Məhkəmə qərarları › İş №2-1(107)-236/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-236/2020

05.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-236/2020 05.10.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin sədri və təsisçisi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və siyahıya alınmamış əmlakın qanunsuz aparılmasına görə 203000 (iki yüz üç min) manat ziyanın cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair inzibatiiş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-45/2019 nömrəli qərarından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Təsviri hissə: Vergilər Nazirliyi 10 saylı X5 cavabdeh İddiaçı-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi ilə X7 Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2007-ci il tarixli 1-95/2007 nömrəli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı-nin 10057 manat dəyərində siyahıya alınmış 1 ədəd su anbarı, 1 ədəd F-500 və 1 ədəd F-300 markalı emal çənlərinin ixtisaslaşdırılmış açıq hərraclar vasitəsilə satılması, əldə edilmiş vəsaitdən 8800 manat pulun dövlət gəlrinə tutulması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin X2 İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli 2/1(107)14/2008 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Apelyasiya Məhkəməsinin qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin X2 İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2008-ci il tarixli 2-1(102)-248/2008 nömrəli qərarı ilə qismən təmin edilərək qətnamə iddia tələbinin 1.111.98 manat məbləğində borcun ödənilməsi məqsədi ilə cavabdehin həmin məbləğdə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclar vasitəsilə satılması hissəsində ləğv edilərək iddia həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Qəbələ Rayon Məhkəmə İcraçıları Qrupunun xx.xx.2007-ci il tarixli icraata başlamaq haqqında qərarı ilə müəyyən edilir ki, X7 Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1-95/2007 nömrəli qətnaməsi əsasında xx.xx.2007-ci il tarixdə icra vərəqəsi verilmiş və icra sənədi üzrə icraata başlanılmışdır. X7 Məhkəməsinin xx.xx.2007-ci il tarixli 1-95/2007 nömrəli icra sənədi Qəbələ Rayon İcra və Probasiya Şöbəsinin icraatında olmadığından icra işində saxlanılan sənədləri əldə etmək mümkün olmamışdır. İddiaçı siyahıya alınmamış əmlakın cavabdeh tərəfindən qanunsuz aparıldığını əsas gətirərək hazırkı iddia tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılan zaman cavabdeh inzibati orqan xx.xx.2018-ci il tarixli 7345/18 nömrəli məktubla iddia tələbinə etiraz etmiş və bildirmişdir ki, əmlakın siyahıya alınması icra şöbəsinin əməkdaşları tərəfindən deyil, Vergilər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin (hakim Rüfət Məcidov) xx xxxxx 2019-cu il tarixli 2-1(84)-45/2019 nömrəli qərarı ilə İddiaçı-in Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və siyahıya alınmamış əmlakın qanunsuz aparılmasına görə 203000 (iki yüz üç min) manat ziyanın cavabdeh tərəfindən ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apelyasiya şikayəti verərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-45/2019nömrəli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)- 45/2019nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və onun vəkili X4 həmin qərardan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(107)-371/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbi üzrə qərəzli olaraq tam və hərtərəfli araşdırma aparmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin sədri və təsisçisi X3 bildirdi ki, X7 Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Cavabdeh qətnamə ilə müəyyən edilmiş əmlakları siyahıya alıb aparan zaman qətnamədə göstərilməyən əmlakları siyahıya almış və zor tətbiq etməklə həmin əmlakları aparmışdır. Həmin vaxt şərab çənlərində 40 ton konyak içkisi olmuş və icra məmurları çənləri aparan zaman həmin spirtli içkini ətrafa boşaltmaqla zay etmişlər. Siyahıya alınmamış əmlakı apardıqlarına və saxladıqlarına görə cəmiyyətə 203000 manat dəyərində ziyan dəymişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ona görə də apelyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-45/2019nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Qəbələ Rayon İcra və Probasiya Şöbəsi nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi). Əsaslandırma hissəsi: İddiaçının apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-45/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia (İPM-in 34.2-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehdən müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-82/2020 saylı qərarında hazırki iş üzrə iddianın mümkünlüyü məsələsinə toxunaraq işə hansı məhkəmədə baxılması məsələsinin yenidən araşdırılması barədə göstərişlər vermişdir. Odur ki, məhkəmə kollegiyası həmin göstərişlərə uyğun olraq araşdırma apararaq aşağıdakıları bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası İPM-nin: 2.2.4-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 35.1-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşdən görünür ki, Vergilər Nazirliyi 10 saylı X5 cavabdeh İddiaçı-yə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” barədə iddia tələbi ilə X7 Məhkəməsinə müraciət etmiş, mübahisəyə baxan məhkəmə tərəfindən borc həddində iddianın təmin edilməsi qərara alınmışdır. Bundan sonra icra sənədi icra edilməsi üçün aidiyyət üzrə icra qurumuna göndərilmiş və icra qurumu tərəfindən “İcra haqqında” Qanunun tələbinə uyğun olaraq icraata başlanılmışdır. Göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və siyahıya alınmamış əmlakın qanunsuz aparılmasına görə dəymiş 203000 (iki yüz üç min) manat ziyanın cavabdeh tərəfindən ödənilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2-1(102)- 2042/2017 nömrəli qərarında formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçı icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlər nəticəsində dəymiş zərər mübahisələndirdiyindən məhkəmə hesab edir ki, hazırkı tələbə inzibati məhkəmə icraatında baxılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddia mümkün olsa da əsassızdır. Birinci instansiya məhkəməsi iddia tələbini rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan maddi hüquq normalarının tələbinə görə delikt məsuliyyətinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulan şərtlər (Mülki Məcəllənin 1096.1-ci maddəsi) (ziyanın mövcud olması, ziyanın hüquqa zidd hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, hərəkət (hərəkətsizliklə) nəticə arasında səbəbli əlaqənin və ziyan vuran şəxsin təqsirinin möcvud olması) ümumi norma olduğundan qeyd edilən normanın tətbiqi zamanı da həmin şərtlər tam ödənməlidir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı icra qurumu tərəfindən siyahıya alınmamış əmlakın götürüldyünü və bunun nəticəsində spirtli ickilərin dağıdılaraq cəmiyyətə ziyan vurulduğunu iddia etsə də bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı isə iddiaçının dəlillərini təsdiq edən mötəbər sübutların əldə olunması mümkün olmamışdır. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, məhkəmə qərarlarının qəbul edildiyi 2008-ci il tarixdən etibarən iddiaçının hazırkı iddianı irəli sürdüyü 2018-ci il tarixədək 10 ilə yaxın vaxt ötmüşdür. İddiaçı cəmiyyətə cavabdehin hərəkətləri nəticəsində ziyan vurulmuş olsaydı, iddiaçı həmin dövrdə məhkəmə müdafiəsi hüququndan istifadə etməli idi ki, ötən 10 il ərzində iddiaçı tərəfindən hər hansı hərəkət olunmamışdır. Məhkəmə qeyd edir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. İddia müddətinin əhəmiyyəti eyni zamanda ondan ibarətdir ki, üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad edilməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırkı iddia tələbi üzrə iddianın xarakterinə görə iddia müddətinin tətbiqi mümkün olmasa da, iddia olunan hərəklərin edildiyi andan uzun müddət keçməsi sübutların əldə edilməsi baxımından çətinlik yaradır. Bu səbəbdən də məhkəmə sübutetmə yükü ilə bağlı məhz iddiaçının dəlillərinə onun təqdim etdiyi sübutlar əsasında qiymət verərək hesab edir ki, iddiaçı iddiasının əsaslılığını sübut edə bilmədi. Məhkəmənin xidməti vəzifəsinə uyğun aparılmış araşdırma isə nəticə verməmişdir. Məhkəmə kollegiyası inzibati mübahisə üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Habelə iddiaçı apelyasiya məhkəməsinin iclasında apelyasiya şikayətində irəli sürdüyü dəlillərini təsdiq edəcək heç bir sübut təqdim edə bilmədi. İPM-in 87.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı-in Qəbələ Rayon İcra və Probasiya Şöbəsinə qarşı “cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və siyahıya alınmamış əmlakın qanunsuz aparılmasına görə 203000 (iki yüz üç min) manat ziyanın cavabdeh tərəfindən ödənilməsi” barədə iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2-1(84)-45/2019 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apelyasiya şikayəti təmin edilməsin. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar