Məhkəmə qərarları › İş №2-1(107)-238/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-238/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-238/2021 22.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Əliyeva Tahirə Nazim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “yaşadığı fərdi yaşayış evinin atası X6 adına rəsmiləşdirilməsi və mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 22.02.2021ci il tarixli, 2-1(116)-48/2021 saylı qərarından cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə Şəki şəhəri, G.Vahabova küçəsi ev 134 (köhnə ünvanı: ünvan 1 X6 mülkiyyətində olmuşdur. Bu barədə mərhum Y.Hüseynovun adına fərdi yaşayış evinin 9551 nömrəli Texniki pasportu mövcuddur. İddiaçı cavabdeh orqana müraciət edərək, fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan məhkəməyə ünvanladığı 04.08.2020-ci il tarixli, **********91 nömrəli məktubunda qeyd etmişdir ki, ərazi idarəsinin arxiv materiallarında Şəki şəhəri, Mənəflər küçəsi, 134 ünvanında yerləşən fərdi yaşayış evinə Şəki Rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən X6 adına 01 avqust 1991-ci il tarixli, 9551 inventar nömrəli texniki pasportun tərtib edilməsi barədə məlumat mövcuddur. Vətəndaş ərazi idarəsinə ünvanladığı müraciətdə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin babası X2 adına olduğunu göstərsə də, arxiv qovluğunda belə məlumat aşkar edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələblərinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Vətəndaşın ərazi idarəsinə ünvanladığı müraciətə X6 və X2 notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələr dairəsi haqqında məlumat təqdim edilməmişdir. Fərdi yaşayış evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinin qeydiyyatı üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinin, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin tələblərinə uyğun təqdim edilmədiyindən vətəndaşın ərizəsinin icrasından imtina edilmişdir. Eyni zamanda bildirilir ki, müayinə-ölçü işlərinin aparılması təmin edilmədiyindən qeydiyyata alınmalı daşınmaz əmlak obyektinin yüksək gərginlikli elektrik şəbəkələrinin və boru kəmərlərinin mühafizə zonasında yerləşib-yerləşmədiyini dəqiqləşdirmək mümkün olmamışdır. Şəki İnzibati Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2-1(116)-48/2021 saylı qərarı ilə, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə mərhum atası X3 mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qərardadı qanunsuz və əsassızdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının dəqiqliyinə cavabdehdir. Bildiririk ki, ərazi idarəsinin arxiv materiallarında Şəki şəhəri, Mənəflər küçəsi, 134 ünvanında yerləşən fərdi yaşayış evinə Şəki rayonlararası Texniki İnventarlaşdırma Bürosu tərəfindən X6 adına 01 avqust 1991-ci il tarixli, 9551 inventar nömrəli texniki pasport tərtib edilməsi barədə məlumat mövcuddur. Vətəndaş Ərazi İdarəsinə müraciətdə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin babası X2 adına olması göstərsə də, arxiv qovluğunda belə məlumat aşkar edilməmişdir. Fərdi yaşayış evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinin qeydiyyatı üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən Siyahısı”nın 2.4-cü bəndində üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport əsas hesab olunsa da, sözügedən fərdi yaşayış evinə aid arxiv qovluğunda mülkiyyət hüququnun qeydiyyata alınması barədə məlumat mövcud deyildir. Odur ki, Şəki İnzibati Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2-1(116)-48/2021 saylı qərarının ləğv etməklə iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin nümayəndəsi X5 oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2-1(116)-48/2021 saylı qərarını ləğv etməklə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində tərəflər məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi Azərbаycаn Respublikаsının İnzibati Prosessual Məcəlləsinin 82-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə bаxır. Apelyаsiyа instаnsiyаsı məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş: - Şəki Rayonlararası Texniki İnventarlaşdırma Bürosunun inventar nömrəsi 9551 olan 01 avqust 1991-ci il tarixli Texniki pasportdan müəyyən edilir ki, Mənəflər küçəsi 134 ünvanında yerləşən fərdi yaşayış evi X6 mülkiyyətinə verilmişdir. - 859986 nömrəli Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1960-cı il tarixdə anadan olmuş, atası X4r. -115734 nömrəli Ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən edilir ki, X8 29.12.1996-cı il tarixdə vəfat etmişdir. -Primlər məhəlləsinin nümayəndəsinin vərəsəliyə dair arayışından görünür ki, iddiaçı 29.12.1996-cı ildə vəfat etmiş X3 vərəsəsidir. İş materiallarında olan Şəki regional Asan xidmət mərkəzində notariat ofisinin notariusu Sərdar Nəsibovun iddiaçıya ünvanlanmış 11.10.2019-cu il tarixli 3058 nömrəli məktubundan görünür ki, iddiaçının mərhum atası X1 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün mərhuma məxsus əmlakın mülkiyyət hüququnu bildirən sənəd olmadığına görə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi qeyri-mümkün hesab edilmişdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.8-ci maddəsinə bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. 46.3-cü maddəsinə əsasən, maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə əsasən həmin Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (3.0.8-ci bənd), vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifəsidir. Bu hallar qeydiyyat zamanı aşkar olunacağı təqdirdə isə xidmət vəzifələrini yerinə yetirməli və hüquqların dövlət qeydiyyatını torpaq sahəsinin faktiki yerləşmə koordinatlarına uyğun aparmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmış, iddia tələbini təmin etməməklə maddi və prossesual hüquq normalarının tətbiqində səhvə yol verməyərək inzibati iş üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlıdır. Ona görə də Şəki İnzibati Məhkəməsinin 22.02.2021-ci il tarixli, 2-1(116)-48/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş аpellyаsiyа şikаyəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2-1(116)-48/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar