Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-238/2025 06.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən, məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə, Əhmədov Fərid Vidadi oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2-1(116)-2798/2024 nömrəli qərarından iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh MMC-yə qarşı «cavabdehin 24 noyabr 2023-cü il tarixə dövlət büdcəsinə olan 30.974,21 manat borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakının satılması» tələbini irəli sürərək 13 mart 2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır.
2. Bakı İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi Cavabdeh MMC Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2023-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx/xx/2023-cü il tarixə yaranan 30974,21 manat borcuna görə 31098 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx/xx/2023-cü il tarixli **********4 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 30974,21 manat ödənilməmiş borcu qalmışdır.
4. Cavabdeh iddiaya qarşı yazılı münasibətini bildirməmişdir.
5. Şəki İnzibati Məhkəməsinin (hakim Rüstəm Kərimli) 25 dekabr 2024-cü il tarixli 2- 1(116)-2798/2024 nömrəli qərarı ilə iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh MMC-yə qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır.
6. Məhkəmə qeyd etmişdir ki, işin hallarından müəyyən olunur ki, Cavabdeh MMC vergi ödəyicisi kimi dövlət büdcəsinə olan borcunun ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməmiş, həmin borcun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borcunun ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən, 24 noyabr 2023-cü il tarixdə cavabdehin borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə onun əmlakının siyahıya alınması barədə qərar qəbul olunmuşdur. Bundan sonra həmin qərarın icrası üzrə vergi ödəyicisinə məxsus əmlak kimi Yevlax şəhəri, H.Əliyev prospekti 83 (yeni qaydalarla 39) ünvanında yerləşən 426 kv.m torpaq sahəsi siyahıya alınmışdır. Hazırda iddiaçı həmin torpaq sahəsinin siyahıya alınmış əmlak kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılmasını tələb edir. Lakin məhkəmə icraatında Cavabdeh MMC-nin rəhbəri tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, Cavabdeh MMC-nin mülkiyyətində olan Yevlax şəhəri, H.Əliyev prospekti 83 (y/q 39) ünvanında yerləşən 426 kv.m torpaq sahəsi 28 dekabr 2023-cü il tarixdə notarial qaydada təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1. X3 həmin torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 12 yanvar 2024cü il tarixdə qeydiyyata alınmışdır. - Beləliklə işdə olan sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə qənaətə gəlmişdir ki, vergi ödəyicisi kimi hazırkı Cavabdeh MMC-nin dövlət büdcəsinə 30.974,21 manat məbləğində borcu olsa da, həmin borcun ödənilməsini təmin etmək məqsədilə onun 12 dekabr 2023-cü il tarixdə siyahıya alınmış əmlakı 28 dekabr 2023-cü il tarixdə, yəni məhkəmə icraatınadək özgəninkiləşdirilmişdir. Siyahıya alınmış əmlak kimi təqdim olunmuş torpaq sahəsi cavabdehə məxsus olmadığı halda, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 89 – 90-cı maddələrinə istinadən onun müvafiq borcun ödənilməsini təmin etmək məqsədilə başqa şəxsin əmlakı kimi satılması qanuna ziddir və məhkəmədə əvvəlki mülkiyyətçinin borcunun ödənilməsi məqsədilə satılmasının tələb olunması əsassızdır.
7. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi həmin qərardan apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2-1(116)-2798/2024 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki İnzibati Məhkəməsinin qərarını, eləcə də qərarının əsası kimi istinad olunan dəlilləri əsassız sayırlar. Belə ki, Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli **********4 nömrəli qərarı ilə Cavabdeh MMC-nin mövcud olan borcunun ödənilməsini təmin etmək məqsədilə onun əmlakının siyahıya alınması qərara alınmışdır. - Cəmiyyətin əmlaklarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 39, yeni qaydalarla AZ6600, Yevlax şəhəri, Heydər Əliyev prospekti, 83 ünvanında yerləşən ümumi sahəsi 0,0426 hektar olan torpaq sahəsi xx.xx.2023-cü il tarixdə cəmiyyətin mülkiyyəti kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyata alınmışdır. Vergi Məcəlləsinin 89.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı siyahıya alına bildiyindən vergi ödəyicisinə yuxarıda qeyd olunmuş torpaq sahəsinin siyahıya alınma üçün təqdim edilməsi barədə **********703500 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilmiş, məktub da vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə oxunmasına baxmayaraq məktubda qeyd olunanlarla bağlı tədbirlər görülməmişdir. Belə ki, cəmiyyətin nümayəndəsi tərəfindən əmlakın siyahıya alınmaya təqdim edilməsi təmin edilməmişdir. Bu səbəbdən də, vergi orqanı tərəfindən 12 dekabr 2023-cü il tarixli **********4 nömrəli “Əmlakın siyahıya alınması haqqında” protokola əsasən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsində qeydiyyat nömrəsi ********** olan xx.xx.2023-cü il tarixdə qeydiyyatdan keçmiş 0.0426 hektar torpaq sahəsi siyahıya alınmışdır. - Cavabdehin məhkəməyə təqdim etdiyi alqı-satqı müqaviləsi və çıxarışa əsasən müəyyən olunur ki, cavabdeh Cəmiyyət tərəfindən siyahıya alınmış əmlak xx.xx.2023-cü il tarixdə, yəni əmlakın siyahıya alınmasından sonra özgəninkiləşdirilmişdir. Vergi Məcəlləsinin 89.11-ci maddəsinə əsasən vergi ödəyicisi siyahıya alınmış əmlakın satılması məqsədilə bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə birmənalı olaraq etibarsız sayılır. Belə olan halda da məhkəmənin həmin müqaviləyə istinad edərək vergi orqanının başqasının əmlakının satılması barədə məhkəmədə iddia qaldırdığını qeyd etməsi əsaslı sayıla bilməz. Belə ki, sözügedən alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız olduğundan həmin əmlak özgənin mülkiyyətinə keçə bilməz. Məhkəmə vergi qanunvericiliyinin müddəalarını pozmuş, vergi ödəyicisi tərəfindən də yol verilmiş pozuntulara legitimlik qazandırmışdır. Bu hal qəbulolunmaz olmaqla yanaşı, həm digər vergi ödəyicilərinin oxşar üsullardan istifadə edərək vergiləri ödəməkdən yayınmağına şərait yaratmış, həm də vergi ödəyicisinin vergi borclarının ödənilməsinin təmini üsullarından biri olan vergi ödəyicisinin əmlakının siyahıya alınması institutunun tətbiqinin səmərəsiz olmasına yol açmışdır. - İşin hallarından məlum olduğu kimi iş üzrə cavabdehə **********703500 nömrəli xx.xx.2023-cü il tarixli məktub göndərilərək, Yevlax şəhəri, Heydər Əliyev prospekti 83 ünvanda yerləşən 0,0426 ha torpaq sahəsinin siyahıya alınması məqsədilə xx.xx.2023cü il tarixdə saat 10:00-da Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (Ünvan: Bakı şəhəri Heydər Əliyev prospekti 181A) dəvət edilmişdir. Sözügedən məktub xx.xx.2023-cü il tarixdə saat 23:05:32-də Cavabdeh MMC (VÖEN: **********) tərəfindən oxunmuşdur. İş materiallarından da məlum olduğu kimi, vergi ödəyicisi əmlakının siyahıya alındığını bildiyi halda Vergi Məcəlləsinin və aidiyyəti qanunvericiliyin tələblərini pozaraq, siyahıya alınmış əmlakı özgəninkiləşdirmişdir. Məhkəmə Cavabdeh MMC (VÖEN: **********) tərəfindən əmlakın vergi orqanı tərəfindən siyahıya alınmasından sonra özgəninkiləşdirildiyi faktını öz qərarında qeyd etsə də, qanunamüvafiq tədbir görməmiş, xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməmişdir. Eyni zamanda yuxarıda da qeyd olunduğu kimi Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlak barədə bağladığı əqdlərin etibarsız olması səbəbindən məhkəmənin iddianı rədd etməsi əsassız olmuş və qanunvericiliyin tələbləri pozulmaqla qərar çıxarılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin izahatları
10. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər iştirak etməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi). Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 73.1. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
13. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər. 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. …. 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1 Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək …. Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: …. 23.1.15-1. Hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək. … Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. … Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 90.3. Vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5.000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. Vergi ödəyicisinin siyahıya alınmış əmlakı vergi orqanının sifarişinə əsasən elektron hərrac vasitəsi ilə də satıla bilər. Elektron hərracın təşkili və keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.
14. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydaları 6.10. siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir. Daşınar əmlakların operativ şəkildə müəyyən edilməsi məqsədilə vergi ödəyicisi barədə əlaqəli məlumatlar, hesabatlar, bəyannamə və keçirilmiş səyyar vergi yoxlaması məlumatları, dövlət orqanları və digər şəxslərdən əldə edilmiş məlumatlar, habelə digər mənbəyi bəlli məlumatlar əsas götürülür və bunun üçün aşağıdakı məlumatlardan (lakin bunlarla məhdudlaşmayan) istifadə edilir: 6.10.5. Vergi orqanında vergi ödəyicisinin mülkiyyətində olan əmlakları barədə məlumatlar. 6.19. əmlakın siyahıya alınma prosesində bir neçə mütəxəssis iştirak edirsə, Protokolun və Siyahının müvafiq sətirlərində prosesdə iştirak edən hər mütəxəssisin soyadı, adı, atasının adı qeyd edilir və Protokol ilə Siyahı hər bir mütəxəssis tərəfindən ayrıca imzalanır. Daşınmaz əmlak və nəqliyyat vasitəsi siyahıya alındıqda ona dair mülkiyyət hüququnu təsdiq edən sənədlər, tikilidə tikintiyə icazə verilməsi barədə sənədlər siyahıya almaya dair materiallara əlavə edilməlidir. 6.27. Malların götürülməsi haqqında protokol vergi orqanının vəzifəli şəxsləri, habelə vergi ödəyicisi (və ya onun nümayəndəsi), obyektin məsul şəxsi və müşahidəçilər tərəfindən imzalanır. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə həmin protokolda bu barədə müvafiq qeydlər edilir. Götürülmüş malların təhvil verilməsi bu Qaydalara Əlavə 15-də göstərilən formaya əsasən həyata keçrilir. Protokolda və Aktda vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlərin etibarsız hesab edilməsi və həmin əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə görə Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən məsuliyyət daşımağı barədə xəbərdar edildiyi qeyd edilir.
15. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 81.4. Maraqlı şəxs inzibati aktı onun üçün daha əlverişli olan qanuni üsul və vasitələrlə icra etməyə haqlıdır.
Apellyasiya şikayətinin mümkünlüyü
16. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
19. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
20. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
21. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh MMC 30 may 2007-ci il tarixdə əsas fəaliyyət sahəsi “məişət elektrik avadanlıqlarının təmiri” olmaqla hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir. Cavabdehin vergi ödəyicisi kimi 16 noyabr 2023-cü il tarixə dövlət büdcəsinə 30.973,45 manat borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədilə uçotda olduğu vergi orqanı kimi iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ona həmin tarixli bildiriş ünvanlamış, 24 noyabr 2023-cü il tarixdə isə dövlət büdcəsinə olan 30.974,21 manat məbləğində borcuna görə ona məxsus əmlakın siyahıya alınması barədə **********4 nömrəli qərar qəbul etmişdir. İddiaçı tərəfindən həmin qərar əsasında cavabdehə məxsus Yevlax şəhəri, H.Əliyev prospekti 83 (y/q 39) ünvanında yerləşən 31.098 manat dəyərində olan 426 kv.m torpaq sahəsi siyahıya alınmış və bu barədə 12 dekabr 2023-cü il tarixli **********4 nömrəli protokol tərtib edilmişdir.
22. Eyni zamanda, Cavabdeh MMC-nin mülkiyyətində olan Yevlax şəhəri, H.Əliyev prospekti 83 (y/q 39) ünvanında yerləşən 426 kv.m torpaq sahəsi 28 dekabr 2023-cü il tarixdə notarial qaydada təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1. X3 həmin torpaq sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 12 yanvar 2024-cü il tarixdə qeydiyyata alınmışdır.
23. Belə olan halda kollegiya qeyd edir ki, vergi ödəyicisi kimi hazırkı Cavabdeh MMC-nin dövlət büdcəsinə 30.974,21 manat məbləğində borcu olsa da, həmin borcun ödənilməsini təmin etmək məqsədilə onun 12 dekabr 2023-cü il tarixdə siyahıya alınmış əmlakı 28 dekabr 2023-cü il tarixdə, yəni məhkəmə icraatınadək özgəninkiləşdirilmişdir. Siyahıya alınmış əmlak kimi təqdim olunmuş torpaq sahəsi cavabdehə məxsus olmadığı halda, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 89 – 90-cı maddələrinə istinadən onun müvafiq borcun ödənilməsini təmin etmək məqsədilə başqa şəxsin əmlakı kimi satılması qanuna ziddir və məhkəmədə əvvəlki mülkiyyətçinin borcunun ödənilməsi məqsədilə satılmasının tələb olunması əsassızdır.
24. Kollegiya qeyd edir ki, iddiaçı tərəfindən siyahıya alınmış əmlak ilkin olaraq cavabdehə məxsus olsa da, alqı-satqı müqaviləsi əsasında həmin daşınmaz əmlakın mülkiyyətçisi dəyişilmiş və başqa fiziki şəxsin adına qeydiyyata alınmışdır. Hazırki halda iddiaçının siyahıya aldığı əmlak cavabdehə məxsus olmadığından, cavabdehin vergi borcuna görə siyahıya alınan və başqa şəxsə məxsus olan torpaq sahəsinin satılması qanuna uyğun deyil.
25. İddiaçının apellyasiya şikayətinin siyahıya alınmış əmlakın sonradan satılması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi, hazırkı halda iddiaçının siyahıya aldığı əmlak cavabdehin faktiki olaraq mülkiyyətində deyil. İddia təmin edilsə belə məhkəmə qərarı icra keyfiyyətinə malik olmayacaqdır.
26. Həmçinin iddiaçının “Cavabdeh MMC (VÖEN: **********) tərəfindən əmlakın vergi orqanı tərəfindən siyahıya alınmasından sonra özgəninkiləşdirildiyi faktını öz qərarında qeyd etsə də, qanunamüvafiq tədbir görməmiş, xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməmişdir” dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, iddiaçının 24 noyabr 2023-cü il tarixli qərarı əsasında cavabdehə məxsus Yevlax şəhəri, H.Əliyev prospekti 83 (y/q 39) ünvanında yerləşən 31.098 manat dəyərində olan 426 kv.m torpaq sahəsi siyahıya alınmış və bu barədə 12 dekabr 2023-cü il tarixli **********4 nömrəli protokol tərtib edilmiş, həmin protokol tərtib edilən zaman cavabdeh iştirak etməmiş, protokol cavabdeh tərəfindən imzalanmamış, protokolda vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlərin etibarsız hesab edilməsi və həmin əmlakın israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə görə Cinayət Məcəlləsinin 303cü maddəsinə əsasən məsuliyyət daşımağı barədə xəbərdar edildiyi qeyd edilsə də, cavabdehin bu barədə rəsmi qaydada məlumatlı olması iş materiallarından görünmür.
27. Hazırkı qərarın 14-cü bəndində qeyd edilən Azərbaycan Respublikası Vergilər Nazirliyinin əmri ilə təsdiq edilmiş "Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydalarının 6.10.5-ci bəndinə əsasən, siyahıya alma tədbiri ilə bağlı borclu vergi ödəyicisinin obyektinə getməzdən əvvəl siyahıya alınması üçün vergi ödəyicisinə məxsus daşınar və daşınmaz əmlaklar müəyyən edilir.
28. Həmin Qaydaların 6.31-ci bəndinə əsasən siyahıya alınmış əmlakı məsul saxlamaya təhvil alan şəxsə, vergi ödəyicisinin Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydanı pozaraq siyahıya alınmış əmlaka dair bağladığı əqdlərin etibarsız hesab edilməsi və ona təhvil verilmiş həmin əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə və dəyişdirilməsinə yol verdiyi təqdirdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən bu Qaydalara Əlavə 18-də nəzərdə tutulan forma üzrə xəbərdarlıq edilir.
29. Həmin Qaydaların 6.51-ci bəndinə əsasən Siyahıya alınmış əmlakların israf edilməsinə, özgəninkiləşdirilməsinə, gizlədilməsinə, dəyişdirilməsinə nəzarətin edilməsi əmlakı məsul saxlamaya verilmiş şəxsin iştirakı ilə (əmlakı məsul saxlamaya verilmiş şəxs iştirak etmədikdə müşahidəçilərin iştirakı 30 ilə) həyata keçirilməli, bu barədə əmlakın fotoşəkili də əlavə edilməklə Qaydaların 21 №-li Əlavəsinə əsasən forması müəyyən edilmiş akt tərtib edilərək vergi ödəyicisinin icraat vərəqəsinə işlənilməlidir.
30. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, birinci innstansiya məhkəməsinin qərarı yuxarıda qeyd olunan maddi və prosessual hüququ normalarının tələbləri baxımından qanuni və əsaslı hesab olunmalıdır.
31. Məhkəmə kollegiyası yuxarıda istinad olunan qanunvericilik normalarını və işin hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair iddiasını təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.
32. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.2, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası
Qərara aldı
İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli 2-1(116)-2798/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayətin verilmədiyi halda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.