Məhkəmə qərarları › İş №2-1(107)-238/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-238/2020

03.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-238/2020 03.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun Şəki şəhər şöbəsinə qarşı ”xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Köbər Zəyzid kənd Kinoqurğusunda mexanik köməkçisi və 1978-ci ildə Lenin adına kolxozda işlədiyi 6 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-576/2020 nömrəli qərarından iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonunun Şəki şəhər şöbəsinin apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. O, 64 yaşı tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyini üçün tələb olunan sənədlərlə DSMF-in Şəki şəhər şöbəsinə müraciət etmişdir. Ona əmək pensiyası təyininin mümkün olmadığı bildirilmişdir. Səbəb kimi 25 il iş stajının və 32000 manat pensiya kapitalının olmaması qeyd olunmuşdur. Həmçinin, imtinada X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 493 nömrəli arayışa əsasən, xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Köbər Zəyzid kənd Kinoqurğusunda və Dövlət Arxivi Şəki filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1320 nömrəli arayışa əsasən, 1978-ci ildə Lenin adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd olunmadığı üçün sosial sığorta stajına daxil edilməmişdir. Stajına daxil edilməyən 1 il 2 ay 9 gün kino qurğusunda və 6 ay 1978-ci ildə kolxozda işlədiyi müddət məktubda qeyd olunan 23 il 6 ay 26 gün sosial sığorta stajına əlavə edildikdə onun cəmi 25 il 3 ay sosial sığorta stajı olur ki, bu staj da ona yaşa görə əmək pensiyası təyin olunması üçün kifayətdir. İddiaçının nümayəndəsi X2 birinci instansiya məhkəməsinin xx.xx.2020-ci il tarixli iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “iddiaçının xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Köbər Zəyzid kənd Kinoqurğusunda mexanik köməkçisi və 1978-ci ildə Lenin adına kolxozda işlədiyi 6 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli iclasında ərizə icraata qəbul edilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli **********7 nömrəli etirazıından görünür ki, iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya tələb olunan pensiya kapitalı olmadığından əmək pensiyası almaq hüququ olmamışdır. Vətəndaşın əmək kitabçasına istinadən xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1997-ci il tarixədək (əmək haqqı arayışına əsasən), kolxoz üzrə 1970-1971-ci illər 2 il, 1976-1977-ci illər (99+86=185/220 = 0.84 x 12 =10 ay) üzrə 10 ay və hərbi biletinə əsasən, xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək olan iş müddətləri nəzərə alınmaqla, cəmi 23 il 6 ay sosial sığorta stajı müəyyənləşdirilmişdir. İddiaçının X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 493 nömrəli arayışa əsasən xx.xx.1972-ci il tarixdən (1971-ci il kolxoz stajı ilə üstüstə düşdüyü üçün) xx.xx.1973-cü il tarixədək Köbər Zəyzid kənd kinoqurğusunda və Dövlət Arxivi Şəki filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1320 nömrəli arayışa əsasən, 1978-ci ildə Lenin adına kolxozda olan əmək fəaliyyəti əmək kitabçasına qeyd edilmədiyi üçün sosial sığorta stajına daxil edilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi X2 iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi X5 iddianın təmin olunmamasını xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli 2-1(116)- 576/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, DSMF-in Şəki şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Köbər Zəyzid kənd Kinoqurğusunda mexanik köməkçisi və 1978-ci ildə Lenin adına kolxozda işlədiyi 6 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyininqoyulması qərara alınmışdır. DSMF-in Şəki şəhər şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək və 1978-ci ildə kolxozda işlədiyi müddət əmək kitabçasında qeyd olunmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən bunun səbəbi araşdırılmamışdır. Lakin mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinin 1-ci və 22-ci abzaslarına əsasən, əmək kitabçası fəhlə və ya qulluqçuların əmək fəaliyyəti haqqında əsas sənəddir. Əmək kitabçaları müəssisədə, idarədə, təşkilatda 5 gündən artıq işləyən bütün fəhlələr və ya qulluqçular üçün açılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının sosial sığorta stajının hesablanması prosedurunun 3.1.1-ci bəndinə istinadən Qanunun qüvvəyə mindiyi günədək, xx.xx.2006-cı il tarixədək, sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-576/2020 qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X1pelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2- 1(116)-576/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş DSMF-in Şəki şəhər şöbəsi nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir(Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, DSMF-in Şəki şəhər şöbəsinin xx.xx.2019-cu il tarixli, **********0 nömrəli imtina məktubu, xx.xx.2020-ci il tarixli **********7 nömrəli məktubu, X3 İdarəsinin xx.xx.2019-cu il tarixli 493 nömrəli arayışı, Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2019-cu il tarixli 1320 nömrəli arxiv arayışı, НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti, xx.xx.1970-ci il tarixli kolxozçunun əmək kitabçasının surəti aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-576/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, DSMF-in Şəki şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Köbər Zəyzid kənd Kinoqurğusunda mexanik köməkçisi və 1978-ci ildə Lenin adına kolxozda işlədiyi 6 ay müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası tərəfindən iş materiallarının tədqiqi zamanı müəyyən edildi ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Köbər Zəyzid kənd Kinoqurğusunda mexanik köməkçisi işləməsi X3 İdarəsinin xx.xx.2019-cu il tarixli 493 nömrəli arayışı, 1978-ci ildə Lenin adına kolxozda işlədiyi 6 ay işləməsi Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2019-cu il tarixli 1320 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. x xxxxxx 2006-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: - 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. - 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi,əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi Arayışlar nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 46.3-cü maddəsinə görə, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. İstinad olunan qanunvericilik normalarının məzmunundan göründüyü kimi, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması yoverilməzdir. İş stajını təsdiq edən sənəd kimi Arayışlar nəzərə alınır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Köbər Zəyzid kənd Kinoqurğusunda mexanik köməkçisi işləməsi X3 İdarəsinin xx.xx.2019-cu il tarixli 493 nömrəli arayışı, 1978-ci ildə Lenin adına kolxozda işlədiyi 6 ay işləməsi Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2019-cu il tarixli 1320 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. Bundan başqa, iddiaçı iddia tələbində yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ xx.xx.2019-cu ildə yaranmışdır. Qeyd olunan tarixə onun hərbi xidmət, əmək kitabçasında qeyd olunan işlər və arxiv arayışlarına əsasən tələb olunan 25 il sığorta stajının olması müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək Köbər Zəyzid kənd Kinoqurğusunda mexanik köməkçisi işləməsi X3 İdarəsinin xx.xx.2019-cu il tarixli 493 nömrəli arayışı, 1978-ci ildə Lenin adına kolxozda işlədiyi 6 ay işləməsi Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin Şəki filialının xx.xx.2019-cu il tarixli 1320 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. Arxiv arayışları isə iş stajını təsdiq edən sənəd olduğundan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdehin imtinası əsassızdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-576/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar