Məhkəmə qərarları › İş №2-1(107)-236/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-236/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-236/2024 01.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X5 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “ikinci dərəcəli əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 1 fevral 2024-cü il tarixli 2-1(116)-157/2024 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “ikinci dərəcəli əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, iddiaçı "Neftqaztikinti" trestinin 7 saylı Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. 25 noyabr 2007-ci il tarixində iş prosesi zamanı borunun sağ ayağına düşməsi nəticəsində xəsarət almışdır. Həmin xəsarət nətisəsində "sağ bud sümüyünün açıq qəlpəli sınığından sonrakı metalloosteosintez əməliyyatı, sağ bud sümüyünün kiçik burmasının qapalı sınığından sonrakı vəziyyət. Sağ baldır sümüklərinin qəlpəli bitişmiş sınığından sonrakı vəziyyət. Sağ diz oynağının kontrakturası. Sağ mil sümüyünün qəlpəli bitişmiş sınığı. Metalloosteosintezdən sonrakı vəziyyət. Sağ bud sümüyünün xr.osteomieliti. Aşağı ətraflarda yerinə funksiyasının pozulması." diaqnozu qoyulmuş və həmin diaqnozla ona 2ci dərəcə əlillik verilmişdir. Bundan sonra o hər il müayinədən keçmişdir və əlillik müddəti də hər il artırılmışdır. 2016-ci ildə isə ona yenə həmin diaqnozla artıq 5 il müddətinə 2-ci dərəcə əlillik təyin edildi. 2021-ci ildə 5 illik müddət bitdikdən sonra yenidən müayinədən keçmək tələb olunduğu üçün o Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda olmuşdur. Orada müayinə olunduqdan sonra ona təkrarən 5 il əvvəl qoyulmuş diaqnoz qoyuldu və bu barədə xx.xx.2022-ci il tarixli arayış verildi. O, həmin arayışı cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh təşkilat tərəfindən heç bir cavab verilməmişdir. Dəfələrlə müraciətlər, şikayətlər etdikdən sonra ona bildirilmişdir ki, komissiya tərəfindən əyani formada müayinə aparılacaqdır. Bundan sonra o 2022-ci ilin noyabr ayında Komissiyada olmuş, heç bir tibbi aparatlardan keçirilmədən, yalnız vizual şəkildə ayaqlarına baxaraq müayinə edilmiş və müayinənin nəticəsi barədə məlumat göndəriləcəyi bildirilmişdir. Bir müddət keçdikdən sonra ona əlillik verilməsindən imtina edilmişdir. İmtinaya da səbəb kimi onun tam reablitasiya olması göstərilmişdir.

3. Hesab edir ki, cavabdeh təşkilatın imtinası əsassızdır və məktubdan da görünür ki, müraciəti ciddi araşdırılmamış, təqdim etdiyi tibbi arayışlara baxılmamış, heç bir mötəbər sübuta əsaslanmadan ona əlillik verilməsindən imtina edilmişdir.

4. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müxtəlif səbəblərdən müraciət etmiş 8 nəfər vətəndaş Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) tərəfindən xx.xx.2022-ci il tarixdə əyani müayinə edilərək əlillik vəziyyəti qiymətləndirilmiş və aşağıdakılar müəyyən edilmişdir: Ağsu rayon sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (xxxxxxx) əlillik vəziyyəti Şamaxı Rayon Mərkəzi Xəstəxanasının 2574003AAU5B saylı göndərişi əsasında xx.xx.2022-ci il tarixdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar verilmişdir. Müəyyən olunmuşdur ki, İddiaçı xx.xx.2007-ci il tarixdə işdə sağ ayağından travma almışdır. Bu barədə Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 7 saylı Tikinti Quraşdırma idarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə İZ formalı akt tərtib edilmişdir. İddiaçı xx.xx.2008-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında ilkin müayinə olunmuş və bir il müddətinə əmək zədəsi səbəbi ilə ikinci dərəcə əlillik və əmək qabiliyyətinin 70%(yetmiş faiz) itirilməsinin təyini barədə qərar verilmişdir. Sonrakı illərdə növbəti müayinələr zamanı ikinci dərəcə əlilliyi qüvvədə saxlanılmış, xx.xx.2016-cı il tarixdə şəxsin ikinci dərəcə əlilliyi avtomatikləşdirilmiş qaydada beş il müddətinə xx.xx.2021-ci il tarixə kimi uzadılmışdır. Əlillik müddəti başa çatdıqdan sonra tibb müəssisənin göndərişləri əsasında əlillik vəziyyəti xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə şəxsin iştirakı olmadan qiymətləndirilmiş və hər bir halda əlillik təyinatının aparılması mümkün olmadığından imtina qərarları verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə komissiya tərəfindən əyani müayinə edilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi və əmək qabiliyyətinin 25% itirilməsi barədə qərar verilmişdir. (**********1 saylı məktub). Lakin, diaqnoz əlillik təyinatı verməməsi barədə qərarla əmək qabiliyyətinin itirilmə faizini sistemə daxil etmək mümkün olmadığından şəxs yenidən komissiyaya müraciət edir. Əlilliyin səbəbi əmək zədəsi olduğundan komissiya tərəfindən müayinə edilir.

5. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı normal bədən quruluşludur, dəri və görünən selikli qişaları adi rəngdədir, dərialtı piy qatı normal inkişaf etmişdir. Müayinə zamanı sağ diz və bud çanaq oynaqlarında hərəkət ağrılıdır. Diz oynağında bükücü kontraktura müşahidə edilir. Bud-çanaq oynağında hərəkət həcmi pozulmayıb. Əzələ tonusu normaldır, atrofiya müşahidə edilmir. Nəticədə şəxsdə hazırda Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarlarına uyğun əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən, xxxxxxx0Q10 saylı müayinədə “diaqnoz əlillik əlaməti aşkar etmir” Qərarının “tam reabilitasiya” qərarına dəyişdirilməsi və əmək qabiliyyətinin 25% (iyirmi beş faiz) itirilməsinin təyini barədə qərar verilmişdir.

6. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

7. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 1 fevral 2024-cü il tarixli 2- 1(116)-157/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir.

8. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina səbəbi tam reabilitasiya olunma ilə deyil, diaqnozun əlillik əlaməti təyin etməməsi ilə əlaqədar olmuşdur. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanası əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci İl tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmadı. Yüzlərlə bu formada analoji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud otmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsini 1 fevral 2024-cü il tarixli 2-1(116)-157/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsini 1 fevral 2024-cü il tarixli 2- 1(116)-157/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir.

12. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

13. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, xxxxxxx0010 saylı müayinədə “diaqnoz əlillik əlaməti aşkar etmir” qərarının “tam reabilitasiya” qərarına dəyişdirilməsi və əmək qabiliyyətinin 25 faiz itirilməsinin təyini barədə qərar qəbul edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2008-ci il tarixdə müayinə olunmuş, “Sağ bud sümüyünün qəlpəli bitişmiş sınığından sorakı xroniki ostoemieliti. Sağ baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığından sonra ətrafın 5-6 sm qısalması. yerimənin kobud şəkildə pozulması” diaqnozu ilə bir il müddətinə (səbəb: ümumi xəstəlik) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2009-cu il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdə müayinə olunmuş, “Sağ bud sümüyünün qəlpəli bitişmiş sınığından sorakı xroniki ostoemieliti. Sağ baldır sümüklərinin qeyri-düzgün bitişmiş sınığından sonra ətrafın 5-6 sm qısalması, yerimənin kobud şəkildə pozulması” diaqnozu ilə bir il müddətinə (səbəb: ümumi xəstəlik) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2015-ci il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə müayinə olunmuş, “Sağ bud sümüyünün açıq qəlpəli sınığından sorakı Metalloosteosintez əməliyyat. Sağ bud sümüyünün kiçik burmasının qapalı sınığından sonrakı vəziyyət. Sağ baldır sümüklərinin qəlpəli bitişmiş sınığından sonrakı vəziyyət. Sağ diz oynağının kontrakturası. Sağ mil sümüyün qəlpəli bitişmiş sınığı. Metalloosteosintezdən sonrakı vəziyyət. Sağ bud sümüyünün xr.osteomieliti. Aşağı ətraflarda yerimə funksiyasının pozulması” diaqnozu ilə bir il müddətinə (səbəb: əmək zədəsi) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2016-cı il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixdə müayinə olunmuş, “Sağ bud sümüyünün açıq qəlpəli sınığından sorakı Metalloosteosintez əməliyyat. Sağ bud sümüyünün kiçik burmasının qapalı sınığından sonrakı vəziyyət. Sağ baldır sümüklərinin qəlpəli bitişmiş sınığından sonrakı vəziyyət. Sağ diz oynağının kontrakturası. Sağ mil sümüyün qəlpəli bitişmiş sınığı. Metalloosteosintezdən sonrakı vəziyyət. Sağ bud sümüyünün xr.osteomieliti. Aşağı ətraflarda yerimə funksiyasının pozulması” diaqnozu ilə beş il müddətinə (səbəb: əmək zədəsi) ikinci dərəcəli əlillik təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2021-ci il qeyd edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, “S.72.7 Bud sümüyünün çoxsaylı sınıqları, sağ bud sümüyün açıq sınığa görə aparılmış metollo osto sintez əməliyyatından sonrakı vəziyyət, Ağırlaşma Z74.1 Özünə xidmət zamanı köməyə ehtiyac, çəliklə gəzir, Ağırlaşma M24.5 Oynaqların kontrakturası, diz oynağının bükücü kontrakturası açma 15 dər bükmə 10 dər, Ağırlaşma R26 Hərəkətin və yerişin pozulmaları, yeriş funksiyası pozulub, Ağırlaşma M86.6 Digər xroniki osteomielit, sağ bud sümüyünü xroniki osteomielit” diaqnozu ilə, göndərişin natamam doldurulması- əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələrin nəticələri dəqiqləşdirilsin və ətraflı qeyd edilsin səbəbi ilə imtina edilmişdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Bud sümüyünün çoxsaylı sınıqları, sağ bud sümüyünaçıq sınığı görə aparılmış metollo osto sintez əməliyyatından sonrakı, İmtina səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstə ETTOİ-da müayinə olunmalıdır. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Sağ bud sümüyün açıq sınığı görə aparılmış metollo osto sintezəməliyyatından sonrakı vəziyyət, diz oynaqının bükücü kontrakturası açma 15 dər bükmə 10 dər, yeriş funksiyası pozulub, çəliklə gəzir, sağ bud sümüyünü xroniki osteomieli, İmtina səbəbi: əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin yerli TSEK-də əyani müayinə edilməsi məsləhətdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Bud sümüyünün çoxsaylı sınıqları, sağ bud-sümüyünün burmalardan keçən qeyri-düzgün bitişmiş, sağ bud sümüyünün orta 1/3 nin bitişmiş sınıqları, əzələ atrofiyası, sağ bud sümüyünün varus deformasiyası, dayaq hərəkət funksiyasının pozulması, sağ bud -çanaq oynağının kəskin açıcı-bükücü -yaxınlaçdırıcı kontrakturası (açma 10 dər bi'ıkmə 145 dər uzaqlaşma 20 dər) sağ diz oynağının kontrakturası, sağda kiçik çanaqda kalsinotlar, ağrı sindromu , sağ bud-çanaq oynağının ağır dərəcəli koksartrozu, İmtina səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin yerli TSEK-də əyani müayinə edilməsi məsləhətdir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Bud sümüyünün çoxsaylı sınıqları, sağ bud-sümüyünün burmalardan keçən qeyri-düzgün bitişmiş, sağ bud sümüyünün orta 1/3 nin bitişmiş sınıqları - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. - Tibbi-Sosial Ekspert Komissiyasının müayinəyə dair qiymətləndirmə nəticəsindən görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixdə müayinə olunmuş, diaqnozun mətni: Bud sümüyünün çoxsaylı sınıqları, sağ bud-sümüyünün burmalardan keçən qeyri-düzgün bitişmiş, sağ bud sümüyünün orta 1/3 nin bitişmiş sınıqları - Səbəb: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı verilmişdir. - Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1618/2023 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X3” PHŞ-nin xx.xx.2023-cü il tarixli 3949 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində qeyd etmişdir ki, 1,2. Vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “XİX sinif-Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri=> S70-S79-bud- çanaq oynağı və bud nahiyəsinin travmaları=> S72-bud sümüyünün sınığı=> S72.7-bud süm... Diaqnozun mətni: bud sümüyünün çoxsaylı sınıqları, sağ bud- sümüyünün burmalardan keçən qeyri-düzgün bitişmiş, sağ bud sümüyünün orta lA¬nin bitişmiş sınıqları. Ağırlaşma: M62.5-əzələnin başqa rubrikalarda tasnif olunmayan atrofıyası və üzülməsi, əzələ atrofıyası. Ağırlaşma: M 84.0-sümük sınığının pis bitişməsi, sağ bud sümüyünün varus deformasiyası. Ağırlaşma: R26.8hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, dayaq hərəkət funksiyasının pozulması. Ağırlaşma M24.5-oynaqların kontrakturası, sağ bud- çanaq oynağının kəskin açıcı-bükücü-yaxınlaşdırıcı kontrakturası (açma 10 dər. bükmə 145 dər. uzaqlaşma 20 dər.) sağ diz oynağının kontrakturası. Ağırlaşma: M21.1-digər rubrikalarda təsnif olunmayan varus deformasiya, sağda kiçik çanaqda kalsinatlar. Ağırlaşma: R52.2digər daimi ağrı, ağrı sindromu. Əsas diaqnoz: S72.7-bud sümüyünün çoxsaylı sınıqları, sağ bud sümüyünün burmalardan keçən qeyri-düzgün bitişmiş, sağ bud sümüyünün orta A-nin bitişmiş sınıqları. Ağırlaşma: M 16.1-digər birincili koksartroz, sağ bud-çanaq oynağının ağır dərəcəli koksartrozu” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında müəyyən edilmişdir. Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də 13,05.2022-ci il tarixli, 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarımın hər-hansı bir bəndini aid etmək mümkün olmadı. 3.3. Vətəndaş İddiaçı xəstəlikləri xroniki olduğundan onların tam reabilitasiyası mümkün deyildir. - Şamaxı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı bud-çanaq oynağında və bud nahiyəsində sınıqlar olmuş və bu sınıqlar ağırlaşma olaraq M16.1 (birincili koksartroz, sağ bud çanaq oynağının ağır dərəcəli koksartrozu) diaqnozunu vermişdir. Bu diaqnozu da Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş əlilliyin müəyyən olunması meyarlarında vardır. Digər qeyd edilən diaqnozlar M16.1 diaqnozunun nəticəsində yaranan diaqnozlardır. - Şamaxı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X6 X2 müraciət edərkən onun sağlamlıq vəziyyətinin əyani müayinəsi zamanı M16-koduna münasibətdə yalnız “Bud çanaq oynağının hərəkətinin təzahür edən məhdudlaşması və ya ankilozu” diaqnozu aşkar edilmişdir. Daha sonra “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X6 X4 tərəfindən vətəndaşın sənədləri xx.xx.2022-ci il tarixində baxılaraq təsdiq edilmiş və xx.xx.2022-ci il tarixində Forma 88 yazılaraq TSEK-in reyestr sisteminə işlənilmişdir. Lakin TSEK tərəfindən xx.xx.2022-ci tarixində vətəntaşa əlavə müahcəyə ehtiyacı olması və xəstənin yerli TSEK-də əyani müayinə olunması məsləhət görülərək əlillik təyinatından imtina edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, vətəndaş yenidən xx.xx.2023-cü il tarixində Şamaxı Rayon Mərkəzi Xəstəxanası” X6 X2 müraciət etmiş və ona İ 69.3 keçirilmiş insultun qalıqları və G20 parkınson” xəstəliyi diaqnozu ilə yenidən xx.xx.2023-cü il tarixində Forma 88 yazılaraq TSEK-in reyestr sisteminə işlənilmişdir. Lakin vətəndaşa TSEK tərəfindən “Əvvəlki diaqnozla uyğunsuzluq var. Dəqiqləşsin. cavabı verilərək əlilliyin təyinatından imtina edilmişdir. Sonuncu dəfə vətəndaşın müraciətinə əsasən xx.xx.2023-cü il tarixində yenidən "f 69.3 keçirilmiş insultun qalıqları və ağırlaşma olaraq G 20 parkinson” diaqnozu iiə Forma 88 yazılaraq vətəndaşın sənədləri TSEK-in reyestr sisteminə işlənilmiş və vətəndaşa TSEK tərəfindən Şəxsin əlillik hüququnun dəqiqləşdirilməsi məqsədilə yaşadığı ərazi üzrə TSEKə yaxınlaşmağı zəruridir” cavabı verilərək vətəndaşa əlilliyin təyinatından imtina edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

14. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.2. İnzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.2. Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

15. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1 -ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. (-). 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir.

18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

19. Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 1 fevral 2024-cü il tarixli 2-1(116)-157/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

20. İddiaçı tərəfindən qaldırılmış məcburetmə haqqında iddia (İPM-in 33.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.

23. Cavabdeh orqanın apellyasiya şikayətinin dəlili diaqnozun əlillik əlaməti təyin etməməsi ilə əlaqədar olmuşdur.

24. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu, o cümlədən qoyulmuş diaqnozlardan hansının tam reabilitasiya olunmasını müəyyən etmək məqsədilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3”nə həvalə edilmişdir. Sonuncunun xx.xx.2023-cü il tarixli 3949 nömrəli məktubuna əlavə olunmuş ekspert rəyində iddiaçıya qoyulmuş diaqnozların onun anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilməsi və xəstəlikləri xroniki olduğundan onların tam reabilitasiyasının mümkün olmaması qeyd edilmişdir.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halı – 3160 faiz (3.1.3) olmaqla müəyyən edilmişdir.

26. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq iddiaçı barəsində müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçının sağlamlıq vəziyyətinin müayinəsi zamanı M16-kodu ilə yalnız “Bud çanaq oynağının hərəkətinin təzahür edən məhdudlaşması və ya ankilozu” diaqnozunun aşkar edildiyini bildirmişdir. Yəni, müvafiq göndərişi tərtib etmiş səhiyyə müəssisəsi iddiaçıya qoyulmuş diaqnozun “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”na Əlavənin 13.4.26-cı bəndində nəzərdə tutulmasını bildirir. Həmin bənddə qeyd olunmuş diaqnoza (bud-çanaq oynağının hərəkətinin təzahür edən məhdudlaşması və ya ankilozu) münasibətdə isə orqanizmin funksiyalarının pozulma faizi müddətsiz, 55-60 % müəyyən edilmişdir.

27. Həmçinin, cavabdeh orqan iddiaçı barəsində tam reabilitasiya qərarı qəbul etməsinə baxmayaraq, iş üzrə təyin edilmiş canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyi ilə cavabdeh orqanın həmin dəlili təkzib olunur. Belə ki, sözügedən rəydə iddiaçının sağlamlıq vəziyyətinin müayinəsi zamanı aşkar edilmiş xəstəliklərin xroniki olması və onların tam reabilitasiyasının mümkün olmaması öz əksini tapmışdır.

28. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”-na Əlavənin 13.4.26-cı bəndinə uyğun olaraq orqanizmin funksiyalarının pozulmasının müəyyən edilməsi üçün əsas yaratdığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.

29. İşin faktiki hallarına qeyd olunan normaların tələblərinin tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi işin faktiki hallarını tam araşdırmaqla iddianı təmin etməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

30. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRАRА АLDİ:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 1 fevral 2024-cü il tarixli 2-1(116)-157/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar