Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-24/2024 16.11.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Tahirov Zamin Cəbrayıl oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Yevlax Rayon Havarlı Bələdiyyəsi) “iddiaçının mülkiyyətinə verilmiş, bələdiyyə tərəfindən xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş yerquruluşu planında göstərilən torpaq sahəsinə X3 adına verilmiş torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibаti iş üzrə Şəki İnzibati Məhkəməsinin 8 avqust 2023-cü il tarixli, 2- 1(116)-245/2023 nömrəli qərarından üçüncü şəxslər X10, X13, X6 tərəfindən verilmiş apellyasiya şikаyətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddia ərizəsinə əsasən iddiaçı Yevlax rayonu Havarlı Bələdiyyəsinin 06 iyun 2006cı il tarixli, 69 saylı qərarı ilə Havarlı Bələdiyyə mülkiyyətinin alqı-satqı predmeti olan torpaq sahəsindən 0.10 ha torpaq sahəsini satın almışdır. Həmin vaxt torpağın dəyəri ödənilmişdir. Həmin gün torpaq sahəsinin yerquruluşu planı tərtib olunmaqla yeri göstərilmişdir. 27 noyabr 2011-ci il tarixdə həmin torpaq sahəsinə plan-ölçü sənədi verilmişdir. 2019-cu ildə orada tikinti işləri aparmaq istəyərkən Yevlax rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və tikinti şöbəsinə müraciət oradan hər hansı yeraltı və yerüstü kommunikasiya xətlərinin keçirilməməsi, tikinti işlərinin aparılmasının məqsədəmüvafiq olması barədə rəy almışdır. İddiaçı cavabdehə satın aldığı torpaq sahəsi üzərində hüquqlarının qeydə alınması ilə bağlı müraciət etmişdir. İddiaçının bu məktubuna da cavabdeh tərəfindən imtina verilmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir.
2. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1792/2022 nömrəli qərardadı ilə Yevlax rayonu Havarlı Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
3. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1792/2022 nömrəli qərardadı ilə X13, X6, X8 və X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər.
4. Cavabdeh iddianı qəbul etməmiş və iddiaya qarşı xx.xx.2022-ci il tarixli **********54 nömrəli etirazında bildirmişdir ki, iddiaçının sənəd üzrə istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür.Bu barədə iddiaçıya izah olunaraq bildirildi ki, iddia etdiyi torpaq sahəsinə X3 adına plan-ölçü sənədi tərtib olunmuşdur.
5. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
6. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxslərin vəkili və üçüncü şəxslər izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin (hakim Fəxri Hacızadə) 8 avqust 2023-cü il tarixli, 2- 1(116)-245/2023 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
8. Üçüncü şəxslər X10, X13, X6 həmin qərardan apellyasiya şikayəti vermişlər.
9. Şəki Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə 2-1(107)-554/2023 nömrəli inzibati iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmiş, iş üzrə rəy alınanadək inzibati işin icraatı dayandırılmışdır.
10. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Məhkəmə Ekspertizаsı Mərkəzinin rəyi məhkəmə kollegiyasına daxil olduğundan iş üzrə icraat təzələnmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ
11. Üçüncü şəxslər X10, X13, X6 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, Şəki İnzibati Məhkəməsi qeyri-obyektiv araşdırma aparmışdır. Tərəflərindən bu barədə məhkəməyə rəsmi vəsatətlər verilib. Torpaq sahəsini ataları İlham İbrahimov qanuni əsaslarla əldə edib. Havarlı bələdiyyəsinə müraciət edilərək bu barədə bələdiyyə qərarı, alqı-satqı müqaviləsi tərtib edilmişdir. Yerləri müəyyən edilmiş, atasının adına rəsmi çıxarış verilmişdir. Məhkəmədə dedikləri kimi həmin yerin dörd bir tərəfi hasarlanmış, hətta ağac əkilmişdir. Məsələ ondan ibarətdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin məmuru tərəfindən həmin yerin baş hissəsinə bacısının adına sənəd tərtib edilərək salınmış, nəticədə dağ tərəfdən Yevlax-Mingəçevir şossesinə qədər düz xətt boyu ora salınmış 7 ailə sürüşdürülərək digər şəxsi də, yəni hazırkı iddiaçını da, onların torpaqlarının üzərinə sürüşdürmüşlər. Prosesdə Yevlax rayon Havarlı bələdiyyəsinin sədri iştirak edərək həmin torpaq sahəsinin baş hissəsinə bələdiyyə qərarı olmadan reyestrin əməkdaşı tərəfindən sənəd tərtib edilib. Salınmış şəxsin adına elan edilib. Halbuki bu şəxsin necə, hansı əsaslarla Havarlı bələdiyyə torpağına salındığı ciddi şübhələr yaradır. Onları 17 saylı Ərazi İdarəsinin rəhbəri və vəzifəli şəxsləri qəbul ediblər. Onlara şikayət etməməkləri üçün pul və həmin yerdən kənarda torpaq verilməsini vəd ediblər. Onlar razılaşmamışlar. Atalarının torpaq sahəsinin bu cür çirkli üsullarla ələ keçirilməsini qəbul edə bilməzdilər. Yevlax rayon Prokurorluğunda onların şikayətləri əsasında uzun müddət cinayət işinin başlanması müəyyən edilsə də, bu işdə təqsirli şəxslər olsa da, iş sonradan hansı məcaraya getdiyini bilmirlər. Onlar Apellyasiya Məhkəməsində Havarlı bələdiyyəsinin iştirak etməsini istəyirlər. Onun bu barədə mövqeyi çıxarılan qərarda əks edilmədiyindən yenidən onun iştirakına xüsusi zərurət vardır. Bundan başqa qeyd edilən halları məhkəmə araşdırmaq üçün 17 saylı Ərazi İdarəsinin məktubuna istinad edərək qərarını formalaşdırmışdır. 17 saylı Ərazi İdarəsi işdə cavabdehdir. Eyni ilə mübahisə ilə bağlı məhkəməyə zəruri rəyi xarakterizə edən sənədlər təqdim edib. Məhkəmə isə işin obyektiv həlli üçün işdə marağı olmayan mütəxəssis və ekspert rəyindən istifadə etməmişdir. Verilən məlumatlar qəti deyil. Çünki bu idarənin yəni cavabdehin təqsiri səbəbindən onlar mülkiyyətləri ilə bağlı ciddi problemlərlə üzləşirlər. Məhkəmə işin hallarını araşdırmaq üçün bu işə marağı olan onların maraqları əleyhinə mövqedə olan cavabdehin 17 saylı Ərazi İdarəsinin mövqeyinə istinad edib. Hazırkı ədalətsiz bir qərarı qəbul etmişdir. Ona görə də onlar bütün bunlarla razılaşmırlar. Odur ki, Şəki İnzibati Məhkəməsinin 8 avqust 2023-cü il tarixli, 2-1(116)-245/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.
TƏRƏFLƏRİN İZAHATLARİ
12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxslər X10, X13, X6 və onların vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 8 avqust 2023-cü il tarixli, 2-1(116)-245/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişlər.
13. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin 8 avqust 2023cü il tarixli, 2-1(116)-245/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
14. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi X14 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs Yevlax rayon Havarlı bəldiyyəsinin nümayəndəsi X11 qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının hazırkı iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı, üçüncü şəxs Yevlax rayon Havarlı bəldiyyəsinin nümayəndəsi, üçüncü şəxs, X8, digər üçüncü şəxslər X10, X13, X6 və onların vəkili Vəkil2 iştirak etməmiş, Vəkil2 teleqram ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).
18. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Cavabdehin xx.xx.2022-сi il tarixli məktubundan görünür ki, iddiaçının ilkin tələbinin icrasından imtina olunmuşdur. - Yevlax rayonu Havarlı Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 69 nömrəli qərarından görünür ki, 0.10 ha torpaq sahəsi iddiaçıya satılmışdır. - xx.xx.2021-ci il tarixli “Vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, X10, X6, X13, X1 İlham Əbülfət oğlunun vərəsələridir. - A seriyalı 402863 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi. - A seriyalı 715943 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”. - X3 adına verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış. - X3 adına verilmiş xx.xx.2022-ci il tarixli AN715943 nömrəli Torpaq sahəsinin planı və ölçüsü. - Həmin sənədin verilməsinə əsas olan cavabdeh inzibati orqanın nümayənədisinin iştirakı ilə tərtib edilən xx.xx.2022-ci il tarixli Akt. - Cavabdehin xx.xx.2022-сi il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi. - Cavabdehin xx.xx.2022-сi il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyi. - Yevlax rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar. - Yevlax rayon Havarlı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubu; - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçının adına tərtib edilmiş A seriyalı 402863 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi elektron baza xəritəsində qeyd edilmiş, X3 adına plan-ölçü sənədi tərtib edilməmiş və qeydə alınmamışdır. - Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu. - Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4678 nömrəli rəyində qeyd edilmişdir ki: 1. Mübahisəli torpaq sahəsi İddiaçı verilmiş plan-ölçü sənədlərində göstərilən koordinatlarla üst-üstə düşür. 2. Həmçinin mübahisəli torpaq sahəsi mərhum X5 verilmiş plan-ölçü sənədlərində göstərilən koordinatlarla üst-üstə düşür. 3. İddiaçı DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən koordinatlarla X5 verilmiş plan-ölçü sənədində göstərilən koordinatlar üst-üstə düşür. 4. İddiaçı və X3 plan-ölçü sənədlərində göstərilən koordinatlar və tərəflərin naturada göstərdiyi, həmçinin iddia etdikləri torpaq sahəsinin üst-üstə düşməsinin səbəbi, Yevlax rayonu, Havarlı Bələdiyyəsi tərəfindən X5 ayrılmış torpaq sahəsinin sxemində (ilkin torpaqayırma sənədləri) torpaq sahəsinin dəqiq ölçüləri, koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, X3 naturada göstərdiyi yerə əsasən tərtib olunmuş müayinə aktına və təsbit edilmiş torpaq sahəsinin koordinatlarına uyğun olaraq 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar elektron məlumat bazası ilə yoxlanılan zaman məlum olmuşdur ki, X3 adına verilmiş ‘Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar ilə İddiaçı DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlarla üst-üstə düşür.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə İPM-in 110.1.Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 1.0.4. Qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu 6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir: (-); 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. Maddə 7. Daşınmaz əmlakın texniki göstəriciləri və ünvanı 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 16. Dövlət reyestrində düzəlişlər (-). 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
21. Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 139-cu maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
23. Üçüncü şəxslərin apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.
24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.
25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2015ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək Xidmətin vəzifəsidir.
29. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanına əsasən torpaqlara dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) tərəfindən verilən torpaq sahəsinin planı və ölçüsü (bundan sonra - plan və ölçü) təsvir edilir.
30. Fərman da deyilir ki, plan və ölçü ciddi hesabat sənədidir, onun bir hərfdən ibarət seriyası və altı rəqəmdən ibarət nömrəsi olur. Həmin sənəddə torpaq sahəsinin kadastr göstəriciləri, o cümlədən torpaq sahəsinin qaiməsi (sertifikatı),torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr,torpaq sahələri üzrə rəqəmli (elektron) kadastr xəritəsindən çıxarış və eyniləşdirməyə imkan verən digər zəruri əlamətlər öz əksini tapır.
31. Məhkəmə kollegiyasının araşdırması ilə müəyyən olunur ki, iddiaçıya Yevlax rayonu Havarlı Bələdiyyəsinin 06 iyun 2006-cı il tarixli, 69 saylı qərarı ilə 1000 kv m torpaq sahəsi ayrılmış, qanuna müvafiq qaydada alqı-satqı aparılmışdır. Həmin torpaq sahəsinin texniki göstəricilərini müəyyən edən sənəd - A seriyalı 402863 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilərək elektron baza məlumatlarına daxil edilmişdir. İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlə bağlı müraciəti əsnasında müəyyən edilmişdir ki, həmin koordinatlara mərhum X3 adına xx.xx.2022-ci il tarixli AN715943 nömrəli Torpaq sahəsinin planı və ölçüsü hazırlanmışdır. Sonuncu sənədin iddiaçıya ayrılan torpaq sahəsinin koordinatlarına uyğun tərtib edilməsinə əsas verən ilkin hüquqmüəyyənedici sənədin mövcud olmadığı, yalnız cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı ilə tərtib edilən xx.xx.2022-ci il tarixli Akt əsasında sənəd tərtib olunduğu müəəyən edilmişdir. Sözügedən aktın tərtibinin hər hansı hüquqi əsası olmadığından aktın tərtibi və mərhum İ.İbrahimovun adına plan-ölçü sənədinin hazırlanması zamanı yol verilmiş nöqsanalara görə cavabdeh inzibati orqanın əməkdaşları intizam məsuliyyətinə cəlb edilmişdir.
32. Mübahisə predmeti olan Plan-ölçü sənədinin tərtibi əsası olan xx.xx.2022-ci il tarixli akt nəzərdən keçirilmiş və aşağıdakı hallar müəyyən edilmişdir. Aktda deyilir: “qonşuların və Havarlı bələdiyyəsinin sədrinin iştirakı ilə müəyyən edirik ki, həqiqətən çıxarışla rəsmiləşdirilmiş torpaq sahələrinin arasındakı boş torpaq görünən torpaq sahəsi verilmiş koordinatlara uyğundur və bazada üst-üstə düşməsinə baxmayaraq, yeni işlənmiş elektron baza məlumatlarında üst-üstə düşmür və İ.İbrahimova məxsusdur”. Aktın məzmunundan da görünüdüyü kimi mübahisəli sənəd hazırlanan zaman artıq elektron baza məlumatlarında həmin koordinatların iddiaçıya məxsus torpaq sahəsinin koordinatları ilə üst-üstə düşməsi halı cavabdeh orqan tərəfindən aşkar olunmuş, bununla belə müvafiq sənəd hazırlanaraq üçüncü şəxslərə təqdim olunmuşdur. Nəticə etibarı ilə həm iddiaçının, həm də üçüncü şəxslərin qanuni mənafeləri pozulmuşdur.
33. Qeyd olunan normaların tələblərinin işin hallarına tətbiqi baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən hallar iş materialları ilə öz təsdiqini tapır.
34. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinə baxılaraq obyektiv qərar qəbul edilməsi baxımından xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizаsı təyin edilmiş, ekspertizаnın аpаrılmаsı Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin ekspertlərinə həvаlə edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/4678 nömrəli rəyindən görünür ki, mübahisəli torpaq sahəsi İddiaçı verilmiş plan-ölçü sənədlərində göstərilən koordinatlarla üst-üstə düşür. Həmçinin mübahisəli torpaq sahəsi mərhum X5 verilmiş plan-ölçü sənədlərində göstərilən koordinatlarla üst-üstə düşür. İddiaçı DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü" sənədində göstərilən koordinatlarla X5 verilmiş plan-ölçü sənədində göstərilən koordinatlar üst-üstə düşür. İddiaçı və X3 plan-ölçü sənədlərində göstərilən koordinatlar və tərəflərin naturada göstərdiyi, həmçinin iddia etdikləri torpaq sahəsinin üst-üstə düşməsinin səbəbi, Yevlax rayonu, Havarlı Bələdiyyəsi tərəfindən X5 ayrılmış torpaq sahəsinin sxemində (ilkin torpaqayırma sənədləri) torpaq sahəsinin dəqiq ölçüləri, koordinatları təqdim edilmədiyindən və elektron məlumat bazasında mövcud olmadığından, X3 naturada göstərdiyi yerə əsasən tərtib olunmuş müayinə aktına və təsbit edilmiş torpaq sahəsinin koordinatlarına uyğun olaraq 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar elektron məlumat bazası ilə yoxlanılan zaman məlum olmuşdur ki, X3 adına verilmiş ‘Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş koordinatlar ilə İddiaçı DTXK-nın Yevlax rayon şöbəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlarla üst-üstə düşür.
35. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
36. Odur ki, cavabdeh orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat üçüncü şəxslər X10, X13 və X2 müştərək qaydada tutularaq dövlət büdcəsi hesabına köçürülməlidir. (AZ34CTRE********************; Az.MEM, VÖEN **********, X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22)
37. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:
Üçüncü şəxslər X10, X13 və X6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 8 avqust 2023-cü il tarixli, 2-1(116)-245/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə-tikinti-texniki ekspertizasının xərci olan 50 (əlli) manat üçüncü şəxslər X10, X13 və X2 tutularaq X4nin hesabına, (Kodu: 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22) köçürülsün. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarı ondan şikayət verilmədiyi halda, təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.