Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-235/2021 14.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(116)-388/2021 saylı qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1976-cı ildə anadan olmuş və hazırda ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. O, 26.07.1994-cü ildən 22.06.1999-cu ilədək Bakı Ali Hərbi Dənizçilik Məktəbində kursant kimi xidmət etmiş, 22.06.1999-cu ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həqiqi hərbi xidmətə qəbul edilmiş, 20.07.2007-ci ildə Müdafiə Nazirliyinin şəxsi heyətinin siyahısından çıxarılaraq Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin sərəncamına verilmiş, 08.01.2016-cı ildə isə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "q" bəndinə əsasən (ştatların ixtisarına görə) polkovnikleytenant hərbi rütbəsi ilə ehtiyata buraxılmışdır. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə ərizə ilə müraciət edərək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçu kimi mənzillə təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti 12.10.2020-ci il tarixli 23/M-7135 nömrəli cavab məktubunda bildirmişdir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin digər dövlət və ya yerli özünüidarəetmə orqanları ilə təhlükəsizlik orqanları əməkdaşlarının fərdi yaşayış mənzili ilə təmin olunmasına dair qarşılıqlı öhdəliyini müəyyən edən qanunvericilik aktı mövcud olmadığından qaldırılan məsələnin Xidmət tərəfindən həlli mümkün deyil. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmış və Fərmanın 2-ci hissəsinə əsasən, bu məqsədlə Komissiya yaradılmışdır. Həmin Komissiyanın sədri Azərbaycan Respublikasının Maliyyə naziri təyin edilmiş və Komissiyanın üzvləri sırasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti təmsil olunmamışdır. Bu baxımdan, İddiaçı mənzil növbəsinə götürülərək mənzillə təmin olunma barədə aidiyyəti quruma müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi 15.10.2020-ci il tarixli 4175 nömrəli cavab məktubunda bildirmişdir ki, İddiaçı Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etdiyinə görə onun adının Müdafiə Nazirliyində tərtib edilən adlı siyahılara əlavə edilməsi Müdafiə Nazirliyinin səlahiyyətləri xaricindədir. Bundan sonra İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı "Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi və dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" barədə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 22 il ərzində qüsursuz hərbi xidmət keçmiş, xidmət etdiyi dövrdə dəfələrlə komandanlıq tərəfindən həvəsləndirilmiş, medallarla təltif olunmuş, o cümlədən "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla, "Hərbi xidmətdə fərqlənməyə görə" medalın 3-cü, 2-ci, 1-ci dərəcələri ilə və Fəxri Fərmanlarla təltif olunmuşdur. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən, 20 ildən artıq qüsursuz xidmət keçmiş hərbi qulluqçu kimi dövlət hesabına mənzillə təmin olunmaq hüququ vardır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya qarşı 15.12.2020- ci il tarixli 11/6194 nömrəli etirazında iddianın rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, İddiaçı 16.08.1994-cü ildən 20.07.2007-ci ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi xidmət keçmiş, Müdafiə nazirinin 20.07.2007-ci il tarixli 0395 nömrəli əmri ilə isə Müdafiə Nazirliyinin şəxsi heyətinin siyahısından çıxarılaraq Milli Təhlükəsizlik Nazirliyinin sərəncamına verilmişdir. İddiaçının 16.08.1994-cü ildən 20.07.2007-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçdiyi müddət 20 ildən az, yəni 12 il 11 ay 4 gün təşkil edir. Bu səbəbdən iddiaçının dövlət tərəfindən mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməsi "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun deyil. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti iddiaya qarşı 15.12.2020-ci il tarixli 20/1080 nömrəli etiraz ərizəsində iddianın təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. Həmin Fərmanın 2-ci hissəsinə əsasən, dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmış, 3-cü hissəsində isə Komissiyaya həmin siyahının Maliyyə Nazirliyinə təqdim edilməsi tapşırılmışdır. Eyni zamanda, sözügedən Fərman qəbul edilərkən Müdafiə Nazirliyi tərəfindən təşkil olunan Silahlı Qüvvələrin hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi məsələlərinə şamil edildiyindən Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndəsi Komissiyanın tərkibinə daxil edilməmişdir. Qeyd olunan Komissiyadan və Müdafiə Nazirliyindən bugünə kimi iddiaçının təhlükəsizlik orqanlarında xidməti barədə sorğu daxil olmamışdır Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəməyə göndərdiyi 27.01.2021-ci il tarixli 11/04-20-679 nömrəli məktubda bildirmişdir ki, iddiaçının Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etdiyi səbəbindən onun adı Müdafiə Nazirliyində tərtib edilən adlı siyahıya daxil edilməmişdir. Odur ki, iddiaçının tələbinə Müdafiə Nazirliyinin rəyi əsasında baxılması məqsədə müvafiqdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı iki öhdəliyin cavabdehlərin üzərinə qoyulmasını xahiş etmişdir: 1) Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi, 2) dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi. Məhkəmənin 09.03.2021-ci il tarixli ayrıca qərardadı ilə iddianın ikinci hissəsi mümkün sayılmamışdır. Şəki İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(116)-388/2021 nömrəli qərarı ilə, iddia qismən təmin edilmiş, İddiaçı adının Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulmuş, iddianın cavabdeh Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinə aid hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən: «Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.» Həmin məcəllənin 175.1 -ci maddəsinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Həmin məcəllənin 204.2.-ci maddəsində göstərilib ki, məhkəmə sübutun saxtalığını yoxlamaq üçün ekspertiza təyin edə bilər, habelə sübutlar təqdim etməyi təklif edə bilər. Belə ki, iddiaçı X2 öz iddia ərizəsində qeyd edib ki, 26.07.1994-cü ildən 20.07.2007-ci ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində hərbi xidmət keçmişdir. 20.07.2007-ci il tarixdən Müdafiə Nazirliyinin şəxsi heyətindən çıxarılaraq Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin sərəncamına verilmişdir. Birinci instansiya məhkəməsinə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İddiaçı Müdafiə Nazirliyində cəmi 12 il 11 av 4 gün hərbi xidmət keçməsi barədə rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanında qeyd edilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər. Yuxarıda qeyd olunan fərman 28 dekabr 2011-ci il tarixdə imazalanmış və qüvvəyə minmişdir Həmin vaxta mövcud olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Haqqında” 09 oktyabr 1991 -ci il tarixli 210 nömrəli Azərbaycan Respublikasının qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri quru qoşunlarından, hava hücumundan müdafiə və hərbi-hava, hərbi-dəniz qüvvələrindən ibarətdir. Təşkilatı cəhətdən Azərbaycan Respublikasının Silahlı Qüvvələri birliklərdən, birləşmələrdən, hərbi hissələrdən, hərbi təşkilatlardan və hərbi təhsil müəssisələrindən ibarətdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanı 09 oktaybr 1991-ci il tarixli 210 nömrəli Azərbaycan Respublikasının “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Haqqında” qanunda qeyd olunan qüvvələrdə hərbi xidmət keçmiş hərbi qulluqçular nəzərdə tutur. Məhkəmə öz qərarında qeyd edir ki, “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 29.12.2017-ci il tarixli Qanununun 1.0.1 -ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra - Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir. Bununla bağlı qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 №-li Fərmanı qüvvəyə mindiyi vaxtda Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkib hissəsi olmamışdır. Fərmanda qeyd edilənləri nəzərə alsaq iddiaçının bu kateqoriyadan olan şəxslərə bərabər tutmaq və dövlət tərəfindən mənzillə təmin ediləcək şəxslərin siyahısına almaq Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011 -ci il tarixli 569 №-li Fərmanına ziddir. Yuxarıda qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(116)-388/2021 nömrəli qərarının ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(116)-388/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbdən olması barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. İşə əlavə edilmiş və kollegiyanın iclasında tədqiq edilmiş sübutlardan görünür ki: İddiaçı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, 22.06.1999-cu ildən 08.01.2016-cı ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı EZ seriyalı A-0000157 nömrəli hərbi biletinin surətindən görünür ki, o, 22.06.1999-cu ildə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həqiqi hərbi xidmətə qəbul edilmiş, 24.07.2007-ci ildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində xidmətə qəbul edilmiş, 08.01.2016-cı ildə isə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "q" bəndinə əsasən (ştatların ixtisarı) hərbi xidmətdən tərxis edilmişdir. "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən, bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə aşağıdakı tərkibdə Komissiya yaradılmışdır: Komissiyanın sədri: Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri. Komissiyanın üzvləri: Çingiz Məmmədov - Azərbaycan Respublikası müdafiə nazirinin müavini. Rafiq Cəlilov - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavini. Rauf Pənahov - Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini. Ramiz Tahirov - Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi. Həmin Fərmanın 3-cü hissəsində Komissiyaya tapşırılmışdır ki: 3.1. siyahının hazırlanması zamanı hərbi qulluqçuların qüsursuz hərbi xidmət müddətini, döyüş əməliyyatlarında iştirakını, hərbi rütbəsini, tutduğu vəzifənin xüsusiyyətlərini, ailə üzvlərinin sayını, yaşayış şəraitini nəzərə alsın; 3.2. hazırlanmış siyahını Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; 3.3. görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Fərmanın 4-cü hissəsində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin bu Fərmanın icrası ilə bağlı maliyyələşməni mərhələlərlə müəyyən olunmuş qaydada təmin etməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Fərmanda Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün iki əsas şərt müəyyən edilmişdir. Bunlardan biri hərbi qulluqçunun xidmət etdiyi müddətin 20 ildən az olmaması və bu xidmətin qüsursuz olmasıdır. "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 29.12.2017-ci il tarixli Qanununun 1.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələri (bundan sonra – Silahlı Qüvvələr) - Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılmış, Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarət hərbi təsisatdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, Azərbaycan Ordusu - Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmədir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının başqa silahlı birləşmələri (bundan sonra - başqa silahlı birləşmələr) - Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu Qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları (dövlət orqanlarının strukturuna daxil olan qurumlar). Başqa silahlı birləşmələrə aid dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 27.03.2004-cü il tarixli 43 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi haqqında Əsasnamə"nin 12-ci bəndində deyilir ki, Nazirliyin hərbi qulluqçuları "Hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər, Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün nəzərdə tutulmuş hüquqlardan istifadə edirlər. Nazirlikdə işçilərlə əmək münasibətləri müvafiq qanunvericiliyə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Prezidentinin 14.12.2015-ci il tarixli 706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əsasında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılmışdır. Sadalanan normaların birgə təhlilindən görünür ki, İddiaçı 26.07.1994-cü ildən 22.06.1999-cu ilədək Bakı Ali Hərbi Dənizçilik Məktəbində kursant kimi təhsil aldığı, 22.06.1999-cu ildən 20.07.2007-ci ilədək Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, bundan sonra 08.01.2016-cı ilədək isə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində hərbi xidmətdə olduğu bütün müddət (21 il 5 ay 13 gün) onun Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət müddəti sayılır. Məhkəmə iddiaçının Azərbaycan Ordusu sıralarında 20 təqvim ilindən az xidmət etməsi səbəbindən onun adının dövlət tərəfindən mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməli olmaması barədə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanında yalnız Azərbaycan Ordusunda deyil, ümumilikdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət keçmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində etdiyi xidmətin qüsursuz olması cavabdehlər tərəfindən mübahisələndirilmir və onun hər hansı qüsura yol verməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Göründüyü kimi, İddiaçı Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanında göstərilən meyarlara cavab verir, bu səbəbdən də dövlət vəsaiti hesabına mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil edilməlidir. İddiaçının adının həmin siyahıya cavabdeh inzibati orqanlardan məhz hansı tərəfindən daxil edilməsi məsələsinə gəldikdə isə məhkəmə hesab edir ki, bu öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi daşıyır. Belə ki, əvvəla, ölkədə başqa silahlı birləşmələrə aid bir neçə dövlət orqanı mövcud olduğu halda, Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyanın tərkibinə həmin orqanların hər birinin deyil, Azərbaycan Ordusunun aid olduğu Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi daxil edilmişdir. Digər tərəfdən, məhkəmənin 18.11.2020-ci il və 12.01.2021-ci il tarixli məktubları ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə sorğu edilərək sözügedən Komissiyanın fəaliyyətini tənzimləyən hüquqi aktlar tələb edilmiş, Maliyyə Nazirliyi isə 27.01.2021-ci il tarixli 11/04-20-679 nömrəli cavab məktubunda bildirmişdir ki, iddia ərizəsində qaldırılan məsələyə Müdafiə Nazirliyinin rəyi əsasında baxılması məqsədə müvafiqdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, analoji mübahisələrlə bağlı bir neçə başqa inzibati iş üzrə (məsələn, 2-1(102)-3250/2019 nömrəli iş üzrə 30.10.2019-cu il, 2- 1(102)-2910/2019 nömrəli iş üzrə 27.11.2019-cu il, 2-1(102)-1297/2020 nömrəli iş üzrə 02.06.2020-ci il, 2-1(102)-1887/2020 nömrəli iş üzrə 06.10.2020-ci il tarixli) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında da oxşar hüquqi mövqe ifadə edilmişdir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini qismən təmin etməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən, apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmadığından təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə,inzibati işin hallarını, məhkəmə kollegiyası tərəfindən aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəki İnzibati Məhkəməsi iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ilindən artıq qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi müvafiq siyahılara daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasında haqlı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 09.03.2021-ci il tarixli, 2-1(116)-388/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-235/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-235/2021
14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver