Məhkəmə qərarları › İş №2-1(107)-235/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-235/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-235/2023 11.05.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X1rşı “65 yaşı bitdiyi tarixdən yəni xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(116)-2316/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X5 Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı X3rşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “65 yaşı bitdiyi tarixdən yəni xx.xx.2022-ci ildən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, hərbi xidmət, Ağdaş rayon Dövlət Arxivinin arayışını və əmək kitabçasını, o cümlədən kolxozçunun əmək kitabçasını nəzərə almaqla, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını iddiaçının xx.xx.1992 - xx.xx.2003-cü illərdə Ağdaş rayon Avtonəqliyyat ATSC-də işlədiyi müddətin araşdırılmasının mümkün olmaması, buna görə də həmin müddətin sosial sığorta stajına daxil edilməməsi ilə əsaslandırmışdır.

3. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

4. Cavabdehin nümayəndəsi, birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 19 dekabr 2022-ci il tarixli, 2- 1(116)-2316/2022 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

6. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

7. Cavabdehin apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının müraciətinə mərkəzi filialda baxılmışdır. İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş Ağdaş rayonu “Avtonəqliyyat” ATSC-nin xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan arxiv sənədləri Ağdaş rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün olmamış və iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Mərkəzi fililala Təpdim edilən əmək kitabçalarının surətlərinə və hərbi xidmət haqqında arayışa əsasən iddiaçının sığorta stajı (xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 17 il 11 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabını sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 15 il 6 ay sığorta stajına uyğun olaraq 12.603,52 manat, 01,02.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək 1.664,93 manat olmaqla, ümumilikdə 14.268,45 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilir ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Fondun 2 saylı Mərkəzi Aran regional filialının məktubuna əsasan iddiaçının Aqdaş Avtonəqliyyat ATSC-də xx.xx.1992ci il tarixdən xx.xx.2003-cü il tarixədək işləməsi faktını həmin müəssisənin sənəd və materialları Ağdaş rayon Dövlət Arxivinə təhvil yeritmədiyi üçün qarşılıqlı yoxlamaq mümkün olmamışdır. Həmçinin Ağdaş rayon Dövlət Arxivinin 05 sentyabr 2022-ci il tarixli 75 nömrəli cavab məktubunda bildirilmişdir ki, Ağdaş Avtonəqliyyat ATSC-nin sənəd və materiallan Ağdaş rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün İddiaçı əmək haqqısı, işə daxil olma və işdən azad edilməsi barədə hər hansı bir məlumatın verilməsi mümkün olmamışdır. Qeyd edilən dövrlərdə iddiaçının əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığı üçün sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən əmək pensiyası - məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, anlayışdan da göründüyü kimi əmək pensiyası şəxsin aldığı əmək haqqı və digər gəlirlərinin kompensasiyası məqsədilə ödənilir. İddiaçının həmin dövrlərdə həmin müəssisədə işləyib əmək haqqı alması və məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə sənədlər tam şəkildə aşkar edilmədiyi üçün qeyd edilən dövrlərin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsini 19 dekabr 2022-ci il tarixli, 2-1(116)-2316/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(116)-2316/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(116)-2316/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 75 nömrəli məktubunda qeyd edilmişdir ki, Ağdaş rayon Avtonəqliyyat ATSC-nin sənəd və materialları arxivə təhvil verilməmişdir. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 90 nömrəli məktubunda qeyd edilmişdir ki, Pirəyir kənd sabiq “Partiyanın 22-ci Qurultayı” kolxozda kişilər üçün minimum adam günü 1968-1983-cü illərdə 240 gün müəyyən edilmişdir. - Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 102 nömrəli arxiv arayışında Pirəyir kənd sabiq “Partiyanın 22-ci Qurultayı” kolxozda minimum adam günü norması 240 gün göstərilmiş və iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi qeyd edilmişdir: 1972 – 137 gün, 1979 – 302 gün, 1975 – 252 gün, 1980 – 175 gün, 1976 – 47 gün, 1981 – 182 gün, 1978 – 268 gün, 1982 – 243 gün, - ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının əmək fəaliyyəti müddəti xx.xx.1984 – xx.xx.2003-cü illər (19 il 1 ay 5 gün) qeyd edilmişdir. - SHXÜDX-nin Ağdaş rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 344 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1976 – xx.xx.1976-ci illərdə (5 ay 9 gün) hərbi xidmətdə olmuşdur. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı xx.xx.1957-ci ildə doğulmuşdur.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

12. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır.

14. xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş Əmək Pensiyaları haqqında Qanunun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla).

15. "Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

16. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir.

17. 1964-cü il 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir.

18. SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 46.3. Maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(116)-2316/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

21. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

22. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

23. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilən sosial sığorta stajı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdur.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır.

26. Belə ki, məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, iddianı qaldırmaqda iddiaçının hüquqi marağı - ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir.

27. İddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz İİ dərəcəli əlillik müəyyən olunmuş, həmin tarixdən sosial müavinət təyin edilmişdir. İddiaçı barəsində ödənişlər yenidən təyinat aparıldığı tarixdən həyata keçirilməkdədir.

28. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək Pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər yerinə yetiriləcəyi halda müvafiq olaraq 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranır (iddiaçı xx.xx.1957-ci ildə doğulub).

29. Cavabdehin iddia tələbinə etirazının dəlili – iddiaçının xx.xx.1992 - xx.xx.2003-cü illərdə Ağdaş rayon Avtonəqliyyat ATSC-də işlədiyi müddətin araşdırılmasının mümkün olmaması ilə bağlıdır. Belə ki, cavabdeh orqan, həmin müddəti sosial sığorta stajı kimi nəzərə almadığından, iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan 25 il ümumi iş stajının tamamlanmadığını bildirir. Cavabdeh orqan iddiaçının mübahisələndirilməyən iş stajını 17 il 11 ay 10 gün olaraq qəbul edir. Mübahisələndirilən dövr isə 11 il 2 ay 2 gün olmaqla iddiaçının Ağdaş rayon Avtonəqliyyat ATSC-də işlədiyi müddətdir.

30. İşdə olan ИТ-İ ******* nömrəli əmək kitabçasında iddiaçının xx.xx.1984 – xx.xx.2003-cü illərdə Ağdaş rayon Avtonəqliyyat ATSC-də işləməsi barədə qeydlər icra olunmuşdur. Həmin müddətin araşdırılmasının mümkünsüzlüyünə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2002-ci ilədək olan dövrdə işçilər dövlət tərəfindən mütləq qaydada sosial sığorta ilə əhatə olunmalı olduqlarına görə mübahisəli dövr üzrə işçilərin əmək fəaliyyəti ümumi iş stajına daxil edilməlidir. Yəni, iddiaçının həmin dövrə münasibətdə işə qəbul edildikdən sonra əmək haqqı alıb-almaması və ondan müvafiq qaydada sosial sığorta haqlarının ödənilib-ödənilməməsinin müəyyən edilməsi zərurəti yoxdur.

31. Ağdaş rayon Avtonəqliyyat ATSC sənədlərinin arxivdə mövcud olmamasına münasibətdə məhkəmə qeyd edir ki, göstərilən hal iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına almır. Belə ki, müvafiq sənədlərin arxivə təhvil verilməsi iddiaçının vəzifəsi olmadığından, qeyd olunan hal onun ziyanına şərh edilə bilməz.

32. Oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqedə qeyd edilmişdir ki, “iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur.

33. İşdə olan Ağdaş rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 102 nömrəli arxiv arayışı və həmin arayışların verilməsinə əsas olmuş hesablaşma kitablarından çıxarışlarla müəyyən edilir ki, iddiaçı 1975, 1977-1979, 1982-ci illərdə minimum adam günü normasını yerinə yetirmişdir ki, həmin müddət bütövlükdə 5 ilə bərabərdir.

34. Həmin kolxozda iddiaçı, 1972-ci ildə - 137, 1976-cı ildə - 47, 1980-ci ildə 175, 1981-ci ildə 182 gün işləmişdir. Həmin illər üzrə minimum adam günü norması 240 gün olduğundan iddiaçının minimum adam günü normasından az işlədiyi müəyyən olunur və əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 2 il 3 ay müəyyən edilir (137+47+175+182=541/240=2.25).

35. Beləliklə, iddiaçının Pirəyir kənd sabiq “Partiyanın 22-ci Qurultayı” kolxozunda əmək stajı 7 il 3 aya bərabərdir.

36. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddəti 19 il 1 ay 5 günə bərabərdir.

37. Yuxarıda qeyd edilən müddətlərin üzərinə iddiaçının hərbi xidmətdə olduğu 5 il 9 gün toplandıqda iddiaçının 25 ildən artıq ümumi sosial sığorta stajı yaranır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərlidir.

38. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, X2 xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir.

39. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilən işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan kollegiyanın qənaətinə görə cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

41. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2-1(116)-2316/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar