Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-236/2022 16.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “ədliyyə orqanının əməkdaşı kimi 2021-ci ilin fevral ayından İİİ qrup əlilliklə bağlı ləğv edilmiş pensiyasının əmək pensiyası növünə keçirilməklə, həmin, yəni 01 fevral 2021-ci il tarixə qədər pensiyasının hesablanılaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 2 iyun 2022-ci il tarixli 2-1(116)-792/2022 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ədliyyə orqanlarının əməkdaşı kimi əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 20 ildən artıq ədliyyə orqanlarında böyük icra məmuru vəzifəsində çalışdıqdan sonra (gözlərinin çox aşağı dərəcədə zəif görməsi, göz xəstəlikləri və başqa bir çox) xəstəliklərlə əlaqədar Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin 13 may 2014-cü il tarixli Şəhadətnaməsinə və Hərbi-Həkim Komissiyasının 216 saylı Qərarına əsasən ədliyyə orqanlarında işləmək üçün yararsız hesab edilmişdir. Bununla əlaqədar olaraq Ədliyyə Nazirliyinin Kadrlar İdarəsi tərəfindən “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.5-ci maddəsinə müvafiq olaraq 2 iyun 2014-cü il tarixdən tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. 23 yanvar 2015-ci il tarixdən Nazirliyin Tibbi Sosial Ekspertiza Komissiyası tərəfindən iddiaçıya İİİ qrup əlillik dərəcəsi verilmişdir. İddiaçı 6 ildən artıqdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən İİİ qrup əlil olmaqla dövlət qulluqçusu kimi pensiya almışdır. Lakin 2021-ci ilin fevral ayından Nazirliyin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Baş İdarəsi tərəfindən heç bir səbəb olmadan və bu barədə iddiaçıya rəsmi məlumat göndərilmədən, onun İİİ qrup əlillik dərəcəsi ləğv edilmiş və hər ay dövlət qulluqçusu kimi almış olduğu pensiyanın ödənişi dayandırılmışdır. İddiaçı əmək pensiyasının ödənişinin bərpa edilməsi ilə əlaqədar cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır.
3. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə ünvanlnayaraq “ədliyyə orqanının əməkdaşı kimi 2021-ci ilin fevral ayından İİİ qrup əlilliklə bağlı ləğv edilmiş pensiyasının əmək pensiyası növünə keçirilməklə, həmin, yəni 1 fevral 2021-ci il tarixə qədər pensiyasının hesablanılaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-792/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
4. Cavabdeh xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi tərəfindən 3-cü qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının əlillik müddəti 23 yanvar 2021-ci ildə bitmiş, bu səbəbdən də pensiya ödənişi 1 fevral 2021-ci il tarixindən dayandırılmışdır.
5. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr sözügedən Qanunun 7ci maddəsinə uyğun olaraq, pensiya yaşına çatmış və ya bu yaşa çatanadək 1-ci dərəcə əlilliyi müəyyən edilmiş (Qanunun xx.xx.2017-ci il tarixinə qədərki redaksiyasına əsasən 1.2 və 3-cü qrup əlil) sabiq dövlət qulluqçularına təyin edilir.
6. İddiaçının yaşı qanunla nəzərdə tutulmuş pensiya yaşından (65) az olduğundan və əlillik dərəcəsi olmadığından iddiaçıya pensiya təyin edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir.
7. Cavabdeh etiraz məktubunda iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Şəki İnzibati Məhkəməsinin (hakim Fərid İsmayılzadə) 2 iyun 2022-ci il tarixli 2- 1(116)-792/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
10. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 2 iyun 2022-ci il tarixli 2-1(116)-792/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
TƏRƏFLƏRİN İZAHATLARİ
11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 2 iyun 2022-ci il tarixli 2-1(116)-792/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdilər.
12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 2 iyun 2022-ci il tarixli 2-1(116)-792/2022 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
13. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə Göyçay şəhərində doğulmuşdur. xx.xx.2022-ci il tarixdə iddiaçının 60 yaşı tamam olmuşdur. - İddia ərizəsinə və ona əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixdə uzunmüddətli xəstəliyi ilə əlaqədar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 40.1.5-ci maddəsinə müvafiq olaraq xx.xx.2014-cü il tarixdən tutduğu vəzifədən azad edilərək Ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Həmin tarixə iddiaçının 52 yaşı olmuşdur. - İddiaçıya xx.xx.2015-ci il tarixdən (52 yaş) 3-cü qrup əlillik dərəcəsi verilmiş və əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 070931 nömrəli əlillik vəsiqəsinə əsasən İddiaçı əlilliyə görə əmək pensiyası xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək təyin edilmişdir. Əlillik müddətinin bitdiyi tarixə iddiaçının 58 yaşı olmuşdur. - Cavabdeh xx.xx.2021-ci il tarixli **********1 nömrəli imtina məktubunda bildirmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə iddiaçıya Fondun Göyçay rayon şöbəsi tərəfindən əlilliyə (İİİ qrup) görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Əlillik müddətinin xx.xx.2021-ci il tarixdə bitməsi ilə əlaqədar pensiya ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. Qeyd olunanlar nəzərə alınaraq, yaşı 65-dən az (59 yaş) olduğundan iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi, əlillik dərəcəsi olmadığından isə əmək pensiyasının bərpa edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
15. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.
16. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixli 926İQ nömrəli Qanununun: 2.2-ci maddəsinə əsasən, bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 2.3-cü maddəsinə görə, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin, bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Qanunun “Dövlət qulluqçusunun şəxsi işi” adlanan 15-1-ci maddəsinin tələblərinə əsasən: 15-1.1. Dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız bir şəxsi işi tərtib edilir və aparılır. 15-1.2. Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir. 15-1.3. Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur... 32-1.1-ci maddəsinə görə, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.
17. “Dövlət qulluqçusunun şəxsi işinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının: 1.4-cü bəndinə əsasən, dövlət qulluqçusu üçün dövlət qulluğu keçdiyi dövrdə yalnız bir şəxsi iş tərtib edilir və aparılır; 1.5-ci bəndinə görə, dövlət qulluqçusunun şəxsi işi dövlət orqanının kadr qurumu tərəfindən aparılır. Kadr qurumu dövlət qulluqçusunun şəxsi işində olan məlumatların mühafizəsini, o cümlədən həmin məlumatlardan qeyri-qanuni istifadəyə yol verilməməsini təmin edir; 4.4-cü bəndinə əsasən, dövlət qulluqçusu digər dövlət orqanında vəzifəyə təyin edildiyi halda, onun şəxsi işi yeni vəzifəyə təyin edildiyi dövlət orqanına təhvil verilir. Bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilmiş dövlət qulluqçusunun şəxsi vərəqəsinin surəti dövlət orqanının kadr qurumunda saxlanılır. 4.5-ci bəndinə görə dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının şəxsi işləri xitamverilmə günündən etibarən “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə dövlət orqanında saxlanılır. Şəxsi işi dövlət orqanında saxlanılan şəxs sonradan yenidən dövlət qulluğuna qəbul edildikdə, onun şəxsi işi yeni vəzifəyə təyin edildiyi dövlət orqanının müraciəti əsasında həmin orqana təhvil verilir. Bu halda da dövlət qulluqçusunun şəxsi vərəqəsinin surəti dövlət orqanının kadr qurumunda saxlanılır.
18. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 119-İİİQ nömrəli Qanunun: 7-ci maddəsinə əsasən, Ədliyyə orqanları işçisinin şəxsi işində onun ədliyyə orqanlarında qulluq keçməsi haqqında məlumatlar, şəxsi və iş keyfiyyətlərini əks etdirən sənədlər saxlanılır. Ədliyyə orqanları işçisinin şəxsi işi ədliyyə orqanlarının kadr xidməti tərəfindən aparılır. Şəxsi işin aparılması və saxlanılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; 18.1-ci maddəsinə görə, Ədliyyə orqanları işçisinin ədliyyə orqanlarında qulluqda olmasının yaş həddi 60 yaşdır; 18.2-ci maddəsinə əsasən, Ədliyyə orqanlarında qulluq keçən qadınlar öz arzuları ilə bu Qanunun 18.1-ci maddəsində nəzərdə tutulan yaş həddindən 5 il az olmaqla xidmət edə bilərlər; 18.3-cü maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifələrə təyin olunan şəxslər üçün yaş həddi müəyyən edilmir. Yaş həddinə çatmış ədliyyə orqanlarının digər işçilərinin qulluqda olma müddəti müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən uzadıla bilər. Ədliyyə orqanlarında qulluqda olma müddəti hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. 65 yaşına çatmış işçilərin ədliyyə orqanlarında qulluqda olma müddətinin uzadılmasına yol verilmir; 18.4-cü maddəsinə əsasən, penitensiar xidmətdə qulluqda olmanın yaş həddi bu Qanunun 38-ci maddəsi ilə müəyyən edilir; 40.1.5-ci maddəsinə görə uzunmüddətli (dörd aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir; 40.2-ci maddəsinə əsasən, bu Qanunun 40.1.2-ci, 40.1.4-cü və 40.1.5-ci maddələrində nəzərdə tutulmuş əsaslara görə işçinin ədliyyə orqanlarında digər vəzifəyə keçirilməsi qeyri-mümkün olduqda və ya işçi digər vəzifəyə keçirilmədən imtina etdikdə qulluq keçməyə xitam verilir.
19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli 54-İİİQ nömrəli Qanununun: 4.1-ci maddəsinə əsasən əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. 5.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.7-ci maddəsinə görə, Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır: 9.7.1. ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)... 34-cü maddəsinə əsasən, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu Qanunun 31.2-ci maddəsinə uyğun aparılır.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli 543-VQD nömrəli Qanununun 1.22-ci maddəsinə əsasən, 9.7.1-ci maddədə “25” rəqəmlərinin “35” rəqəmləri ilə əvəz edilməsi və həmin maddəyə “işçiləri” sözündən sonra “(xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla)” sözlərinin əlavə edilməsi qərar alınmışdır. Bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minmişdir.
21. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunun iddiaçının qulluq keçməsinə 40.1.5-ci maddəyə əsasən xitam verildiyi xx.xx.2014-cü il tarixdə qüvvədə olmuş mətninə əsasən ədliyyə orqanları işçisinin ədliyyə orqanlarında qulluqda olmasının yaş həddi 60 yaş olmuşdur (maddə 18.1). İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan yaş tələbinə cavab verməmişdir.
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun həmin tarixə qüvvədə olmuş 9.7-ci maddəsinə görə isə ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ nəzərdə tutulurdu. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 2 iyun 2022-ci il tarixli 2-1(116)-792/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, iddiaçının hazırda 60 yaşı tamam olmuşdur. Onun 52 yaşı tamam olduqdan sonra “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 40.1.5-ci maddəsinə müvafiq olaraq tutduğu vəzifədən azad edilərək Ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmiş, daha sonra isə 52 yaşında ona 3-cü qrup əlillik dərəcəsi verilmiş və əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Əlillik müddətinin bitdiyi və ona əmək pensiyasının təyin edilməsini tələb etdiyi xx.xx.2021-ci il tarixə iddiaçının 58 yaşı olmuşdur.
29. Göründüyü kimi, ədliyyə orqanlarında qulluq keçən şəxslərin qulluq keçməsi dövlət qulluğunun xüsusi növü hesab edilir. “Dövlət qulluğu haqqında” Qanun onlara münasibətdə yalnız vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin, bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla həmin şəxslərin qulluq keçməsi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla tənzimlənir. Dövlət qulluqçusunun qulluq keçdiyi dövrdə yalnız bir şəxsi işi tərtib edilir və aparılır. Göründüyü kimi, iddiaçının sonuncu dəfə ədliyyə orqanlarında qulluq keçməsi nəzərə alınmaqla onun şəxsi işi Ədliyyə Nazirliyi tərəfindən aparılmışdır.
30. İddiaçı apellyasiya şikayətində də göstərmişdir ki, onun ədliyyə orqanlarında ümumi iş stajı 20 il 4 ay təşkil etməkdədir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı həmin dövrdə “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulmuş staj tələbinə cavab verməməklə yanaşı, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda nəzərdə tutulmuş yaş tələbinə də cavab verməmişdir. Həmçinin, qanunvericiliklə kişilərə münasibətdə yaş həddinin azaldılması mexanizmi nəzərdə tutulmamışdır.
31. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının ədliyyə orqanlarında qulluq keçməsinə qanunvericiliyin tələblərinə müvafiq olaraq pensiya hüququ yaranmadan xitam verilmiş, yalnız bundan sonra ona əlilliyə görə əmək pensiyası təyin edilmiş, iddiaçı 5 il müddətində İİİ qrup əlil kimi əmək pensiyası almışdır.
32. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iki zəruri şərt müəyyən etməkdədir: 1) şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) şəxsin qanunla müəyyən edilmiş sosial sığorta stajına malik olması. İddiaçının qulluq keçdiyi dövrdə isə onun qulluq keçməsinin xüsusi dövlət qulluğu növünə aid olması nəzərə alınmaqla, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajına malik olması tələbi şəxsin yaşından asılı olmayaraq ona əmək pensiyasının təyin edilməsinə imkan verirdi. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı nə hazırda, nə də ki, ona əlilliyə görə əmək pensiyasının təyin edildiyi dövrdə göstərilən tələblərə cavab verməmişdir.
33. Bundan əlavə iddiaçı hazırkı iddia tələbi ilə onun əlilliklə bağlı ləğv edilmiş əmək pensiyasının yaşa görə əmək pensiyası ilə dəyişdirilməsini tələb etmişdir. Qanunvericiliyin tələbinə görə, əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilməsi istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçməsi üçün ilkin şərt onun hər iki əmək pensiyası növünə görə hüququnun yaranması, digər şərt isə ona əmək pensiyasının bir növünün təyin edilməsindən ibarətdir. Hazırkı vəziyyətdə iddiaçının heç bir növdə əmək pensiyası hüququ yaranmamışdır. Belə ki, iddiaçının İİİ dərəcə əlilliyə görə əmək pensiyası hüququ yaransa da ona müddətin bitməsi əsası ilə əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
34. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının tələbinə münasibətdə əlavə araşdırma aparmadan cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunur, cavabdeh tərəfindən verilmiş imtinanın əsaslılığını istisna edən faktiki şərtlər iş materialları ilə müəyyən edilmir. Belə ki, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamışdır. İddiaçı ona əmək pensiyasının təyin edilməsini və ya bir növdən digər növə keçirilməsini zəruri edən qanunvericiliklə müəyyən edilmiş şərtlərə cavab vermir. Cavabdehin imtinası əsaslıdır.
35. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının ədliyyə orqanının əməkdaşı kimi 2021-ci ilin fevral ayından İİİ qrup əlilliklə bağlı ləğv edilmiş pensiyasının əmək pensiyası növünə keçirilməklə, həmin, yəni 01 fevral 2021-ci il tarixə qədər pensiyasının hesablanılaraq ödənilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
36. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
QƏRАRА АLDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 2 iyun 2022-ci il tarixli 2-1(116)-792/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.