Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-234/2025 13.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Tahirov Zamin Cəbrayıl oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “0,135 ha torpaq sahəsinin Mingəçevir şəhər Su Təsərrüfatı və Suvarma İdarəsinin ərazisi kimi qeydiyyata alınmasının ləğv edilməsi” tələbinə dair Şəki İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 2-1(116)-2841/2024 nömrəli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “0,135 ha torpaq sahəsinin Mingəçevir şəhər Su Təsərrüfatı və Suvarma İdarəsinin ərazisi kimi qeydiyyata alınmasının ləğv edilməsi barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Mingəçevir şəhər Samux küçəsində (keçmiş Çörək zavodu ilə Su təssərüfatı və suvama İdarəsinin arasında) yerləşən 0.135 ha torpaq sahəsini 1992-ci ildən istifadəsində olduğu üçün adına sənədləşdirmə aparılması üçün Mingəçevir şəhər Bələdiyyəsinə müraciət etmişdir. Mingəçevir şəhər Bələdiyyəsinin 01 mart 2002-ci il tarixli 22/6 nömrəli qərarı ilə həmin torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. 2-ci qrup Qarabağ Müharibəsi əlili olduğundan torpaq sahəsi Bələdiyyə tərəfindən iddiaçıya pulsuz verilmişdir. Həmin vaxt ona torpaq sahəsinin cizgisi də təsdiq edilib verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən isə JN-019H, Kod 90200002 saylı adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuş və 03 iyun 2002-ci ildə Dövlət Yerquruluşu və Layihə İnstitutu tərəfindən təsdiq edilmişdir. Həmin sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə təqdim edərək mülkiyyət hüquqlarının qeydə alınması üçün müraciət etmişdir. Ancaq bu barədə ona imtina verilmiş və bildirilmişdir ki, həmin ərazi ona məlum olmayan səbəbdən 2010-2015-ci illərdə ölkə ərazisində aparılan inventarizasiya zamanı Su Təsərrüfatı və Suvarma İdarəsinin yerləşdiyi torpaq sahəsinin tərkib hissəsinə daxil edilmişdir. Eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti də 02 may 2023-cü ildə ona məlumat vermişdir ki, həmin torpaq sahəsi Su Təsərrüfatı və Suvarma İdarəsinin yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi olmaqla dövlət mülkiyyətində olan torpaqlara aid olduğu müəyyən edilmişdir. Qeyd edir ki, Su Təsərrüfatı və Suvarma İdarəsinin bu əraziyə aidiyyatı yoxdur və həmin İdarənin beton və mişar daşları onun sərhədlərini həmin idarənin sərhədlərini ayırır. Həmin mişar və beton daşlara baxdıqda belə müəyyən etmək olur ki, idarənin ərazisi uzun zamandır ki, bu şəkildədir,
3. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) xx.xx.2024-cü il tarixli, 2- 1(116)-2841/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “0,135 ha torpaq sahəsinin Mingəçevir şəhər Su Təsərrüfatı və Suvarma İdarəsinin ərazisi kimi qeydiyyata alınmasının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır.
4. Məhkəmə qeyd etmişdir ki, iddia mümkün sayılmamaldır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi imzasız təqdim edilmiş, həmçinin tələb qeyrimüəyyən formada ifadə edilmişdir. Eyni zamanda iddia tələbi dəqiq və aydın ifadə edilməlidir. İrəli sürülmüş tələbin “0,135 ha torpaq sahəsinin Mingəçevir şəhər Su Təsərrüfatı və Suvarma İdarəsinin ərazisi kimi qeydiyyata alınmasının ləğv edilməsi” şəklində ifadə edilməsi qeyri-müəyyəndir. İddia ərizəsində sözügedən torpaq sahəsi üzərində iddiaçı öz mülkiyyət hüququnun mövcudluğunu əsaslandırsa da, həmin hüququn dövlət qeydiyyatına alınması (və ya əvvələr qeydiyyata alınmış mülkiyyət hüququna dair yeni nümunəli çıxarışın verilməsi) tələb edilmir. Cavabdeh orqanın imtina cavabının məzmunundan görünür ki, iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətində olduğu bildirməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. İddiaçı, hazırkı iddia ərizəsində 0,135 ha torpaq sahəsinin Mingəçevir şəhər Su Təsərrüfatı və Suvarma İdarəsinin ərazisi kimi qeydiyyata alınmasının ləğv edilməsini tələb etsə də, cavabdeh orqan sözügedən torpaq sahəsinin Mingəçevir şəhər Su Təsərrüfatı və Suvarma İdarəsinin yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi olmaqla dövlət mülkiyyətində olmasını bildirir. Yəni, iddia olunan torpaq sahəsi üzərində Mingəçevir şəhər Su Təsərrüfatı və Suvarma İdarəsinin əmlak hüququnun dövlət qeydiyyatının mövcudluğu yox, dövlət mülkiyyətində olan torpaq sahəsində sözügedən müəssisənin yerləşdiyi bildirilir. Belə olan halda Mingəçevir şəhər Su Təsərrüfatı və Suvarma İdarəsinin torpaq sahəsi üzərində əmlak hüquqları qeydiyyata alınmadığından hər hansı qeydiyyatın ləğvindən söhbət gedə bilməz (qeydiyyata alınmamış bir hüququn ləğvi tələb edilə bilməz). İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasıdır və cavabdeh orqan həmin torpaq sahəsinin dövlət mülkiyyətində olmasını bildirir. Belə olan halda irəli sürülmüş tələb sözügedən torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqlarının dövlət qeydiyyatı ilə bağlı olmalıdır. - Həmçinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yox, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Yevlax Ərazi İdarəsi qeyd edilməli, düzgün cavabdehin müraciətin təmin edilməsindən imtina cavabı təqdim edilməlidir. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə məhkəmə mümkünlük iclası təyin edilmişdir. Dinlənilmə hüququnun təmin edilməsi məhkəmənin vəzifəsi olduğu kimi, müvafiq hüququn reallaşdırılması üçün məhkəmə iclasında təyin edilmiş vaxtda iştirak etmək iddiaçının vəzifəsidir. Məhkəmə iclasında iştirak etməyə mane olan hallar olduğu halda iddiaçı ağlabatan müddətdə iştirakını mümkünsüz edən sübutları məhkəməyə təqdim etmək öhdəliyi daşıyır. Dinlənilmə hüququ yalnız şifahi olaraq yox, həm də yazılı qaydada həyata keçirilə bilər. Belə ki, həmin hüququn məqsədi iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçını məlumatlandırmaqdır. Məhkəmə məhz bilavasitə məlumatlandırma yolu ilə iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün məhkəmə iclasına dəvət etmişdir. Bununla belə iddiaçı, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında iştirak etməmiş, həmçinin məhkəmənin hüquqi mövqeyinə münasibət bildirməmişdir.
5. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli 2-1(116)-2841/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti iddia əruizəsi ilə eynilik təşkil edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, cavabdeh xx.xx.2024-cü il tarixli imtinasında sözügedən torpaq sahəsinin Su təsərrüfatı və suvarma idarəsinin yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi mülkiyyətində olan torpaqlara aid olduğunun müəyyən edildiyini göstərmişdir. Digər tərəfdən cavabdehin əvəz edilməsi ilə bağlı ona yardım edilməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
8. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 pellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2-1(116)-2841/2024 nömrəli qərardadını dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
10. İnzibati Prosessual Məcəllə: Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 80.1. Barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 82. Apellyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apellyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin, bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
11. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 1.1. məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1. inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 3.5. Apelyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardadlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanuniliyini və əsaslılığını, həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyinəzərindən qiymətləndirməlidirlər.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.1. iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.5. iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü
12. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
15. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
16. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
17. Kollegiya ilk olaraq bildirir ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır.
18. Apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, cavabdeh xx.xx.2024-cü il tarixli imtinasında sözügedən torpaq sahəsinin Su təsərrüfatı və suvarma idarəsinin yerləşdiyi torpaq sahəsinin tərkib hissəsi olmaqla mülkiyyətində olan torpaqlara aid olduğunun müəyyən edildiyini göstərmişdir. Digər tərəfdən cavabdehin əvəz edilməsi ilə bağlı ona yardım edilməmişdir.
19. Kollegiya ilk öncə qeyd edir ki, iddiaçı hüquqi marağına nail olmaq üçün hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətini yox, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Yevlax Ərazi İdarəsini qeyd etməli, həmçinin düzgün cavabdehin müraciətin təmin edilməsindən imtina cavabını təqdim etməlidir. Yəni mübahisə ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Yevlax Ərazi İdarəsinə əvvəlcədən eyni məzmunlu tələblə müraciət etməli, daha sonra imtina verildiyi təqdirdə məhkəməyə müraciət etməlidir. Hazırki işdən isə görünür ki, iddiaçı hüquqi marağına uyğun tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etməmiş, cavabdeh inzibati orqanın isə bundan imtina etdiyinə dair məktubu işə əlavə edilməmiş, iddiaçı tərəfindən də məhkəmə kollegiyasına təqdim edilməmişdir.
20. Kollegiya qeyd edir ki, cavabdehin əvəz edilməsi ilə bağlı iddiaçıya yardım edilsə belə, əvəz edilən cavabdeh orqan tərəfindən iddiaçıya imtina cavabı verilmədiyindən hər bir halda iddianın mümkünlük şərtləri yerinə yetirilmir. Yəni iddia verilmədən öncə düzgün cavabdehin müraciətin təmin edilməsindən imtina cavabı təqdim edilməlidir.
21. Əksinə, iddiaçı tərəfindən kollegiyaya təqdim edilmiş İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X6 xx.xx.2024-cü il tarixli 3-53-3/2-7522/2024 nömrəli “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X6 17 saylı Yevlax Ərazi İdarəsinə ünvanladığı sorğuya cavab məktubundan görünür ki, Mingəçevir Şəhəri Samux küçəsində yerləşən vətəndaş İddiaçı istifadəsində olan, sorğuda verilmiş koordinatlar daxilində torpaq sahəsi Mingəçevir Şəhər Sukanal İdarəsinin balansında və istismarında deyil və həmin torpaq sahəsinin üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyata alınmasına etiraz etmirlər.
22. Göründüyü kimi, iddiaçının istifadəsində olan torpaq sahəsi Mingəçevir Şəhər Sukanal İdarəsinin balansında deyil, həmin torpaq sahəsi üzərində Mingəçevir şəhər Su Təsərrüfatı və Suvarma İdarəsinin əmlak hüquqları qeydiyyata alınmamışdır. Belə olan halda Mingəçevir şəhər Su Təsərrüfatı və Suvarma İdarəsinin torpaq sahəsi üzərində əmlak hüquqları qeydiyyata alınmadığından hər hansı qeydiyyatın ləğvindən söhbət gedə bilməz (qeydiyyata alınmamış bir hüququn ləğvi tələb edilə bilməz). Hazırda iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində özünün mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasıdır və həmin torpaq sahəsi Mingəçevir Şəhər Sukanal İdarəsinin istismarında deyil, həmçinin torpaq sahəsi üzərində vətəndaşın mülkiyyət hüquqlarının qeydiyyata alınmasına İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X8 etiraz etmir. Belə olan halda irəli sürülmüş tələb sözügedən torpaq sahəsi üzərində iddiaçının əmlak hüquqlarının dövlət qeydiyyatı ilə bağlı olmalıdır.
23. Beləliklə kollegiya hesab edir ki, hazırkı iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Ümumilikdə Kollegiya, iddiaçının dəlillərinin birinci instansiya məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir.
24. Yuxarıda qeyd olunan inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2841/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-2841/2024 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan onun təqdim edildiyi gündən 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.