Məhkəmə qərarları › İş №2-1(107)-237/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-237/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-237/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, İddiaçı, onun vəkili Vəkil2, Cavabdehin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “texniki səhv səbəbindən X13 adına verilmiş JN-053F və JN-053G nömrəli Şəhadətnamələrin və X2, X15 və X10 adına verilmiş JN-084A nömrəli Şəhadətnamənin ləğv edilməsi və Neli Sukaşvilinin adına verilmiş şəhadətnamələrdə göstərilən 0.07 ha və 0.08 ha torpaq sahələrinin mərhum babası və nənəsi X5, X22 və X10 adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(116)-29/2021 nömrəli qərarından iş üzrə üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, texniki səhv səbəbindən X13 adına verilmiş JN-053F və JN-053G nömrəli Şəhadətnamələrin ləğv edilməsi və həmin şəhadətnamələrdə göstərilən 0.07 ha və 0.08 ha torpaq sahələrinin mərhum babası və nənəsi X5, X22 və X10 adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, texniki səhv səbəbi ilə mərhum babası X5, X22 və X6 Aqrar İslahatla əlaqədar verilmiş 0.07 və 0.08 ha torpaq sahələrinə torpağın mülkiyyətə verilməsinə dair JN-053F və JN-053G nömrəli X11 Vasoyevnanın adına işlənilmişdir. Həmin 0.07 ha və 0.08 ha torpaq sahələri həmişə iddiaçının babası və nənəsinin olmuş, həmin torpaqda tikilmiş ev babasına məxsus olmaqla onun tərəfindən tikilmiş, babası öz ailəsi ilə həmişə o evdə yaşamış və hər iki torpaq sahəsi həmişə babası və nənəsinin ailəsinə məxsus olmuşdur. İddiaçının mərhum nənəsi öz əmlakını 03 oktyabr 2000-ci il tarixli vəsiyyətnamə əsasında iddiaçıya vəsiyyət etmişdir. X13 istifadəsində olmuş və faktiki yaşadığı və həmişə ona məxsus olmuş 0.13 ha torpaq sahəsi isə səhvən JN-084A nömrəli şəhadətnamə ilə iddiaçının babası və nənəsıinin adına işlənilmişdir. Həmin torpaq sahəsi heç vaxt iddiaçının babası və nənəsinə məxsus olmamışdır. İddiaçı cavabdeh orqana müraciət edərək, texniki səhvin aradan qaldırılmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı məhkəməyə 03.03.2020-ci il tarixli ərizə ünvanlayaraq iddia tələbində dəqiqləşdirmə aparmış və “texniki səhv səbəbindən X13 adına verilmiş JN-053F və JN- 053G nömrəli Şəhadətnamələrin və X2, X15 və X10 adına verilmiş JN-084A nömrəli Şəhadətnamənin ləğv edilməsi və Neli Sukaşvilinin adına verilmiş şəhadətnamələrdə göstərilən 0.07 ha və 0.08 ha torpaq sahələrinin mərhum babası və nənəsi X5, X22 və X10 adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 06.03.2020-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 04.08.2020-ci il tarixli, **********92 nömrəli məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında Qax rayonu, Qaxingiloy kəndində 0.13 ha həyətyanı torpaq sahəsinə X5, X19, X10 adlarına verilmiş kod 40309028, JN-084A saylı, X13 adına Qax rayonu, Qaxingiloy kəndində 0.07 ha həyətyanı torpaq sahəsinə verilmiş kod 40309028, JN-053F saylı və Qax rayonu Qaxingiloy kəndində 0.08 ha həyətyanı torpaq sahəsinə verilmiş kod 40309028, JN-053G saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr mövcuddur. Vətəndaş texniki səhvin aradan qaldırılmaqla X13 adına 0.07 ha və 0.08 ha torpaq sahələrinə verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilərək, X7, X20 və X10 adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi məqsədi ilə ərazi idarəsinə müraciət etmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinin tələblərinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından, müraciətin icrasından imtina edilərək aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunmuşdur. İddia ərizəsində texniki səhv səbəbli verilmiş kod 40309028, JN-053F və JN- 053G saylı şəhadətnamələrin ləğv edilməsi göstərilsə də, səhv verilmiş kod 40309028, JN- 084A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğvi qoyulmamışdır. İddaçının faktiki istifadəsində olan sahə ilə ləğvi tələb olunan sahələr üstü-üstə düşür. Məhkəmənin 2-1(116)-139/2020 nömrəli, 12.03.2020-ci il tarixli qərardadı ilə X21 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şəki İnzibati Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(116)-29/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə JN053F və JN-053G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərdə düzəliş edilərək X13 adının çıxarılması, JN-053F və JN-053G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərə X8, X22 və X10 adının qeyd edilməsi və şəhadətnamələrdə göstərilən 0.07 ha və 0.08 ha torpaq sahələrinin X5, X22 və X10 adlarına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət qeydiyyatı haqqında çıxarışın verilməsi, JN-084A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də isə düzəliş edilərək X8, X22 və X10 adlarının çıxarılması və X13 adının qeyd edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə rədd edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcin cavabdehə aid edilməsi, mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 234 manat 34 qəpik cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X23 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu LayihəTədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülməsi qərara alınmışdır. Üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi həmin qərardan apelyasiya şikayətləri vermişdir. Apelyasiya şikayətinin dəlilləri Üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mübahisədən görünür ki, JN-053F və JN-053G nömrəli “Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə Aqrar İslahat Komissiyasının qərarları əsasında verilmişdir. Hazırda Qax rayon Aqrar İslahat Komissiyasının qərarları qüvvədə olduğundan və həmin qərar ləğv edilmədiyindən yuxarıda qeyd edilən şəhadətnamələrdə heç bir dəyişiklik aparıla bilməz. Mübahisədən görünür ki, işə baxan hakim yenidən islahat aparmış və nəticədə şəhadətnamələrdə istədiyi kimi düzəliş etmişdir. Bundan əlavə məhkəmə özü qərarında qeyd edir ki, iddiaçı JN-053F və JN- 053G nömrəli “Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Lakin sonunda həmin qətnamələrdə düzəli edilməsi öhdəliyi qoyulmuşdur. Bu hal onu göstərir ki, məhkəmə imtinada qeyd edilənlərdən kənara çıxmışdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Ş.Ağakişiyevin şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 aprel 2004-cii il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 21 fevral 2005-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin təhlili göstərir ki, RAİK YAİK-in qərarını öz təşəbbüsü ilə ləğv etmək səlahiyyətinə malik deyildir. Bunun üçün mütləq YAİK-in qərarı ilə razılaşmayan fiziki və ya hüquqi şəxslərin müəyyənləşdirilmiş müddətdə RAİK-a müvafiq şikayətlərinin mövcudluğu tələb olunur. Ona görə də, məhkəmələrdə bu qəbildən olan mübahisələr həll edilərkən belə müraciətlərin olub-olmaması, onların qanunvericiliklə müəyyənləşdirilmiş müddətdə verilibverilməməsi, eləcə də daxil olmuş həmin şikayətlərə qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərdə və qaydada baxılıb-baxılmaması ilə əlaqədar faktların aydınlaşdırılması qanunvericiliyin düzgün tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi qeyd edilən qərarında məhkəmələrin diqqətinə çatdırmaq istəyir ki, Aqrar islahat Komissiyalarının qərarları ilə bağlı işlərə baxılan zaman mütləq qaydada müddətlərə və həmin qərarlardan verilmiş şikaytlərin olub-olmasına diqqət yetirmək lazımdır. Konstitusiya məhkəməsi plenum qərarında onu da vurğulayır ki, islahat komissiyasının qərarları ilə verilən sənədlərdə yalnız həmin komissiya özü düzəliş edə bilər. Buradan aydın olur ki, Şəki İnzibati Məhkəməsi hazırki qərarı qəbul etməkdə qanuvericilik normalarını kobud şəkildə pozmuşdur. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, həılərətli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 23.02.2021-ci il tarixli 2-1(116)-29/2021 saylı qərarının iddia tələbinin qismən təmin edilən hissədə ləğv edilməsi və iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2- 1(116)-29/2021 nömrəli qərarı mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 234 manat 34 qəpik pulun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsindən tutulması hissəsində əsassızdır. Belə ki, qanunvericiliyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi büdcə təşkilatı olduğundan dövlət rüsumundan azaddır. Qeyd olunanlara əsasən Şəki İnzibati Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(116)-29/2021 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə isə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Əsaslandırma hissəsi Üçüncü şəxsin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(116)-29/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: JN-084A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayon AİK-nın 20.07.2000-ci il tarixli, 07 saylı qərarı ilə 0.13 ha həyətyanı torpaq sahəsi X5, X22 və X10 mülkiyyətinə verilmişdir. Vəsiyyətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X22 Qax İngiloy kəndində yerləşən evini və bütün əmlakını nəvəsi İddiaçı vəsiyyət etmişdir. JN-053G nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayon AİK-nın 20.07.2000-ci il tarixli, 07 saylı qərarı ilə 0.08 ha həyətyanı torpaq sahəsi X13 mülkiyyətinə verilmişdir. JN-053F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Qax rayon AİK-nın 20.07.2000-ci il tarixli, 07 saylı qərarı ilə 0.07 ha həyətyanı torpaq sahəsi X13 mülkiyyətinə verilmişdir. Torpaq sahələrinə aid Cədvəlin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Neli Sukaşviliyə 0.15 ha həyətyanı torpaq sahəsi, X9 və ailə üzvlərinə 0.15 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. ******* nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, Nümayəndə1 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. 085167 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X17 13.09.1962-ci il tarixdə anadan olmuşdur. Nümayəndə1 və X12 atası X16, anası X3. Məhkəmə kollegiyası üçüncü şəxsin nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, rayonda aqrar islahat aparılan zaman X8, X22, X14 və X1i istifadələrində olan torpaq sahələrinə şəhadətnamələr tərtib olunarkən texniki səhvə yol verilmiş, X1i istifadəsində olan torpaq sahəsinə hazırlanmış şəhadətnamədə X8, X22, X10 adı qeyd edilmiş, onların qanuni istifadələrində olan torpaq sahəsinə hazırlanmış şəhadətnamədə X13 adı qeyd olunmuşdur. İddia tələbinin şəhadətnamələrin ləğv edilməsi hissəsi ilə bağlı nəzərə alınmalıdır ki, 2016-cı ilin fevral ayına qədər qüvvədə olmuş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamə”nin 8-ci bəndinə görə verilmiş dövlət aktına və şəhadətnaməyə özbaşına hər hansı bir düzəliş edilməsi qadağan idi. Həmin bənddə eyni zamanda qeyd olunurdu ki, dövlət aktına və şəhadətnaməyə hər hansı bir düzəliş edilməsi zəruriyyəti yaranarsa, səlahiyyətli orqanların qərarı əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutu və onun Naxçıvan Muxtar Respublikasındakı filialı həmin sənədləri yenidən müəyyən olunmuş qaydada hazırlayır. Yəni qanunvericilik şəhadətnamə və dövlət aktı işlənərkən yol verilən səhvlərin, həmin şəhadətnamə və ya aktın «ləğv olunması» yolu ilə deyil, «düzəliş edilmə» yolu ilə aradan qalırılmasının mümkünlüyünü müəyyən etmişdir. Bundan başqa Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 17.11.2020-ci il tarixli **********96 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.1261 hektar və 0.0718 hektardır. X13 faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri 0.1017 hektardır. JN053F, JN-053G və JN-084A nömrəli Şəhadətnamələrin ölçüləri JN-053F/0.07 hektar, JN053G/0.08 hektar, JN-G84A/0.13 hektardır. JN-053F nömrəli şəhadətnamə üzrə torpaq sahəsini İddiaçı, JN-053G nömrəli şəhadətnamə üzrə torpaq sahəsini İddiaçı, JN-084A nömrəli şəhadətnamə üzrə torpaq sahəsini X21 faktiki istifadə edirlər. Bundan əlavə 10 sentyabr 2021-ci il tarixdə məhkəmə kollegiyasının və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəsisinin iştirakı ilə Qax rayonunun Qaxingiloy kəndində yerləşən mübahisəli torpaq sahələrinə yerində baxış keçirilmiş və müəyyən edilmişdir ki, DTXK Qax rayon şöbəsi tərəfindən verilmiş JN-84A (sənəd üzrə 0.13ha) nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin faktiki istifadəsi 0,1016 ha ərazini əhatə edir. DWG xəritə məlumatlarına və yerdə aparılan faktiki ölçü işlərinə əsaslanaraq demək olar ki, yerdə qalan təxminən 0.028ha ərazi qonşuların istifadəsindədir (Şəhadətnamə nömrəsi JN-50F və JN-83F). DTXK Qax rayon şöbəsi tərəfindən verilmiş JN-53F (sənəd üzrə 0,07ha) nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin faktiki istifadəsi 0,0728ha ərazini əhatə edir. Sadəcə sənədin situasiyası düz olduğuna baxmayaraq sərhədd ölçülərində fərqlər var. DTXK Qax rayon şöbəsi tərəfindən verilmiş JN-53G (sənəd üzrə 0,08ha, O.OSha zəbt) nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin faktiki istifadəsi 0,1142ha ərazini əhatə edir. Situasiya planı və ölçüləri sənəd üzrə olana uyğundur. Bu torpaq sahəsinin 0.0342ha hissəsi sənəddə də göstərildiyi kimi bələdiyyə torpağına aiddir. əsasən Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, apellyator Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinin büdcə təşkilatı olduğunu, ona görə də dövlət rüsumundan azad olduğunu bildirərək Şəki İnzibati Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(116)-29/2021 nömrəli qərarının mütəxəsis rəyinin cavabdehdən tutulması hissəsində ləğv edilməsini xahiş etsə də, məhkəmə kollegiyası cavabdehin diqqətinə çatdırır ki, ekspertə və ya mütəxəsisə ödənilən məbləğlər dövlət rüsumu deyildir və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iş üzrə tərəflərdən tutulur. Ona görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə görə vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin : 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyatorlar Şəki İnzibati Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(116)-29/2021 nömrəli qərarının qanunazidd olduğunu və həqiqəti əks etdirmədiyini təsdiq edən mötəbər sübutları təqdim edə bilmədiyindən, habelə məhkəmə araşdırması zamanı sözügedən qərarın qanunverciliyin tələblərinə əməl edilməklə qəbul edilməsi müəyyən edildiyindən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayətlərinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. İPM-in 87.6-cı maddəsinə görə, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instаnsiyа məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli olan qanunu düzgün tətbiq etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apelyasiya şikayətləri təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası qərara aldı: Apelyasiya şikayətləri təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23.02.2021-ci il tarixli, 2-1(116)-29/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar