Məhkəmə qərarları › İş №2-1(107)-240/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(107)-240/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(107)-240/2024 01.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən və məruzəçi), X13 və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Şəhriyar adına kolxozun xx.xx.1993-cü il tarixli yığıncağının iclas qərarı ilə "xxxx" kiçik müəssisəsinə ayrılmış 40,0 ha torpaq sahəsindən 15,0 ha sahəsi üzərində "xxxx" kiçik müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2-1(116)-324/2024 nömrəli qərarından iş üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, “Şəhriyar adına kolxozun xx.xx.1993-cü il tarixli yığıncağının iclas qərarı ilə "xxxx" kiçik müəssisəsinə ayrılmış 40,0 ha torpaq sahəsindən 15,0 ha sahəsi üzərində "xxxx" kiçik müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-324/2024 nömrəli qərardadı ilə Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişlər.

3. İddia ərizəsinin əsaslarına görə, Qəbələ rayon X8 Rəyasət Heyətinin 03 iyul 1993cü il tarixli 7 №-li qərarına əsasən “Şəhriyar” adına kolxozun 17 iyun 1993-cü il tarixli İİ saylı müvəkkillər iclasının qərarı təsdiqlənmişdir və buna əsasən Qəbələ rayonu Solğuca kəndində qeydiyyata götürülmüş "xxxx" kiçik müəssəsinə Solğuca kəndinin cənub hissəsində kənd təsərrüfatı təyinatlı 40,0 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 25,0 hektarı əkin üçün yararlı, 15 hektar isə daşlıq kolluq sahə olduğu üçün əkin üçün yararlı hesab olunmurdu. Sözügedən torpaq sahəsinin 15 hektarı hal-hazırda onun istifadəsindədir. Həmin torpaq sahəsinə çıxarış əldə etmək üçün cavabdeh orqana müraciət etsə də cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir.

4. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin ona ünvanladığı 23 iyun 2022-ci il tarixli **********77 saylı məktubda 15,0 ha torpaq sahəsi üzərində “Amal" kiçik müəssəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunmuşdur. Həmin imtina qanunsuz və əsassızdır. Belə ki, sözügedən torpaq sahəsi eyni zamanda da faktiki olaraq istifadəsindədir.

5. Buna əsasən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

6. Cavadeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, İddiaçı Şəhriyar adına kolxozun xx.xx.1993-cü il tarixli yığıncağının iclas qərarı ilə "xxxx" kiçik müəssisəsinə ayrıldığını iddia etdiyi 40.0 ha və 15.0 ha torpaq sahələrini "xxxx" kiçik müəssisəsinin adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət kadastrı və reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin çıxarışın verilməsi üçün əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim etməmişdir.

7. Eyni zamanda qeyd edilmişdir ki, İddiaçı müraciəti ilə bağlı Ərazi İdarəsinin arxiv məlumatları əsasında müvafiq araşdırma aparılmışdır. Ərazi İdarəsinin arxivində "xxxx" kiçik müəssisəsi ilə bağlı heç bir məlumat aşkarlanmamışdır.

8. Qeyd olunan səbəbə görə də müraciətinin icrası mümkün olmamışdır.

9. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.

10. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir.

11. Birinci instansiya məhkəməsinin iclasında üçüncü şəxsin nümayəndəsi iddia olunan torpaq sahəsinin kəndin ümumi istifadəsində olan örüş torpaqlarına aid olmasını bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

12. Şəki İnzibati Məhkəməsinin (hakim Vüqar Musayev) 25 yanvar 2024-cü il tarixli 2- 1(116)-324/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ

14. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, X8 Rəyasət Heyətinin 03 iyul 1993-cü il tarixli 7 nömrəli qərarına əsasən “Şəhriyar” adına kolxozun 17 iyun 1993cü il tarixli İİ saylı müvəkkillər iclasının qərarı təsdiqlənmişdir və buna əsasən Qəbələ rayonu Solğuca kəndində qeydiyyata götürülmüş "xxxx" kiçik müəssəsinə Solğuca kəndinin cənub hissəsində kənd təsərrüfatı təyinatlı 40,0 hektar torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin 25,0 hektarı əkin üçün yararlı 15 hektar isə daşlıq kolluq sahə olduğu üçün əkin üçün yararlı hesab olunmurdu. Sözügedən torpaq sahəsinin 15 hektarı hal-hazırda onun istifadəsindədir. Həmin torpaq sahəsinə çıxarış əldə etmək üçün cavabdeh orqana müraciət etsə də cavabdeh orqan müraciətinə müsbət cavab verməmişdir. Birinci instansiya məhkəməsi qərarında Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərara münasibətdə qeyd etmişdir ki, “Siyahının” 1.4-cü bəndinə rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar yalnız yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə münasibətdə hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində nəzərdən keçirilə bilər. Fərmanın birbaşa kənd təsərrüfatı təyinatlı torpaqla əlaqəsi olmasa da fərman ümumilikdə amnistiya xarakteri daşıyır və torpaq sahəsinə malik olan şəxslərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərir. Eyni zamanda qərar qəbul edilən zaman sözügedən torpaq sahəsinin 30 ilə yaxın müddət ərzində faktiki olaraq onun istifadəsində olmasını və vergi ödəyicisi olması hissəsinə toxunmamış və bunları nəzərə almamışdır. Ona görə apellyasiya şikayətinin təmin edilməsini, Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2-1(116)-324/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

TƏRƏFLƏRİN İZAHATLARİ

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini və Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2-1(116)- 324/2024 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdi.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddiaçının tələb etdiyi 14 ha torpaq sahəsinin 13,62 ha torpaq sahəsi ümumi istifadədə olan örüş torpaq sahəsidir. Həmin torpaq sahəsindən iddiaçı istifadə etmir, vətəndaşların ümumi istifadəsindədir. Ona görə də qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

18. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir (Azərbаycаn Respublikаsının İnzibati Prosessuаl Məcəlləsinin (bundan sonra Azərbаycаn Respublikаsının İPM və ya İPM) 62.3-cü mаddəsi).

19. İş materiallarında olan aşağıda sadalanan sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Qəbələ Rayon İcra Hakimiyyəti Qəbələ Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 7011 nömrəli məktubundan qeyd edilmiş Qəbələ rayon XDS-nin Rəyasət Heyəti xx.xx.1993-cü il tarixli 7 №-li iclasının gündəliyindən arxiv çıxarışından görünür ki, "xxxx" kiçik müəssisəsinə torpaq sahəsi ayrılması barədə Qəbələ rayon XDS-nin Rəyasət heyəti aşağıdakı qərara alınmışdır:

1. Qəbələ rayon Solğuca kəndində qeydiyyata götürülmüş "xxxx" kiçik müəssisəsinə Solğuca kəndinin cənub hissəsindən 40,0 ha torpaq sahəsi ayrılması barədə Şəhriyar adına kolxozun xx.xx.1993-cü il tarixli 11 saylı müvəkkillər iclasının qərarı təsdiq edilsin;

2. Tapşırılsın Qəbələ rayon Torpaq şöbəsinə ki, nəzərdə tutulmuş sahəni naturada xəritə və akt əsasında müəssisəyə təhkim edilməsini təmin etsin. - Azərbaycan Respublikası Qəbələ rayon Sovetinin xx.xx.1993-cü il tarixli 160 nömrəli Qəbələ rayon XDS-nin X10 xx.xx.1993-cü il tarixli 7 №-li protokolundan çıxarışdan görünür ki, Qəbələ rayon Solğuca kəndində qeydiyyata götürülmüş "xxxx" kiçik müəssisəsinə Solğuca kəndinin cənub hissəsindən 40,0 ha torpaq sahəsi ayrılması barədə Şəhriyar adına kolxozun xx.xx.1993-cü il tarixli 11 saylı müvəkkillər iclasının qərarı ilə təsdiq edilmişdir. - Kommersiya qurumunun Dövlət Reyestrindən çıxarışından görünür ki, "xxxx" kiçik müəssisəsinin qeydə alındığı tarix xx.xx.1995-ci il, dövlət qeydiyyat № (VÖEN) **********, hüquqi ünvanı- AZ3626 Qəbələ rayonu Solquca kəndidir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, xəritə məlumatları (ərazinin xəritəsi) və digər sənədlər nəzərə alınmaqla X4 X5 (TEKUİS) əsasən iddiaçı tərəfindən göstərilmiş faktiki naturada ölçülmüş 14,31 hektar torpaq sahəsinin 2,01 hektar hissəsi mülkiyyət növü Dövlət mülkiyyəti olmaqla meşə fondu torpaqları kateqoriyasına aid ərazi ilə üst-üstə düşür, 0,75 və 3,93 hektar hissələri bələdiyyə mülkiyyətində kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqları, uqodiyası kolluq olan əraziyə, 0,61, 0,36, 2,25 və 3,45 hektar hissələri bələdiyyə mülkiyyətində kateqoriyası kənd təsərrüfatı təyinatlı uqodiyası kollu örüş olan əraziyə, 0,40 hektar hissəsi bələdiyyə mülkiyyətində kateqoriyası kənd təsərrüfatı təyinatlı uqodiyası tikinti altında olan torpaqlara, 0,55 hektar hissəsi bələdiyyə mülkiyyətində ümumi istifadədə olan yol yerinə düşür. İddia olunan 40,0 hektar torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş sənəd (planı-ölçü) təqdim edilmədiyinə görə sərhədlərinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyildir. 40,0 hektar torpaq sahəsi barədə Qəbələ rayon torpaq şöbəsi tərəfindən tərtib və təsdiq edilmiş sxemdə torpaq sahəsinin koordinatları göstərilmədiyinə görə naturada yerini təyin etmək mümkün olmamışdır. Məhkəmə kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə sorğu edilmiş və xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən "xxxx" X14 Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 121 nömrəli sərəncamı ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Kiçik Müəssisəsi xx.xx.2005-ci il tarixdə 10 saylı Ərazi Vergilər İdarəsində uçota alınaraq ********** nömrəli VÖEN verilmişdir. xx.xx.2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cəmiyyətin dövlət qeydiyyat məlumatlarına dəyişiklik edilmiş, cəmiyyətin təsisçiləri İddiaçı, X2, X1, X3 və X6 olmaqla yeni redaksiyada nizamnamə xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir . 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər.

22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

23. İddiaçının apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Apellyasiya şikayəti mümkündür, lakin əsaslı deyil, ona görə də apellyasiya şikayəti uğurlu olmayacaqdır.

24. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir.

25. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər.

26. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək bildirir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur.

29. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı 15,0 ha sahəsi üzərində "xxxx" kiçik müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsinə nail olmaqdır.

30. İddiaçı sözügedən torpaq sahəsinin Qəbələ rayon XDS-nin X10 xx.xx.1993-cü il tarixli 7 №-li protokolu ilə ayrılmasını bildirir və Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndinə istinad edir.

31. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur

32. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır. Sözügedən Qanunun 8.0.8-ci maddəsində bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlərin də daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olduğu təsbit edilmişdir.

33. Daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər dedikdə isə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” nəzərdə tutulur.

34. Lakin hazırkı işdə iddia olunan torpaq sahəsinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil.

35. İddiaçının istinad etdiyi “Siyahının” 1.4-cü bəndinə münasibətdə isə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar yalnız yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə münasibətdə hüquqların əldə edilməsini təsdiq edən sənəd qismində nəzərdən keçirilə bilər.

36. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə isə iddia olunan torpaq sahəsinin “Siyahının” 1.4-cü bəndində nəzərdə tutulmuş məqsədlə iddiaçıya ayrılması müəyyən edilmir.

37. Torpaq sahəsinin ayrıldığı zaman qüvvədə olan Torpaq Məcəlləsinin normalarından görünür ki, (7-ci və 9-cu maddələr) rayon, şəhər xalq deputatları Sovetlərinin öz səlahiyyətləri daxilində Dövlət mülkiyyətində olan torpaqları, kollektiv və xüsusi mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə verə bilərdilər.

38. İstinad olunan Məcəllənin 54-cü maddəsində qeyd edilmişdir ki, torpaq kolxozlara, sovxozlara, kooperativlərə və digər kənd təsərrüfatı müəssisələrinə və təşkilatlarına əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı üçün rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə sahibliyə verilir.

39. İş materiallarında olan xx.xx.1993-cü il tarixli “torpaq sahəsinin ayrılması barədə” Aktın məzmunundan görünür ki, iddia olunan torpaq sahəsi iddiaçıya məhz kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə ayrılmışdır. Həmin dövrdə qüvvədə olan qanunvericilik isə bu zaman torpaq sahəsinin xüsusi mülkiyyətə verilməsini yox, sahibliyə verilməsini müəyyən etmişdir. Göründüyü kimi torpaq sahəsinin ayrıldığı dövrdə də, qanunvericilik əmtəəlik kənd təsərrüfatı məhsulları istehsalı üçün kənd təsərrüfatı müəssisələrinə ayrılmış torpaq sahələrinin xüsusi mülkiyyətə verilməsini istisna etmişdir.

40. Qəbələ rayon XDS-nin X10 xx.xx.1993-cü il tarixli 7 №-li qərarı qəbul edilərkən qüvvədə olan Torpaq Məcəlləsinin 30-cu maddəsində torpaq üzərində mülkiyyət hüququnun, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqlarının rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilməsi müəyyən edilmişdir. Bununla belə ayrılmış torpaq sahəsinə dair dövlət aktının tərtib edilməsi iş materiallarından müəyyən edilmir. Nəzərə alınmalıdır ki, sonralar torpaq islahatı aparılan zaman da, sözügedən torpaq sahəsinin iddiaçıya ayrılması baş verməmiş, iddia olunan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd tərtib edilməmişdir.

41. Bununla yanaşı məhkəmə kollegiyası tərəfindən xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsinə sorğu edilmiş və xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubuna əsasən, Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən "xxxx" X14 Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 121 nömrəli sərəncamı ilə dövlət qeydiyyatına alınmışdır. "xxxx" Kiçik Müəssisəsi xx.xx.2005-ci il tarixdə 10 saylı Ərazi Vergilər İdarəsində uçota alınaraq ********** nömrəli VÖEN verilmişdir. xx.xx.2020-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cəmiyyətin dövlət qeydiyyat məlumatlarına dəyişiklik edilmiş, cəmiyyətin təsisçiləri İddiaçı, X2, X1, X3 və X6 olmaqla yeni redaksiyada nizamnamə xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

42. Bundan başqa məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Qəbələ rayonu Mıxlıqovaq bələdiyyəsinin nümayəndəsi izahatında bildirdi ki, iddiaçının tələb etdiyi 14 ha torpaq sahəsinin 13,62 ha torpaq sahəsi ümumi istifadədə olan örüş torpaq sahəsidir. Həmin torpaq sahəsindən iddiaçı istifadə etmir, vətəndaşların ümumi istifadəsindədir. Bələdiyyənin nümayəndəsinin izahatından sonra iddiaçı bildirdi ki, apellyasiya şikayətində həmin torpaq sahəsini istifadə etdiyi göstərilsə də, apellyasiya şikayəti iddiaçının özü tərəfindən deyil, vəkili tərəfindən tərtib edilmişdir.

43. Belə olan halda məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia olunan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqi əsas mövcud olmadığından cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur.

44. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslı, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

45. Yuxarıda qeyd olunan işin hallarını, aparılan araşdırmanın nəticələrini nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Şəhriyar adına kolxozun xx.xx.1993-cü il tarixli yığıncağının iclas qərarı ilə "xxxx" kiçik müəssisəsinə ayrılmış 40,0 ha torpaq sahəsindən 15,0 ha sahəsi üzərində "xxxx" kiçik müəssisəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Odur ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı İPM-in 87.6-cı maddəsinə əsasən dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilməməlidir.

46. Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.2, 87, 89, 90.1 və 94.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRАRА АLDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki İnzibati Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 2-1(116)-324/2024 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İnzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar