Məhkəmə qərarları › İş №2-1(107)-240/2023

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-240/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-240/2023 19.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), Məlikov Vəzirxan İsgəndər oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Ucar rayonu Qaracallı kəndində yerləşən 0,61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,58 ha hissəsi boru kəmərinin altına və mühafizə zolağına düşdüyü üçün onlara 30000 manat məbləğində kompensasiya və 7 il müddət ərzində torpaq sahələri onlara təhvil verilmədiyi üçün mülkiyyətlərindən məhrum olduqlarına görə 20000 manat zərərin əvəzinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2-1(116)-1385/2022 nömrəli qərarından iş üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək “Ucar Rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə onlara və ailə üzvlərinə verilmiş Ucar rayonun Qaracallı kəndində yerləşən 0,61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,58 ha hissəsi boru kəmərinin altına və mühafizə zolağına düşdüyü üçün onlara 30000 manat məbləğində kompensasiya və 7 il müddət ərzində torpaq sahələri onlara təhvil verilmədiyi üçün mülkiyyətlərindən məhrum olduqlarına görə 20000 manat zərərin əvəzinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər.

2. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı JN-642 nömrəli Dövlət Aktı ilə ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 0.61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.38 ha hissəsinin boru kəmərinin keçdiyi əraziyə düşdüyünü bildirərək həmin torpaq sahəsindən istifadəyə görə kompensasiyanın hesablanaraq ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, sonuncu sözügedən torpaq sahəsinin X13 Kəmərinin Genişləndirilməsi Layihəsi çərçivəsində genişləndirilən boru kəmərinin tikintisinin təsirinə məruz qalması ilə bağlı Cavabdeh arasında 24 sentyabr 2014-cü il tarixli icarə müqaviləsi imzalanması və həmin müqavilə əsasında kompensasiyanın ödənilməsini, həmin torpaq sahəsində heç bir tikinti işlərinin aparılmamasını, torpaq sahəsinin yararsız hala salınmamasını və torpaq sahəsinin həmin vaxt təhvil verilməsini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Həmçinin bildirilmişdir ki, torpaq sahəsində Azərbaycan Respublikası ərazisində inşa edilən X13 Kəmərinin Genişləndirilməsi Layihəsi ilə əlaqədar tikinti işləri “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkəti tərəfindən aparılmış və həmin şirkət təsir altına düşən torpaq sahəsinə görə kompensasiya ödəmişdir.

3. Cavabdeh iddia tələbinə etirazda qeyd etmişdir ki, Azərbaycan Respublikası ərazisində inşa edilən X13 Kəmərinin Genişləndirilməsi Layihəsinin təsiri altına düşən torpaqlarla bağlı Cavabdeh, “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkəti və Qaracallı kənd sakini İddiaçı2 arasında 24 sentyabr 2014-cü il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı2 mülkiyyətində olan 0,610 ha torpaq sahəsinin 0,061 ha hissəsi tikinti dəhlizi altına düşmüş və ona 2237 (iki min iki yüz otuz yeddi) manat kompensasiya hesablanaraq İddiaçı2 “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkəti tərəfindən ödənilmişdir. Müqaviləyə əsasən tikinti dəhlizində tikinti işləri başa çatdıqdan sonra rekultivasiya işləri aparılması və torpağın əvvəlki vəziyyətinə qaytarılması nəzərdə tutulmuşdur ki, həmin tədbirlər də görülərək torpaq sahəsi mülkiyyətçiyə təhvil verilmişdir. Həmçinin, mülkiyyətçinin şikayəti əsasında 19 may 2016-cı ildə mülkiyyətçinin iştirakı ilə yenidən araşdırma aparılmış, şikayətçi narazılığının olmadığını bildirmiş və tərtib edilmiş aktı imzalamışdır.

4. Qarşı tərəf iddiasında bildirir ki, onlara düşən kompensasiya 0,38 ha torpaq sahəsi üçün deyil, 0,061 ha torpaq sahəsi üçün hesablanmışdır. Bununla əlaqədar bildirilmişdir ki, qarşı tərəflə bağlanmış müqaviləyə əsasən İddiaçı2 mülkiyyətində olan 0,610 ha torpaq sahəsinin 0,061 ha hissəsi tikinti dəhlizi altına düşmüş və ona 2237 (iki min iki yüz otuz yeddi) manat kompensasiya hesablanaraq ödənilmişdir. Həmin şəxslərə məxsus 0.38 ha torpaq sahəsindən Azərbaycan Respublikası ərazisində inşa edilən X13 Kəmərinin Genişləndirilməsi Layihəsinin təsiri altına düşməsi ilə bağlı Rayon İcra Hakimiyyəti müqavilə bağlamamış, bu qədər torpaq sahəsinin tikinti altına düşməsi barədə qarşı tərəfin iddiasından başqa heç bir sənədlər və sübutlar mövcud deyil.

5. Qarşı tərəfin “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 2(107)-1591/2020 nömrəli qətnaməsində əksini tapmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 may 2020-ci il tarixli, 4609 nömrəli ekspert rəyində qeyd olunur ki, İddiaçı2 və ailə üzvlərinə Ucar Rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı və JN-642 seriyalı, kod 90411038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə rayonun Qaracallı kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0,61 hektar torpaq sahəsi elektron baza məlumatlarına əsasən həmin ərazidə yerləşir. Lakin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə konfiqurasiya (koordinatlara əsasən) fərqi vardır. Sənəd üzrə olan torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında konfiqurasiya uyğunsuzluğu olduğundan üst-üstə düşməni dəqiq müəyyən etmək mümkün deyildir. Ucar Rayon Aqrar islahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı və JN-642 seriyalı, kod 90411038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə İddiaçı2 və ailə üzvlərinə Ucar rayonu, Qaracallı kəndində təsərrüfat məhsulları istehsalı üçün verilmiş 0,61 hektar torpaq sahəsinin elektron baza məlumatlarına əsasən 0,0616 hektaradək hissəsi neft kəmərinin keçdiyi torpaq sahəsinə düşür. Əlavə olaraq bildiririk ki, iddiaçının naturada faktiki göstərdiyi torpaq sahəsi 0,56 ha təşkil edir və həmin sahənin 0,38 ha hissəsi boru kəmərinin keçdiyi əraziyə düşür. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan ölçü sənədi təqdim edilmədiyindən qərardadda qoyulmuş 4-cü və 5-ci sualların cavablandırılması mümkün olmamışdır. Bu isə o deməkdir ki, qarşı tərəfin iddia etdiyi 0,38 ha torpaq sahəsinin kəmərin təsiri altına düşməsi qanunla sübut olunmamışdır. Odur ki, iddiaçıların 0,38 ha torpaq sahəsinə kompensasiya verilməsi ilə bağlı Rayon İcra Hakimiyyətinə qarşı tələbləri əsassızdır.

6. İddiada həmçinin kompensasiya məbləğinin düzgün hesablanmadığı, müqavilə şərtlərinə əməl edilmədiyi, yəni torpaq sahəsi yararlı hala salınıb onlara qaytarılmadığı üçün İddiaçı2 sonuncu müqaviləni imzalamadığı və hesablanmış 232 manat kompensasiyanı almadığı bildirilir. Bununla əlaqədar bildiririk ki, Ucar Rayonu İcra Hakimiyyəti tərəfindən qarşı tərəfin mülkiyyətində olan torpaq sahəsində heç bir tikinti işləri aparılmamış, onlara məxsus torpaq sahəsi yararsız hala salınmamış, ərazidə Azərbaycan Respublikası ərazisində inşa edilən X13 Kəmərinin Genişləndirilməsi Layihəsi ilə əlaqədar tikinti işləri “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkəti tərəfindən aparılmışdır və həmin şirkət qarşı tərəfə təsir altına düşən torpaq sahəsinə görə kompensasiya ödəmişdir. Sonuncu müqaviləyə G.Əhmədbvanın imza etməməsi və hesablanmış 232 manat kompensasiyanı almaması ilə bağlı bildiririk ki, bu qarşı tərəfin hüququdur və narazılıqları ilə bağlı iddiaçılar onlara məxsus torpaq sahəsindən hazırda istifadə edən “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətinə müraciət etməlidirlər. Cavabdeh tərəfindən iddiaçılarla bağlanmış müqavilə şərtlərinə əməl olunmuşdur.

7. İddiaçı tərəfin torpaq sahəsinə görə kompensasiyanın düzgün hesablanmaması, həmçinin birgə mülkiyyətində olan torpaq sahələrinin əkinə yararlı hala salınması və onlara təhvil verilməsi ilə bağlı fikirləri ilə əlaqədar bildiririk ki, onlara məxsus torpaq sahəsi hazırda əkinə yararlıdır. Cavabdeh tərəfindən onlarla bağlanmış müqaviləyə əsasən kompensasiya düzgün hesablanmış və qarşı tərəf hesablanmış məbləği “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkətindən almışdır. İddiaçı tərəfin mülkiyyətində olan torpaq sahəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada əkin əkərək torpaqlarından istifadə etmələrinə Rayon İcra Hakimiyyəti heç bir maneçilik törətmir və onların torpaq sahələrindən istifadə etmələrinə etiraz etmir.

8. Bildiririk ki, Cavabdeh İddiaçı2 ilə imzalanmış müqavilədə tərəf olmasına baxmayaraq onlara ödənilmiş məbləğin hesablanması və ödənilməsi “BP Eksploreyşn (Şah Dəniz) Limited” şirkəti tərəfindən aparılmışdır. Cavabdehnə dövlət büdcəsindən ayrılmış vəsaitlər bölməsində bu cür müqavilələr üzrə mülkiyyətçilərə, eləcə də hazırda iddiaçı olan İddiaçı1 və İddiaçı2 hər hansı məbləğin ödənilməsi üçün xərc maddəsi nəzərdə tutulmamışdır.

9. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.

10. Məhkəmə iclasında iddiaçılar iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 23 dekabr 2022-ci il tarixli 2- 1(116)-1385/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

12. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin qərardan apellyasiya şikayəti vermişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə X5, X6, X8 və Əhmədova (Bəkirova) Gülnar Hidayət qızı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişlər.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. İddiaçılar apellyasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2-1(116)-1385/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişlər.

TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2-1(116)-1385/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdilər.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər X5, X6 və Əhmədova (Bəkirova) Gülnar Hidayət qızı apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2-1(116)-1385/2022 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etdilər.

17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxs X8 məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər.

18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin 62.3-cü mаddəsi).

19. İş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. - JN-642, kod 90411038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Ucar rayonu Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 nömrəli qərarı ilə Ucar rayonu, Qaracallı kəndində İddiaçı1, İddiaçı2, X3, X7, X2 və X1 təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,61 hektar torpaq sahəsi verilmişdir. - torpaq mülkiyyətçisi İddiaçı2 və Azərbaycan Respublikası adından Cavabdeh arasında bağlanmış 24 sentyabr 2014-cü il tarixli icarə müqaviləsinin surətindən görünür ki, təsir ərazisinə düşən ərazi 0,061 ha təşkil edir, CQBKG layihəsi üzrə kompensasiya məbləği 2237 manat müəyyən edilmiş, icarə müqaviləsi onun imzaladığı tarixdən qüvvəyə minmiş və ona istismar müddətinin sonuncu günündə xitam verilir. - Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1591/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2020-ci il tarixli, 4609 nömrəli ekspert rəyinin məzmunu qeyd edilmişdir. Həmin rəydən görünür ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarxli, 17 saylı qərarı və JN-642 seriyalı, kod 90411038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə İddiaçı2 və ailə üzvlərinə Ucar rayonu, Qaracallı kəndində kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmiş 0.61 hektar torpaq sahəsi elektron baza məlumatlarına əsasən həmin ərazidə yerləşir, lakin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ilə konfiqurasiya (koordinatlara əsasən) fərqi vardır. Sənəd üzrə olan torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında konfiqurasiya uyğunsuzluğu olduğundan üst-üstə düşməni dəqiq müəyyən etmək mümkün deyildir. Ucar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli, 17 saylı qərarı və JN-642 seriyalı, kod 90411038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə İddiaçı2 və ailə üzvlərinə Ucar rayonu, Qaracallı kəndində kənd təsərrüfatı məhsulları istehsalıüçün verilmiş 0.61 hektar torpaq sahəsinin elektron baza məlumatlarına əsasən 0.0616 ha-dək hissəsi neft kəmərini keçdiyi torpaq sahəsinə düşür. Əlavə olaraq bildirilir ki, iddiaçının naturada faktiki göstərdiyi torpaq sahəsi 0.56 ha təşkil edir və həmin sahənin 0.38 ha hissəsi boru kəmərinin keçdiyi əraziyə düşür. RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əlavə olunan plan ölçü sənədi təqdim edilmədiyindən qərardadda qoyulmuş 4-cü və 5-ci sualların cavablandırılması mümkün olmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. 246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. 246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. 246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir.

23. «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Qanun: Maddə 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Maddə 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Maddə 6.1. Torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Maddə 7.1 torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən olunmuş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və məhrumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdir. Maddə 7.3. Bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla, həmçinin bu Qanunun 11ci maddəsinin müddəalarına əməl etmək şərti ilə aşağıdakılar da alınmanın təsirinə məruz qalan şəxslər hesab edilirlər: -7.3.1. torpaqla bağlı dövlət qeydiyyatına alınmış mülkiyyət, istifadə və ya icarə hüquqları olan, habelə qanunvericiliklə dövlət qeydiyyatı tələb olunmayan qanunauyğun istifadə və ya icarə hüquqları olan şəxslər; -7.3.2. siyahıya alma dövründə yazılı sənədlərlə təsdiq edilən torpaqla bağlı qanuni, lakin dövlət qeydiyyatına alınmamış mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslər (Bu Qanun qüvvəyə minənədək torpaq üzərində mülkiyyət, icarə və ya istifadə hüquqlarının əmələ gəlməsi üçün əsas olan dövlət orqanının və bələdiyyənin aktlarının və müqavilənin qanunvericiliyin tələblərinə riayət etməməklə qəbul edilməsi və ya bağlanması şəxsin torpaqla bağlı hüquqlarının qanunsuz hesab edilməsi üçün əsas ola bilməz); Maddə 7.4. Bu Qanunun 7.3.1-7.3.4-cü maddələrində nəzərdə tutulmuş kateqoriyalara aid olan şəxslər bu Qanunun müddəalarına əsasən itirdikləri torpaqla bağlı kompensasiya və digər yardımlarla təmin edilirlər.

24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

25. İddiaçıların apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İPM və ya İPM) 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Lakin şikayət əsaslı deyil və Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2-1(116)-1385/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

26. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

27. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər.

28. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma nəticəsində müəyyən edildi ki, iddiaçının cavabdeh orqana qarşı olan tələbi – ümumibirgə mülkiyyətində olan torpaq sahəsinin X13 Kəmərinin Genişləndirilməsi Layihəsi çərçivəsində genişləndirilən boru kəmərinin tikintisinin təsirinə məruz qalan hissəsi üçün kompensasiyanın ödənilməsi ilə bağlıdır. İddiaçı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2020-ci il tarixli, 4609 nömrəli ekspert rəyinə istinad edərək boru kəmərinin tikintisinin təsirinə məruz qalan torpaq sahəsinin 0.38 ha olduğunu bildirir. Lakin, istinad olunan ekspert rəyində qeyd edilmişdir ki, 0.61 hektar torpaq sahəsinin elektron baza məlumatlarına əsasən 0.0616 ha-dək hissəsi neft kəmərini keçdiyi torpaq sahəsinə düşür. Sənəd üzrə olan torpaq sahəsi ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsi arasında konfiqurasiya uyğunsuzluğu var və iddiaçının naturada faktiki göstərdiyi torpaq sahəsi 0.56 ha təşkil edir və həmin sahənin 0.38 ha hissəsi boru kəmərinin keçdiyi əraziyə düşür.

31. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı sənəd üzrə onun ümumibirgə mülkiyyətinə verilmiş torpaq sahəsindən faktiki istifadə etmir. İddiaçı Ucar Rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 1998-ci il tarixli 17 saylı qərarı ilə verilmiş, faktiki olaraq istifadə etməli olduğu, JN- 642 nömrəli Dövlət Aktında qeyd edilmiş 0.61 ha torpaq sahəsinin 0.0616 ha-dək hissəsi üçün kompensasiya tələb edə bilər ki, həmin hissədə kompensasiyanın ödənilməsi təmin edilmişdir (iddiaçılar özləri də bunu etiraf edirlər). İddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ona sənəd üzrə verilmiş torpaq sahəsi olmadığından və həmin torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilmədiyindən, faktiki istifadədə olan torpaq sahəsinin 0.38 ha hissəsinin neft kəmərinin təsir zonasına düşməsi iddiaçılara kompensasiyanın ödənilməsi üçün tələb hüququ vermir. Odur ki, cavabdeh orqanın iddiaçıların müraciətinin təmin edilməsindən imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

32. Yuxarıda qeyd olunan işin hallarını, tərəflərin məhkəmə kollegiyasının iclasında verdikləri izahatları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Ucar rayonu Qaracallı kəndində yerləşən 0,61 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,58 ha hissəsi boru kəmərinin altına və mühafizə zolağına düşdüyü üçün onlara 30000 manat məbləğində kompensasiya və 7 il müddət ərzində torpaq sahələri onlara təhvil verilmədiyi üçün mülkiyyətlərindən məhrum olduqlarına görə 20000 manat zərərin əvəzinin ödənilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğu üçün təmin edilməməlidir.

33. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87.6, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən, məhkəmə kollegiyası

QƏRАRА АLDİ:

İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 2-1(116)-1385/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar