Məhkəmə qərarları › İş №2-1(107)-235/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-235/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-235/2024 01.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X3 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2022-ci il tarixli imtinasının qanusuz hesab edilməsi və iddiaçıya əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2-1(116)-68/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “cavabdehin xx.xx.2023-cü il tarixdə əlillik təyinatından imtina edilməsi barədə (əlilliyin ləğv edilməsi) qərarının ləğv edilməsi və əlillik alt-sistemində xx.xx.2023-cü ildən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2021-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır və xx.xx.2022-ci il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2021-ci il tarixdə döyüş tapşırığını yerinə yetirərkən Laçın rayonu ərazisində düşmənin əks həmləsinin qarşısını alan zaman ağır yaralanmışdır. Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə hərbi xidmətə yararsız olmağı barədə qərar qəbul edilmiş və yararsız olduğuna görə də xx.xx.2022-ci il tarixində hərbi xidmətdən vaxtından qabaq tərxis olunmuşdur. Sonralar səhhətində ağırlaşmalar oluğu üçün müalicə almışdır. 2021-ci ilin sonrasında əlilliyin təyin olunması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktubu təqdim edilmişdir.

3. Cavabdeh etirazını belə əsaslandırmışdır ki, vətəndaşın müraciəti əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Republikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim tərəfindən xx.xx.2022-ci il tarixli 805 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması nəticəsində sağ ayağın birinci barmağını dəlib keçən qəlpə yaralanması, sağ ayağın birinci falanqasının qəlpəli bitişmiş sınığı, bərkimiş dəri çapığı, döş qəfəsinin yumşaq toxumasının yad cismi. Partlayış travması (xx.xx.2021) nəticəsində sol tərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət, pıçıltı nitqini sol qulaqda 3 metr, sağ qulaqda 6 metr məsafədən eşitməsi ilə” dioqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır” Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Kimi müəyyənləşdirilmişdir.

4. Mikrositoz funksiyanın pozulmaması ilə 11, 21-ci dişlərin kariyesi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” Kimi müəyyənləşdirilmişdir.

5. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 28.02-xx.xx.2022-ci il tarixli 2333/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Dissosiativ-konversion pozuntu. Anamnezində funksional tutmalar (ayda 4-5 dəfə).” Kimi müəyyənləşdirilmişdir.

6. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmədən, baş ağrısından, baş gicəllənməsindən, yuxu və yaddaş pozulmasından, əsəbilikdən, qıcolmadan, əhval-ruhiyyə düşkünlüyündən şikayətlənmişdir.

7. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2022-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq Müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir.

8. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) xx.xx.2022-ci il tarixdə aşağıda adı göstərilən 25 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 8) Şəki şəhər sakini xx.xx.2002-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin 0344003AAMLR nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və ona əlavə müalicəyə ehtiyac olması barədə qərar qəbul edilmişdir.

9. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir.

10. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 805 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması nəticəsində sağ ayağın birinci barmağını dəlib keçən qəlpə yaralanması, sağ ayağın birinci falanqasının qəlpəli bitişmiş sınığı, bərkimiş dəri çapığı, döş qəfəsinin yumşaq toxumasının yad cismi. Partlayış travması (xx.xx.2021) nəticəsində sol tərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət, pıçıltı nitqini sol qulaqda 3 metr, sağ qulaqda 6 metr məsafədən eşitməsi ilə.” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; Mikrositoz funksiyanın pozulmaması ilə 11, 21-ci dişlərin kariyesi” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır.” Kimi müəyyənləşdirilmişdir.

11. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 2333/22 nömrəlı xəstəlik tarixindən Çıxarışında diaqnoz “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Dissosiativ-konversion pozuntu. Anamnezində funksional tutmalar (ayda 4-5 dəfə).” Kimi müəyyənləşdirilmişdir.

12. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 817/2022 nömrəlı xəstəlik tarixindən Çıxarışında diaqnoz “posttravmatik stress pozuntusu. Davranış pozuntuları və depressiv əlamətlər.” Kimi müəyyənləşdirilmişdir.

13. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmədən, baş ağrısından, baş gicəllənməsindən, yuxu və yaddaş pozulmasından, əsəbilikdən, qıcolmadan, əhval-ruhiyyə düşkünlüyündən şikayətlənmişdir.

14. Agentliyin həkim-ekspert-travmatoloqun əyani müayinəsi zamanı sağ ayağın qəlpə yarası, çapıq izi izlənilmişdir. Atrofiya qeyd edilməmiş, hərəkətlər tam həcmdə olmuşdur.

15. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

16. İddiaçı izahatında iddianın təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

17. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 30 yanvar 2024-cü il tarixli 2- 1(116)-68/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

18. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

19. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-ci il tarixli qərardadı ilə iddiaçının ekspertiza təyin edilməsi barədə vəsatəti təmin edilməmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

20. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspert tərəfindən müayinə olunmamışdır. Onun tibbi sənədləri müalicə aldığı xəstəxanadan tələb edilib araşdırılmamış və nəticə etibarı ilə formal mülahizələr əsasında ekspert rəyi tərtib edilmişdir. Belə ki, o, məhkəmə prosesi gedən müddətdə də dəfələrlə X1 stasionar müalicələr almışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 30 yanvar 2024-cü il tarixli 2-1(116)-68/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 30 yanvar 2024-cü il tarixli 2-1(116)-68/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

23. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

24. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - xx.xx.2022-ci il tarixli 805 nömrəli Xəstəlik haqqında Şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması nəticəsində sağ ayağın birinci barmağını dəlib keçən qəlpə yaralanması, sağ ayağın birinci falanqasının qəlpəli bitişmiş sınığı, bərkimiş dəri çapığı, döş qəfəsinin yumşaq toxumaslnln yad cismi. Partlayış travması (xx.xx.2021) nəticəsində sol tərəfli kəskin koxlear nevritdən sonrakı vəziyyət, pıçıltı nitqini sol qulaqda 3 metr, sağ qulaqda 6 metr məsafədən eşitməsi ilə.” diaqnozu ilə travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 1714 nömrəli məktubundan görünür ki, İddiaçı Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir., xx.xx.2022- xx.xx.2022, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə Şəki RPX-da stasionar müalicələr almışdır. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-994/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T697/2023 nömrəli rəyi. TƏTBİQ EDİLƏN HÜQUQ

25. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.5-ci bəndinə əsasən tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.1-ci bəndinə görə birinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. Həmin bənddə ikinci dərəcə əlilliyin təyin edilməsi üçün 15 hal sadalanmışdır. 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir.

27. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir.

28. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

29. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2-1(116)-68/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

30. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

31. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

32. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

34. İş materiallarına əlavə olunmuş cavabdehin xx.xx.2023-ci il tarixli məktubundan görünür ki, iddiaçı əyani müayinə olunmuş və “PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 2333/22 nömrəlı xəstəlik tarixindən Çıxarışında diaqnoz “Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Dissosiativ-konversion pozuntu. Anamnezində funksional tutmalar (ayda 4-5 dəfə)” anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. “Diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlilliyin təyin olunmasından imtina edilmişdir.

35. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli T697/2023 nömrəli rəyində deyilir: “2002-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir ki: İddiaçı qoyulmuş “Posttravmatik stress pozgunluğu. Aşağı ətrafın açıq yaralanmasının nəticələri, partlayış travması nəticəsində sağ ayağın birinci barmağının dəlib keçən qəlpə yaralanması” diaqnozunda sağ ayağın qəlpə yarasının sağalmış izi olan çapıq toxuma izlənmiş, atrofiya qeyd edilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Qeyd edilən diaqnoz xəstənin hazırkı sağlamlıq durumudur və diaqnozla əlaqədar onun hazırda əlavə müalicəsinə zərurət yoxdur. İddiaçı “Posttravmatik stress pozgunluğu.Dissosiativ konvulsiyalar” diaqnozu qoyulsa da xəstənin hazırkı sağlamlıq durumunda kobud psixoproduktiv əlamətlər, davranış pozuntuları müəyyən edilmədi”.

36. Belə ki, iddiaçının hazıkı sağlamlıq vəziyyətinin yoxlanılması zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən onun hazırkı sağlamlıq durumunda kobud psixoproduktiv əlamətlər, davranış pozuntuları müəyyən edilməmişdir. Nəticə etibarı ilə iddiaçının orqanizminin funksiyalarının pozulması əlillik əlaməti təyin etmir. Buna görə də birinci instansiya məhkəməsi iddia tələbi təmin etməməkdə haqlı olmuşdur.

37. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsaslar olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

38. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

39. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 30 yanvar 2024-cü il tarixli 2-1(116)-68/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar