Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(107)-237/2022 22.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı "Zərdab Rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı ildə verilmiş, reyestr kitabı № 322, inventar işi 226 olan Qeydiyyat vəsiqəsinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə inzibati iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən Şəki İnzibati Məhkəməsinin hakimi (sədri) Vidadi Qasımova edilmiş etiraza əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Zərdab Rayon Texniki İnventarlaşdırma Bürosu tərəfindən xx.xx.1996-cı ildə verilmiş, reyestr kitabı № 322, inventar işi 226 olan Qeydiyyat vəsiqəsinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması"nı xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə həmin işə Şəki İnzibati Məhkəməsinin sədri Vidadi Qasımovun sədrliyi ilə baxılmasına etiraz etməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasına ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizəsi baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilmişdir. Həmçinin, iddiaçının nümayəndəsi Nümayəndə bilavasitə Şəki İnzibati Məhkəməsinə göndərdiyi eyni məzmunlu etirazı da məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, 25 may 2022-ci il tarixli məhkəmə iclası zamanı hakim onun sözünü kəsmiş, oğlunu zaldan çıxarmaqla hədələmiş, vəkillə isə səmimi söhbət etmiş və irad tutmamışdır. Hakimin bu hərəkətləri nəticəsində o, işin sonrakı iclasda düzgün aparılacağına inamını itirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 18.0-cı maddəsində deyilir ki, hakim aşağıdakı hallarda işə baxa bilməz və özü-özünə etiraz etməlidir: 18.0.1. proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin valideyni, övladı, nəvəsi, babası (nənəsi), qardaşı (bacısı), əmisi (dayısı, bibisi, xalası), əmisi (dayısı, bibisi, xalası) uşağı, bacanağı (baldızı) olduqda; 18.0.2. proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin rəsmi və ya faktiki əri (arvadı) olduqda və ya olmuşdursa; 18.0.3. bu Məcəllənin 18.1.1-ci maddəsində sadalanan şəxslər hakimin arvadı (əri) ilə müvafiq qohumluq əlaqələrində olduqda; 18.0.4. proses iştirakçılarından birinin və ya onlardan hər hansı birinin nümayəndəsinin və ya vəkilinin, eləcə də məhkəmə tərkibinin üzvlərindən birinin kürəkəni (gəlini), qayınatası (qayınanası) olduqda. 19.1-ci maddəsinin tələbinə əsasən hakimə aşağıdakı hallarda etiraz oluna bilər: 19.1.1. bu Məcəllənin 18-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda; 19.1.2. o, inzibati icraatda, o cümlədən şikayət instansiyasında mübahisələndirilən inzibati aktın qəbul və ya təsdiq olunmasında iştirak etdikdə; 19.1.3. o, məhkəmə tərkibi müşavirəyə çıxana kimi mübahisə ilə bağlı işin mümkün nəticəsi barədə məhkəmə baxışından kənar istənilən formada mövqe bildirdikdə (və ya açıq bəyanat verdikdə); 19.1.4. o, inzibati məhkəmə icraatında maraqlarına toxunulan qurumun əvvəllər nümayəndəsi və ya vəkili olduqda; 19.1.4-1. o, məhkəmədə baxılan inzibati mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; 19.1.5. o, işin nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olduqda və ya onun qərəzsizliyinə şübhə doğuran sair hallar olduqda. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinə görə, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. 22.1-ci maddəsinə görə, etiraz edilmişsə, məhkəmə işdə iştirak edən şəxslərin fikrini, həmçinin etiraz olunan şəxs izahat vermək istəyirsə, onun izahatını dinləməlidir. 22.5-ci maddəsinə görə, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Hazırki iş üzrə etirazın dəlillərini müzakirə edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ədalətli məhkəmə aktının qəbul edilməsinə yönəlmiş heç bir şübhə mövcud deyildir. Belə ki, Şəki İnzibati Məhkəməsinin işə baxan hakiminin bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olması, həmçinin onun obyektivliyi və qərəzsizliyi barədə hər hansı əsaslı şübhə müəyyən olunmur. Hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Əsaslar olduqda hakimin öz-özünə etiraz etməsi onun vəzifəsidir. Hüquqi əsaslar olduqda ona etiraz edilib-edilməməsindən asılı olmayaraq hakim öz-özünə etiraz etməyə borcludur. Bütün məhkəmə tərkibinə etiraz edildikdə hər bir hakimə münasibətdə etirazın əsasları konkret göstərilməlidir. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan hakim (məhkəmə tərkibi) tərəfindən müşavirə otağında qərardad(qərar) qəbul etməklə baxılmamış saxlanılır. Etiraz təmin edilərkən işin başqa məhkəməyə verilməsi o halda mümkün hesab edilməlidir ki, işə həmin məhkəmədə baxılması obyektiv səbəblərdən mümkün olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, hakim onun qərəzsizliyinə əsaslı şübhə yarada biləcək hallar olduqda özünü icraatında olan işin baxılmasından kənarlaşdırmalıdır. Hakim qərəzsiz olmaqla yanaşı, məhkəmə icraatına hər hansı şəxs tərəfindən müdaxilə edilməsinə yol verməməlidir. Mülki Prosessual Məcəlləsinin 22.6-cı maddəsinə görə, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81, 83, 87 və 99-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş etiraz təmin edilməsin və inzibati iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz. Hakim Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2-1(107)-237/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(107)-237/2022
22.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver