Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-24/2021 12.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialına qarşı “1959-1962 və 1966-1997-ci illərdə Qax rayonu İlisu kənd “Kirov” adına kolxozda işlədiyi 30 il 2 ay müddətin sosial sığorta stajına daxil edilməsi və pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-128/2020 nömrəli qərarından cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mubahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.1962-xx.xx.1966-cı illərdə hərbidə qulluq etdiyi illərin, xx.xx.1968xx.xx.1971-ci illərdə X2 Texnikumunda əyani təhsil aldığı illərin və 1973-cü ildən 1985-ci ilədək Qax rayonu İlisu kənd “Kirov” adına kolxozda baytar işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.1942-ci il tarixdə Qax rayon İlisu kəndində anadan olmuşdur. Hal-hazırda cavabdeh orqandan pensiya alır. Ona pensiya təyin edilərkən onun 1959-1997-ci illərdə İlisu kənd kolxozundakı əmək stajı, 1962-1966-cı illərdəki həqiqi hərbi xidmətdə olduğu müddət və 1968-1971-ci illərdə Zaqatala rayonunda kənd təsərrüfatı texnikumunda əyani təhsil aldığı müddət nəzərə alınmamışdır. Bununla bağlı o, cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətdən imtina etmişdir. İddiaçı keçirilən birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “1959-1962 və 1966-1997-ci illərdə Qax rayonu İlisu kənd “Kirov” adına kolxozda işlədiyi 30 il 2 ay müddətin sosial sığorta stajına daxil edilməsi və pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, vətəndaşın müraciətinə şöbənin pensiya sektorunda baxılmış, sosial sığorta stajı 02 il ay 26 gün əyani təhsil aldığı dövr, 03 il 01 ay 26 gün hərbi xidmətdə olduğu müddət və Qax rayon Dövlət Arxivindən verilmiş xx.xx.2018-ci il tarixli 71 nömrəli arayış üzrə hesablanan 24 il 11 ay kolxozdakı fəaliyyəti nəzərə alınmaqla ümumilikdə 30 il 06 ay 22 gün müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 26.3-1. maddəsinə əsasən əmək pensiyalarının xx xxxx 2011-ci il tarixdən yenidən hesablanması zamanı vətəndaşın pensiya işindəki staj məlumatları əsasında pensiyası 32 il sosial sığorta stajı nəzərə alınmaqla hesablandığından, şöbənin əmək pensiyası təyin edən komissiyasının xx xxx 2018-ci il tarixli qərarı ilə mövcud pensiya məbləği yenidən hesablanma nəticəsində müəyyən olunan pensiya məbləğindən yuxarı olduğuna görə əvvəlki pensiya məbləği saxlanılmış və bu barədə vətəndaşa ətraflı məlumat verilmişdir. İddiaçı xx xxxxxx 2019-cu il tarixdə yenidən Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə Qax rayon Dövlət Arxivinin xx xxxxx 2019-cu il tarixli 86/1 nömrəli arayışını təqdim edərək 1959-cu il tarixdən 1961-ci il tarixə, 1962-ci il tarixdən 1966-cı il tarixə və 1966-cı il tarixdən 1997-ci il tarixədək Qax rayonunun S.M.Kirov adına kolxozunda işlədiyi illərin sosial sığorta stajının müəyyən olunması zamanı nəzərə alınaraq pensiyasının yenidən hesablanması üçün müraciət etmişdir. Müraciətinə baxılıqdan sonra vətəndaşa, mövcud qanunvericiliyin tələblərinə görə əmək stajının şəxsin əmək kitabçası əsasında müəyyən olunduğu, pensiyanın yenidən hesablanması üçün Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsinə etdiyi əvvəlki müraciətində də əmək fəaliyyəti haqqında sənədin əmək kitabçası hesab edildiyi, Qax rayon Dövlət Arxivinin xx xxxxx 2019-cu il tarixli 86/1 nömrəli arayışında Qax rayon Dövlət Arxivində saxlanılan İlisu kəndinin S.M.Kirov adına kolxozun staj kitablarında soyadının ilyasov, Yusifov, adının isə Vəlyəddin qeyd edildiyi üçün həmin illər üzrə sosial sığorta stajının məhkəmənin qərarından sonra nəzərə alınmasının mümkünlüyü barədə şöbənin xx xxxxxx 2019-cu il tarixli **********3 nömrəli məktubu ilə iddiaçıya məlumat verilmişdir. Bildirilir ki, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemində (PAS) İddiaçı hesablanan 209,24 manat məbləğində əmək pensiyası vətəndaşın qəbul edilən 32 il sosial sığorta stajı nəzərə alınmaqla müəyyən olunmuşdur. Cavabdeh orqan həmçinin bildirir ki, araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyasının hesablanması zamanı vətəndaşın sosial sığorta stajı 1959-cu ildən 1962-ci ilə və 1966-cı ildən 1997-ci ilə kimi Qax rayonunun İlisu kəndi S.M. Kirov adına kolxozdakı fəaliyyətinə dair “İlisu” İstehsal Kooperativinin arayışı əsasında hesablanan 28 il 11 ay və 03 il 01 ay xx.xx.1962-ci ildən xx.xx.1965-ci ilədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla ümumilikdə 32 il hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş İddiaçı pensiya işindən götürülmüş Qax rayonunun İlisu kəndi S.M Kirov adına kolxozundakı fəaliyyətinə dair “İlisu” İstehsal Kooperativinin arayışındakı məlumatlarla Qax rayon Dövlət Arxivindən verilmiş arayışda qeyd edilən məlumatlar arasındakı uyğunsuzluqlarla bağlı bildirilir ki, iddiaçının 1960-cı ildə kolxozdakı fəaliyyəti barədə məlumatlar kolxozun tələbələr üçün tərtib edilmiş hesablaşma kitabında qeyd edildiyindən Qax rayon Dövlət Arxivinin verdiyi xx xxxxxxx 2018-ci il tarixli 270 nömrəli arayışında həmin il üçün məlumat qeyd edilməmişdir. Bundan başqa “İlisu” İstehsal Kooperativinin arayışında həmin ictimai təsərrüfatda 1966,1967,1968 və 1969-cu illərdə minimum əmək iştirakı normasının 300 gün, 1970,1971,1972,1973 və 1974-cü illərdə 270 gün olduğu qeyd edilmişdir. Qax rayon Dövlət Arxivində saxlanılan Qax rayonunun İlisu kəndi S.M.Kirov adına kolxozun kolxozçuların əmək stajı və qazancının uçot kitabında (Fond №38, siyahı №2, saxlanma vahidi №398) 1973-cü və 1974-cü illər üçün il ərzində müəyyən edilmiş minimum adam günü norması 250 gün qeyd edildiyindən Qax rayon Dövlət Arxivi həmin illərdə müəyyən edilmiş minimum adam günü normasını həmin kitabdakı məlumatlara uyğun olaraq qeyd etmişdir. Bildirilir ki, qanunvericiliyə uyğun olaraq vətəndaşların kolxozdakı əmək fəaliyyəti 1965-ci ilə qədər olan müddət üçün həmin ictimai təsərrüfatda müəyyən edilmiş minimum əmək iştirakı normasından asılı olmayaraq tam həcmdə nəzərə alınır. xx xxxxxx 1966-cı ildən sonra isə il ərzində tələb olunan əmək iştirakı norması yerinə yetirilmədikdə işlənilən müddətə uyğun olaraq hesablanır. Tələb olunan minimum əmək iştirakı norması müxtəlif olduqda isə hər il üzrə faktik əmək stajı ayrı-ayrılıqda hesablanıb sonra toplanmaqla müəyyən edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəbdən yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İddiaçı 03 il 01 ay 26 gün, xx.xx.1962-ci il tarixdən xx.xx.1965-cı il tarixədək hərbi xidmətdə olduğu müddət, 02 il 05 ay 26 gün, xx.xx.1968ci il tarixdən xx.xx.1971-ci il tarixədək X2 Texnikumunda əyani təhsil aldığı və mübahisələndirilən 30 il 02 ay, 1959- 1962 və 1966-1997-ci illərdə Qax rayonunun S.M. Kirov adına kolxozunda işlədiyi dövrlər məhkəmənin qərarına əsasən vətəndaşın sosial sığorta stajına daxil edildiyi halda sosial sığorta stajı ümumilikdə 35 il 09 ay 22 gün müəyyən edilə bilər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 71 nömrəli Arxiv arayışından müəyyən edilir ki, İlyasov, Yusifov, İmamsəddin 1969-1997-ci illərdə Qax rayon ilisu kənd “Kirov” adına kolxozda işləmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 89 nömrəli arayışından müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci il tarixdən xx.xx.1965-ci il tarixədək Sovet ordusunda xidmət etmişdir. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 270 nömrəli və xx.xx.2019-cu il tarixli 86/1 nömrəli arxiv arayışlarından müəyyən edilir ki, İlyasov, Yusifov, Vəliyəddın İmamsəddin 1959,1961,1962, 1966-1997-ci illərdə Qax rayon ilisu kənd “Kirov” adına kolxozda işləmişdir. İş materiallarında olan Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(024)231/2019 nömrəli qətnaməsindən müəyyən edilir ki, iddiaçı arxiv arayışlarında ad və soyadının fərqli qeyd edildiyi üçün məhkəmədən İddiaçı ilə X1 eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(024)-231/2019 nömrəli Qətnaməsi ilə ərizə təmin edilmiş və İddiaçı ilə X1 eyni şəxs olması faktı müəyyən edilmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı xx.xx.1962-ci il tarixdən xx.xx.1965-cı il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1968-ci il tarixdən xx.xx.1971-ci il tarixədək X2 Texnikumunda əyani təhsil aldığı və 1959-cu il tarixdən 1961-ci il tarixə, 1962-ci il tarixdən 1966-cı il tarixə və 1967-ci il tarixdən 1997-ci il tarixədək Qax rayonunun S.M. Kirov adına kolxozunda işlədiyi dövrlər məhkəmənin qərarına əsasən vətəndaşın sosial sığorta stajına daxil edildiyi halda sosial sığorta stajı 35 il 22 gün hesablanmaqla həmin staj göstəricisinə görə qanunvericiliyə əsasən yenidən hesablanan pensiyanın məbləği 217,81 manat məbləğində müəyyən oluna bilər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Akt”lardan müəyyən edilir ki, iddiaçının sığorta stajına daxil edilən əmək stajı yerində qarşılıqlı yoxlanılmış və İddiaçı Qax rayon İlisu kənd “Kirov” kolxozunda 1959-1962 və 1966-1997-ci illərdə işləməsi faktı təsdiq edilmişdir. İddiaçının tələbinə dair sənədlər birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2019-cu il tarixli **********3 nömrəli imtina məktubu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 89 nömrəli arayışı, Qax rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli 71 nömrəli, xx.xx.2018ci il tarixli 270 nömrəli və xx.xx.2019-cu il tarixli 86/1 nömrəli arxiv arayışları, cavabdehin xx.xx.2019cu il tarixli **********6 nömrəli məktubu, Qax rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(024)-231/2019 nömrəli Qətnaməsi, cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu və ona əlavə edilmiş iddiaçının pensiya işinin təsdiq edilmiş surəti, cavabdehin xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubu, xx.xx.2020-ci il tarixli “Akt”lar aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxxxxxxx 2020-ci il tarixli 2- 1(116)-128/2020 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının üzərinə İddiaçı 1959-1962 və 1966-1997-ci illərdə Qax rayonu İlisu kənd “Kirov” adına kolxozda işlədiyi 30 il 2 ay müddətin sosial sığorta stajına daxil edilməsi və pensiyasının yenidən hesablanması öyhdəliyinin qoyulması qərara alınmışdır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mubahisələri ilə iş üzrə Mərkəzi filialı apellyasiya şikayəti verərək Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-128/2020 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 2- 1(116)-128/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini zəruri hesab edirik. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair apellyasiya şikayətimizi təqdim edirik. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stjaına daxil eilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1 -ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə bilrlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Yuxarıda göstərilən xüsusatlardan çıxış edərək İddiaçı sığorta stajına daxil etmək istədiyi 1959-1962 və 1966-1997-ci illərdə Qax rayonu İlusu kənd “Kirov” adına kolxozda işlədiyi illər məhz arxiv arayışı ilə müəyyən olunduğundan və əmək kitabçasında əks olunmadığından qanunsuz və əsassızdır. Məhkəmədən, qərar qəbul edərkən yuxarıda qeyd olunanları nəzərə alınmasını və “arxiv arayışları əsasında iddiaçının 1959-1962 və 1966-1997-ci illərdə Qax rayonu ilusu kənd “Kirov” adına kolxozda işlədiyi illərin sığorta stajına əlavə edilməməsini”, eyni zamanda Şəki İnzibati Məhkəməsinin 2-1(116)-128/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş edirik. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Məhkəmə Mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-128/2020 nömrəli iş üzrə qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Cavabdehin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-128/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddia həmçinin əsaslıdır. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, Qax Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(024)231/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, arxiv arayışlarında adı və soyadı İlyasov Vəlyəddin olan şəxs İddiaçı ilə eynidir. İddiaçı ona təyin edilmiş əmək pensiyasının onun hərbi xidmət, əyani təhsil və kolxozdakı iş illərinin sosial sığorta stajına daxil edilərək yenidən hesablanması məqsədi ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının tələbində qeyd etdiyi kolxozda iş illərinin onun əmək kitabçasında qeyd edilmədiyini, arxiv arayışlarında isə soyadı və adının fərqli qeyd olunduğunu, xx.xx.2018-ci il tarixli **********6 nömrəli məktubla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 21-ci maddəsi ilə əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsinin nəzərdə tutulmadığını əsas gətirərək pensiyanın yenidən hesablanmasından imtina etmiş və beləliklə də, tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə araşdırması zamanı cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktubdan müəyyən edilir ki, cavabdeh orqan iddiaçının 1959-1962 və 1966-1997-ci illərdə kolxozda işlədiyi 30 il 2 ay dövrü mübahisələndirir ki, bu hal da iş materiallarında olan arxiv arayışlarına əsasən öz təsdiqini tapmışdır. Qeyd olunan dövr iddiaçının sosial sığorta stajına əlavə edildiyi təqdirdə onun cəmi sığorta stajı 35 il 9 ay 22 gün təşkil edəcəkdir. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. x xxxxxx 2006-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün yetərli deyildir, onа görə də, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mubahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-1(116)-128/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(107)-24/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-24/2021
12.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver