Məhkəmə qərarları › İş №2-1(107)-24/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-24/2020

05.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-24/2020 05.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının hakimləri Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı və cavabdeh Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsinə qarşı xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx.xx.1955-ci il tarixdə Şəki şəhərində doğulmuşdur. O, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək fəhlə işləmiş, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1976-cı il tarixdən xx.xx.1983-cü il tarixədək 13 saylı X1 (PMK-13-də), xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixdən 7 nömrəli X11 (Promkombinatda), xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Şəki Su-Tikinti İdarəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.2004cü il tarixədək X11, xx.xx.2004-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Şəki X4nda ekskavator maşinisti və xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək “xxxx” Kiçik Müəssisəsində operator işləmişdir. İddiaçının qeyd olunan illərdə işləməsi adına açılmış xx.xx.1974-cü il tarixli əmək kitabçası, hərbi xidmətdə olması isə НЗ seriyalı ******* nömrəli hərbi biletlə öz təsdiqini tapır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan onun müraciətini xx.xx.2018-ci il tarixli 80/3-144 nömrəli məktubla cavablandıraraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısına əsasən onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yoxdur. Bununla razılaşmayan iddiaçı hazırkı iddianı irəli sürərək tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-xx.xx.1974, xx.xx.1976-xx.xx.1983, xx.xx.1983-xx.xx.2005, xx.xx.2010-xx.xx.2014-cü illərdə Şəki şəhərində yerləşən müxtəlif daş karxanalarında ekskavatorçu-maşınıst işləmişdir. O, güzəştli şərtlə pensiya təyin olunması üçün cavabdehə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. Bundan sonra İddiaçı Şəki İnzibаti-İqtisаdi Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxx 2018-ci il tаrixli, 2-1(84)-740/2018 saylı qərarı ilə (hаkim Rüfət Məcidov) iddia qismən təmin edilmiş, cavabdeh Dövlət Sosial Müdafiə Fondu Şəki şəhər şöbəsinin üzərinə İddiaçı xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin xx xxx 2018-ci il tаrixli, 2-1(84)-740/2018 saylı qərarından apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş və Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxx 2018-ci il tаrixli, 2-1(84)- 740/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayət qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilmiş və Şəki İnzibati-İqtisаdi Məhkəməsinin xx xxx 2018-ci il tаrixli, 2-1(84)-740/2018 saylı qərarı ləğv edilərək, iddia rədd edilmişdir. Bundan sonra İddiaçı Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx xxx 2019-cu il tarixli qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayət qismən təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ləğv edilərək, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya şikayətinin dəlilləri Apelyasiya şikаyəti onunlа əsаslаndırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 1.2.1-ci bəndinə əsasən açıqda dağ-mədən işləri və yer səthində işlər, ekskavator maşinistləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına daxildir. Mübahisə ilə bağlı istinad etdiyi əsas odur ki, "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" Siyahısında ekskavator maşinistlərinin "Dağ mədən işləri" bölməsində nəzərdə tutulmasıdır. Vətəndaşın işlədiyi peşənin xarakteri həmin bölmədəki peşələrin xarakterinə uyğun deyil. Baxmayaraq ki, peşələrin adları eynidir. Məhkəmə nəzərə almamışdır ki, iddiaçının işlədiyi peşə dağ-mədən işlərinə aid deyil. Məhkəmə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nı təfsir yolu ilə genişləndirə bilməz. Çünki həmin siyahıda konkret olaraq zərərli və ağır sahəyə aid peşələr və vəzifələr qeyd edilmişdir. Məhkəmə qeyd olunan halı nəzərə almamışdır. Vətəndaşın işlədiyi illər güzəştli iş stajı sayılmadığı üçün onun xüsusi iş stajı mövcud deyil. Ona görə də, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tаrixli, 2-1(84)-740/2018 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin nümayəndəsi X5 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tаrixli, 2-1(84)-740/2018 saylı qərarının ləğv edilməsini və iddiaçının iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tаrixli, 2- 1(84)-740/2018 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Sonradan iş üzrə cavabdeh qismində cəlb edilmiş Dövlət Sosial Müdafiə Fondunun X12 İdarəsinin nümayəndəsi məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. İcraat materialları Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasına təqdim olunmuş və məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin materiallara xx.xx.2010-cu il tarixli AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.1974-cü il tarixli əmək kitabçasının surəti, НЗ seriyalı ******* nömrəli hərbi biletin surəti, iddiaçı tərəfindən DSMF-nin Şəki şəhər şöbəsinə pensiya təyin edilməsi ilə bağlı ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizə, DSMF-nin Şəki şəhər şöbəsinin xx.xx.2018-ci il tarixli 80/3-144 nömrəli imtina məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad olunur. Əsaslandırma hissəsi: Cavabdehin apelyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının sosial təminat almaq hüququnu pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddiadır. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, inzibati orqanın isə onun tələbini təmin etməməsi və ya qanunla müəyyən edilmiş müddət ərzində müraciətini cavablandırmamasıdır. İddiaçı pensiya təyin edilməsi ilə bağlı əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Apelyasiya şikayəti vaxtında, birinci instansiya məhkəməsinin qərarı cavabdehə təqdim olundugu gündən İPM-in 85.1-ci maddəsində müəyyən edilmiş 30 gün müddətində verilmiş, İPM-in 85.1-ci, 85.2 -ci və 85.3-cü maddələrinə uyğun olaraq şikayət formal baxımından lazımi qaydada əsaslandırılmış, əsaslandırma hissəsində cavabdehin tələbi göstərilmişdir. İddia, həmçinin qismən əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən əmək pensiyaları haqqında qanun qüvvəyə mindiyi xx.xx.2006-ci il tarixədək pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndində qeyd edilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qaydalara əsasən, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. “X3 haqqında” Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa əmək şəraitinə görə güzəştli pensiya hüququna malikdirlər. «X3 haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 1-ci Dağ-mədən işləri bölməsinin, Açıqda dağ-mədən işləri və yer səthində işlər yarımbəndində ekskavator maşinistlərinin peşəsi əmək şəraitinə görə güzəştli pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuş və 56.6 yaşı xx.xx.2011-ci il tarixdə tamam olmuşdur. İddiaçı xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi (xx.xx.1973-xx.xx.1974, xx.xx.1974-xx.xx.1976, xx.xx.1976xx.xx.1983, xx.xx.1983-xx.xx.2005) və 20 ildən artıq xüsusi (xx.xx.1976-xx.xx.1983, xx.xx.1983xx.xx.2005) sığorta stajına malik olmuşdur ki, bu da iddiaçıya X3 haqqında Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə pensiya təyin edilməsinə əsas verir. Belə ki, iddiaçı xx.xx.2006-cı il tarixədək həm 25 il ümumi həm də 12 il 6 ay xüsusi sığorta stajını tamamlamışdır. İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur ki, şərh olunan qanunvericiliyin tələbləri baxımından onun pensiya hüququ 56,5 yaşı tamam olduğu xx.xx.2011-ci il tarixdə yaranmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilənlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 1-ci Dağ-mədən işləri bölməsinin, Açıqda dağ-mədən işləri və yer səthində işlər yarımbəndində ekskavator maşinistlərinin peşəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 1.2.1-ci bəndinə əsasən açıqda dağ-mədən işləri və yer səthində işlər, ekskavator maşinistlərinin peşəsinin göstərilməsi, iddiaçının işlədiyi ekskvatormaşinist peşəsinin isə həmin Siyahıda nəzərdə tutulmaması bu sahədə işləyən şəxslərin həmin kateqoriyaya, yəni dağ-mədən işlərinə aid olmaması anlamına gətirib çıxarmamalıdır. Əks yanaşma sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Başqa sözlə, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi, belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəməm təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik "anlaşıqlı", "aydın" və "proqnozlaşdırıla bilən" olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən "qanunla nəzərdə tutulmuş" ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün "çatımlı" olmalı və onun nəticələrini "öncədən görmək" mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, "öncədən görmək" mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Göründüyü kimi, bərabərlik prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx xxxxxx 2014-cü il tarixli qərarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqeyi ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə xx xxxx 2012-ci il tarixli qərar, §§ 85-86). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, Şahin Almaniyaya qarşı iş üzrə qərarında belə nəticəyə gəlmişdir ki, nikahdan doğulmuş uşaqların boşanmış atalarının vəziyyəti ilə nikahdan kənar doğulmuş uşaqlarının atalarının vəziyyətinin (uşaqla görüş barədə) fərqli tənzimlənməsi nikahdan kənar doğulmuş uşaqlarının atalarını fərqli, əlerişsiz vəziyyətdə qoyur. Fərqli rəftarın Konvensiyaya uyğun hesab edilməsi üçün olduqca tutarlı səbəblər irəli sürülməlidir. Belə səbəblər yoxdursa, Konvensiyanın 14-cü maddəsi pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8 və “X3 haqqında” Qanunun 13-cü maddələrinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırki iş üzrə sonuncu qərarında olan mövqeyinə uyğu məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının pensiya yaşının xx.xx.2010-cu il tarixdə tamam olması ilə bağlı dəlilləri əsassız olmuşdur. Belə ki, şərh olunduğu kimi «X3 haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx xxxx 1997-ciil tarixli Qanununun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Belə olan halda iddiaçının pensiya yaşı onun 55 yaşının tamam olduğu xx.xx.2010-cu il tarixdə deyil, sonuncunun 56,6 yaşı tamam olduğu xx.xx.2011-ci il tarixdə tamam olmuşdur. Lakin məhkəmə kollegiyası qeyd edir ki, bu hal birinci instansiya məhkəməsinin qərarınnın ləğvi üçün əsas deyildir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının pensiya yaşının tamam olduğu tarixə münasibətdə səhvə yol versə də iddiaçıya pensiya təyin edilməsi öhdəliyini cavabdehin üzərinə həmin tarixdən deyil, xx.xx.2015-ci il tarixdən qoymuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının pensiya təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2018-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçı tərəfindən ona pensiya təyin edilməsi tarixinə münasibətdə apelyasiya şikayəti verilmədiyindən, cavabdeh tərəfindən isə iddianın təmin olunan hissəsinə münasibətdə apelyasiya şikayəti verildiyindən hazırki məhkəmə tərəfindən iddiaçıya pensiya təyin edilməsi tarixinə deyil, iddiaçının gözəştli şərtlərlə pensiya təyin edilməsi üçün xüsusi sığorta stajının olmaması ilə bağlı cavabdehin dəlillərinə hüquqi qiymət verilməlidir. Belə ki, apelyasiya məhkəməsi şikayət həddində tam hüquqlu məhkəmə kimi apelyasiya icraatını həyata keçirən məhkəmədir. Cavabdehin apelyasiya şikayətinin dəlillərinə münasibətdə iddia tərəfindən məhkəməyə təqdim olunan “X4” ASC-nin arayışından müəyyən edilmişdir ki, İddiaçı “X14 7” (Şəki Promkombinat 7) müəssisəsinə xx.xx.1983-ci ildə “ekskovatorçu maşinist” vəzifəsinə qəbul edilmiş və xx.xx.2005-ci il tarixədək həmin vəzifədə çalışmışdır. Müəssisə həmin illərdə yer səthində “daş karxanası” kimi fəaliyyət göstərmişdir. Belə ki, müəssisə Şəki şəhərində Kiş çayı sahilində fəaliyyət göstərmiş və əsas fəaliyyəti tikinti materialları olaraq qum-çınqıl istehsalı olmuşdur. Belə ki, Kiş çay hövzəsindən irili-xırdalı xammal materialları götürülmüş, daşınaraq, karxanada üyüdülmüş, yuyucu cihazlar vasitəsi ilə çeşidlənərək satışı həyata keçirilmişdir. Nəticədə Kiş çay hövzəsi təmizlənərək aşağı salınmışdır. İddiaçı Kiş çayından xammalın yığılması, üyüdülmüş müxtəlif ölçülü daşların yüklənilməsi ilə bağlı işlər görmüşdür. “X14 7” (Şəki Promkombinat 7) xx.xx.2004-cüil tarixdə adı dəyişdirilərək “X4” ASC adlandırılmışdir. X6 xx.xx.2005-ci il tarixli, 46 nömrəli əmrlə işdən azad edilmişdir. Göründüyü kimi, iddiaçının faktiki həyata keçirdiyi iş və işlədiyi iş yerinin işi güzəştli şərtlərlə pensiya hüququ verən istehsalat və peşələrə aiddir ki, iddiaçı buna görə pensiya hüququna malikdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 1-ci Dağ-mədən işləri bölməsinin, Açıqda dağ-mədən işləri və yer səthində işlər yarımbəndində ekskavator maşinistlərinin peşəsi əmək şəraitinə görə güzəştli pensiya hüququ verən peşə kimi nəzərdə tutulmuşdur. Beləliklə şərh olunanlara əsasən məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız, iddiaçının tələbi isə qanuni və əsaslı olduğundan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçıya pensiya təyin edilməli olması ilə bağlı dəlilləri haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tаrixli, 2-1(84)-740/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsi (AZ-5500, Şəki Şəhəri, Salman Mümtaz küçəsi) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ-1025, Bаkı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar