Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-237/2025 01.07.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “iddiaçı və ailə üzvlərinə Qax rayon X8 xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş 1.16 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqi sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2-1(116)-2374/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçı və ailə üzvlərinə Qax rayon X8 xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş 1.16 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqi sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(116)-2374/2024 nömrəli qərardadı ilə Qax rayonu Qaxbaş Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qax rayon X5 xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə Qax rayonu Ş.Rustaveli kolxozunda islahat aparılmış və adambaşına 0.29 ha pay torpaq sahəsi verilmişdir. İddiaçının 4 nəfər ailə üzvü olmuşdur. Qax rayonu Qımır kəndində islahat zamanı iddiaçı və ailə üzvlərinə 1.16 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi faktiki olaraq istifadəsindədir. Torpaq sahəsinə fındıq ağacları əkərək istifadə edir. Lakin torpaq sahəsinin hüquqi sənədi 0.27 ha hissəsinə verilmişdir. Torpaq sahəsinin kəsir olduğunu bildiyindən ərizə ilə YAİK-ə müraciət etmişdir. YAİK-in xx.xx.2001-ci il tarixli qərarı ilə torpaq sahəsi tam olaraq verilmişdir. Hazırda iddiaçı həmin torpağa verilən subsidiyadan istifadə edə bilmir. Belə ki, torpağın hüquqi sənədi olmadığından subsidiya verilmir. İddiaçı cavabdehə xx.xx.2024-cü il tarixdə müraciət etmişir. Lakin cavabdeh müraciətini cavabsız qoymuşdur. Belə olan halda iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.
4. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, ərizəyə baxılması və əlavə olunan sənədlərin yoxlanılması zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən 12 saylı Şəki Ərazi İdarəsinə təhvil verilmiş aqrar islahat zamanı pay torpaq sahəsi alacaq subyektlərin siyahısında 745-ci sırada, həyətyanı torpaq sahəsi alacaq subyektlərin siyahısında 18-ci sırada olan Qax rayonu Qaxbaş kənd sakinləri İddiaçı və 3 nəfər ailə üzvünün pay torpağından çıxılmış zəbt torpaq sahəsinin olduğu göstərilmədiyindən, İddiaçı və ailə üzvləri X1, X3 və X4 Qax rayonu Qımır kəndindən 1.16 ha pay torpaq sahəsi verilməsi barədə nə ərazi idarəsinin arxiv materiallarında, nə də ərizəyə əlavə olunan sənədlərin arasında yerli və ya rayon aqrar islahat komissiyalarının qərarları olmadığından, aqrar islahat komissiyasının qərarına əsasən verildiyi iddia olunan Qax rayonu Qımır kəndində yerləşən 1,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə bağlı İddiaçı və ailə üzvlərinin adına “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” verilməsi barədə məlumat aşkar edilmədiyindən, o cümlədən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində iddiaçı tərəfindən tələb olunun ölçüdə torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilmədiyi müəyyən edildiyindən ərizəçiyə xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-B-0023- 8/2024 №-li imtina məktubu verilmişdir.
5. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - JN-745 kod 40309028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə X6 0.27 ha torpaq sahəsi verilmişdir. - JN-746 kod 40309028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli,07 saylı qərarı ilə İddiaçı 0.29 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş, Qax rayon Qımır kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından İddiaçı və onun ailə üzvlərinin adları qeyd edilmişdir. - ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Qax rayonu Qaxbaş kəndində yerləşən 0.160 ha yaşayış məntəqələri torpaqları kateqoriyalı torpaq sahəsi X9 və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. - ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Qax rayonu Qımır kəndində yerləşən 0.2 ha yaşayış məntəqələri torpaqları kateqoriyalı torpaq sahəsi İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. - JN-018F kod 40309028 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə İddiaçı 0.16 ha torpaq sahəsi verilmişdir. - A seriyalı 154075 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə İddiaçı 2000 kv.m torpaq sahəsi ayrılmışdır. - Qax rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli məktubuna əlavə etdiyi Qax rayonu Qaxingiloy kənd ƏİN-nin Qımır 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarından görünür ki, İddiaçı adı qeyd edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-3892/2024 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyi.
6. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 03 dekabr 2024-cü il tarixli 2- 1(116)-2374/2024 nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki ərazi idarəsinə qarşı “iddiaçı və ailə üzvlərinə Qax rayon X8 xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş 1.16 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqi sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçıların hüquqi marağı iddiaçı və ailə üzvlərinə faktiki istifadəsində olduğunu bildirdiyi 1.16 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə nail olmaqdır. İddiaçı tələbini sözügedən torpaq sahəsinin Qax rayon X8 xx.xx.2000-ci il tarixli, 07 saylı qərarına əsasən ayrılması ilə əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və ailə üzvlərinə Qax rayon AİK-in xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı 0,27 ha həyətyanı torpaq sahəsinə JN-745 kod 40309028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmişdir. Lakin, iddia olunan torpaq sahəsinin mülkiyyətə verilməsinə dair hər hansı hüquqmüəyyənedici sənəd tərtib edilməmişdir. İddiaçı iddia olunan 1.16 ha pay torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd tərtib edilməmiş, məhkəmə araşdırması zamanı da belə bir sənəd aşkar edilməmişdir. İddia olunan torpaq sahəsi faktiki olaraq Qax rayon Qaxbaş bələdiyyəsinin mülkiyyətində olan ərazidir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli 2-1(116)-2374/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə arxiv sənədlərinin olmasını nəzərə almamışdır. Belə ki, onun 4 nəfər ailə üzvü olmuşdur. Qax rayonu Qımır kəndində islahat zamanı ona və ailə üzvlərinə 1.16 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi faktiki olaraq istifadəsindədir. Torpaq sahəsinə fındıq ağacları əkərək istifadə edir. Lakin torpaq sahəsinin hüquqi sənədi 0.27 ha hissəsinə verilmişdir. Torpaq sahəsinin kəsir olduğunu bilmiş və ərizə ilə YAİK-na müraciət etmişdir. YAİK-nın xx.xx.2001-ci il tarixli qərarı ilə torpaq sahəsi ona tam olaraq verilmişdir. Dövlət müəssisələri özlüyündə isə sənədlərdə düzəliş etməmiş və nəticədə ona verilmiş və istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə işlənmişdir. Yəni onun və ailə üzvlərinin heç bir səhvi olmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir
Tərəflərin izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2-1(116)-2374/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi və Şəki İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2-1(116)-2374/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi.
13. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs Qax rayonu Qaxbaş bələdiyyəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, lakin bələdiyyənin sədri ərizə ilə müraciət edərək Şəki İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2- 1(116)-2374/2024 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına və məhkəmə kollegiyasının iclasının onların iştirakı olmadan keçirilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
Tətbiq edilən hüquq
14. İnzibati Prosessual Məcəllə: Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 152.1 Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12 . Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi
4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi
1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.
3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun 7.2-ci bəndində əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. 14-cü maddəsinə əsasən sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi qaydası Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir.
19. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu Maddə 1.0 Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: Maddə 1.0.1 Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır.
21. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna X21 və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar;
Apellyasiya şikayətinin mümkünlüyü
22. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
26. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
27. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilli ondan ibarətdir ki, Qax rayonu Qımır kəndində islahat zamanı ona və ailə üzvülərinə 1.16 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi faktiki olaraq istifadəsindədir. Lakin torpaq sahəsinin hüquqi sənədi 0.27 ha hissəsinə verilmişdir. Torpaq sahəsinin kəsir olduğunu bilmiş və ərizə ilə YAİK-na müraciət etmişdir. YAİK-nın xx.xx.2001-ci il tarixli qərarı ilə torpaq sahəsi ona tam olaraq verilmişdir. Dövlət müəsisələri özlüyündə isə sənədlərdə düzəliş etməmiş və nəticədə ona verilmiş və istifadəsində olan torpaq sahəsi bələdiyyə mülkiyyətinə işlənmişdir.
28. Məhkəmə kollegiyası iddiaçının həmin dəlili ilə bağlı qeyd edir ki, iddiaçının rəsmiləşdirilməsini istədiyi torpaq sahəsinin onun ailəsinin faktiki olaraq istifadəsində olmaqla orada fındıq ağacları əkməsi iddia predmeti olan torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas deyil.
29. İş materiallarından da görünür ki, iddiaçı və ailə üzvlərinə Qax rayon AİK-in xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı 0,27 ha həyətyanı torpaq sahəsinə JN-745 kod 40309028 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı tərtib edilmiş, lakin iddia olunan torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədin mövcud olduğu müəyyən edilmir.
30. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlili ilə bağlı onu da qeyd edir ki, kollegiyanın sorğusu əsasında verilmiş Qax Rayon Dövlət Arxivinin 17 aprel 2025-ci il tarixli, 3-48-26RA/2-39/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Qax rayon S.Rustaveli adına kolxozun yerli AİK-nın xx.xx.2001-ci il tarixli 04 saylı iclas protokolunun tam mətni Arxivə təhvil verilməyib. Qax rayon S.Rustaveli adına kolxozun Arxivdə mühafizə olunan sənəd materiallarında qeyd olunan iclas protokollarından çıxarışlar saxlanılır. Vətəndaş İddiaçı müraciətinə əsasən xx.xx.2024-cü il tarixli №3-48-26RA/2-Bxx-xx/2024 saylı arxiv çıxarışı qeyd olunan çıxarışa əsasən verilib. Kolxozun yerli AİK-nın 05 mart 2001-ci il tarixli iclasın Qərarının Rayon AİK tərəfindən təsdiq edilməsinə və vətəndaşa pay torpağının verilməsinə dair Arxivdə başqa məlumat tapılmadı. (Qax rayon S.Rustaveli adına kolxozu yerli AİK-nın xx.xx.2001-ci il tarixli 04 saylı iclas protokolundan Arxiv çıxarışı və sənədin təsdiqlənmiş surəti məktuba əlavə edilmişdir.)
31. Bundan əlavə olaraq iş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-39/2-3892/2024 nömrəli məktubuna əlavə edilmiş rəydən görünür ki, İddiaçı iddia etdiyi 1.16 ha torpaq sahəsi 2 (iki) hissəli olub Sxemi və Sxem 2-də müvafiq olaraq 0.28 ha və 1.06 ha olmaqla torpaq sahələrinin yerləşmə vəziyyəti, döngə nöqtələri və koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Bunlardan 0.28 ha torpaq sahəsi İddiaçı məxsus **********03 nömrəli çıxarışda göstərilən 0.20 ha həyətyanı torpaq sahəsinə bitişik olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid uqodiyası həyətyanı olan Qaxbaş bələdiyyəsinin mülkiyyətində olan ərazidir. İddiaçı tərəfindən istifadə olunan digər 1.06 ha torpaq sahəsi isə Kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid uqodiyası çoxilllik əkmələr (fındıq bağı) olmaqla Qaxbaş bələdiyyəsinin mülkiyyətində olan ərazidir. İddiaçı tərəfindən istifadə olunan 0.28 ha və 1.06 ha torpaq sahələri JN-745 nömrəli dövlət aktında göstərilən 0.27 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçı tərəfindən istifadə olunan 0.28 ha və 1.06 ha torpaq sahələrinin digər şəxslərin mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi yoxdur. Həmçinin DWG faylına əsasən JN-745 nömrəli Dövlət aktına uyğun gələn müvafiq konturda göstərilən 0.27 ha torpaq sahəsi faktiki istifadə olunan 0.28 ha və 1.06 ha torpaq sahələri ilə üst-üstə düşmür, JN-745 nömrəli Dövlət aktı tamamilə fərqli ərazidə yerləşir. İddiaçı naturada onun istifadəsində olan 0.28 ha və 1.06 ha sahələrinə yerində baxış keçirərkən təqdim etdiyi Qax Rayon Dövlət Arxivi tərəfindən verilmiş N°3-48- 26RA/2-B-xx-xx/2024 nömrəli 10 may 2024-cü il tarixli arxiv çıxarışını əsas gətirərək sözügedən JN-745 nömrəli X14 rayon Şota Rustaveli adına kolxozun YAİ komissiyasının 05 mart 2001-ci il tarixli 04 saylı iclas protoklu ilə ləğv edildiyini bildirmişdir.
32. Göründüyü kimi, iddia olunan 1.16 ha pay torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd tərtib edilməmiş, məhkəmə araşdırmaları zamanı da belə bir sənəd aşkar edilməmişdir. İddia olunan torpaq sahəsi faktiki olaraq Qax rayon Qaxbaş bələdiyyəsinin mülkiyyətində olan ərazidir.
33. Yuxarıda göstərilənlərdən əlavə məhkəmə kollegiyası qeyd edir ki, "Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Qanunun 7-ci maddəsinin tələbinə əsasən bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, ... torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
34. Daha sonra qeyd edilməlidir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.
35. Müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.
36. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.
37. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Belə olan halda iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsaslar mövcud olmadığından cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.
38. Beləliklə, mübahisə üzrə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iddiaçının öz tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər, işin faktiki halları və iş materiallarına əlavə edilən sənədlərlə öz təsdiqini tapmır.
39. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən normaların tələblərini hazırkı iddia tələbi üzrə işin hallarına tətbiq edərək apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qərarının ləğvinin və iddianın təmin edilməsinin əsası kimi qəbul etmir və əsassız hesab edərək belə qənaətə gəlir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
40. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı və ailə üzvlərinə Qax rayon X8 xx.xx.2000-ci il tarixli, 07 saylı qərarı ilə verilmiş 1.16 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq hüquqi sənədinin verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
41. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli 2-1(116)-2374/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.