Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-240/2020 03.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “əmək pensiyasının 5190,68 manat son haqq-hesab məbləği də nəzərə alınmaqla bütün dövr üzrə (xx.xx.2017-ci tarixdən) yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə inzibatiiş üzrə Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-514/2020 nömrəli qərarından DSMF-in İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İddiaçı xx xxxx 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi 10 saylı X1 pensiya yaşının (65 yaş) tamam olması ilə əlaqədar vəzifəsindən azad edilərək dövlət qulluqçusu kimi pensiyaya çıxmışdır. Pensiyaya çıxan zaman İsmayıllı DSMF-in tələbi ilə qanunvericiliyə uyğun olaraq lazım olan bütün sənədləri (DSMF-yə məktub, son 24 ayın gəlirləri barədə məlumat, əmək kitabçasının surəti və s.) təqdim etmişdir. Gəlirləri barədə arayışda son 24 ayın (xx.xx.2015 xx.xx.2017) bütün gəlirləri (əsas əmək haqqı, fərdi rütbəyə və xidmət illərinə görə əlavə əmək haqqı, məzuniyyət pulu, mükafatlar və s.), həmçinin işdən çıxmağı ilə əlaqədar son haqq-hesab məbləği öz əksini tapmışdır. Lakin ona hesablanan son haqq-hesab məbləği pensiya təyin edilərkən cavabdeh tərəfindən nəzərə alınmamışdır. Belə ki, son haqq-hesab daxil edilmədən son 24 ayın gəlirləri toplanaraq 24-ə bölünməklə orta aylıq əmək haqqı çıxarılaraq onun 80%-i orta aylıq pensiya məbləği kimi hesablanmaqla 685 manat aylıq pensiya təyin edilmişdir (20548,25 /24 x 80% = 685). Gəlirləri haqqında məlumatdan göründüyü kimi 5190,68 manat son haqq-hesab məbləği pensiya təyinatı zamanı nəzərə alınmamışdır. Ona hesablanan bütün gəlirlər üzrə gəlir vergisi və sosial sığorta ayırmaları hesablanaraq aidiyyatı üzrə hesablara köçürülmüşdür. Son haqq-hesab məbləğinə də gəlir vergisi və sosial sığorta ayırmaları (22% və 3%) hesablanaraq tamamilə aidiyyatı üzrə köçürülmüşdür. O, cavabdehə rəsmi qaydada yazılı müraciət edərək son haqq-hesabı da daxil etməklə təyin edilmiş aylıq pensiya məbləğini yenidən hesablamağı xahiş etmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixli 45/23 nömrəli məktubla onun xahişini mümkünsüz saymışdır. DSMF-in İsmayıllı rayon şöbəsi xx.xx.2020-ci il tarixli **********2 nömrəli məktubla iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı pensiya yaşının çatması ilə əlaqədar xx.xx.2015-ci il tarixdə şöbəyə ərizə ilə müraciət etmiş və ona xx.xx.2015-ci il tarixdən yaşa görə 200,93 manat əmək pensiyası təyin olunaraq ödənilmişdir. Azərbaycan Respublikasının Vergilər naziri Fazil Məmmədovun xx.xx.2017-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdən xitam verilərək tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar İddiaçı xx.xx.2017-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək dövlət qulluqçusu kimi pensiya təyin olunmasını xahiş etmişdir. Vətəndaşın müraciətinə pensiya təyin edən komissiyanın xx.xx.2017-ci il tarixdə keçirilən iclasında Qanunun 20.11ci maddəsinin şərtinə əsasən əmək fəaliyyətinin son 24 ayının (xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək) orta aylıq əmək haqqı nəzərə alınmaqla xx.xx.2017-ci il tarixdən ona dövlət qulluqçusu kimi 685,24 manat pensiya təyin olunmuş, Azərbaycan Respublikası Prezidentinin növbəti fərmanlarına uyğun olaraq pensiya məbləği artırılaraq xx.xx.2018-ci il tarixdən 784,76 manata, xx.xx.2019-cu il tarixdən isə 1101,25 manata çatdırılmışdır. Qanunun 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlarda nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər li (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Ərizəyə əlavə olunmuş xx.xx.2017-ci il tarixli **********446000 nömrəli əmək haqqı barədə arayışda 2017-ci ilin aprel ayında 5190,68 manat son haqq-hesab ödənilməsi qeyd olunmasına baxmayaraq əmək fəaliyyətinin son 24 ayının əhatə olunduğu dövrə təsadüf etmədiyi üçün həmin məbləğ orta aylıq əmək haqqının hesablanması zamanı nəzərə alınması Qanunun 20.11.ci maddəsinin tələbinə ziddir. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirlər ki, İddiaçı əmək pensiyasını 5190,68 manat son haqq-hesab məbləği də nəzərə alınmaqla bütün dövr üzrə (xx.xx.2017-ci il tarixdən) yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.11-ci maddəsinin tələbinə zidd olduğu üçün qəbul edilə bilməz. Şəki İnzibati Məhkəməsinin (hakim İlqar Cabbarov) xx xxx 2020-ci il tarixli 2-1(116)- 514/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, DSMF-in İsmayıllı rayon şöbəsinin üzərinə İddiaçı əmək pensiyasının 5190,68 manat son haqq-hesab məbləği də nəzərə alınmaqla bütün dövr üzrə (xx.xx.2017-ci tarixdən) yenidən hesablanması öhdəliyininqoyulması qərara alınmışdır. DSMF-in İsmayıllı rayon şöbəsi həmin qərardan apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdehin apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, İddiaçı pensiya yaşının çatması ilə əlaqədar xx.xx.2015-ci il tarixdə şöbəyə ərizə ilə müraciət etmiş və ona xx.xx.2015-ci il tarixdən yaşa görə 200,93 manat əmək pensiyası təyin olunaraq ödənilmişdir. Azərbaycan Respublikasının Vergilər naziri Fazil Məmmədovun xx.xx.2017-ci il tarixli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2017-ci il tarixdən xitam verilərək tutduğu vəzifədən azad edilməsi ilə əlaqədar İddiaçı xx.xx.2017-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək dövlət qulluqçusu kimi pensiya təyin olunmasını xahiş etmişdir. Vətəndaşın müraciətinə pensiya təyin edən komissiyanın xx.xx.2017-ci il tarixdə keçirilən iclasında Qanunun 20.11-ci maddəsinin şərtinə əsasən əmək fəaliyyətinin son 24 ayının (xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək) orta aylıq əmək haqqı nəzərə alınmaqla xx.xx.2017-ci il tarixdən ona dövlət qulluqçusu kimi 685,24 manat pensiya təyin olunmuş, Azərbaycan Respublikası Prezidentinin növbəti fərmanlarına uyğun olaraq pensiya məbləği artırılaraq xx.xx.2018-ci il tarixdən 784,76 manata, xx.xx.2019-cu il tarixdən isə 1101,25 manata çatdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla müəyyən edilir. İddiaçı Vergilər naziri Fazil Məmmədovun xx.xx.2017-ci il tarixli **********471300 nömrəli əmri ilə işdən azad olunduğundan və əmək fəaliyyətində olduğu son tarix xx.xx.2017-ci il tarixə təsadüf etdiyindən dövlət qulluğunun son 24 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləği müəyyən edilərkən xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr ərzində ödənilmiş əmək haqqı və mükafatın bütün növləri (məcburi dövlət sosial sığorta haqqı ödənilmək şərtilə) nəzərə alınır. Qanunvericilikdə orta aylıq əmək haqqının müəyyən edilməsində istisna nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi İddiaçı əmək pensiyasının 5190,68 manat son haqq-hesab məbləği də nəzərə alınmaqla bütün dövr üzrə (xx.xx.2017-ci il tarixdən) yenidən hesablanması qənaətinə gələrkən son hesabın 2017-ci ilin aprel ayında ödənilməsini nəzərə almayaraq 25 ayın orta aylıq əmək haqqından pensiyanın hesablanması barədə qərar qəbul etmişdir. Ona görə də Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-514/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-514/2020 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-514/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlara AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.2017-ci il tarixli **********471600 nömrəli işdən azad etmə haqqında əmrin təsdiqlənmiş surəti, xx.xx.2017-ci il tarixli **********446000 nömrəli arayış, DSMF-in İsmayıllı rayon şöbəsinin xx.xx.2018-ci il tarixli **********7 nömrəli məktubu, xx.xx.2018-ci il tarixli 45/23 nömrəli imtina məktubu və xx.xx.2020-ci il tarixli **********2 nömrəli etirazı, xx.xx.2015-ci il tarixli sığortaolunanın ümumi iş stajı barədə məlumat aiddir. Əsaslandırma hissəsi Cavabdehin apelyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-514/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, DSMF-in İsmayıllı rayon şöbəsinin üzərinə İddiaçı əmək pensiyasının 5190,68 manat son haqq-hesab məbləği də nəzərə alınmaqla bütün dövr üzrə (xx.xx.2017-ci tarixdən) yenidən hesablanması öhdəliyini qoymuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan xx.xx.2017-ci tarixli **********471600 nömrəli işdən azad etmə haqqında arayışa əsasən, Rəcəbov X4 Nazirliyinin 10 saylı X2 Koordinasiya bölməsinin dövlət vergi müfəttişi ilə bağlanmış əmək müqaviləsinə xx xxxx 2017-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndinə və «Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə»nin 75-ci maddəsinin 8-ci hissəsinə əsasən, xitam verilərək tuttuğu vəzifədən azad edilmişdir. Həmin əmrin 2-ci bəndindən görünür ki, iddiaçı ilə son haqq-hesabın və təhvil-təslim işlərinin aparılmasının təmin edilməsi 10 saylı X2 direktoruna tapşırılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 2-ci bəndinə görə, əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə görə, əmək pensiyasının təyin edilməsi üçün dövlət vacibi dövlət qulluqçusunun müraciət etdiyi gündən əvvəlki dövlət qulluğunun 24 ayı və ardıcıl gələn istənilən 60 ayı ərzində aldığı dövlət məvacibindən hesablanır. Göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçıya dövlət qulluqçusu kimi müvafiq ayda aldığı məvacibindən hesablanmaqla pensiya təyin edilmişdir. İşin mübahisələndirilən halı iddiaçının işdən çıxdıqdan sonra aldığı son haqq-hesab məbləği nəzərə alınmaqla pensiyanın yenidən hesablanması ilə bağlıdır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçı pensiyaya çıxarkən onun sonradan son haqq-hesaba görə aldığı 5190,68 manat nəzərə alınmamışdır. İnzibati orqan buna səbəb kimi 5190,68 manatın iddiaçı işdən çıxdıqdan sonrakı dövrə aid olduğundan həmin məbləğin pensiya hesablanmaq üçün əsas götürülən orta aylıq əmək haqqına daxil edilməsinin mümkün olmadığını göstərmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, inzibati orqanın həmin məbləği nəzərə almaması əsaslı olmamış, nəticədə iddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 9-cu bəndinə əsasən, dövlət qulluqçusunun əmək pensiyasının hesablanması üçün dövlət məvacibi müəyyən edilərkən məcburi dövlət sosial sığortasına cəlb edilən digər pul ödənişləri də nəzərə alınır. Lakin inzibati orqan iddiaçının 24 ayda aldığı məbləği tam nəzərə almadan hesablama aparmaqla iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, son haqq-hesabın aprel 2017-ci ildə aprılması iddiaçının günahı səbəbindən olmamış, beləliklə də iddiaçı ilə xx xxxx 2017-ci il tarixində əmək müqaviləsinə xitam verildiyi halda, ondan sonrakı ayda ona ödənilmiş son haqq-hesabın pensiya təyinatı zamanı nəzərə alınmaması qanunsuz olmuşdur. (analoji mübahisə üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 2- 1(102)-2379/2019 saylı qərarında da qeyd olunan qiymət verilmişdir.) Kollegiya cavabdehin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, İddiaçı əmək pensiyasının 5190,68 manat son haqq-hesab məbləği də nəzərə alınmaqla bütün dövr üzrə (xx.xx.2017-ci il tarixdən) yenidən hesablananda 25 ay yox, aprel ayından hesablananda 24 ay müəyyən edilir. Ona görə də DSMF-in İsmayıllı rayon şöbəsinin İddiaçı əmək pensiyasının 5190,68 manat son haqq-hesab məbləği də nəzərə alınmaqla bütün dövr üzrə (xx.xx.2017-ci tarixdən) yenidən hesablanmasından imtinası qanuni və əsaslı olmamışdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərаrа аldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin xx xxx 2020-ci il tarixli 2-1(116)-514/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(107)-240/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-240/2020
03.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver