzilinin iddiaçı Mirzəyeva (Mamedova) Minə Qədim qızının adına özəlləşdirilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli 2-1(116)-876/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar