Məhkəmə qərarları › İş №2-1(107)-238/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-238/2024

18.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-238/2024 18.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Göyçay bələdiyyəsinə qarşı “Göyçay bələdiyyəsinin müsabiqə keçirilməsi barədə 11 yanvar 2023-cü il tarixli iclas protokolunun 01 nömrəli qərarlarının onun istifadəsində olan 0,20 ha torpaq sahəsinin 436 kv.metr, 454 kv.metr, 500 kv.metr və 467 kv.metr hissələrdə həyətyanı üçün mülkiyyətə verilməsi məqsədi ilə müsabiqə keçirilməsi hissəsində ləğv olunması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2-1(116)-199/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Göyçay bələdiyyəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay bələdiyyəsinin müsabiqə keçirilməsi barədə 11 yanvar 2023-cü il tarixli iclas protokolunun 01 nömrəli qərarlarının onun istifadəsində olan 0,20 ha torpaq sahəsinin 436 kv.metr, 454 kv.metr, 500 kv.metr və 467 kv.metr hissələrdə həyətyanı üçün mülkiyyətə verilməsi məqsədi ilə müsabiqə keçirilməsi hissəsində ləğv olunması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin əsaslarına görə, 1990-cı ildən onun istifadəsində Göyçay şəhərinin Şəhriyar küçəsində, yaşadığı binanın yaxınlığında dağ ətəyi ərazidə 0,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. O, həmin torpaq sahəsini 31 oktyabr 1992-ci ildə 15 il müddətinə icarəyə götürmüş, ətrafına daş hasar çəkdirmiş, bağçılıq üçün təsərrüfat qurmuşdur. Torpaq sahəsinin 0,06 ha hissəsi Göyçay rayon XDS-nın 04 sentyabr 1995-ci il tarixli 07 saylı qərarı ilə onun istifadəsinə ayrılmışdır. Həmin 0,06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 18 sentyabr 2008-ci il tarixdə qeydə alınmışdır. Dəfələrlə 0,20 ha torpaq sahəsini almaq üçün müraciət etməsinə baxmayaraq Göyçay bələdiyyəsi guya həmin ərazinin örüş sahəsi olduğunu bildirərək müraciətini təmin etməmişdir. Bu ilin mart ayının sonlarında ona məlum olmuşdur ki, Göyçay bələdiyyəsi istifadəsində olan 0.20 ha torpaq sahəsini dörd müxtəlif ölçüdə hissələrə ayırmaqla hər biri üzərində mülkiyyət hüququnu qeydə aldıraraq satılması üçün hərraca çıxarmışdır. Bundan sonra hüquqi yardım almaq üçün vəkilə müraciət edərək vəkilin verdiyi sorğuya əsasən Göyçay rayonu Göyçay Bələdiyyəsinin 11 yanvar 2023-cü il tarixli iclas protokolunun 01 nömrəli qərarından çıxarışları 08 aprel 2023cü il tarixdə əldə etmişdir. Göyçay rayonu Göyçay Bələdiyyəsinin müsabiqə keçirilməsi barədə 11 yanvar 2023-cü il tarixli iclas protokolunun 01 nömrəli qərarlarından görünür ki, onun istifadəsində olan 0.20 ha torpaq sahəsinin 436 kv.metr, 454 kv.metr, 500 kv.metr və 467 kv.metr hissələrdə həyətyanı üçün mülkiyyətə verilməsi məqsədi ilə müsabiqə keçirilməsi, bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X4 PHŞ-nin Ucar Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası ilə müqavilə bağlanmasına dair qərar vermişdir. Halbuki uzun illər torpaq sahəsini istifadə etdiyi, qoruyub saxladığı üçün həmin torpaq sahəsini almaqda üstünlük hüququ var və bələdiyyə torpaq sahəsini hərraca çıxarmadan almaq üçün ona təklif etməli idi.

3. Cavadeh orqan iddia tələbinə münasibətində iddiaçının tələb etdiyi torpaq sahəsinin Göyçay bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 01 saylı qərarı ilə 4 nəfər 2-ci Qarabağ müharibəsi iştirakçılarının mülkiyyətinə verilməsi üçün müsabiqəyə çıxarılmasını qeyd edilmiş, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

5. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 01 fevral 2024-cü il tarixli, 2- 1(116)-199/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

6. İddiaçı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2-1(116)-199/2024 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

7. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2-1(116)-199/2024 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmasını və Şəki İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2- 1(116)-199/2024 nömrəli qərarının ləğv edilməsini xahiş etdilər.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndələri X3 və X5 apellyasiya şikayətinin təmin olunmamasını və Şəki İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2-1(116)-199/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanlmasını xahiş etdilər

10. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur: - Göyçay rayonu Göyçay bələdiyyəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli 269 nömrəli məktubda qeyd edilmişdir ki, Göyçay şəhəri, Şəhriyar küçəsində mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 0,06 ha torpaq sahəsi vardır. Sözügedən torpaq sahəsinin ətrafı ilə bərabər şəhər bələdiyyəsinin mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin ətrafı heç bir hüquqi əsas olmadan daş hasara alınmışdır. Zəbt etdiyi 0,20 ha torpaq sahəsi kənd təsərrüfatı təyinatlı örüş sahəsi olmaqla, əhalinin mülkiyyətində olan mal-qaranın otlaq sahəsi kimi nəzərdə tutulmuşdur. Odur ki, zəbt etdiyi 0,20 ha torpaq sahəsinin ətrafına çəkdiyi daş hasarın sökülərək həmin torpaq sahəsinin bələdiyyəyə təhvil verilməsi xahiş olunmuşdur. Əks təqdirdə həmin torpaq sahəsinin ətrafına çəkilmiş hasarın sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair şəhər bələdiyyəsi tərəfindən Məhkəməyə müraciət olunacağı bildirilmişdir. - X8 filialının xx.xx.2021-ci il tarixli, 191 nömrəli arxiv arayışından görünür ki, Göyçay rayon X6 04 sentyabr 1995-ci il tarixli 07 saylı iclas protokolundan çıxarışa əsasən Şəhər Şəhriyar küçəsi 10a/2 saylı ünvanda yaşayan İddiaçı bağçılıq üçün şəhərin dağ ətəyi ərazisindən 0,06 ha torpaq sahəsi ayrılmışdır. - **********44 reyestr nömrəli, xx.xx.2008-ci il tarixli çıxarışdan görünür ki, Göyçay şəhəri Şəhriyar küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Göyçay rayonu Göyçay bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 344 nömrəli məktubuna əlavə olunmuş Göyçay bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 01 saylı protokolundan görünür ki, Göyçay bələdiyyəsinin alqı-satqı predmeti olan 436 kv.metr, 467 kv.metr, 454 kv.metr, 500 kv.metr torpaq sahəsinin həyətyanı üçün mülkiyyətə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırıldığı nəzərə alınmış, həmin torpaq sahələrinin həyətyanı üçün mülkiyyətə verilməsi məqsədilə müsabiqə keçirilməsi, müsabiqənin keçirilməsi barədə bələdiyyə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X4 PHŞ-nın Ucar Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası arasında müqavilə bağlanması qərara alınmışdır. - **********89 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0467 ha torpaq sahəsi üzərində Göyçay şəhər bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - **********87 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,0436 ha torpaq sahəsi üzərində Göyçay şəhər bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - **********90 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 0,0454 ha torpaq sahəsi üzərində Göyçay şəhər bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - **********88 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi üzərində Göyçay şəhər bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki,

1. A807118 (0,0467 ha), A807117 (0,0436 ha), A807130 (0,0454 ha), A807116 (0,05 ha) və AA542795 (0,06 ha) nömrəli plan-ölçü sənədlərinin döngə nöqtələri əsasında sözügedən torpaq sahələrinin yerləşmə vəziyyətinə dair situasiya planı tərtib edilmişdir;

2. AA542795 nömrəli plan-ölçü sənədində əks olunan koordinatlarla AA001445 nömrəli plan-ölçü sənədində əks olunan koordinatlar üst-üstə düşür;

3. A807118 (0,0467 ha), A807117 (0,0436 ha), A807130 (0,0454 ha), A807116 (0,05 ha) və AA542795 (0,06 ha) “Torpaq sahəsinin planı və ölçüsü sənədində əks olunan koordinatlarla müəyyənləşən torpaq sahəsi üzərində fərdi yaşayış evi, bağ evi, qaraj, sahibkarlıq fəaliyyəti üçün nəzərdə obyekt torpaq sahəsinə baxış zamanı aşkar olunmadı;

4. A807118, A807117, A807130 və A807116 nömrəli plan-ölçü sənədlərində qeyd edilmiş torpaq sahələrinin digər subyektlərin mülkiyyətinə veriləcəyi halda, iddiaçıya məxsus AA542795 nömrəli plan-ölçü sənədində göstərilən torpaq sahəsinə gediş-gəliş yolunun bağlanmasına, həmin torpaq sahəsindən istifadənin mümkünsüzlüyünə (torpaq sahəsinin anklavina) səbəb ola bilməz;

5. A807116 (0,05 ha), A807117 (0,0436 ha) və AA542795 nömrəli plan-ölçü sənədində əks olunan koordinatlarla müəyyənləşən torpaq sahələrinin ətrafı daş hasarla əhatələnsə də, A807118 (0,0467 ha), A807130 (0,0454 ha) nömrəli plan-ölçü sənədində əks olunan koordinatlarla müəyyən edilən torpaq sahələrinin aralarında qonşu sərhədləri və küçə hasarı mövcud deyildir, lakin A807118 (0,0467 ha), A807130 (0,0454 ha) nömrəli plan-ölçü sənədində əks olunan koordinatlarla müəyyən edilən torpaq sahələrinin digər qonşu torpaqlarla sərhəddi daş hasarla ayrılmışdır.

6. Mübahisələndirilən torpaq sahəsində baxış zamanı fərdi yaşayış evi, yaxud köməkçi tikililər mövcud olmadığı üçün faktiki istifadənin olub-olmamasını müəyyən etmək mümkün olmadı, lakin torpaq sahələri tam və natamam daş hasarla əhatələnib, (sxemdə təsvir edilmişdir) Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. TƏTBİQ EDİLƏN HÜQUQ

11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

12. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. Maddə 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.

13. “İnzibati icraat haqqında” Qanun: Maddə 14.1 mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4 Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

14. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

15. İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi).

16. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.

17. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Mübahisələndirilən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 175 nömrəli məktubla iddiaçıya göndərilmişdir. İddiaçı, sözügedən qərarın mübahisələndirilməsi ilə bağlı iddia ərizəsini xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə məhkəməyə göndərmişdir (daxil olma: xx.xx.2023). Odur ki, hazırki iddianın qaldırılması üçün İPM-nin 38.1-ci maddəsində nəzərdə tutulmuş 30 günlük iddia müddəti buraxılmamışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir

19. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2023-cü il tarixli, 01 saylı qərarında qeyd edilmiş torpaq sahələrinin müsbiqədən kənar qaydada əldə edilməsinə nail olmaqdır. Bunun üçün iddiaçı, sözügedən qərarda qeyd edilmiş torpaq sahələrinin özgəninkiləşdirilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə cavabdehin xx.xx.2023- cü il tarixli 01 saylı qərarını mübahisələndirir. İddiaçı hesab edir ki, uzun illər həmin torpaq sahələrindən istifadə etdiyi, qoruyub saxladığı üçün satın almaqda üstünlük hüququ var və bələdiyyə torpaq sahəsini müsabiqəyə çıxarmadan almaq üçün ona təklif etməli idi.

20. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun yuxarıda istinad edilən normalarının əlaqəli təhlili bu qənaətə gəlməyə əsas verir ki, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları ilə bağlı ümumi qayda ondan ibarətdir ki, həmin torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır.

21. Bu qaydadan istisnaya iki halda yolverilməsi nəzərdə tutulmuşdur. Bu torpaq sahəsi “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün istifadə edilməli (16.3-cü maddə) və ya torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən sahə olmalıdır (16.4-cü maddə).

22. Lakin hər iki normada ümumi dispozisiya şərti kimi qeyri-qanuni istifadə edilən torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması nəzərdə tutulmuşdur. Odur ki, qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti üzrə geri qaytarılması barədə ümumi qaydadan istisnaya yalnız həmin torpaq sahəsinin qaytarılmasının mümkün olmaması müəyyən edildiyi halda yol verilə bilər.

23. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Göyçay rayon X6 04 sentyabr 1995-ci il tarixli 07 saylı iclas protokolu ilə iddiaçıya bağçılıq üçün şəhərin dağ ətəyi ərazisindən ayrılmış torpaq sahəsinin ölçüsü 0.06 ha olmuş və həmin torpaq sahəsi üzərində də, onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçının həmin torpaq sahəsindən əlavə istifadəsində olan torpaq sahəsi isə faktiki olaraq özbaşına tutulmuş torpaq sahəsi olmuşdur.

24. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanun qüvvəyə mindiyi günədək hər hansı hüquqi əsas olmadan fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpağının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Yəni torpaq sahəsindən istifadə edən şəxsin ümumiyyətlə hər hansı hüquq müəyyənedici sənədi olmadığı, torpaq sahəsi zəbt edildiyi və zəbt etmə Qanun qüvvəyə minənədək baş verdiyi halda mübahisəyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsi tətbiq ediləcəkdir.

25. İş materiallarında mövcud olan mütəxəssis rəyindən və iddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi torpaq sahəsi üzərində fərdi yaşayış evi, bağ evi, qaraj, sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş obyekt mövcud deyil. Odur ki, sözügedən torpaq sahəsi "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 16.3-cü maddəsi anlamında fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpağı kimi nəzərdən keçirilə bilməz.

26. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunun 16.4-cü maddəsinin tələbləri baxımından isə mübahisə edilən torpaq sahəsi, torpaq üzərində hüququ təsdiq edən sənəddə göstərilən ölçüdən artıq olduqda və geri alınması mümkün olmadığı halda rəsmiləşə bilər. Burada əsas şərt artıq istifadə edilən torpaq sahəsinin geri alınmasının mümkün olub-olmamasıdır.

27. İddiaçı, sözügedən torpaq sahəsindən uzun illər (1990-cı ildən) istifadə etdiyini və yaxşılaşdırma işlərini apardığını bildirsə də, faktiki istifadənin hüquqi əsası olmamışdır. İddia ərizəsində də iddiaçı qeyd edir ki, dəfələrlə 0,20 ha torpaq sahəsini almaq üçün müraciət etməsinə baxmayaraq, cavabdeh həmin ərazinin örüş sahəsi olduğunu bildirərək müraciətini təmin etməmişdir.

28. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli məktubla 0,20 ha torpaq sahəsinin ətrafının heç bir hüquqi əsas olmadan daş hasara alınması ilə bağlı xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi torpaq sahəsi son illər ərzində mişar daşı ilə hasara alınmışdır və üzərində fərdi yaşayış evi, bağ evi, qaraj, sahibkarlıq fəaliyyəti üçün nəzərdə tutulmuş obyekt mövcud deyil.

29. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, mübahisələndirilən qərarda qeyd edilmiş torpaq sahələrinin digər subyektlərin mülkiyyətinə verilməsi iddiaçıya məxsus torpaq sahəsinə gediş-gəliş yolunun bağlanmasına və həmin torpaq sahəsindən istifadənin mümkünsüzlüyünə (torpaq sahəsinin anklavına) səbəb olmayacaqdır. Eyni zamanda sözügedən torpaq sahələri üzərində iddiaçıya məxsus daşınmaz əmlak obyekti mövcud olmadığından həmin torpaq sahələrinin geri alınması onun əmlak əmlak hüquqlarının pozulmasına da səbəb olmayacaqdır. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi, ərazidə inşası başa çatmamış, özbaşına tikilən yarımçıq tikili və mişar daşları mövcuddur. İddiaçı, bələdiyyə tərəfindən ona torpaq sahəsinin satılmasından imtina edilməsinə, ərazinin boşaldılması və özbaşına tikilinin sökülməsi ilə bağlı yazılı xəbərdarlıq göndərilməsinə baxmayaraq, həmin qanunsuz tikilini və hasarı inşa etməkdə davam etmişdir. Odur ki, özbaşına inşa edilmiş yarımçıq tikilinin mövcudluğu sözügedən torpaq sahəsinin geri alınmasının mümkünsüzlüyünə səbəb ola bilməz (ərazidə olan mişar daşlarının götürülməsi və özbaşına inşa edilmiş yarımçıq tikilinin sökülməsi mümkündür).

30. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan hallar iddiaçı tərəfindən özbaşına olaraq kənarları hasaralanmış torpaq sahələrinin geri alınmasının mümkünlüyü qənaətinə gəlinməsi üçün yetərlidir.

31. Beləliklə, Göyçay bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 01 saylı protokolunda qeyd edilmiş, 436, 467, 454 və 500 kv.metr torpaq sahələrinin müsabiqədən kənar qaydada iddiaçıya satılması üçün qanunvericilikdə müəyyən edilmiş hüquqi əsaslar mövcud olmadığından, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır.

32. Beləliklə, məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Göyçay bələdiyyəsinə qarşı “Göyçay bələdiyyəsinin müsabiqə keçirilməsi barədə 11 yanvar 2023-cü il tarixli iclas protokolunun 01 nömrəli qərarlarının onun istifadəsində olan 0,20 ha torpaq sahəsinin 436 kv.metr, 454 kv.metr, 500 kv.metr və 467 kv.metr hissələrdə həyətyanı üçün mülkiyyətə verilməsi məqsədi ilə müsabiqə keçirilməsi hissəsində ləğv olunması” tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2-1(116)-199/2024 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar